İnsanlara hürriyət, millətlərə istiqlal!

“Aparıcılar efirdə məsuliyyət hiss etməlidirlər”… - Zaur Kamala sərt cavablar (VİDEO)

1405 01.07.2022 19:57 Şou-biznes A A

Xəbər verdiyimiz kimi, "ARB" kanalında yayımlanan "Həmin Zaur" verilişində gərgin anlar yaşanıb.

Proqramın aparıcısı Zaur Kamal və cənubi azərbaycanlı müğənni Afşin Azəri arasında mübahisə yaranıb.

Sənətçi aparıcının "İrandan çoxsaylı tamaşaçımız olduğu üçün buradasınız" sözlərinə "O sizin fikrinizdir, mən heç nə deyə bilmərəm.

Bizim yanımızda böyük hörmətiniz var. Yəni deyirsiniz ki, məni Azərbaycanda sevmirlər?" Zaur isə öz növbəsində "Şəhərdə müsahibə götürdük, adını bilmirlər, amma mahnılarınızı eşidiblər. Efirdən əvvəl mənimlə başqa tonda danışdınız, xoşuma gəlmədi. Dediniz ki, Ali Pormehr və ya digər iranlı müğənnilər kimdir ki, mənim yanımda? İranda səhnələri doldururam".

Azəri isə Zaurun bəhs etdiyi söhbəti xatırlamadığını bildirib:

"Dediyiniz söz-söhbət mənim yadıma gəlmir. İki kişinin xüsusi söhbəti biri-birinin yanında qalsa daha yaxşı olar".

Z.Kamal isə "Mən səni efirdən çıxaracağam, sən bir də mənim proqramımda olmayacaqsan" deyərək, onu efirdən qovub.

Reklamlarda sonra isə aparıcı məsələ barədə açıqlama verib:

"Günahı özümdə görürəm. Yeganə aparıcıyam ki, İrandan gələn müğənnilərə həmişə sonsuz hörmətim olub. Afşin Azəri efirdən öncə deyir ki, digər iranlı müğənniləri niyə çağırırsan? Orada onları bir o qədər sevmirlər. Həmin müğənnilərlə məni eyni tərəziyə qoyma. Qonaq gəlmisənsə, özünü qonaq kimi apar".

Bəs aparıcının efirdə bu cür davranması, kimliyindən asılı olmayaraq çağırdığı qonağı efirdən qovması nə dərəcədə düzgündür? Vətəndaşlarımız bu haqda nə düşünür? Ümumiyyətlə onlar aparıcı Zaur Kamalın davranışlarından məmnundurlarmı?
Mövzu ilə bağlı Tv Müsavatın əməkdaşları paytaxt sakinləri arasında sorğu keçirib və onların fikirlərini öyrənməyə çalışıb, eyni zamanda “ARB” telekanalından, jurnalistlərdən açıqlama alıb.

Без названия.jpg (20 KB)

“ARB” telekanalının mətbuat katibi Mayıl Əsgərov “Yeni Müsavat”a açıqlamasında aparıcının hərəkəti ilə bağlı heç bir şey deyə bilməyəcəyini bildirib:

“Mən bir şey deyə bilmərəm. Əgər hər hansısa bir tədbir görüləsi olsa ictimaiyyətə bununla bağlı məlumat veriləcək. Zaur Kamalın bu hərəkətinə mən heç bir şey deyə bilmərəm. Özü öz verilişində reklamdan öncə və reklamdan sonra öz fikrini aydın şəkildə ifadə elədi. Bir daha qeyd edirəm ki, əlavə nəsə məlumat olsa sizə bildirəcəm".

1957326.jpg (65 KB)

BDU-nun professor, jurnalist Qulu Məhərrəmli də mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verib:

“Bu barədə çox danışılıb. Hərəkətin özü qeyri-adekvat olduğundan etirazlara səbəb olub. Əlbəttə, arzu olunandır ki, bu cür hadisələr olmasın. Çünki aparıcı verilişdə mühüm sima olsa da, onun səlahiyyətlərinin müəyyən bir həddi var. Aparıcının özü də müəyyən dərəcədə etik qaydaları gözləməlidir. Hər kəsə hörmətlə, nəzakətlə yanaşmalıdır. Yəni, əgər verilişdə qonaq tərəfindən hansısa bir kobudluq olarsa, fövqəladə hal baş verərsə, o zaman aparıcı belə addım ata bilər. Eyni zamanda rejissorla, prodüsserlə məsləhətləşdikdən sonra bu addımı atsa daha doğru qərar olar. Ümumiyyətlə, aparıcılar efirdə məsuliyyət hiss etməlidirlər. Onlar cəmiyyət, tamaşaçı qarşısında, təmsil elədikləri televiziyanın qarşısında məsuliyyətli olmalıdırlar. Bu cür addımların atılması məqbul deyil və təbii ki, yolverilməzdir. Ümumiyyətlə şou aparıcılarının qıcıqlandırıcı hərəkətləri izləyiciləri haqlı olaraq qıcıqlandırır. Ona görə belə halların baş verməsi bizlərə təəccüblü görünmür”.

вв.jpg (26 KB)

Jurnalist İlqar Əlfioğlu da “Yeni Müsavat”a açıqlama verib:

“Bu hadisənin jurnalistikaya aidiyyatı yoxdur, bunun normal tərbiyəyə aidiyyatı var. Onsuz da hazırda jurnalistika ilə məşğul olan, veriliş aparanlar jurnalistika məsuliyyətini dərk etmirlər. Dərk etməyə borcları da yoxdur, çünki savad almayıblar, o çevrəyə malik deyillər.

Mən onsuz da verilişlərə baxmıram. Təxminən 30 ilə yaxındır televiziyaya baxmıram. Amma bu hadisəni facebook-da paylaşdılar və mənə çox pis təsir elədi. Orada bizim cənublu qardaşımıza qarşı sayğısızlıq edilib. Bu da bütün Azərbaycan xalqına edilmiş sayğısılıqdır. Zaurkimilər bizim cəmiyyətdə az deyillər. Ona görə çox əsəbiləşdim və iradımı bildirdim. Əslində mən Zauru qınamıram, Zauru yetişdirən xalqı qınayıram. Mən o kanalı da yaxşı tanıyıram. Onlar üçün əsas olan reytinqdir. Ona görə də nə baş verməsi onlar üçün heç önəmli də deyil. Bu sadəcə xalqı yoldan çıxarmağa yönəlmiş meyardır. Sovet dövründə reytinq yox idi, ona görə də həyalı verilişlər olurdu. Düzdür, mənasız verilişlər də olurdu amma ümumi keyfiyyət var idi. İnsanlara nəsə öyrətməyə çalışırdı. İndiki verilişlərə baxan bədbəxt insanlar nə etməlidir?! Ona görə belə acınacaqlı vəziyyət var. Mən çox istəyərdim ki, Zaur bu hərəkətinə görə cəzalandırılsın. Ona görə ki, mən bu hadisəni xalqımıza qarşı bir təxribat kimi hesab edirəm. Çünki o tayı bizdən küsdürməyə çalışanlar həddsiz-hesabsızdır. Bəziləri anlamamazlığından, bəziləri savadsızlığından, bəziləri də qərəzindən kiminsə sifarişini yerinə yetirdiyindən bu hadisələri törədirlər.

Bu səbəbdən mən istərdim ki, kanal rəhbərliyi bu məsələ ilə bağlı bir tədbir görsün. Kanal, veriliş sizin ola bilər, amma efir xalqındır.

Mən sizə bir xatirəmi danışım. Deməli, rəhmətlik Yaqub Zurufçunu ilk dəfə efirə mən dəvət eləmişdim. “Ayrılıq” mahnısı da ilk dəfə bizim efirdə səslənib. O zaman hələ sovet hökümətinin sonları idi, səhv etmirəmsə 1989-cu il idi. Mən o zaman gördüm ki, Yaqub Zurufçu efirimizə gələndə bizim uşaqlar, yəni çəkiliş qrupu necə pərvanə kimi onun başına fırlanırdılar, necə hörmətini saxlayırdılar.

Qonağın özü belə çaş-baş qalmışdı. O “Ayrılıq” mahnısını oxuyanda sanki Təbrizi mənə bağışladılar. Həmin zaman Təbrizə doğru xəyali bir körpü saldım. Təbii ki, Zaur kimi adamlar bu halları anlamaz demirəm, qanmazlar!
Mən istərdim ki, Zaur və onun kimi adamlar cəzalandırılsın”.

Anar Əhməd,
Nərminə Aydın,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR