İnsanlara hürriyət, millətlərə istiqlal!

Amöbün bölünməsi

1664 26.08.2022 09:10 Yazarlar A A

Elm və təhsil nazirimiz brifinqdə söylədi ki, rus sektoru üzrə birinci siniflərə 14 min uşaq qəbul edə bilərik, 18 min olanda yerimiz çatmır. Sən demə xalq qətiyyətlə cumub uşaqlarını rus siniflərinə yazdırmaq istəyirmiş.

Bu da sənə müstəqillik, üçrəngli bayraq, nə bilim, ana dili, dağ çiçəyi... Öz ana dilini sevməyən xalqın axırı yoxdur. Biz kütləvi şəkildə manqurtlaşıb, kimlərinsə köləsi olmağa məhkumuq. (Guya indi azad idik). Təkcə təhsilin iflası, məktəbin böhranı kimi yanaşmaq olmaz bu problemə. Dil məsələsi həm də siyasi məsələdir. Bizim rus məktəblərinə axışan valideynlərimizi şimalda-cənubda görürlər, hesablayırlar. Ona görə Duqin kimi imperialistlər SSRİ-ni və Rusiya imperiyasını bərpa eləməkdən həvəslə, ağzı köpüklənə-köpüklənə danışırlar. Mən həmişə Duqinin, Putinin, başqa şovinistlərin imperiya həvəskarlığını görəndə fikirləşərdim ki, axı bunlar niyə ancaq rus xalqının müəyyən velikorus tərəfini nəzərə alırlar, başqa xalqların fikrini soruşmurlar. Azərbaycanlı, ukraynalı, gürcü, erməni, özbək, qazax... bu imperiyanı arzu edirmi? Duqinin rəyinə görə bizim fikrimizin, rəyimizin əhəmiyyəti yoxdur, imperiyanı bərpa eləmək vacibdir. Etiraz edən olsa da vurub öldürürsən, çıxır gedir.

Lakin rus sektoruna axışan azərbaycanlılar Duqinin haqlı olmasını göstərmirmi?

Əlbəttə, birinciyə gedən ümumi uşaq sayı 150 minə yaxındırsa, 18 min o qədər böyük görünməyə bilər. Ancaq bunun hərəsinə 2 valideyn əlavə elə. 11 sinifə vur. 144 min rusun yaşadığı ölkədə rus sektorunda 200 mindən çox şagird oxuyur. Yenə ağlın bir şey kəsmədisə, 1920-ci ildə 11-ci Qırmızı ordu da cəmi 50 min nəfərə yaxın idi.

Burada mövzudan uzaqlaşmaq hesabına olsa da, Duqinin qızının öldürülməsində Rusiyanın öz əlinin olması ehtimalını bölüşürəm. Şimal qonşumuzda belə təxribatçı əməllərə əl atmaq tarixi ənənədir, xüsusilə nəyisə etmək üçün bəhanə axtaranda. Məsələn, 20 yanvardan qabaq Bakıda erməni talanları düzəltmiş, teleqüllənin enerji blokunu partlatmışdılar. Yaxud 2020-ci ilin 10 noyabr axşamı qəfildən Ermənistan ərazisində rus hərbi helikopteri vuruldu. Guya bunu biz vurmuşuq. Onu bəhanə edib Qarabağa girdilər. İndi Duqinin qızının qətli də rus məxfi xidmətləri, hərbi və siyasi elitası arasında gizli maraqlar toqquşmasının nəticəsidir. Orda qardaşın qardaşı, atanın övladı, arvadın əri öldürməsi adi haldır, çünki hələ orta əsrlərdə yaşayırlar. Çar dövrüdür. Saqqal vergisi də bərpa ediləcək, baxarsınız.

Akademiyanın daşı daş üstündə qalmayıb, yerində qarpız əkiblər, yoxsa görkəmli politoloq, qərinəmizin siyasi lideri Ramiz Mehdiyevdən Rusiya daxili məsələlərə şərh alardıq. Nə də olmasa elmi işinin teması “Lenin millətçilik və opportunizm haqqında” adlanır. Opportunist nədir? Öz maddi maraqları naminə hər şəraitə uyğunlaşan, necə deyərlər, şeytanla da əməkdaşlığa gedən. Həqiqətən, alimlər düz buyurublar, hərə özünü yazır bu dünyada...

Söz gəlib çıxıb, Akademiyada keçən günlər iclas olmasına da toxunaq. Bildiyimiz kimi, ali rəhbərliyin müqəddəs qılıncı ilə Akademiya ortadan paralanıb. Az qala Musa peyğəmbərin əsasını vurub Qırmızı dənizi yarması kimi əhvalat idi. Xülasə, akademiya amöblər kimi bölündü, yarısı düşdü Elm və Təhsil Nazirliyinə. (Zooloqlarımızın araşdırmasına görə amöb sözü AMEA sözündən törənibdir). Orda da dördillik urus-tatar uşqoluna uçtel axtarırlar, baş qarışıqdır, akademiklər qalıb avara. Lakin Akademiyanın Akademiyanın öz nəzdində qalan hissəsində də toy-bayram yoxdur. Hətta məhərrəmlik ovqatı var. Alimlər bilmir hələlik təpələrinə haranın külünü və daşını töksün. Son iclasda armudşünaslıq üzrə akademik İsa müəllim izahat verdi, deyir hələ biz qurumu yenidən formalaşdırmalıyıq, lakin yekdil qərara gəlinməmişdir.

Hərəsinin 80 yaşı var, yenidən formalaşmaq istəyirlər. Bax, budur elm həvəsi, zəka üsyanı! Gözləyək, görək yenidən formalaşanda Akademiyadan nə qalacaq. Bəlkə zəncirvari bölündü, təzə iki Akademiya da böyürdən çıxdı. İnşallah.

Sonda qeyd edim ki, Duqin eynən bizim Həmid Herisçinin rus versiyasıdır. O da vaxtilə rus pirləri haqda veriliş hazırlayırdı. Hətta bəlkə də onlar bir almanın iki parçasıdır.   

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR