İnsanlara hürriyət, millətlərə istiqlal!

Aprelin qorxudan qəza statistikası - 74 ölü...

733 03.05.2023 12:14 Gündəm A A

Ekspert ağır yol qəzalarının səbəblərini açıqladı; “Sürücülük vəsiqələrinin əldə edilməsi ilə bağlı prosedurlar sərtləşdirilməlidir”

Azərbaycanda yol qəzalarının sayı son günlər xeyli artıb. Xüsusilə də bu artım aprel ayında daha çox müşahidə olundu. Ekspertlər hesab edir ki, qəzaların baş verməsinə səbəb olan əsas arqumentlərdən biri yüksək sürətdir. Xüsusilə də əsas magistral yollarda baş verən avtomobil qəzaları təəssüf ki, çox zaman ölümlə nəticələnir.

Geridə qoyduğumuz aprel ayı ilə bağlı statistika bu baxımdan acınacaqlıdır.  Aprel ayında respublikanın avtomobil yollarında baş verən qəzalar nəticəsində ümumilikdə 74 nəfər həyatını itirib, 31 nəfər xəsarət alıb.

Qəzaları araşdırarkən maraqlı faktlar ortaya çıxır. Məsələn, məlum olur ki, qəza törədən sürücü əvvəllər sürət həddini aşdığı üçün dəfələrlə cərimə olunub. Bu sıraya ötmə qaydalarını pozma, kəmər taxmama, narkotik təsiri altında, sərxoş halda avtomobil sürmə və s. də əlavə etmək olar... Elə sürücülər var ki, il ərzində sürət həddini aşmağa görə 5 dəfədən artıq radara düşüb. Amma yenə də “uçmaq” eşqi ilə sükan arxasına keçir.

Əsas problemlər yenə də qalır"

Elməddin Muradlı 

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Yeni Müsavat”a deyib ki, yol-nəqliyyat hadisələrinin sayı həqiqətən də artıb: “Ötən il həm Bakı şəhərində, həm də respublikanın digər bölgələrində ölüm faktlarında artım olub. Burada piyadaların vurulması ilə nəticələnən qəzaların da rolu var. Ümumi qəzaların təxminən 42-45 faizini piyada vurmalar təşkil edir. Piyadalarımız yollarda niyə bu qədər özlərini təhlükəyə atırlar, bu da ağır bir mövzudur. Nə qədər maarifləndirmə işi aparılsa da, müsbət nəticə əldə edilmir. Azərbaycanda sürücülük vəsiqələrinin əldə edilməsi ilə bağlı prosedurlar sərtləşdirilməli, təlimçilər təkmilləşdirilməli, sürücülük məktəblərinin fəaliyyətinə diqqət edilməlidir. Bəzi məktəblərin ancaq qovluğu və müdiri var, 50-100 manat alıb vətəndaşın adını yazır, 45 gün və ya 2 aydan sonra çağırıb diplomunu verirlər ki, get imtahana gir. Sağlamlıq arayışı artıq istənilən şəxsə verilir. İmtahan prosesinin harada, hansı formada keçirilməsinə, sürücülərə verilən sualların mahiyyətinə də baxılmalıdır. Yük və sərnişindaşıma sahəsində ciddi təhlillər aparılmalıdır. Ağır və təhlükəli yüklərin daşınmasını dəmir yoluna istiqamətləndirmək lazımdır. Bu, dünyada gedən prosesdir. Azərbaycanda bunu inkişaf etdirmək əvəzinə, azaltmışıq. İndi də bunun ağır fəsadlarını görürük. Yüklərin çoxu avtomobil nəqliyyatına keçib. Yol hərəkətinin təşkili və təhlükəsizliyi ən yüksək səviyyədə təmin olunmalıdır. Prezident tərəfindən 2018-ci il dekabrın 27-də "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" təsdiqləndi. Həmin proqramda göstərilir ki, yol-nəqliyyat hadisələrinin, ölüm hallarının sayı 30 faizə endirilməlidir. Amma görürük ki, avtoqəzaların sayı təxminən 20 faiz artıb. Bu il də proqramın icra müddəti artıq başa çatır. Təəssüflə qeyd edirəm ki, o cür möhtəşəm sənədi aidiyyəti qurumlar adi bir kağız parçası kimi qəbul etdilər  və nəticəsi də göz qabağındadır".

Ekspert deyib ki, məsələ ilə bağlı yol polislərinin fəaliyyəti, yollardakı problemlərdən danışmazdan öncə, sürücülərin  yollarda davranışına diqqət etmək lazımdır: “Bu kimi qəzalar əsasən, yol hərəkəti iştirakçılarının intizamsızlığı səbəbindən baş verir. Yol hərəkəti təhlükəsizliyi ilə bağlı bizim cəmiyyətimizin bilgiləri kasaddır. Maarifləndirmə işi əsaslı şəkildə aparılmalıdır. Əsas problem isə qeyd etdiyim  kimi, sürücü hazırlığı işidir. Bu gün ölkəmizdə yol hərəkəti təhlükəsizliyi ilə bağlı cəmiyyətin bilgiləri çox aşağıdır. Nəticə də göz qabağındadır. Bu kimi ağır qəzaların aprel ayında daha çox baş verməsinin səbəbi odur ki, bayram tətillərində insanlar daha çox bölgələrə getməyə, orada istirahət etməyə üstünlük verirlər. Ağır qəzaların da əksəriyyəti elə şəhərlərarası yollarda baş verir. Bakıda hər gün 100-dən çox yol-nəqliyyat hadisəsi olur. Ancaq bunlar xırda qəzalar və ya bu kimi hadisələr olduğu üçün statistikaya düşmür. Ağır qəzalar daha çox yüksək  sürətli yollarda baş verir ki, bu da insan ölümü ilə nəticələnir”.

Ekspert bildirib ki, əsas problem insan faktoru olsa da, yollar da tam qaydasında deyil: “Yollarda da problem var.  Bəzi yerlərdə tikinti-quraşdırma işləri aparılır. Eyni zamanda bir çox yerlərdə yol nişanlarında, yolların texniki vəziyyətində  problemlər mövcuddur. İşıqlandırma çox ciddi problemdır. Axşam 12 olan kimi Bakının kəndlərarası yollarında işıqlar söndürülür. Lakin bütün bunların hamısı da yenə insanlarla bağlıdır. Yol hərəkəti iştirakçılarının mədəni səviyyəsində, təhlükəsizliklə bağlı bilgilərində də problemlər var. Baxın, bütün bu sadaladıqlarımız  kompleks şəkildə hansı faciələrə səbəb olur. Elə yanaşmalar olmalıdır ki, insanların dünyagörüşünü, həyat tərzini dəyişən nəticə əldə olunsun. İnsanlara anlatmaq lazımdır ki, filan qaydaya əməl etməsən hansı nəticə baş verə bilər. Bunu insanların beyninə yeritmək lazımdır. Bunu qəbul etmək istəməyənləri də qanunauyğun olaraq, yollardan kənarlaşdırmaq gərəkdir. Hər şey sürücülük vəsiqəsinin verilməsi anından başlayır. Sürücülər var ki, yol hərəkəti qaydalarını bilmirlər. Xüsusilə də yeniyetmə sürücülər arasında monitorinq aparsaq görərik ki, onların nişanlarla bağlı bilikləri çox aşağı səviyyədədir. Bütün bunlar isə qəza statistikasına təsir göstərən amildir. Nəqliyyat vasitəsinin idarə olunmasında texniki məsələlər gözlənilmir. Əslində isə bu, çox ciddi problemdir. Yaxşı olar ki, dövlət orqanları buna müdaxilə etsinlər. Bundan əlavə, bəzi sürücülər nəqliyyat vasitəsini içkili, narkotikin təsiri altında idarə edirlər ki, nəticədə qəza törədirlər. Magistral yollarda nişanların sayı yetərincə deyil, azlıq təşkil edir. Bu, əhəmiyyətli məsələdir. Ancaq hesab edirəm ki, bununla yanaşı, hər bir sürücü özü yolda hərəkətə uyğun formada davranmalıdır. Onun özünün yanaşması olmalıdır. Sürücü nəqliyyat vasitəsini idarə edən zaman ehtiyat imkanlarını nəzərə almalıdır. Bu faktoru da nəzərə alırıq ki, yollarda nişanların qoyulmasında problem var. Bəzi hallarda işıqforlar işləmir. Azərbaycanda xüsusilə də gənclər avtomobil nəqliyyat vasitəsindən əyləncə vasitəsi kimi istifadə edib, təhlükəli manevrlər edirlər, sürət həddini pozurlar. Bunların nəticəsində də qəzaların sayı artır. Magistral yollarda radarların qoyulması qəzaların sayının azalmasına təsir göstərir. Radarların sayının artırılması da prinsipial məsələ deyil. Bəyəm hər kilometrdə bir radar qoymalıyıq? Əslində bu cür radarların qoyulması sürücülərin yalnız o məsuliyyətini artırır ki, radara düşməsinlər və artıq vəsait ödəməsinlər. Sürücülər cərimələnməmək üçün radarın qaydalarına əməl edirlər. Əgər cərimələrin məbləği son dərəcə aşağı olsaydı, müşahidə edərdik ki, sürücülərin bir çoxu radarlara da əhəmiyyət vermirlər. Bu da faktdır ki, radarların da standartlara uyğun qoyulması məsələsi var. Sözsüz ki, ölkənin bütün magistral yollarının radarlaşdırılması məqsədəuyğun hal deyil. Bu, sürücülərin mənzil başına çatmaları üçün çox ciddi zaman problemi yarada bilər. Hazırda magistral yollarda maksimal sürət həddi saatda 110 kilometrdir. 110-nin üzərinə də 10 sürət əlavə edib, 120-ə qaldırmaq mümkündür. Biz hər yolda 60-70 sürət həddini də qoya bilmərik. Bir məsələ də var ki, sürücülər radarları ötən kimi yenidən sürət həddini aşırlar. Bunu əksər hallarda o sürücülər edirlər ki, onlar həmin yoldan tez-tez istifadə edirlər və radarların da yerini bilirlər. Bütün bunlar son nəticədə acınacaqlı statistikanın formalaşmasına gətirib çıxarır".

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR