İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankaranın irəliləyən qaz mərkəzinə çevrilmək planı

531 10.01.2023 10:44 İqtisadiyyat A A

“Sakarya” Türkiyə əhalisinin bir qərinəlik ehtiyacını ödəyəcək?

Türkiyənin Qara dənizdə 2020-ci ildə açdığı Sakarya perspektiv blokunun aşkarlanmış qaz ehtiyatları 710 milyard kubmetrə çatıb. Bununla bağlı məlumat verən Türkiyə energetika və təbii ehtiyatlar naziri Fatih Dönməz bildirib ki, bu, ölkə əhalisinin 33 illik qaz tələbatını ödəməyə kifayət edəcək. Onun sözlərinə görə, qarşıya məqsəd qoyulub: 4 il ərzində Qara dənizdə qaz hasilatının maksimum səviyyəsinə çatmaqla mavi yanacağın idxalını 30 faiz azaltmaq: “Layihənin quru hissəsində 6500-ə yaxın, dəniz hissəsində isə daha 2500 mütəxəssis cəlb olunub. Layihənin icrası zamanı 18 əcnəbi mühəndis Türkiyə vətəndaşlığı alıb”, - deyə Dönməz bildirib.

Nazir həmçinin qeyd edib ki, maliyyə hesablamaları aparıldıqda Türkiyənin “Sakarya” yatağında aşkar edilən təbii qazdan istifadə idxal edilən qazdan daha qənaətcil bir seçimdir. Fatih Dönməz onu da əlavə edib ki, hazırda ölkə istehlak etdiyi qazın 99,3 faizini idxal edir, ötən il isə Türkiyənin qaz istehlakı 54 milyard  kubmetr civarında olub.

Qeyd edək ki, “Sakarya”dan ilk qazın Türkiyə qaz şəbəkəsinə martın sonunadək daxil olması nəzərdə tutulur. Türkiyə hökuməti 10 ilə yaxındır qaz ehtiyatlarının axtarışı işlərinə başlayıb. Bu istiqamətdə 2017-ci ildən işlər daha da gücləndirilib. 2020-ci ilin sentyabrında “Sakarya”nın açıldığına dair Prezident Rəcəb Tayib Ərdoğan rəsmi məlumatla çıxış edib. Ondan bəri yataqda kəşfiyyat işləri genişləndirilib və qazılan əlavə quyular hesabına onun aşkarlanan ehtiyatlarının həcmi artıb.

Türkiyə qaz idxalından asılılığını azaltmaq üçün əsas vasitə kimi öz ərazisindən hasilatın təmin olunmasını görür. Eyni zamanda ölkənin əlverişli coğrafi ərazidə yerləşməsindən istifadə edərək beynəlxalq səviyyəli qaz habına çevrilməyi hədəfləyir. Ötən ilin payızında Rusiya Prezidenti Vladimir Putin bununla bağlı açıqlama verdikdən sonra Türkiyə hab üçün zəruri olan infrastrukturun yaradılmasına başladığını açıqlayıb.

Yanvarın 7-də F.Dönməz bildirib ki, qaz habının yaradılması üçün fiziki infrastruktur demək olar ki, tam hazırdır: “Biz hazırda yol xəritəsi üzərində işləyirik. Fiziki infrastruktur artıq hazırdır. Son dörd ildə biz daxili bazar üçün qaz ticarəti platformasını idarə edirik. Bu baxımdan, proqram təminatı və İT infrastruktur əhəmiyyətli səviyyədə hazırdır”.

Nazirin sözlərinə görə, hazırda Ankara gözlənilən xarici bazarlar üçün qiymət formalaşdırılması ilə bağlı danışıqlar aparır. Dönməz qeyd edib ki, hələlik habda Rusiya, İran və Azərbaycan qazının satışı nəzərdə tutulur. İlkin olaraq qiymət səviyyəsi ilə bağlı Bolqarıstan və Makedoniya ilə danışıqlar aparılır.

Yanvarın 3-də Türkiyə Bolqarıstanla qaz tranzitinə dair müqavilə imzalayıb. Müqaviləyə əsasən Bolqarıstan ildə Türkiyənin üzərindən ötürüləcək 1,5 milyard kubmetr qazı əldə edəcək. Türkiyə isə Bolqarıstanın alacağı maye qazı özünün maye qaz terminallarında təbii qaza çevirmək, zəruri hallarda Bolqarıstanın digər satıcılardan alacağı qazı öz anbarlarında saxlamaqla bağlı öhdəlik alır.

Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz qazın Bolqarıstan vasitəsilə digər Avropa ölkələrinə nəqlini istisna etməyib. O qeyd edib ki, Türkiyənin “Botaş” şirkəti ilə “Bulgargaz” arasında iki ölkə prezidentlərinin İstanbul görüşündən cəmi üç həftə sonra razılıq əldə olunub: “Türkiyə Bolqarıstanın enerji təhlükəsizliyinə töhfə verir. Ümumiyyətlə, müqaviləyə əsasən, söhbət 20 milyard kubmetr qazdan gedir. Lazımi şərait yaradılarsa, Türkiyə Bolqarıstan vasitəsilə qaz ticarətini təşkil edə, yəni üçüncü ölkələrin qaza olan tələbatını ödəyə bilər”.

Türkiye ve Rusya doğalgaz ödemesinde anlaşma sağladı - Bloomberg HT

Bolqarıstanın energetika naziri Rosen Xristov isə bildirib ki, ölkəsi dünyanın bütün maye qaz istehsalçılarından məhsul alaraq onu Türkiyədə saxlamaq imkanı əldə edir.

Maraqlıdır ki, Türkiyənin qaz habı yaratması ideyasının təşəbbüskarı kimi Putin çıxış etsə də, Rusiya mətbuatında bu məsələ, xüsusilə də Bolqarıstanla imzalanan müqavilə böyük qısqanclıqla qarşılanıb. Müxtəlif ekspertlər Bolqarıstanın Rusiya qazını birbaşa və ucuz deyil, Türkiyə üzərindən baha qiymətə alacağını iddia edirlər.

Bolqarıstanın illik qaz istehlakı 3 milyard kubmetrdir. Ölkə bunun 1 milyardını Azərbaycandan almağa başlayıb. 1.5 milyard kubmetr Türkiyə üzərindən, daha 0,5 milyard kubmetr isə Yunanıstanın maye qaz terminallarından alınacaq. Beləliklə, ölkə Rusiya qazından asılılığını sıfıra endirmiş olur ki, bu da Rusiya tərəfini qıcıqlandıran əsas amildir. Lakin Moskva Türkiyənin vasitəsilə də olsa, qazını satmağa məcburdur. Mövcud şərtlər növbəti mövsümdə də Avropanın Rusiya qazı olmadan yola davam edəcəyini göstərir. Hazırda Avropanın anbarlarında 90 milyard kubmetrdən çox qaz var. Qitədə havaların mülayim keçməsi nəticəsində anbarların son beş ildəki orta göstəricidən 16,2 faiz daha dolu qalmasını şərtləndirib. Belə şəraitdə Avropanın yaza 50-55 faiz dolu anbarlarla çıxacağı gözlənilir. Bu isə o deməkdir ki, Avropa İttifaqı Rusiyadan əlavə qaz almayacaq.

Buna görə də Rusiya Ukraynadakı işğalçı müharibənin yaratdığı nəhəng xərcləri qarşılamaq üçün Türkiyə vasitəsilə də olsa, qazını satmağa çalışır.

Türkiyə də yaranmış əlverişli şərtlərdən maksimum bəhrələnmək istəyir. Ölkə öz hasilatını yoluna qoymaqla əvvəlcədən Rusiya, Azərbaycan və İrandan rezerv etdiyi həcmləri Avropa ölkələrinə ötürməkdə qərarlıdır. Artıq İranla qaz alışının artırılmasına dair razılıq əldə olunub. Rusiya özü “Mavi axın” və “Türk axını” kəmərlərinin ötürücülük gücünü artırmağı üzərinə götürüb. Azərbaycandan Türkiyəyə qaz nəql edən TANAP-ın genişləndirilməsi üzrə işlərə də başlanılıb.

Bundan əlavə, Türkiyə Rusiyaya olan qazpulu borcunun ödənmə tarixinin ertələnməsi istiqamətində Moskva ilə danışıqlar aparır. F.Dönməz ötən ilin payızından başlanan danışıqların davam etdirildiyini bildirib: “Hazırda ödənişlərin köçürülməsi yoxdur. Biz Rusiya ilə bir çox sahələrdə danışıqlar aparırıq ki, Türkiyə tərəfi üçün ən sərfəli variant üzərində dayanaq. BOTAŞ dövlət şirkəti "Qazprom"la birbaşa danışıqlar aparır".

Türkiyənin yerli qaz hasilatını artırması müəyyən mənada Azərbaycan üçün də əlverişlidir. Belə ki, Türkiyənin almayacağı həcmləri Avropaya ötürmək imkanı yaranır. Prezident İlham Əliyevin verdiyi açıqlamaya görə, artıq 10-a yaxın Avropa ölkəsi Azərbaycandan qaz almaq üçün müraciət edib. Bu müraciətlərin təmin olunması üçün Türkiyəyə satılması nəzərdə tutulan həcmlərin sərbəstləşməsi Bakı üçün səmərəlidir.

Türkiyə-Naxçıvan qaz xətti üzrə işlər tam sürətlə aparılır - "İki sahil"

Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin hazırladığı Türkiyə Milli Enerji Planına əsasən ölkənin ilkin enerji istehlakının 2035-ci ilə qədər 205,3 milyon ton neft ekvivalentinə çatacağı proqnozlaşdırılır.  Bu isə o deməkdir ki, Türkiyənin ilkin enerji istehlakı 2020-ci illə müqayisədə 39,5  faiz və ya 58,1 milyon ton neft ekvivalenti artacaq.

Türkiyənin 2000-2020-ci illər ərzində illik 4,4  faiz artan elektrik enerjisi istehlakının 2035-ci ilə qədər hər il 3,5  faiz artaraq 510,5 teravat/saata çatacağı gözlənilir. Bu dövrdə elektrik enerjisinin son enerji istehlakında payı isə 21,8  faizdən 24,9 faizə yüksələcək.

2020-ci ilin sonuna 95,9 gigavat olan quraşdırılmış elektrik enerjisi gücünün 2035-ci ildə 189,7 gigavata çatacağı və bərpa olunan enerji mənbələrinin ümumi quraşdırılmış enerji gücündə payının isə 52 faizdən 64,7  faizə yüksələcəyi gözlənilir.

Türkiyədə 2035-ci ilə qədər 96,9 gigavatlıq yeni istehsal olunan elektrik enerjisi istifadəyə veriləcək ki, bunun da, 74,3 faizini bərpa olunan enerji mənbələrinin payına düşəcək.

Hesabat dövründə bərpa olunan enerji mənbələri arasında ən böyük artım günəş enerjisinin payına düşəcəyi gözlənilir. Türkiyənin günəş enerjisinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,9 dəfə və ya 46,2 gigavat artaraq 52,9 gigavata yüksəldilməsi planlaşdırılır.

Bakı Türkiyənin qaz qovşağı layihəsini dəstəkləyib - Dönmez - Busaat.az

Bu dövrdə digər bərpa olunan enerji mənbələrindən külək elektrik enerjisinin quraşdırılmış gücünün 3,4 dəfə və ya 20,8 gigavat artırılaraq 29,6 gigavata, hidroelektrik enerjisinin quraşdırılmış gücünün isə 13,2  faiz və ya 4,1 gigavatt artırılaraq 35,1 gigavata çatacağı gözlənilir.

Ənənəvi enerji mənbələrinin istehsalında kömürdən istifadə etməklə elektrik enerjisinin quraşdırılmış gücü 19,7  faiz və ya 4 gigavat artaraq 24,3 gigavata, təbii qazdan istifadə etməklə - 38,1  faizvə ya 9,8 gigavat artaraq 35,5 gigavata, digər mənbələrin quraşdırılmış gücünün 50  faiz və ya 1,7 gigavat artaraq 5,1 gigavata yüksəldilməsi planlaşdırılır.

Bundan başqa, Türkiyənin ilk atom elektrik stansiyası olan “Akkuyu Atom Elektrik Stansiyası”nda (NGS) ilk nüvə reaktorunun bu il istifadəyə verilməsi ilə nüvə enerjsinin quraşdırılmış gücünün 2035-ci ilə qədər 7,2 gigavata çatacağı gözlənilir(Report).

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR