İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankara Ukrayna taxılını qlobal bazara daşımaq yolunda - Qərb Türkiyənin planında iştirakçıdır

617 14.06.2022 09:30 İqtisadiyyat A A

Avropanın 3 böyük ölkəsinin dövlət başçısı yaxın günlərdə Kiyevə səfər edəcəklər

Rusiyanın hücumuna məruz qalan Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı problem qlobal səviyyədə müzakirə mövzusu olaraq qalır. Ukrayna limanlarını mühasirədə saxlayan, dəmiryol infrastrukturuna zərbələr endirən ölkənin taxıl ixracının qarşısını almaq, bununla da özünə qarşı sanksiyaların aradan qaldırılmasına nail olmağı hədəfləyir. Dünyanı aclıqla hədələyən Moskvanın planı reallaşarsa, sentyabrdan etibarən Afrika və Asiya ölkələrində ciddi ərzaq böhranı başlaya bilər. Belə ki, hazırda Ukraynada milyonlarla ton ərzaq məhsulları ixraca yönləndirilməmiş qalmaqdadır.

Ukrayna xarici işlər nazirinin müavini Dmitri Senik Sinqapurda keçirilən Asiya Təhlükəsizlik Sammiti zamanı bəyan edib ki, ölkəsi taxıl ixracı üçün Polşa və Rumıniya üzərindən iki marşrut yaradıb. Onun sözlərinə görə, Ukrayna Baltikyanı ölkələrlə ərzaq ixracı üçün üçüncü dəhlizin yaradılması ilə bağlı danışıqlar aparır: “Bu marşrutlar,əlbəttə, ideal deyil. Lakin biz inkişaf etdirmək üçün əlimizdən gələni edirik”. Senik qeyd edib ki, Ukrayna ərazisində ixrac üçün 30 milyon tona qədər taxıl saxlanılır.

Qeyd edək ki, may ayında Ukraynadan ərzaq məhsullarının Avropa üzərindən ixracında artım baş verib. Belə ki, may ayında Ukrayna xaricə aprel ayındakından 80 faiz çox aqrar məhsullar ixrac edib. Ölkənin Aqrar Siyasət və Ərzaq Nazirliyinin məlumatına əsasən mayda ixrac 1,743 milyon ton təşkil edib. Bu zaman buğda ixracı apreldəki 9,2 min tona qarşı 43,5 min ton (2022-ci ilin mayındakı göstəricidən 20 dəfəyə qədər az), qarğıdalı 601 min tona qarşı 959,35 min ton olub. Buğdanın 75 faizi, soyanın 50 faizi, günəbaxanın 59 faizi, arpanın isə 57 faizi çay nəqliyyatı  ilə, qarğıdalının 53 faizi, soya yağının isə 56 faizi dəmiryolu ilə daşınıb.

Volodimir Zelenski Türkiyeyә tәşәkkür edib - Türkiye'nin haber kaynağı

Volodimir Zelenski

Prezident Volodimir Zelenski ötən həftə açıqlamasında ölkənin 22-25 milyon ton taxılı ixrac etməsi zərurətinin yarandığını, payıza doğru bu həcmin 75 milyon tona çatacağını bildirib.

İyunun 10-12-də Sinqapurda keçirilən “Shangri La Dialogue” Asiya təhlükəsizlik sammitində videoformatda çıxış edən Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, Türkiyə, Böyük Britaniya, Kanada, BMT və digər Avropa ölkələri Ukrayna limanlarının mühasirəsinin qaldırılması üçün kömək edirlər. O qeyd edib ki, bu məsələdə əsas çıxış yolu Rusiyanın Ukrayna limanlarını mühasirədə saxlamaq imkanlarını əlindən almaqdır: “Əgər bu, baş verməsə, Rusiya mühasirəsi üzündən biz öz məhsullarımızı dünya bazarına çıxara bilməsək, dünya kəskin ərzaq böhranı ilə üzləşəcək: Asiya və Afrikanın bir çox ölkələrində aclıq olacaq. Ərzaq qıtlığı özü ilə siyasi xaos gətirəcək ki, bu da bir çox ölkələrdə hakimiyyət dəyişikliyinə, hökumətlərin, siyasi liderlərin iflasına səbəb ola bilər”.

Shangri-La Defense Dialogue Set to Open Amid Growing Global Tensions – The  Diplomat

Qeyd edək ki, müharibə üzündən Ukraynada əkin aparılan sahələr keçən ilkindən 25 faiz azdır. Lakin bu il müşahidə olunan əlverişli hava şərtləri ölkədə böyük həcmdə taxıl məhsullarının istehsal olunmasına imkan verəcək. Keçən ilin məhsulu ixrac olunmazsa, ölkə yeni məhsulu yığmaq üçün anbar tapa bilməyəcək. Bu isə payız və qış aylarında qlobal bazarın on milyonlarla ton ərzaq məhsulundan məhrum olması deməkdir. Ukrayna aqrar siyasət nazirinin müavini Markiyan Dmitraseviç bildirib ki, ixrac təmin olunmasa sentyabrın əvvəllərində ölkədə yeni məhsulu saxlamaq üçün anbar problemi yaranacaq: “Bizim hesablamalarımıza görə, artıq sentyabrın əvvəllərindən etibarən 3-4 milyon ton taxılın saxlanması üçün anbarlara ehtiyac yaranacaq”. Ukraynanın baş naziri Denis Şmıqal isə bildirib ki, ölkədə taxılın saxlanması üçün mobil anbarların yaradılması variantı üzərində işləyirlər. Belə anbarların yaradılması Ukraynanın əlavə 10-15 milyon tonluq saxlama yeri əldə etməsi demək olacaq. Lakin ixrac imkanları yaradılmasa, bu həcm yeni məhsulu saxlamaq üçün yetərli olmayacaq. Digər tərəfdən, ixracın reallaşmaması Ukrayna taxılından asılı olan kasıb ölkələrdə ehtiyatların tükənməsi nəticəsində böyük aclığın başlanmasına gətirib çıxara bilər. Beynəlxalq birlik, xüsusilə də ABŞ və Avropa bunun qarşısını almaq üçün Ukrayna məhsullarının qlobal bazara çıxarılması prosesini sürətləndirməyə çalışır.

Avropanın 3 böyük ölkəsinin dövlət başçısı yaxın günlərdə Kiyevə səfər edəcəklər. Almaniya kansleri Olaf Şols, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Mario Draqinin iyunun 16-da Kiyevə gedəcəkləri bildirilir. Almaniyanın “Bild” nəşrinin ardınca İtaliyanın “La Stampa” qəzeti də səfərin baş tutacağına dair məlumat yayıb. Qəzetin yazdığına görə, səfər zamanı əsas müzakirə mövzularından biri Ukrayna limanlarının minalardan təmizlənməsi və taxıl dəhlizinin fəaliyyətə başlaması olacaq. Qonaqlar bu məsələni bilavasitə Ukrayna prezidenti ilə müzakirə edəcəklər. Avropa liderləri G7 ölkələrinin 26-28 iyunda keçiriləcək sammitinə qədər bu məsələ üzrə konkret planın hazırlanmasına çalışırlar.

Ümumdünya Ticarət Təşkilatının Cenevrədə keçirilən sammitində təşkilatın 50 üzvü Ukraynanı dəstəkləyən bəyanat imzalayıb. ABŞ ticarət nümayəndəsi Ketrin Tayın öz səhifəsində paylaşdığı bəyanatda qeyd olunur ki, 50 ölkə Ukraynanı dəstəkləməyə davam etməklə yanaşı,  onun ixracının bərpa olunmasına da yardım edəcək. Bəyanat müəllifləri bildirirlər ki, Ukrayna ətrafında baş verən proseslər ölkənin ticarət imkanlarını məhdudlaşdırır, böyük həcmdə ərzaq məhsullarının bazara çıxışının qarşısını alır: “Ölkənin nəqliyyat infrastrukturunun əhəmiyyətli hissəsinin - yollar, körpülər, limanlar və dəmiryollarının dağıdılması Ukraynanın istehsal, ixrac və idxal imkanlarını əhəmiyyətli dərəcədə azaldır. Biz açıq və təxmin ediləcək bazarların və Ukraynın ticarət imkanlarının saxlanmasını vacib hesab edirik”.

ÜTT toplantısına qatılan Rusiya təmsilçisi isə Qərbin ölkəsini dünya ticarətindən sıxışdırmaq planının baş tutmayacağını bəyan edib. Bildirib ki, Rusiya çox böyük ərazisi, ərzaq istehsalı olan ölkədir və onsuz qlobal ərzaq bazarında xaos yaranacaq.

Qərb ölkələri Ukrayna limanlarından ixracın bərpasına Türkiyənin verə biləcəyi töhfəni qiymətləndirməyə başlayıb. Artıq BMT vasitəsilə Ankaranın Rusiya və Ukrayna ilə Qara dənizdə taxıl dəhlizinin yaradılması istiqamətindəki səylərinə dəstək verilib. İki gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, gələn həftə rusiyalı və ukraynalı həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə danışıqlar aparacaq. Onun sözlərinə görə, danışıqların mövzusu Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhlizin yaradılması layihəsinin həyata keçirilməsi olacaq: “Gələn həftə biz Putin və Zelenski ilə danışıqlar apararaq, ”taxıl dəhlizi" məsələsində hansı addımları atacağımızı müzakirə edəcəyik".

Türkiyə Azərbaycanın regionda sülhlə bağlı atdığı addımları dəstəkləyir - Mövlud  Çavuşoğlu

Mövlut Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu bildirib ki, BMT-nin Ukrayna taxılının ixracı üçün təklif etdiyi plan doğru plandır: “İndi bu planın detallarını tərəflər özləri müzakirə etməlidilər. Biz bəyan etmişik ki, yaxın vaxtlarda BMT, Rusiya, Ukrayna və Türkiyənin iştirakı ilə dördtərəfli iclas keçirməyə hazırıq. Artıq BMT-dən bununla bağlı təklif daxil olub”.

Qeyd edək ki, iyunun 7-8-də Ankaraya gedən Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin təklif etdiyi plana etiraz etmədiklərini deyib. O bildirib ki, planın reallaşması üçün əsas şərt Ukraynanın liman akvatoriyasının minalardan təmizlənməsinə razılıq verməsidir. Lakin Ukrayna tərəfi limanların minalardan təmizlənməsinə üçüncü ölkələrin hərbi dəniz qüvvələri vasitəsilə Rusiyanın fürsətdən istifadə edərək Odessa və Nikolayevi işğal etməyəcəyinə zəmanət verəcəyi təqdirdə razı olacağını bildirir.

Türkiyə tərəfinin açıqlamalarından hiss olunur ki, Rusiyadan Ukraynanın narahatlıqları ilə bağlı təminatlar almaq istiqamətində irəliləyişlər əldə edilməkdədir. ABŞ və Avropanın Ankaranın təşəbbüsünə hər hansı etiraz etməməsi, əksinə, sakit dəstəyin verilməsi göstərir ki, BMT-nin prosesdə iştirakı bu mərkəzlərlə tam razılaşdırılıb. Almaniya, Fransa və İtaliya dövlət başçılarının Kiyevdəki müzakirələrinin mövzusu olaraq Ukrayna limanlarının minalardan təmizlənməsinin müəyyənləşdirilməsi deməyə əsas verir ki, iyunun ortalarından bu istiqamətdə ciddi fəaliyyətlər başlaya bilər.

Bu arada qeyd etməyə dəyər ki, Ukrayna taxılının dünya bazarına yolunu bağlayan Rusiyanın bəşəriyyəti aclıqla hədələməsi fonunda qlobal bazarlarda yaranan qiymət bahalığı bir çox ölkələrdə buğda istehsalının artırılmasını stimullaşdırır. Belə ki, ABŞ fermerlərinin ardıncə Yaponiyanın aqrar istehsalçıları da buğda və soya sahələrini kəskin artırırlar. Ölkənin 47 perifekturasından 37-də fermerlər taxıl qiymətlərinin yüksəkliyindən istifadə edərək buğda və soya əkinlərini kəskin artırıblar. “Japan Today” nəşrinin hökumət qurumlarının fermerlər arasında keçirdiyi sorğu nəticələrinə əsasən yaydığı məlumata görə, artıq 35 min hektar sahə düyüdən buğda və soyaya keçirilib.

Qeyd edək ki, cari ilədək Yaponiyada istehlak olunan buğdanın 80 faizi, soyanın isə 90 faizdən çoxu xaricdən idxal olunur. Bu məhsulların istehsalının artırılması ölkənin idxaldan asılılığını kəskin şəkildə azalda bilər.

ABŞ və Yaponiyadan əlavə Avropa Birliyi, Hindistan, Kanada da buğda istehsalını kəskin artırmağı planlaşdırırlar...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR