İnsanlara hürriyət, millətlərə istiqlal!

Araikin dili yenə uzandı - Xankəndidə “seçki” də keçirmək istəyir...

2102 15.02.2023 09:13 Siyasət A A

Qondarma rejimin başçısı Moskvadan qayıtdıqdan sonra Azərbaycana nifrət çağırışlarını artırıb, separatçıların “rəhbərini” saxta “parlament” təyin edəcək; polkovnik və ekspertlərin şərhi

Xankəndidəki qondarma rejimin başçısı Araik Arutyunyan Moskvadan qayıtdıqdan sonra Azərbaycana qarşı nifrət dolu çağırışlarının “dozasını” artırıb. “Yeni Müsavat” bildirir ki, Arutyunyan sosial şəbəkə hesabından “2 aydır davam edən blokada” haqda yazıb, yenə Azərbaycana ittihamlarla çıxış edib. 

Azərbaycanı “120 min sakinini blokadada saxladığı və etnik təmizləmə məqsədilə cinayət və terror fəaliyyətləri həyata keçirdiyini” yazan separatçı lider yenə “ağır yaşadıqları” haqda yalançı hay-küy qaldırıb. Bir çox ölkələrin və beynəlxalq təşkilatların “blokadanın dərhal və qeyd-şərtsiz götürülməsi” ilə bağlı çağırışlarını alqışlayan Arutyunyan yazıb ki, bunlar kifayət deyil.

Araik “rəhmətə getmiş” ATƏT-in Minsk Qrupunun həmsədrləri olan Rusiya, ABŞ və Fransaya, eləcə də beynəlxalq birliyi yolu açmaq üçün təsirli tədbirlər görməyə çağırıb. O, Azərbaycan rəhbərliyinə qarşı “sanksiyaların tətbiqinə, o cümlədən onların ərazilərinə girişinin qadağan edilməsinə və onların ərazisində yerləşən daşınar və daşınmaz əmlakın dondurulmasına səsləyib”.  Arutyunyan qanunsuz “seçkilərin” keçirilməsi qaydasına dəyişiklik etməyi planlaşdırır. Bildirilir ki, Arutyunyan qondarma qurumun “rəhbərinin” Qarabağdakı ermənilər tərəfindən “seçilməsini” istəmir. Dəyişikliyə əsasən, separatçıların “rəhbərini” saxta rejimin “parlamenti” təyin edəcək.

Qeyd edək ki, qondarma “dövlət naziri” Ruben Vardanyan Xankəndini müəmmalı tərk etməsindən sonra (artıq qayıdıb-E.S.) separatçıların guya özlərini “ağıllı aparacağı”, hətta Bakı ilə danışıqlarda maraq olduqları haqda iddialar vardı. Elə rəy yaradılırdı ki, guya Xankəndidə əsas problem Vardanyandır, o gedərsə, Araik və “komandası” reallığa uyğun davranışlar sərgiləyəcək. Amma Vardanyan Xankəndidə olanda özünü çox da hədəfə gətirməyən Araikin dili yenə uzanıb. Bu, o anlama gəlir ki, Xankəndidə Bakı ilə masaya oturacaq heç bir ağıllı “lider” yoxdur. Bəs Azərbaycan bölgədəki separatçı fəaliyyətə nə qədər təmkinlə yanaşacaq? Antiterror əməliyyatları üçün tələsmiriksə, hansı güc forması ilə erməni terrorçularının fəaliyyətinə tam son qoyacağıq? Rusiya Araik və Rubeni Moskvaya çağırmaqla hansı təlimatları verib? 

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Polkovnik Üzeyir Cəfərovun “Yeni Müsavat”a bildirdiyinə görə, Qarabağda yuva salmış erməni terrorçu-xunta rejiminin mövcudluğu hər ötən gün bizim üçün əlavə problemlər yaradır. Ü.Cəfərovun sözlərinə görə, çoxu Rubenin qaçdığını fikirləşirdi, amma belə olmayacağı əvvəldən bəlli idi: “Efirə də söyləmişdim ki, Ruben Moskvanın tapşırıqlarını yerinə yetirməmiş heç yerə qaçmaz. Sadəcə, təlimatların punktlarını dəqiqləşdirmək üçün Moskvaya getmişdi. Rusiya sözdə və sənəddə bizi müttəfiq adlandırır, Rusiya-Azərbaycan dostluq əlaqələrindən danışır, bu ayın 22-də Moskva bəyannaməsinin imzalanmasının bir ili tamam olacaq, di gəl, Kreml Xankəndidəki separatizmin həllində heç bir addım atmayıb. Ona görə Araik, Vardanyan və ümumən separatizm məsələsinə son qoymaq lazımdır. Çünki uzandıqca yeni çətinliklər meydana çıxır. Bu gün Rusiya bu ərazilərdə separatçıları himayə etməsə, Araik, yaxud Ruben bir gün orada qalmaz. Amma separatizm bölgədə getdikcə dərinləşir. Əgər Araik və Vardanyan Moskvaya rahat gedib-gəlirlərsə, deməli, dəstək var. Bu ilhamverici dəstəyi verən isə rəsmi Moskvadır. Hər ötən gün ziyanımıza işləyir. İndi hansı sülhdən söhbət gedə bilər ki, üçtərəfli sənədin müddəaları işləmir, Ruben bizi təhdid edir. Onları zərərsizləşdirməsək, sonrakı dövrdə separatçıların bşaında duranlar ağılsız hərəkətlərə yol verə bilərlər”.

Politoloq Zaur Məmmədov hesab edir ki, Vardanyanın müsahibəsi onun Paşinyan və Arutyunyanla yola getmədiyi, onun Xankəndidə heç bir perspektivi olmadığı təsiri bağışladı: “Qaldı ki, onun İran və Rusiya ilə bağlı qeydlərinə, hiss olundu ki, Ruben Rusiyanın Türkiyə və Ermənistan arasında seçimdə Ankara və Bakıya bəzi güzəştlər edə biləcəyini istisna etmir. Yekun olaraq, zənnimcə, hazırda Ukraynada davam edən müharibə, 2024-də Rusiya və ABŞ da seçki ili olacağını nəzərə alaraq yaxın vaxtlarda və payızda Azərbaycanın daha bir hərbi silləsi üçün optimal vaxtdır”.

Siyasi ekspert Yeganə Hacıyevanın sözlərinə görə, Araikin digər qruplarla konfliktindən faydalanaraq Ruben Vardanyan yerlərdə möhkəmlənmişdi: “Vardanyan çox güclü iqtisadi maxinatordur. O hesab edirdi ki, bunu siyasətdə də tətbiq edə biləcək, amma siyasətdə şərtlər bir az fərqlidir. Vardanyana iqtisadiyyatda divident gətirən məqamlar siyasətdə tam əleyhinə işlədi. Çünki dələduzluq, fırıldaqçılıq və s. kimi mövzular siyasətdə keçmir. Burada kapital insan güvənidir, Vardanyanda da bu yoxdur”.

Ukrayna ABŞ-ın qurbanına çevrildi" - RAMİYƏ MƏMMƏDOVA

Ramiyə Məmmədova

Təhlilçi Ramiyə Məmmədova deyir ki, Araiklə Rubenin bir dronluq canı var: “Qisas” əməliyyatı göstərdi ki, ordumuzda koordinatlar var, onların yerləşdiyi mövqeləri bilirik, postlarını, kazarmalarını havaya uçura bilərik. Yəni antiterror əməliyyatı bir neçə saatın içərisində keçirilə və 5-10 minlik erməni qoşunları darmadağın edilə bilər. Amma burada maneə Rusiyadır. Əgər bu əməliyyatı keçirsək və bayrağımız Xankəndi, Əsgəranda ucalsa, rus hərbçilərinə nə ehtiyac var? Moskva bunu bildiyi üçün onları yemləyir, anklav düzəltməyə, bölgəni Abxaziyaya, Donetskə çevirməyə çalışır. Sadəcə, onlar “artsax” ifadəsini dilə gətirmir, Lavrov da, Putin də Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir. Guya iki xalq arasında barışıq və sabitlik üçün bölgədə yerləşiblər. Halbuki iki ildən artıq zamanda nə bir azərbaycanlı Xocalıya gedə bilib, nə Xankəndinə keçib mədənləri monitorinq etməyə şərait yaradılıb. Ona görə Araikin bizə dil uzatmasından daha çox Rusiyanın bu imkanları yaratmasına diqqət yetirməliyik". Ekspertin fikrincə, Araikin və Rubenin canı Moskvadadır: “Onların süni nəfəs verməyi olmasa, separatçılar ərazilərimizdə meydan sulaya bilməzlər. Onları saxlayan, bu ssenariləri quran da Kremldir. Odur ki, kabinetdə oturub sarsaq hədələr səsləndirir, əski parçasına oxşayan sənədlər, fərmanlar imzalayır, heç bir hüquqi qüvvəsi və legitimliyi olmayan seçki qərarları verir. Kimə lazımdır bu seçkilər? Hansı ölkə həmin seçkiləri izləyir, yaxud nəticələrini tanıyır? Əgər doğrudan da özlərini ayrıca respublika sayırlarsa, niyə seçkiyə xarici müşahidəçilər gəlmir? Hətta Fransa Assambleyasının sədri açıqladı ki, beynəlxalq hüquq belə bir subyekt tanımır. O baxımdan Rusiya onları himayə etməsə, məsələ bitər. Azərbaycan addımlarını sürətləndirməli, tələblərini sərtləşdirməli, separatçılara təzyiqləri gücləndirməlidir. Bir az tələsmək lazımdır, regionda beynəlxalq münasibətlər hər an dəyişə bilər”.

Siyasi şərhçi İlkin Həsənov bildirir ki, əslində Araik-Vardanyan çəkişməsi iki separatçı arasında hakimiyyət uğrunda mübarizənin nəticəsi deyil: “Məsələyə daha çox Rusiya-Ermənistan kontekstində yanaşmaq lazımdır. Araik Paşinyanın nümayəndəsidir, Qarabağda onun dəstəyi ilə hakimiyyətə gəlib. Bununla yanaşı, Araik Qarabağda separatçılar arasında geniş əlaqələrə malik imkanlı şəxsdir. Vardanyan isə Rusiyanın dayağıdır və ondan istifadə etmək məcburiyyətindədirlər. Bu çəkişmənin əsas səbəbi həm də Paşinyanın özü ilə bağlıdır. Paşinyanın indiki dönəmdə Qarabağın özündə daxili gərginlik yaratmaqda məqsədi odur ki, Rusiyanın diqqətini öz üzərindən kənarlaşdırsın və buna görə Arutunyana yatırım edir”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR