İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzuolunmaz namizədi güllə ilə durdurmaq – Bu, ABŞ tarixində ilk hadisə deyil! Bu dəfə də qəsdçi öldürüldü...

2154 14.07.2024 10:30 Yazarlar A A

Donald Trampın əvvəl-axır sui-qəsdə məruz qalacağını təxminən 8 il öncə, o, prezident seçildikdən bir neçə gün sonra, hələ səlahiyyətlərinin icrasına başlamamış yazmışdım.

Bu mövzuda həmkar-əməkdaşlarla uzun sürən polemikamız olmuşdu. Onlardan biri deyirdi ki, Tramp sona qədər öz posunda sağ-salamat işləyəcək. Mən isə düşünürdüm ki, bir-iki ildən sonra onu ya impiçment edəcəklər, ya da həyatına sui-qəsdlə edib aradan götürəcəklər.

İş elə gətirdi ki, proqnozum doğrulmadı. Düzdür, Trampı impiçment etmək istədilər, amma kampaniya uğursuzluqla nəticələndi, Tramp özü mətanətlə dirəşdi, rəqibləri isə Konqresdə lazımi qədər səs toplaya bilmədilər.

Əvəzində Trampla bağlı başqa bir proqnozumuz doğruldu. 2020-ci ildə ABŞ-ni idarə edənlərin onun ikinci müddətə prezident olmasına imkan verməyəcəyini güman edirdik, elə də oldu. Tramp rəqibi Baydendən çox səs yığsa da, adamın qələbəsini tanımadılar. O da, tərəfdarları da ABŞ tarixində ilk dəfə olaraq seçkinin nəticələrini şübhə altına aldılar, ortaya xeyli dəlil-sübut tökdülər; amma heç kimə heç nə sübut edə bilmədilər. Onun tərəfdarlarının Konqres binasını tutmağa cəhd etməsi, adı “dövlət çevrilişinə cəhd” qoyulan aksiya keçirməsi sırf bu üzdən idi. Tramp dəqiq bilirdi ki, seçkini uduzmayıb, prezident postu onun olmalıdır, ona görə də müqavimət göstərirdi.

Eks-prezident Ağ Evdən kənarda qaldığı müddətdə bir gün də olsun məğlubiyyəti ilə barışmadı, başqa eks-prezidentlər kimi bir tərəfə çəkilib guşənişin olmadı, mübarizəsini davam etdirdi, yüzlərlə müsahibə, açıqlama verdi, rəqibi Baydeni ittiham etdi, ələ saldı.

Onun ABŞ tarixində ilk dəfə olaraq 4 il aradan sonra yenidən prezident seçilmək istəyən eks-prezident olması məhz revanş duyğusundan irəli gəlir. Tramp istəyir ki, 2020-ci ildə qələbəsinin oğurlandığını sübut etsin və “atdan düşüb atlanmağ”ın nə demək olduğunu bütün dünyaya göstərsin.

Tramp bu məqsədinə çatmağa çox yaxındır. Ona görə də jurnalistlər yazırdılar ki, onun Ağ Evə aparan yolunu ya qandal kəsə bilər, ya da güllə.

Birinci baş tutmur. Trampa qarşı açılan cinayət işlərinə görə ona iki dəfə ömürlük cəza düşür, amma ABŞ-da məhkəmə hakimiyyətinin tətbiq etdiyi hüquqi prosedurlar elədir ki, adam həbsxanada oturmuş olsa belə, prezident seçkisində iştirak etmək, seçilmək hüququ var.

Trampın önünü kəsmək üçün bir yol qalırdı: onu güllələmək. Bu gecə o təşəbbüs də olub, amma fiaskoya uğrayıb: Tramp yaralanıb, ona qəsd edən isə öldürülüb.

ABŞ-nin son yüz illik tarixini bilənlər üçün bu tanış səhnədir. Bu barədə bir az sonra bəhs edərik. İndi baxaq görək Trampın öldürülməsi kimə sərfəli idi?

Hamının ağlına prezident Bayden gələcək. Doğrudan da Tramp və Bayden qatı düşməndirlər və Trampın prezident seçiləcəyi təqdirdə ola bilərdi ki, ABŞ tarixində daha bir ilk yaşansın: eks-prezident türməyə salınsın. Trampın belə bir vədi var. O, ən azı Baydenin oğlu Hanteri həbsxanaya saldıracaq. Zatən, hazırda Hanteri türmədən atasının prezident olması xilas edir.

Ona görə də gümanlar ora gedir ki, Trampı sıradan çıxarmağı Bayden sifariş edib. Ancaq bir məsələ də dəqiqdir ki, Tramp Baydenlərə qarşı nə qədər qərəzli olsa da, onlarla bağlı planlarını asanlıqla həyata keçirə bilməzdi. Çünki ABŞ-də məhkəmə hakimiyyəti gerçəkdən də müstəqildir.

İkincisi, Tramp hakimiyyətdəki demokratları nə qədər sevməsə də, mahiyyətcə, onun ikinci dəfə prezident postuna yiyələnməsi siyasi rəqiblərini təhdid etmir. Əsas düşüncə budur ki, Trampın seçilməsi ümumilikdə ABŞ dövlətinin maraq və mənafelərini, hətta hegemon dövlət olaraq mövcudluğunu təhdid edir.

Trampın ABŞ-nin əzəli rəqibi-düşməni Rusiyaya loyal münasibəti, NATO-nu dağıdacağına dair vədləri (NATO-nun dağılması üçün ABŞ-nin blokdan çıxması və ya maliyyəsini kəsməsi kifayətdir), avtoritarizmə meylli olması göstərir ki, bu adam öz addımları ilə dünyanın ən qüdrətli dövlətinə görünməmiş tənəzzül epoxası yaşadacaq.

Bu baxımdan Trampa atılan güllənin hansısa psixopatın özfəaliyyəti olmadığı qənaətinə gəlmək olar.

1963-cü ilin noyabrında prezident Con Kennedinin Texas ştatının paytaxtı Dallasda güllələnməsi ərəfəsində onun SSRİ-nin qabağından qaçması, ABŞ dövlətini zəif göstərməsi, Moskvaya loyallıq etməsi barədə ajiotaj doğuran söhbətlər olub. Hətta dönəmin müdafiə naziri bununla bağlı prezidentə etiraz bildirib.

Maraqlıdır ki, Kennediyə güllə atan adam – Li Harvi Osvald ilkin ifadəsini verməyə macal tapmamış xüsusi xidmət orqanlarının agenti olduğu bildirilən barmen Cek Rubi tərəfindən, özü də yüzlərlə polisin əhatəsində olduğu vaxt güllələnib. İndi Trampa güllə atan gəncin də xüsusi xidmət tərəfindən ifadəsi alınmadan güllələnməsi şübhə doğurur.

Onlar nədən güllələnir? Qəsdin əsas fiqrantını yaralayıb zərərsizləşdirmək, sonra sağaldıb danışdırmaq, sifarişi kimdən aldığını öyrənmək olmazmı? Bu adamlar mütləq susmalı və cinayət zəncirinin əsas bəndini qoparmalıdırlarmı?

Kennedinin qətlinin üstünün tam açılmamasının sirri də bundadır ki, bu cinayət tək adamın, bir qrupun, partiyanın işi olmayıb. Prezident olduğu vaxt Tramp Kennedinin qətlinə dair sənədlərin bir qisminin ictimailəşdirilməsini vəd etmişdi, Federal Təhlükəsizlik Bürosundan elə bir təhdid gəldi ki, adam sözünü tuta bilmədi.

Trampa atılan güllə başqa bir Kennedinin qətlini də xatırladır. Bu da ABŞ-nin sabiq baş prokuroru, Con Kennedinin qardaşı Robert Kennedidir. Onu 1968-ci ilin iyununda, prezidentliyə namizəd olması təsdiqlənənəndən dərhal sonra seçicilərlə ilk görüşünü keçirərkən güllələyiblər. Robert Kennedinin prezident seçiləcəyi heç kəsdə şübhə doğurmurmuş və o, Ağ Evə yerləşəndən az sonra qardaşının həyatına sui-qəsd edənləri ifşa edəcəkdi. Və adamı öldürdülər. Bu, təsadüf ola bilərmi? Əsla.

Təəssüf ki, ABŞ tarixində belə ağ ləkələr çoxdur. Amerikalılar dövlətin imicinə xələl gəlməməsi üçün bu cür məsələləri açıb-ağartmırlar, amma fakt faktlığında qalır.

Trampın həyatına sui-qəsd edənlərin dairəsini, kimliyini tapmaq elə də çətin deyil. Prezident seçilsə, özü çox çəkmədən tapacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR