İnsanlara hürriyət, millətlərə istiqlal!

AŞ PA ilə münasibətlər tam kəsilirmi... - Şvabenin təxribatı, tərbiyəsizliyi, yoxsa...

2262 02.05.2024 11:02 Siyasət A A

Politoloq: “Belələri gələcək və gedəcək, biz xarici siyasətimizi onların fikirlərinə görə müəyyənləşdirmirik”

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfərindən və orada keçirdiyi mühüm görüşlərdən, verdiyi bəyanatlardan sonra Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniyadan olan deputatı Frank Şvabe böyük siyasi tərbiyəsizliyini davam etdirib. Şvabe X hesabında paylaşımında Azərbaycanın geri - AŞ PA-ya yolu olmadığını yazıb. 

Onun bu təxribatına Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çox sərt reaksiya verib. “Avropa Şurası Parlament Assambleyasının Almaniyadan olan deputatı Frank Şvabe siyasi terrorçudur”, - deyə o, Tvitter-də paylaşımında qeyd edib. Səməd Seyidov bildirib ki, Frank Şvabe əsl üzünü açıb: “O, özünü, ölkəsini və Avropa Şurasını rüsvay edən muzdlu siyasətçidir. O, AŞ PA-da qeyri-qanuni olaraq hakimiyyəti ələ keçirən və təkcə bu təşkilatı deyil, həm də Avropaya inteqrasiya ideyasını məhv edən siyasi terrorçudur”. 

Nümayəndə heyətinin müavini Kamal Cəfərov isə bildirib ki, Frank Şvabe fanatik anti-Azərbaycan fəaliyyəti ilə seçilir: “O, Ermənistanın siyasi elitası ilə sıx bağlıdır və müxtəlif dövrlərdə həm AŞ PA-da, həm də onun hüdudlarından kənarda Ermənistanın "maraqlarını" müdafiə edib və indi də edir. Şvabe Bundestaqda “erməni soyqırımı” iddiasının tanınmasında və AŞ PA-da Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin dayandırılmasında Sorosun sifarişini yerinə yetirən siyasi əxlaqsızdır".

Sevil Mikayılova: Vaxtında görülən tədbirlər Azərbaycan iqtisadiyyatına  mənfi təsirləri neytrallaşdırmağa imkan verdi - AZƏRTAC

Sevil Mikayılova

Nümayəndə heyətinin daha bir üzvü Sevil Mikayılova isə qeyd edib ki, Şvabenin təxribat xarakterli açıqlaması məntiqsiz və siyasi etikadan kənardır: “Almaniyalı deputatın bu bəyanatları onun hansı maraqlara xidmət etdiyini açıq şəkildə sərgiləyir. Frank Şvabe çirkin ittihamlarla suveren dövlətə qarşı kampaniya başlatmağa cəhd göstərir. AŞ PA-da Azərbaycan düşməni kimi tanınan bu şəxs geniş ictimaiyyətə çoxdan tanışdır. AŞ PA-da Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun məhdudlaşdırılması təklifini də o vermişdi. Günümüzün reallığı ondan ibarətdir ki, beynəlxalq təşkilatlarda uzun illərdir müxtəlif siyasi-iqtisadi lobbi qrupları formalaşıb. Həmin qruplar müxtəlif maraqlara xidmət edir və öz məqsədlərinə nail olmaq üçün yalan informasiyalardan istifadə edirlər, qərəz və təzyiq kampaniyaları aparırlar.

Erməni lobbisinin simpatiyasını qazanmaq arzusunda olan Şvabe diplomatiyanı, siyasəti və etik normaları unudaraq növbəti dəfə çirkli sifarişi yerinə yetirir".

S.Mikayılova əlavə edib ki, Avropa Şurasının islamofob və türkəfob təfəkkürlü nümayəndələrin düşərgəsinə çevrildiyi ortadadır: “Frank Şvabe onlardan biridir... Ona AŞ PA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?!. Şvabenin bu tipli qərəzli açıqlamaları eyni zamanda Almaniya-Azərbaycan münasibətlərinə də zərbə vurur. Azərbaycan Avropanın mühüm tərəfdaşıdır, lakin eyni zamanda bəzi siyasətçilər, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri hər cür yolla korlamağa çalışırlar.

Şvabe və onun kimi ikiüzlü siyasətçilər öz ölkələrinin və Avropanın maraqlarını ayaq altına ataraq destruktiv siyasət aparırlar".

Elşən Musayev: Azərbaycan gəncliyi Vətən müharibəsində öz vəzifəsini  şərəflə yerinə yetirib

Elşən Musayev

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Demokrat.az-a açıqlamasında AXCP sədri Əli Kərimlinin alman deputatı tez-tez tərifləməsinə də toxunub: “Frank Şvabe, deyəsən, AŞ PA-da hansı ölkəni təmsil etdiyini, orada niyə oturduğunu, qərarlaşdığını tamamən unudub. Çünki ələlxüsus da son aylar adamın dərdi-səri, hədəfi-ünvanı ancaq Azərbaycandır...

Əli Kərimlidən də bir soruşan lazım ki, ay bədbəxt, sən Şvabenin mətbuat xidmətisən, yoxsa vəkili? Niyə düşmüsən bu avantüristin arxasına, ayı potası anasının arxasınca düşən kimi? Niyə rahatlaşmırsan? Niyə özünə əl qatmısan? Niyə utanıb-ölmürsən? Nədir məqsədin?"

Azərbaycan Prezidentinin Almaniya səfərindən sonra alman deputatın belə axmaq mövqe ortaya qoyması onun birmənalı olaraq erməni lobbisinin əlaltısı olmasını deməyə əsas verir. İndi əsas sual budur: Azərbaycan bundan sonra AŞ PA ilə əlaqələri tamamilə kəsəcək, yoxsa Şvabenin təxribatına əhəmiyyət verməyərək daha praqmatik və diplomatik yol seçiləcək?

Elçin Mirzəbəyli ermənilərin ən yaxşı bacardığı işlərdən DANIŞDI

 Elçin Mirzəbəyli 

Ədalət, Hüquq, Demokratiya Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli Şvabe ilə bağlı çox maraqlı bir məqam açıqladı: “Almaniyanın siyasətini Frank Şvabe müəyyənləşdirmir və şübhəsiz ki, onun açıqlamaları, yalnız bu uğursuz, qalmaqallı siyasətçinin subyektiv baxışlarını ifadə edir. Şvabe ilə bağlı maraqlı məqamlardan biri bu şəxsin Rusiya nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasına qayıdışının, irəli sürdüyü arqumentlərdən asılı olmayaraq, tərəfdarı olması və bu təşəbbüsün əsas ideoloqlarından biri kimi çıxış etməsidir. Hətta bunun üçün Moskvaya da səfər edib və Rusiya nümayəndə heyətini inandırmağa çalışıb. Bu baxımdan, almaniyalı deputatın Azərbaycana qarşı iddialarının əsasında onun dilə gətirdiyi əsassız ittihamların yer aldığını düşünmürəm. Şübhəsiz ki, başqa məqamlar var. Burada ölkəmizə qarşı qərəz, aqressiya, erməni diasporu və Yelisey sarayı ilə şübhəli əlaqələr rol oynayır. Amma bununla yanaşı, Şvabekimilərin mövqeyində başqa faktorların rol oynadığını da düşünürəm. Məsələn, çox ehtimal ki, Şvabe Azərbaycanla Avropa ölkələrinin və təsisatlarının münasibətlərini pozmağa çalışan və bununla bağlı başqa bir qütbdən aldığı sifarişləri yerinə yetirən şəbəkənin təmsilçisidir. Məqsəd də ondan ibarətdir ki, ölkəmizin beynəlxalq əlaqələrinə, müstəqil siyasi kursunun həyata keçirilməsinə zərbə vurulsun və Azərbaycan tərəfə çevrilmək məcburiyyətində qalsın. Düşünürəm ki, bu təxribatın heç bir perspektivi yoxdur və bundan əvvəl də belə cəhdlərin iflasa uğradığının şahidi olmuşuq”.

Azərbaycan Milli İstiqlal Partiyası sədrinin Beynəlxalq Məsələlər üzrə  müavini - Azərbaycan Milli İstiqlal Partiyası

Elşən Mustafayev

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev alman deputatın sifariş yerinə yetirdiyini düşünür: “Prezident İlham Əliyevin Almaniya səfərindən sonra Avropa Şurası Parlament Assambleyasının deputatı Frank Şvabenin özünün X hesabı vasitəsilə yaydığı Azərbaycanı hədəfə alan xəstə fikirlərinə təəccüb etmək lazım deyil. Onun kənardan idarə olunması ilə bağlı fikirlər hələ öncədən məlum idi. O səbəbdən istənilən situasiyada əlinə imkan düşdükcə sifarişini yerinə yetirməyə cəhd edir. Onun kənardan öz maraqları naminə idarə olunduğunu isbat edən bir səbəb də məhz hazırkı durumda yenidən fəallaşmasıdır. Prezident Almaniyada Kansler Olof Şoltsla görüşür, istər Cənubi Qafqazdakı vəziyyətlə, istərsə də iki ölkə arasında iqtisadi-siyasi münasibətlərin gələcəyi ilə bağlı mühüm müzakirələr aparır, eyni zamanda Berlində digər mühüm görüşlər keçirir. Normalda Kansler Olof Şoltsa eyni partiyada - Sosial Demokrat Partiyasında təmsil olunan Şvabe ən azından belə vəziyyətdə münasibətlərə xələl gətirəcək hər hansı bir fikir bildirməməli idi, yəni susmalı idi. Amma görünür, onun kənardan təmin olunan maraqları öz partiyasının maraqlarından daha üstün olduğu üçün belə addımı atıb. Hesab edirəm ki, onun verdiyi bəyanata ən kəskin şəkildə və müxtəlif səviyyələrdə cavab verilməlidir və onun kimliyi, qaranlıq əlaqələri barədə araşdırmalar aparılıb Almaniya mediasına ötürülməlidir. Amma əsla onun və onun kimilərin dediyi sərsəm fikirlərə görə Avropa qurumları ilə münasibətləri kəsmək, yaxud da gərginləşdirmək olmaz. Çünki Şvabe və onun kimilərin əsas istəyi və hədəfləri məhz bizim belə addımları atmağımızdır. Belələri gələcək və gedəcək, onların fikirlərinə görə biz xarici siyasətimizi müəyyənləşdirmirik. O səbəbdən Şvabenin son fikirlərini Azərbaycana qarşı növbəti sifarişli və uğursuz hücum kimi dəyərləndirirəm".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR