İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA-nın qış sessiyası başlayır - ermənilər yeni hücuma hazırlaşır

698 24.01.2023 09:44 Siyasət A A

Fazil Mustafa: “Nümayəndə heyətimiz bu məsələlərə kifayət qədər ciddi hazırlaşıb”

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 23-27-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) qış sessiyasında iştirak edəcək. Bu barədə Milli Məclisdən bildiriblər.

Qış plenar iclasının əsas məqamlarından biri “Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzünün hüquqi və hüquq-müdafiə aspektləri” mövzusunda təcili müzakirə olacaq. "Müzakirədə Vətəndaş Azadlıqları Mərkəzinin rəhbəri, 2022-ci il Nobel Sülh Mükafatı laureatı Aleksandr Matviyçuk iştirak edəcək", - Avropa Şurasının məlumatında deyilir.

Həmçinin mayın 16-17-də İslandiyanın paytaxtında keçiriləcək Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçılarının dördüncü sammitinin gündəliyi ilə bağlı Avropa Şurası Parlament Assambleyasının təklifləri təqdim olunacaq.

İslandiyanın baş naziri Katrin Yakobsdottir və Almaniyanın xarici işlər naziri Annalena Berbok deputatların qarşısında çıxış edəcəklər. Avropa Şurasının baş katibi Mariya Peyçinoviç Buriç Avropa Şurası Parlament Assambleyasının üzvlərinə müraciətlə çıxış edəcək. Assambleya həmçinin öz prezidentini və vitse-prezidentlərini seçəcək. Qadınlara qarşı zorakılıqla mübarizə də sessiyanın diqqət mərkəzində olacaq.

Sessiyanın gündəliyinə habelə silahlı münaqişələrin ətraf mühitə təsiri, izləmə proqramlarından istifadə ilə bağlı problemlər və digər mövzular daxildir. Yekun gündəlik sessiyanın ilk günündə təsdiqlənəcək

Erməni mənbələrinin məlumatına görə, öz xəbisliyindən qalmayan düşmən tərəf bu toplantıda da Laçın yolundakı aksiyanı və “blokada”nı bəhanə edərək, ölkəmiz əleyhinə hansısa sənədin qəbuluna çalışacaq.

Azərbaycan Nümayəndə Heyətinin üzvləri erməni hücumlarına hazırdırlarmı?

Fazil Mustafa - Bioqrafiya.com

Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bu sessiyaya çox ciddi şəkildə hazırlaşdıqlarını bildirdi: “Avropa Şurasının budəfəki gündəmi kifayət qədər çoxşaxəlidir. İlk növbədə, yeni prezidentin seçilməsi məsələsi gündəmdədir. Ola bilər ki, bu seçkilərdə bir rotasiya baş verməsin. Bu baş verə də bilər. Çünki müzakirələrdə gedən bir gedişlə əlaqədar bir məsələdir. Digər tərəfdən, burada bir sıra mühüm məsələlərin də müzakirəsi gözlənilir. İslandiya baş nazirinin çıxışı gözlənilir. Bu da geniş müzakirələrə səbəb olacaq. Hər bir çıxışda Azərbaycanı maraqlandıran hissələr ola bilər. Ona görə də nümayəndə heyətimiz bu istiqamətdə kifayət qədər ciddi hazırlıq işləri görüb. Azərbaycan əleyhinə hər hansı bir çıxış, sual, söz ortaya çıxanda dərhal bunun cavabı veriləcək və qarşısının alınması üçün tədbirlər görüləcək. O baxımdan bu istiqamətdə nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun xüsusi təşkilatçılıq qabiliyyəti hər zaman olduğu kimi, yüksək səviyyədə özünü göstərir və nümayəndə heyətinin bütün üzvlərini bu prosesə səfərbər edə bilir. Bu da ölkəmizə qarşı bütün hücumların qarşısını almağa imkan yaradır. Digər tərəfdən, ermənilərin mənbələrində göstərilən şəkildə həqiqətən də burada bizim Laçın koridorunda ekologiya ilə məşğul olan QHT-lərin keçirdiyi aksiyalara qarşı müəyyən planlaşdırmalar var. Hər hansı bir şəkildə bunun müzakirəsini açmağa çalışırlar. Sanki Qarabağda "blokada" mövcuddur və bu “blokada”nın da müəyyən dərəcədə ortadan qaldırılması üçün siyasi təzyiq vasitələrinə ehtiyac var. Bilirsiniz ki, Fransa və onlara yaxın bəzi ölkələrin bu istiqamətdə çalışmaları Avropa Parlamentində səfeh bir qərarın çıxarılmasına gətirib çıxardı. Deputatların özlərinin də başları çıxmadı ki, nəyə səs verirlər. Çünki bir ölkənin ərazisində baş verən bu cür problemlərə onun başı üzərindən qərar vermək çox yanlışdır. Digər tərəfdən, orada hər hansı bir blokada da yoxdur. İstənilən humanitar xarakterli nəqliyyat hərəkətinə heç bir maneçilik törədilmir. Bunun yüzlərlə sübutu var. Eyni şeyi Avropa Şurasında da etməyə çalışırlar. Azından buradakı deputatları inandıraraq Azərbaycan əleyhinə müəyyən qərarların qəbul edilməsini arzulayırlar. Təbii ki, bu istiqamətdə müzakirələr də olacaq. Gündəmə belə məsələləri çıxarmaq istəyən, xüsusilə Avropada onların himayədarları var. Buna baxmayaraq, nümayəndə heyətimiz bu məsələlərə kifayət qədər ciddi hazırlaşıb. Hər hansı bir Azərbaycan əleyhinə qərar çıxarılmasına mane olmaq üçün bütün səylərimizi ortaya qoyacağıq".

“Burada əsas məsələ bilavasitə Ermənistanın yalanlarının həm də ifşasıdır” - deyən deputat bildirdi ki, bu istiqamətdə də bizim əlimizdə olan faktları burada müxtəlif məsələlər müzakirə olunarkən gündəmə gətirməyə çalışacaqlar: “Ona görə də nümayəndə heyətinin bütövlükdə bu istiqamətdə hazırlığı yüksək səviyyədədir və məqsədəuyğun fəaliyyətimizi burada da davam etdirəcəyik. Bütün hallarda bu cür platformalarda Azərbaycan əleyhinə çıxarılan qərarların artıq əhəmiyyətsizliyi özünü göstərməkdədir. Çünki ilk növbədə, bu qərarlar qərəzli və birtərəflidir. Bütövlükdə indiki vəziyyətdə hətta ermənilərin belə özlərinin düşünmədiklərini və gündəmə çıxarmadıqlarını sanki bunlar erməni roluna girərək özləri gündəmə gətirməyə çalışırlar. Halbuki real vəziyyət tamamilə başqadır. Bölgədə hər hansı bir şəkildə ermənilərin normal, dinc yaşamını əngəlləyəcək heç bir hadisə baş verməyib. Bunlar anlayırlar ki, ancaq siyasi təzyiq vasitələri ilə nəyisə etmək olar. Çünki digər vasitələrlə Azərbaycana hansısa bir məsələni diktə etmək imkanları ortadan qalxıb. İndi Azərbaycan bu siyasi təzyiqlərin əhəmiyyətsiz olduğunu ciddi şəkildə təcrübədə göstərdi. Fransa Milli Assambleyasının, Senatın aldığı qərarların bir zibil qutusuna qədər atılacaq olduğunu göstərdi. Avropa Parlamentinin də qətnaməsinin tamamilə gerçəklərdən uzaq bir sənəd olduğunu göstərdi. Ona görə də bütün hallarda ölkəmizə qarşı belə qərarların heç bir təsiri yoxdur. Bunun bir xeyri var ki, dost-düşmənimizi daha dərindən tanımış oluruq. Artıq görürük ki, konkret olaraq, kimlər, hansı dövlətlər Azərbaycanla münasibətdə nə qədər səmimi və ya qeyri-səmimidirlər. Təbii ki, burada da bizim müəyyən məsələlərdə dostlarımız öz dəstəklərini əsirgəmirlər. Amma bütövlükdə burada dərk edirlər ki, Azərbaycan hər hansı bir şəkildə 20-30 il öncəki Azərbaycan deyil və onunla bu cür davranmağın heç bir adı yoxdur. Qəbul edilən siyasi qərarlar əgər Azərbaycanın dövlət maraqlarına uyğun olmayacaqsa, Azərbaycan heç bir zaman onun tətbiqinə imkan verməyəcək. Öz suveren ərazimizdə hansısa bir qərarla hansısa bir statusun dəyişməsinə olan cəhdləri də gündəmdən çıxara biləcəyik. Həm Azərbaycanın tanıtımı, həm də ölkəmizlə əlaqədar müəyyən həqiqətlərin çatdırılması üçün ayın 25-də "AzərXalça"nın burada möhtəşəm bir təqdimatı keçiriləcək. Diplomatik korpusumuz geniş şəkildə bu tədbirin müəyyən təşkilatçılığını həyata keçirib. Orada yenə də Azərbaycanın təbliğatı aparılacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR