İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar siyasət komitəsində vacib ictimai dinləmə - FOTO

790 18.04.2024 19:23 Siyasət A A

Aprelin 18-də Milli Məclisin Aqrar siyasət komitəsində “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda ictimai dinləmə keçirilib.

Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən bildirir.

Komitə sədri Tahir Rzayev tədbiri açaraq, bildirib ki, Milli Məclisin sədri Sahibə Qafarova deputatlar tərəfindən səsləndirilən təklifləri, ictimaiyyətin marağını, qida təhlükəsizliyinin təmin edilməsinin vacibliyini nəzərə alaraq, belə bir dinləmənin təşkilini məqsədəuyğun hesab edib. O, tədbirin keçirilməsi üçün lazımi şəraiti yaratdığına görə parlamentin rəhbərliyinə təşəkkürünü ifadə edib.

Tahir Rzayev bu gün dünyada baş verən iqlim dəyişikliklərinin, digər problemlərin müəyyən çətinliklər yaratdığını, qida çatışmamazlığının, qida zəhərlənmələrinin insanların səhhətinə ciddi təsir göstərdiyini söyləyib. Komitə sədri vurğulayıb ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi istiqamətdə ardıcıl olaraq həyata keçirilən tədbirlər dövlət başçısının bu sahəyə göstərdiyini diqqət və qayğının bariz nümunəsidir. O, ölkə Prezidentinin insan amilinə, Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına böyük önəm verdiyini qeyd edib.

WhatsApp Image 2024-04-18 at 19.20.29 (1).jpeg (166 KB)

Komitə sədri son illərdə ölkədə qida təhlükəsizliyinin təmin edilməsi, qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılması, əhalinin təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, qida məhsullarının təhlükəsizliyinə nəzarət sisteminin səmərəliliyinin daha da artırılması istiqamətində təqdirəlayiq işlərin görüldüyünü bildirib. Qida Təhlükəsizliyi Agentliyinin yaradılması, “Qida təhlükəsizliyi haqqında” qanunun qəbul edilməsi, bununla bağlı qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan addımlar, beynəlxalq əməkdaşlığın inkişafı bu sahədə fəaliyyətin dövlətin diqqət mərkəzində olduğunu və ictimaiyyət tərəfindən təqdir edildiyini deyib.

Sonra tədbirdə Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli çıxış edib. O, mövzunun aktuallığını qeyd edərək, qida təhlükəsizliyinin ölkədə yaradılan tarladan və fermadan süfrəyə qədər qida zəncirinin bütün mərhələlərini əhatə edən nəzarət sistemi olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, 2018-ci ildə ölkəmizdə Qida Təhlükəsizliyi Agentliyi fəaliyyətə başlayıb. Agentlik ölkə ərazisində qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığı və onların bioloji təhlükəsizlik məsələlərinin icrasını təmin edir, habelə qida təhlükəsizliyi sahəsində risk qiymətləndirilməsini icra edir, idxal və ixrac prosedurlarında qida məhsulları üzərində dövlət nəzarətini həyata keçirir.

Bildirilib ki, Prezidentin 29 aprel 2019-cu il tarixli 1143 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilib. Bu Proqramın icrası üçün 12 əsas istiqamət müəyyənləşdirilib. Proqramın icrası üçün təyin olmuş 71 tədbirin ötən dövr ərzində 60 %-i həyata keçirilib, digər 29 tədbirin icrası isə davam etdirilir.
Qoşqar Təhməzli Dövlət Proqramında vacib məsələlərdən birinin qida təhlükəsizliyi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə əlaqədar olduğunu deyib. O, qeyd edib ki, BMT-nin Azərbaycan Respublikası ərazisində son iki il ərzində qida zəncirinə nəzarətin qiymətləndirilməsi ilə bağlı apardığı monitorinqin nəticələrinə görə Milli Məclisdə qəbul edilmiş “Qida təhlükəsizliyi haqqında” qanun son 10 ildə dünyada qəbul olunmuş ən mütərəqqi qanun kimi qiymətləndirilib. Bu Qanundan irəli gələrək Nazirlər Kabineti tərəfindən də müvafiq qərarlar qəbul edilib.

WhatsApp Image 2024-04-18 at 19.20.29.jpeg (180 KB)

Agentlik rəhbəri öz çıxışında ölkə ərazisinə idxal olunan yüksək riskli qida məhsulları üzərində dövlət nəzarətin həyata keçirilməsindən bəhs edib, Agentliyin auditorları tərəfindən aparılan yoxlamalar barədə məlumat verib. Habelə qida məhsullarının zənginləşdirilməsi, heyvan sağlamlığı, yem məhsullarının təhlükəsizliyi, baytarlıq preparatlarının düzgün tətbiqi, bu preparatların insan və heyvan sağlamlığına təsiri, biotəhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərə toxunub. O, həmçinin Genetik modifikasiya edilmiş Orqanizmlərlə (GMO) əlaqədar məsələnin vacibliyindən bəhs edib, onun mahiyyəti barədə danışıb, bununla bağlı yayılan məlumatlara münasibət bildirib. Bununla yanaşı, Vahid Sağlamlıq Konsepsiyası ilə bağlı fikirlərini də açıqlayıb.

Sonra iclasda parlamentin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. O, insan sağlamlığının təmin edilməsi üçün sağlam və düzgün qidalanmanın ən zəruri amillərdən olduğunu bildirib. Bir sıra dünya ölkələrində sağlamlıq proqramlarının həyata keçirildiyini deyib. Müxtəlif xəstəliklərin əmələ gəlməsinin səbəblərindən birinin zərərli qidalanma ilə bağlı olduğunu söyləyib. Qida istehsalı və emalı sahəsində təhlükəsizlik qaydalarına əməl edilməsinin vacibliyini qeyd edib. İqlim dəyişikliklərinin fəsadlarının da ərzaq məhsullarına mənfi təsir etdiyini bildirib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili öz çıxışında qida təhlükəsizliyi məsələsinin milli təhlükəsizliyin tərkib hissəsi olduğunu vurğulayıb. Bu sahənin hər zaman dövlətin diqqətində olduğunu qeyd edib. Bildirib ki, qida təhlükəsizliyi sahəsində dövlət siyasətinin düzgün həyata keçirilməsi əhalinin sağlamlığının qorunması baxımından böyük əhəmiyyət daşıyır. Komitə sədri diqqətə çatdırıb ki, Azərbaycan qida məhsullarında dünyada “yaşıl” qalan az sayda olan ölkələrdən biridir. O, həmçinin qida məhsullarının ixracı və idxalı sahəsində nəzarətin önəmindən danışıb. İqtisadi cəhətdən qida təhlükəsizliyinin iki istiqamətdə - insan əməyi amili və sahibkarlıq baxımından qida məhsullarının istehsalı ilə bağlı olduğunu deyib.

WhatsApp Image 2024-04-18 at 19.20.30.jpeg (176 KB)

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov öz çıxışında bildirib ki, qida təhlükəsizliyi anlayışı insanların qidaya olan ehtiyaclarını, o cümlədən onların qidanı həm fiziki, həm də iqtisadi baxımdan əldə edə bilmək imkanını özündə ehtiva edir. Ölkə başçısı tərəfindən həyata keçirilən sosial siyasət bu imkanların əldə edilməsi üçün lazımi şəraitin yaradılmasını təmin edir. Komitə sədri qida istehsalı, qida məhsullarından səmərəli istifadənin əhəmiyyətindən danışıb, bununla bağlı maarifləndirmə işinin vacibliyini qeyd edib.

Tədbirdə kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qida məhsullarının təhlükəsizliyinin və keyfiyyətinin təmin olunması ilə bağlı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində görülən işlər barədə danışıb. Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov qida təhlükəsizliyi ilə bağlı məhsulların idxalı və ixracı zamanı sərhəd-keçid məntəqələrində nəzarət tədbirlərinin həyata keçirildiyini bildirib. Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev ölkənin iqtisadi potensialının artırılmasında qida təhlükəsizliyinin təmin olunmasının, əhalinin sağlamlığının qorunmasının vacib amillərdən olduğunu söyləyib. Bu istiqamətdə qanunvericiliyini təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.

İqtisadiyyat Nazirliyinin Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və sanitar-epidemioloji nəzarət şöbəsinin müdiri Nəzifə Mürsəlova çıxış ediblər. Çıxışlarda ölkədə istehsal edilən qida məhsullarının ekoloji cəhətdən təmiz olması, keyfiyyətinin yaxşılaşdırılması, qida təhlükəsizliyinin təmin edilməsi üçün istehlakçılar tərəfindən müvafiq qaydalara riayət edilməsinin vacibliyi qeyd edilib, habelə qida ilə əlaqəli xəstəlik hallarının yayılmasının qarşısının alınması, istehlakçıların sağlamlığının qorunması istiqamətində görülən işlərdən söhbət açılıb.

Milli Məclisin deputatları Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Azər Badamov, Jalə Əliyeva, Razi Nurullayev, Tahir Kərimli, Emin Hacıyev mövzu ilə bağlı fikir və qeydlərini açıqlayıblar. Quda Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli qaldırılan məsələlərə münasibət bildirib.

Dinləmənin sonunda komitə sədri Tahir Rzayev çıxış edərək mövzu ətrafında səmərəli fikir mübadiləsinin aparıldığını söyləyib, iclas iştirakçılarına müzakirələrdə fəallıq göstərdiklərinə görə təşəkkürünü ifadə edib.
Tədbirdə komitə üzvləri Aydın Hüseynov, Cavanşir Paşazadə, İqbal Məmmədov, Müşfiq Cəfərov, deputatlar, Hikmət Məmmədov, Arzu Nağıyev, Fatma Yıldırım, Afət Həsənova, Vüqar Bayramov, Rauf Əliyev, Vüqar İsgəndərov, Cavid Osmanov, Müşfiq Məmmədli, Kamran Bayramov, aidiyyəti qurumların nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR