İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anam deyirdi ki, Vahidin nə qədər köynəyini cırmışam...” - Ustad qəzəlxanın qızı ilə MÜSAHİBƏ

6094 15.01.2026 11:35 Ölkə A A

Gözəllər içrə sən, ey mahiparə, birdənəsən,

Gözəllərin gözüsən, zülfüqarə birdənəsən.

 Bu sətirləri mərhum xanəndəmiz Əlibaba Məmmədovun ifasında çox eşitmişik. Şeirin müəllifini çox adam tanıyır. Bəli, söhbət qəzəlxan şair Əliağa Vahiddən gedir. Bugünki həmsöhbətimiz də Əliağa Vahidin qızı Firəngiz İsgəndərovadır. O, bizimlə söhbətə atasından qalan əşyalar barəsində danışmaqla başlayıb:

 -Atam vəfat edəndə 10 yaşım var idi, 4-cü sinifdə oxuyurdum, dumanlı xatırlayıram. Anam onun saçından kəsilmiş bir neçə tükü, tənbəki qabını, qəlyanını, qara şlyapasını Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinə vermişdi. Əvvəllər gedib ona baxırdım.

 Mən 19 yaşımda ailə qurmuşam. Həyatım elə gətirdi ki, başım özümə, uşaqlarıma qarışdı və atamın əlyazmaları, kitabları ilə bağlı düşünməyə, maraqlanmağa vaxtım olmadı. Həyat yoldaşım əzazil adam idi. O, həbs olunanda iki qız uşağı ilə tək qaldım. Təsəvvür edin ki, yoldaşım həbsdən çıxıb evə gələndə qızlarım onu tanımadılar, dedilər, bu əmi kimdir?

Mən ailəmi dolandırmaq üçün Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanaya işə düzəldim. Yazıçı Salam Qədirzadə bu işdə mənə kömək etdi. Anamla onun yanına getdim və dedim ki, yoldaşım həbsdədir, iki uşağı dolandırmalıyam. O da kitabxananın müdiri Qəhrəman müəllimə zəng etdi və məni orada işə götürdülər. 12 il kitabxanada işədim. Mənim də həyatım belə oldu.

 -O zamanlar yazıçıların övladları atalarının adının səfasını görürdülər, daha yaxşı yerlərdə işə düzəlirdilər, vəzifə sahibi olurdular. Deyəsən, sizin ailə bundan yararlanmayıb...

 -Qardaşım Ramiz hər yerdə gedib deyirdi ki, bacım ölüb, mən təkəm. Özü elə deyirdi ki, kim nə versə, tək xərcləsin. Ona hətta Prezident təqaüdü də verilirdi. Qardaşım Ramiz Vahidoğlu imzası ilə şeirlər yazırdı. O, bir müddət “Kirpi” jurnalında kuryer kimi də işləmişdi. Universiteti bitirəndən sonra iş tapa bilmirdi. Seyfəddin Dağlı ona jurnalda kuryer işini verdi. Ramiz onun bunun əlinin altında işləyirdi. Daha sonra Şamaxıya gedib orada bir il müəllim kimi işlədi. Lakin orada da çox davam edə bilmədi, onu Şamaxıda direktor döymüşdü. Bakıda bir müddət də gecə mühafizəçisi kimi işlədi. Yəni o da kasıb həyat sürdü. Qardaşımla mən institutu bitirənə kimi hər ay atasızlığa görə 80 manat pul alırdıq. Adımıza vəsiyyətnamə qoymuşdu ki, bütün külliyyatı qardaşımla mənim aramda bölünsün. Bunu da atam əmisi oğlu Əliqulunun məsləhəti ilə etmişdi. Onun kitabları dərc olunanda dövlət bizə pul verirdi. 25 il biz pulu aldıq.   

 666acdfe-56ca-40de-9c48-77a6d3ec7c75.jpg (76 KB)

-Qardaşınızla münasibətiniz soyuq idi?  

- Deməzdim soyuq idi. Mən “Bakı Metropoliteni”ndə işləyəndə yanıma gəlirdi. Ona jeton, iki “şirvan” pul verirdim. Eyni zamanda, hər həftə gedib “Vahid” Poeziya Evindən "3 Məmməd" pul alırdı. Bir dəfə də mənə dedi ki, “get, denən mənə “5 Məmməd” versinlər. Mən də utandım, getmədim. Bakıxanov qəsəbəsində “Vahid” adlı restoranın sahibi də qardaşıma hər ay pul verirdi.

 -  “Bakı Metropoliteni”ndə hansı vəzifədə idiniz ki?

 -Orada kassir işləyirdim. Daha sonra işdən ayrılıb ikinci dəfə qayıdanda isə rəhmətlik Tağı Əhmədov məni “Ulduz” stansiyasına nəzarətçi kimi işə qəbul etdi. Orada iki il işlədikdən sonra Fikrət Qocanın vasitəsi ilə yenidən kitabxanaya qayıtdım. 2020-ci ildə 65 yaşım tamam oldu və təqaüdə çıxdım. Onu da deyim ki, 1989-cu ildən 1999-cu ilə qədər restoranda 10 il qab yuyan da işləmişəm.

 -Ananızla atanızın tanışlığı necə olub ?

 -Anam atamdan əvvəl bir dəfə evli olub. Həyat yoldaşı müharibəyə gedib qayıtmayıb. Hətta bir qızları da doğulubmuş. Qayınanası anama gün vermirmiş, uşaq acından ölüb, o,  tək qalıb. Anam satıcı işləməyə başlayıb, atam da onu elə həmin dükanda görüb. Atam anamdan 29 yaş böyük idi. Anam atamı sevməyib. Bizə danışanda deyirdi, “mən onun şairliyinə, qocalığına hörmət edirdim”. Anam mənə deyirdi ki, sən yoldaşınla bacarmırsan. Amma mən Vahidin nə qədər köynəyini cırmışam. Yapışırdı yaxasından ki, bizə baxmırsan. Bir dəfə dalaşıblar, atam xəndəyə yıxılıb və qaşı partlayıb. Bundan sonra atam bir şeir yazıb: Kişini xəndəyə salır, arvadın natarazı.  

 -Atanızdan danışaq, xatirələrdə necə qalıb ?

 -Onunla bağlı bağ xatirələrimi xatırlayıram. 1959-cu ildə “Vişnovka”dakı bağımızı aldı. Deməli, sentyabr ayında dərs başlayanda hər gün məni şəhərə dərsə aparırdı. O, asmadan əziyyət çəkdiyi üçün Xəzri küləyi olanda çantasını ağzına tuturdu. Hər gün səhər biz dərsə gedəndə bu səhnə təkrar olunurdu.

 Pis ata deyildi. O heç vaxt kilo ilə qənd, “pesok” tozu almazdı. Hamısını kisə ilə alıb gətirirdi. Bir də görürdün ki, üzüm alıb gətirib. Anam deyirdi, “Ay Vahid, bağ üzümlə doludur. Bunu niyə almısan?” Atamda ona cavabında “Şəhrəbanu, çoxdur? Qonşuya ver”. 

Atam onun sözünün üstünə söz deyilməsini xoşlamazdı. Sözünü ikinci dəfə dəyişməyə məcbur edəndə çox əsəbiləşirdi. O, tez-tez başdaşı üçün şeirlər, hikmətli sözlər yazardı. Bir dəfə yenə kimsə vəfat etmişdi və ondan başdaşı üçün şeir yazmasını xahiş etdilər. Atam da yazdı. Amma mərhumun yaxınları gəlib dedilər ki, misralardan birində dəyişiklik etsin. Atam buna əsəbiləşdi və dedi: “Nə? Sən mənim yazdığım sözü bəyənmirsən?”

 Sonra da küsüb dedi ki, məni öldürsələr belə, bir misra da dəyişmərəm. Atamın bağda bir taxta stulu vardı, küsüb həmin stulda oturdu. Anam ona dedi: “Ay Vahid, ayıbdır, camaatın ölüsü var, hava da istidir, misranı dəyiş, getsinlər”. Amma atam qəti şəkildə “yazmaram” dedi. Hər kəs sakitcə gözləyirdi ki, atamın hirsi soyusun. Birdən bağda anamı ilan sancdı. Qonaqlar dərhal bağa qaçdılar, anama kömək etdilər, onu xilas etdilər. Yalnız bundan sonra atamın əsəbi yatdı. Dedi ki, bu kişilər mənim arvadımı xilas etdilər, mən misranı dəyişəcəyəm. Beləliklə, misrada dəyişiklik etdi və mərhumun yaxınları razı halda çıxıb getdilər.

5936.jpg (54 KB)

 Cibi boş şəhərə gedirdi. Bir də görürdün ki, içi dolu maşınla geri qayıtdı. Maşında qarpız, yemiş, yağ, “pesok” olardı. Cibində də 200-300 manat pul olardı. Camaat onu sevirdi deyə pul verirdi, bazarlıq edib maşınla göndərirdilər. Ağ kostyumu var idi. İndi də xatırlayıram. Atamın eləliyinə baxma, “modnıy” kişi olub. Atam, qardaşım Ramizi də bəzən özü ilə məclislərə aparırdı. Belə məclislərdən birində bir dəfə şeir deyib, sonra qardaşımdan soruşub: “Ramiz. Yazdın?”. O da cavabında “Ata bir də de. Yazım” deyəndə Əliağa “Daha o, getdi, bir də gəlməz”, -deyə cavab verib. Anam danışırdı ki, şeirlərini çay kağızının arxasına yazırmış. Şeirlərinin hərəsi bir vərəqdə olub.

-Yeri gəlmişkən, “Qəzəlxan” filmində sizin ananız tibb bacısı kimi göstərilir. Halbuki o, həmişə satıcı olub. 

 - Anam heç vaxt tibb bacısı olmayıb. Anam da sağlığında baxanda bəyənməmişdi. Pis kino deyil, o da maraqlıdır. 

 -Atanızla ananız mən bildiyimə görə, rəsmi nikahda olmayıblar. Səbəbi doğurdan da maraqlıdır.

 - Doğrudur, anamla atamın rəsmi nikahı olmayıb. Çünki anam atamı bəyənmirdi. Atamın Fenya adlı qadınla rəsmi nikahı olub. Onunla Polşaya gedəndə tanış olub. Çox dəbdəbəli geyinən xanım olub. Bir sözlə, atam Fenyanı anama günü gətirib. Bununla bağlı eşitmişəm ki, atam anama deyib: “Şəhrəbanu elə hesab et ki, qapıda bir it saxlayırsan. Onu sonradan açıb küçəyə buraxmaq günahdır. Hesab et ki, Fenya da bir itdir. Mən onu haraya yollayım”. Fenya göyçək qadın idi. Mən onu görmüşdüm. Atam rəhmətə gedəndə gəlib anamın yanında oturub, dedi, Şura ağlama, sənin heç olmasa oğlun, qızın var. Mənim isə heç kimim yoxdur. Atam Mircəfər Bağırovun ona bağışladığı evi Fenyaya vermişdi. Eşitdiyimə görə, qadın həmin evi sonralar qardaşına bağışlayıb. Yeri gəlmişkən, Yazıçılar İttifaqından anama da bir otaqlı ev vermişdilər. O evi qardaşımın oğlu Vahidin adına keçirmişdilər. Vahid dənizdə boğulub öləndən sonra evi bacısı Zülfiyyəyə verdilər. Zülfiyyə də həmin evi sonradan satdı.      

 62bf03fa-00d0-4164-af81-beac8934f7c6.jpg (81 KB)

-Atanızın içki ilə arası necə idi?

 -Mircəfər Bağırov ona deyib ki, içmə, gələcəyin var. Atam da cavabında ona “sən öl” vurub. Deyib, ağa, içəcəyəm. Repressiya illərində də elə içkiyə görə xilas olub. Həmişə özünü sərxoşluğa vururmuş ki, guya içkilidir. Düşünürmüşlər ki, həmişə içkili adamdan nə təhlükə gələr ki?! Xanəndə Əlibaba Məmmədov danışırdı ki, evində yaxşı piti bişirtdirib və atamı qonaq çağırıb. Orada o, atama araq süzüb. Əliağa Vahid bir stəkanı içib. İkincini təklif edəndə deyib, yox, bəsdir, bir stəkanın qədrini bilməyən bu boydanın da qədrini bilməz. Əlibaba Məmmədovla, Əbülfət Əliyevlə yaxın idilər. Əlibaba müəllim onun nə qədər şeirinə mahnı bəstələyib.

 -Əliağa Vahid günün hansı hissələri yazırdı?

 -Biz “Montin”də yaşayanda gecələr çay dəmləyərdi və armudu stəkanda içərdi. Sonra isə mətbəxdə oturub səhərə kimi şeir yazırdı.

 -Ölüm gününü xatırlayırsınız? Necə olmuşdu? 

 -  Atam xəstəxanada yatırdı. Anam da evi təmizlədi, dedi, Vahid gələcək, o gələndə evdə naftalin iyi olmasın. Evimizin yaxınlığında çadır qurulduğunu gördük. Düşündük ki, yəqin kimsə toy edəcək. Ağlımıza da gəlməzdi ki, atam ölüb və bu çadır ona qurulub. Anama atamın ölüm xəbərini verməyə risk etməyiblər. O vaxtki müalicə komissiyasının sədri bu işi öz üzərinə götürüb. Bir də gördük qapı döyüldü və atamın ölüm xəbərini verdilər. Anam əli ilə başına vururdu. Atamın meyitini oktyabrın 3-də dəfn etməyə apardılar. Rəsmi Moskva Birinci Fəxri Xiyabanda basdırmağa icazə vermirdi, camaatın etirazından sonra icazə ala bildilər. Mən bildiyimə görə, atamın xəstəxanada halı pisləşib. Tibb bacısı isə vaxtında iynə vurmayıb deyə kişi keçinib.

Ölümündən bir neçə gün əvvəl anam onun yanına gedəndə deyib ki, uşaqlardan muğayat ol və Ramizi qoyma bacısını vursun. Deyib, Ramiz onu vurmur, dərslərinə kömək edir. Ürəyi yumşaq adam idi. Bir qarışqanı da tapdalamazdı. Sakit adam idi. Ancaq əsəbiləşəndə rusca söyüş söyərdi. Atam fars və ərəb dillərini də bilirdi. Atam iki il mollaxanada təhsil alıb, lakin sonradan oradan qaçıb. Milçəyin ayağına ip bağlayıb dərsdə uçururmuş. Molla bundan xəbər tutub, onun ayağını falaqqaya salıb və o ki var döyüb. Atam nə orta məktəbdə oxuyub. Nə də ali təhsil alıb.     

 518901.jpg (51 KB)

-Əliağa Vahidin həyatda qalan tək övladı sizsiniz. Bəs niyə Atanıza həsr olunan tədbirlərə sizi çağırmırlar?

 -Mən onun niyəsini bilmirəm. Nə maraqlanan, nə də axtaran var. 600 manat pensiya alıram. Böyük qızımla yaşayıram. 3 qızım var idi, biri rəhmətə gedib. Yaşadığım 3 otaqlı evi dövlət başçısı mənə verib. Təmirinə gücüm çatmır.

1613551360829_xOvsuW8Y.jpg (128 KB)

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR