İnsanlara hürriyət, millətlərə istiqlal!

Artan Azərbaycan-Serbiya əməkdaşlığı - Avropaya inteqrasiyaya təkan

1180 27.12.2022 08:00 Media A A

Serb prezidentin Bakı səfəri Azərbaycanın Avropa üçün önəmini bir daha ortaya çıxardı

Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfərindən çox keçməmiş ötən həftə Serbiya Prezidenti Aleksandr Vuçiçin Azərbaycana rəsmi səfər etməsi iki ölkə arasında münasibətləri yeni mərhələyə daşımış oldu. Azərbaycan-Serbiya arasında mühüm sənədlər paketi imzalanıb. Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata birgə bəyanatla çıxışında Azərbaycanı etibarlı tərəfdaş adlandırıb. 

Aleksandar Vuçiç azərbaycanlı həmkarı İlham Əliyevi özünün və Serbiyanın dostu adlandırır. İlham Əliyev də Serbiya və bu ölkənin prezidenti barədə eyni şəkildə düşünür. Prezident İlham Əliyevin “Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik” ifadəsi də bundan xəbər verir. Hər iki dövlət bir-birilərinin ərazi bütövlüklərini dəstəkləyir. Azərbaycan Kosovonu Serbiyanın, Serbiya isə Qarabağı Azərbaycanın ərazisi sayır. Hər iki ölkənin rəsmiləri və diplomatları beynəlxalq təşkilatlarda bir-birilərinin xeyrinə səs verirlər. Bu, iki ölkəni bir-birinə yaxınlaşdran əsas amildir. Rusiyanın Ukraynaya qarşı müharibəsi Avropada enerji böhranı yaradıb. Belə vəziyyətdə Azərbaycan Serbiyaya daha çox qaz nəql edəcək. Azərbaycanın hazırkı qaz ixracı təxminən 22 milyard kubmetr təşkil edir, bir neçə ildən sonra bu həcm 35 milyard kubmetrə çatacaq. Bu həcmin yarısından çoxu Avropa ölkələrinə nəql olunur. Serbiya və Bolqarıstan arasında interkonnektorun yaradılması üzərində iş gedir. Bu xətlə Azərbaycan qazı Serbiyaya çatdırılacaq. Bundan başqa, Azərbaycanla Serbiya arasında elektrik enerjisi əməkdaşlığı planlaşdırılır. Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən böyük bir Avropa layihəsi var. Elektrik xəttinin suyun altından çəkiləcəyi nəzərdə tutulub. Xətt Qara dənizin altından keçəcək. Serbiya paylayıcı şəbəkə vasitəsilə Rumıniya və Macarıstan üzərindən Azərbaycandan elektrik enerjisi idxal edə biləcək. Azərbaycan Serbiyada yol tikintisində də fəal iştirak edir. Serbiya yol tikintisi üçün Azərbaycandan aldığı krediti ödəyib. Bu, Azərbaycanın gələcəkdə də Serbiyada müxtəlif layihələrə kredit ayırmasına şərait yaradır. Serbiya kənd təsərrüfatı sahəsində də Azərbaycanla əməkdaşlıq edəcək. Serbiya Prezidentinin ötən həftə baş tutan səfərində bu əməkdaşlığı reallaşdıracaq sənədlər də imzalanıb.

Yeganə Hacıyeva: Gürcüstan bu formatda qismən iştirak edəcək » BAYRAQDAR  MEDİA

 Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Serbiya və Azərbaycan arasında diplomatik əlaqələr 1997-ci ilin avqust ayının 21-də qurulub. Bu gün əməkdaşlıq əksər sahələri əhatə edir və iki ölkə arasında çox böyük yaxınlaşma qət edilib: “Azərbaycan Serbiyada ən iri layihələrdən biri-Liq-Prelin avtomagistralının "Koridor-11" sahəsinin inşasını maliyyələşdirir. Azərbaycan və Serbiya arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması haqqında konvensiya mövcuddur. Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında isə ticarət və iqtisadi əməkdaşlıq , bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında, beynəlxalq avtomobil daşımaları və hava əlaqələri haqqında saziş mövcuddur. Həmçinin Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Azərbaycan həm də Serbiyanı strateji məsələlərdə dəstəkləyib. 1999-cu ildən Serbiyanın nəzarətindən çıxarılaraq BMT-nin himayəsində olan Kosovonun müstəqilliyi elan ediləndə Azərbaycan Xarici İşlər Nazirliyi “Kosovonun müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarına zidd və qanunsuzdur” kimi mövqe nümayiş etdirir. Bir sözlə, Azərbaycan Serbiyanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyib, Kosovonun müstəqilliyini tanımayıb və bütün beynəlxalq müstəvilərdə bu mövqedən çıxış edib. Serbiya da Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir. Belqradda Azərbaycan-Serbiya XİN-lərarası siyasi məsləhətləşmə qrupu mövcuddur. Serbiya ilə münasibətlərimizin dərinləşməsi Avropaya inteqrasiyamız üçün də əhəmiyyətlidir. Ölkələrimiz arasında Strateji Tərəfdaşlıq Şurası fəaliyyət göstərir. Şura ticarət, investisiya, innovasiya, sənaye, logistika, turizm və iqtisadiyyatın digər sahələrində birgə əməkdaşlıq layihələrinin təşviqinə, habelə mədəni-humanitar mübadilə proqramının fəal şəkildə həyata keçirilməsinə yönəldiləcək format kimi nəzərdə tutulur. Eləcə də şura qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişafı üçün birgə strategiya müəyyən edəcək. Həmçinin şura çərçivəsində Azərbaycan və Serbiya  beynəlxalq və regional siyasətin aktual aspektləri ətrafında fikir mübadiləsi aparacaq".

Kəlbəcərdən əməliyyata başlamaq Nəcməddin Sadıxovun ideyası idi” - ŞOK İDDİA

Rövşən Məhərrəmov 

Hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov isə bildirdi ki, Azərbaycan-Serbiya münasibətlərinin genişlənməsi iki ölkə arasında hərbi-texniki əməkdaşlığın da dərinləşməsinə xidmət edəcək. "Azərbaycan və Serbiya prezidentləri arasında əlavə sənədin imzalanması da bunun təsdiqidir. Serbiya keçmiş sosialist düşərgəsinə aid dövlət kimi bu məkanın hərbi sənaye məhsullarının əsas istehsalçılarındandır. Serbiya SSRİ-nin süqutundan sonra əvvəllər təmsil olunduğu hərbi blokun silah-sursat məhsullarının istehsalını davam etdirdi və bu məhsulların uğurlu  modernləşdirilmiş variantlarını yarada bildi. Bu gün Serbiya müdafiə sənayesi kompleksi sovet hərbi təyinatlı məhsulları ilə yanaşı, bu sahədə Qərb texnologiyalarını da mənimsəyə bilib. Serbiya həm də müdafiə sənayesi sahəsində özəl sektorun formalaşdırılmasına da nail olub. Azərbaycanla Serbiya arasında son aylarda imzalanan sənədlər, strateji tərəfdaşlıq Azərbaycanın Serbiya ilə hərbi-texniki sahədə əməkdaşlığına zəmin yaratmaqla yanaşı, gələcəkdə birgə istehsal müəssisələrinin formalaşdırılmasına da təkan verə biləcək. Məsələnin digər, daha önəmli bir məqamı da mövcuddur. Bu, Azərbaycanın illərdir formalaşmış Ermənistan-Serbiya hərbi-texniki əlaqələrini sıradan çıxarmasıdır. Məlumat üçün deyim ki, Serbiyanın Aleksandr Vuçiçdən əvvəlki prezidentləri dövründə bu slavyan ölkəsinin Ermənistanın hərbi qurumları ilə çox sıx və məhsuldar əməkdaşlığı mövcud olub. Elə bunun nəticəsi idi ki, Vətən müharibəsindən əvvəl Serbiyanın Ermənistan silahlı qüvvələrinə minatanlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah və sursat tədarükünü təsdiqləyən sənədlər ortaya çıxmışdı. Bu gün isə proseslər başqa müstəvidə inkişaf etməyə başlayıb. Azərbaycan dövlətinin apardığı çoxşaxəli siyasət sayəsində Serbiya Avropada ölkəmizin əsas tərəfdaşlarından birinə çevrilib. Özü də bu, həm də hərbi-texniki sahədə formalaşan münasibətlər kontekstində davam edəcək.  Serbiya Prezidentinin Azərbaycanla dostluq və əməkdaşlığın ölkəsi üçün çox böyük əhəmiyyət daşıdığını söyləməsi də bunun təsdiqidir”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dunya birliyinə inteqrasiyası, region ölkələrinə və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Etibar SEYİDAĞA
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR