İnsanlara hürriyət, millətlərə istiqlal!

ASALA Paşinyanı öldürərsə - İrəvanın yeni oyunu, yoxsa...

603 08.11.2023 14:33 Gündəm A A

Ötən həftə spiker Simonyan 1999-cu il hadisələrinin təkrarlanması riskini dilə gətirmişdi; “Paşinyana terror təhlükəsi yüksəkdir, zəhərdən istifadə edilməsi də mümkündür” - Sülhəddin Əkbər

ASALA erməni terror qruplaşmasının Ermənistan hökumətinə müharibə elan etdiyini və ona qarşı terror aktları hazırladığını əks etdirən video yayılıb.

1970-ci illərin ortalarında daşnaklar bir sıra müstəqil terrorçu təşkilatlar yaradıblar və onların arasında “Ermənistanın Azadlığı uğrunda Gizli Erməni Ordusu” (“Armenian Secret Armi for the Liberation of Armenia”- ASALA) fəallığı ilə hər zaman diqqət cəlb edib. Təşkilatın qurucuları Akop Akopyan və Akor Taraçiyandır. Təşkilatın qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşir. ASALA-nın əsas məqsədi Şərqi Türkiyə, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ bölgələrinin də daxil olduğu ərazidə “Böyük Ermənistan” dövləti qurmaq olub. ASALA əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirib. Təşkilatın “Əbu Nidal”, “Qara sentyabr” kimi terror qrupları ilə əlaqələrinin yaradılmasında onun lideri Akop Akopyanın ciddi rolu olub. Afinada 1980-ci ildə qətlə yetirilmiş türk səfirinin ölümünə görə məsuliyyəti öz üzərinə götürmüş A.Akopyan “Nyu-York Tayms” qəzetinə verdiyi müsahibədə “bizim düşmənimiz türk rejimi, NATO və bizlə əməkdaşlıq etməyən ermənilərdir” demişdi.

“Yeni Müsavat” bildirir ki, video ilə bağlı Ermənistanın hüquq-mühafizə orqanları heç bir açıqlama verməyib. Ermənistanda son belə terror hadisəsi 1999-cu ildə olub. 27 oktyabr 1999-cu il tarixində Ermənistan hökumət üzvlərinin iştirakı ilə keçirilən parlamentin növbəti iclası zamanı bir qrup silahlı zala soxularaq, parlament sədri Karen Demirçyanı, baş nazir Vazqen Sarkisyanı və daha 6 nəfəri - parlament sədrinin müavinləri Yuri Baxşyan və Ruben Miroyan, millət vəkilləri Armenak Armenakyan, Mikayel Kotanyan, Qenrix Abrahamyan və hökumət üzvü Leonard Petrosyanı - güllələyib. Silahlı dəstənin başçısı 34 yaşlı Nairi Hunanyan 1988-1990-cı illərdə tələbələr hərəkatı fəalı, “Qarabağ hərəkatının” ilk çağlarında gənc fəalların tətil və nümayişlərinin iştirakçısı olub.

Daha sonra istintaq və məhkəmə prosesində verdiyi ifadələrdən gətirilən sitatlara görə, Nairi Hunanyan “1988-ci ildən milli hərəkatın episentrində” olaraq, hərəkatın “təhrif edildiyi” və nəticədə “ölkəmizin, xalqımızın inkişafının dayanmasının” şahidi olduğunu bildiribmiş. “Mən düşünürdüm ki, ölkəmin və xalqımın çiçəklənməsi naminə silah götürüb, parlamentin hökumətlə birgə iclasında təzyiq vasitəsilə baş naziri istefa verdirib siyasətdən getməyə məcbur etməklə, ölkədə azad siyasi atmosferin formalaşması üçün imkan yaradaram”, - Hunanyan deyib. Bu terrorun arxasında ASALA-nın dayandığı şübhə doğurmurdu. ASALA-nın təhdidi Paşinyana mesajıdır ki, Azərbaycanla sülh müqaviləsini imzalamasın.

“Ermənistanda 1999-cu ilin oktyabrında baş verən terror aktı təkrarlana bilər”. Oktyabrın 27-də bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. Onun sözlərinə görə, cari vəziyyətdə belə bir təhlükə olduğunu görür. O bildirib ki, 1999-cu ildə baş verən terror aktı ərəfəsində baş verən hadisələr bugünkü proseslərlə müqayisədə daha az əhəmiyyətli idi. Simonyanın bu açıqlamasından sonra ASALA adından hakimiyyətin təhdid olunması ciddi siqnal hesab oluna bilər. Simonyan demək istəyir ki, özü də daxil olmaqla, baş nazir və parlamentin iqtidar partiyasından üzvləri gülləbaran edilə bilər. Xüsusən də Rusiya ilə əlaqələrin kəskin pisləşdiyi zamanda, Paşinyana bir neçə dəfə sui-qəsd cəhdi olduğu iddiaları səsləndiyi halda, 1999-cu il hadisələrinin təkrarlanması riskinin spiker Simonyanın dilindən səslənməsi önəmli detaldır. Görünür, hakimiyyət kəşfiyyat məlumatlarına malikdir.

Lakin bəzi iddialara görə, bu, Paşinyanın öz oyunu da ola bilər. İkinci Qarabağ müharibəsi bitdikdən sonra sülh müqaviləsini imzalamağı ən müxtəlif bəhanələrlə uzadır. İndi bu, Paşinyana əlavə bəhanə verə bilər ki, həyatı təhlükədədir və ona zaman lazımdır. İkincisi, Paşinyan bu təhdidi əsas gətirərək müxalifətə qarşı yeni hücumlar üçün əsas yarada bilər.  Maraqlıdır, ASALA-nın təhdidi realdır, yoxsa Paşinyanın oyunudur? Əgər Paşinyan terrorla aradan götürülərsə, o zaman situasiya necə dəyişə bilər, sülh müqaviləsinin imzalanması illərlə arxa plana keçə bilərmi?

Sülhəddin Əkbər: “İrandakı vəziyyət təhlükəli hal ala bilər” –

Sülhəddin Əkbər 

Təhlükəsizlik eksperti, politoloq Sülhəddin Əkbər “Yeni Müsavat”a qeyd etdi ki, Paşinyana və komandasına terror edilməsi riski var və bu təhlükənin səviyyəsi artmaqdadır. S.Əkbər Paşinyanın hakimiyyətə gəlməsindən və iqtidara gəliş formasından, onun Rusiya və Azərbaycan siyasətindən narazı qalan qüvvələr olduğunu vurğuladı: “Həmin güclər onu devirməyə cəhd etdilər, baş tutmadı. Sonra silahlı qüvvələrdən istifadə etmək istədilər, yenə alınmadı. Ona görə də başa düşüblər ki, dinc və demokratik yolla rejimi dəyişmək imkanı yoxdur. Çünki xalq, həmçinin ABŞ başda olmaqla, Qərb Paşinyan hakimiyyətini dəstəkləyir. Eyni zamanda saray çevrilişi etmək də mümkün deyil. Odur ki, tək yol fiziki olaraq onun aradan götürülməsi qalır”. S.Əkbər bildirdi ki, onun zəhərlənməsi, sui-qəsdə məruz qalması ola bilər: “Simonyan da 1999-cu il hadisələrini yada salmaqla Rusiyaya işarə edib. Ermənistan hakimiyyətinin bu təhlükəni də qabaqlamaq imkanları yüksək səviyyədədir. Amma istənilən hakimiyyət təhlükəsizliyini nə qədər güclü təşkil etsə belə, risk var. Tarixi təcrübə göstərir ki, hətta ABŞ, İsrail kimi dövlətlərdə siyasi liderlərə sui-qəsd olub. O baxımdan Paşinyana qarşı radiaktiv maddədən, zəhərdən istifadə edilməsi mümkündür. Onun Rusiya ilə əlaqələri yumşaltmasına gəlincə, artıq Paşinyan strateji seçimini edib...”

Onu da xatırladaq ki, bu ilin sentyabrında “Eerkrap” könüllülər birliyinin keçmiş sədr müavini Albert Bazeyan Ermənistanın baş naziri Nikol Paşinyana qarşı sui-qəsd hazırladığına görə həbs edilib. Albert Bazeyanla birlikdə “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvü saxlanılıb. Sentyabrın 24-də Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxladığını bildirib. Noyabrın 2-də isə Ermənistan Milli Təhlükəsizlik Xidməti hökumət binalarını partlatmağa və ələ keçirməyə hazırlaşan cinayətkar dəstəni yaxalayıb. İş materiallarına görə, 2023-cü il ərzində terror aktlarının hazırlanmasında şəxsiyyəti müəyyən edilmiş beş nəfər və hələlik şəxsiyyəti müəyyən edilməyən bir neçə naməlum şəxs iştirak edib. Qeyd olunur ki, cinayətkar birliyin planlarına partlayışa hazırlıq, habelə son məqsəd kimi dövlət orqanlarının işini pozmaq məqsədilə hökumət və digər binaların zəbt edilməsi olub.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR