İnsanlara hürriyət, millətlərə istiqlal!

Arzu Nağıyev: “Bu, Ermənistanın xilası deməkdir”

1426 14.02.2023 19:27 Siyasət A A

“Ermənistan sülh müqaviləsinin imzalanmaması və bugünkü status-kvonun saxlanması üçün çox cəhdlər etdi. Xüsusilə də beynəlxalq səviyyədə Fransadan istifadə etməyə çalışdı, Avropanın müşahidə missiyasını ölkəyə dəvət etdi, Hindistandan silah almaq niyyətini ortaya qoydu və təhdid kimi yararlanmağa cəhd göstərdi. Eyni zamanda, İranla münasibətlərini Azərbaycan əleyhinə qurmağa çalışdı və bu kimi bir çox addımlar atdı. Amma faydası olmadı”.

Bu sözləri Musavat.com-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev deyib.

Millət vəkili qeyd edib ki, rəsmi İrəvan MDB məkanında KTMT-nin fəaliyyətsizliyini dəfələrlə gündəmə gətirdi, Azərbaycanla bağlı Beynəlxalq Ədalət Məhkəməsində absurd “blokada” məsələsini qabartdı, Rusiya sülhməramlıları ilə bağlı narazılıqlar yaratmağa çalışdı:

“Bunların heç biri bir fayda vermədi və yenə də danışıqlar masasına əyləşmənin ən mühüm variant olduqlarını az da olsa, dərk etdilər və Azərbaycan tərəfinin təkliflərinin məqbul olduğunu həm Qərb, həm də Rusiya bir daha onların nəzərinə çatdırdı”.

Arzu Nağıyevin fikrincə, regionda nüfuz savaşı gedir, istər ABŞ, istər Rusiya, istərsə də Avropa münaqişənin tam nizamlanmasında iştirak etmək və bununla da öz maraqlarını təmin etmək istəyirlər: “Zənnimcə, əsas məqamlardan biri də Rusiya-Ukrayna qarşıdurmasıdır, sanki bir gözləmə mövqeyi tutulur. Təbii ki, Rusiyanın Vardanyan kartından da istifadə etdiyi aşkar görünür, lakin bu da effekt vermir. Vaxt isə daralır, 2025-ci ildə sülhməramlıların mandat vaxtı bitir. Düşünürəm ki, yaranmış belə bir vəziyyətdə danışıqlara getmək Ermənistanın xilası deməkdir. Azərbaycanın bütün şərtləri qəbul edilməli, Ermənistan Türkiyə ilə öz münasibətlərini müsbət məcraya salmalıdır. Regional dövlətlər də öz gələcək iqtisadi, siyasi və hərbi problemlərini həll etmək istiyirlərsə, qarşıdurmanın bitməsində maraqlı olmalıdırlar”.

“Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəlib və Prezident İlham Əliyevlə görüşüb. Bu səfərdən nə gözləyə bilərik?” sualına millət vəkili belə cavab verib: “Yəqin ki, danışıqların vacib olduğunu demək və təkliflər paketinin müzakirəsini aparmaq üçün gəlib. Danışıqlar üçtərəfli formatda ola bilər”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR