İsveçrənin Cenevrə şəhərində G7 sammitinə qarşı küçə döyüşləri, yanğınlar, toqquşmalar gedir. Musavat.com xarici mediaya istinadla bildirir ki, kütləvi etiraz aksiyalarında xüsusən anarxistlər fəaldırlar. Onlar barrikadalar qurur, polisə müqavimət göstərir, ayrı-ayrı yerlərdə yanğın törədirlər.

Polis nümayişçilərin hücumlarından qorunmaq üçün gözyaşardıcı qaz tətbiq edir. Etirazçılar şəhərin mərkəzində avtomobilləri yandırıb, mağaza vitrinlərini qorumaq üçün quraşdırılmış taxta örtükləri söküb, banklara, ofislərə və reklam lövhələrinə ziyan vurublar. İğtişaşlar nəticəsində bir sıra beynəlxalq təşkilat və şirkətlərin ofisləri, o cümlədən Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Yayım Birliyinin binaları zərər görüb.
Ümumiyyətlə, Cenevrə şəhərində G7 sammiti ərəfəsində minlərlə antiqlobalist küçələrə çıxaraq məhz müharibələrə, kapitalizmə və aparıcı dövlətlərin siyasətinə qarşı etiraz edirlər. Fransanın Evian şəhərində iyunun 15-17-də keçiriləcək G7 sammiti öncəsi “No G7” hərəkatının təşkil etdiyi yürüşə on minlərlə insan qatılmaqdadır. Aksiyada qadın hüquqları müdafiəçiləri, Fələstin tərəfdarları, kürd təşkilatlarının nümayəndələri, həmkarlar ittifaqları, iqlim fəalları və digər qruplar iştirak edirlər.
Etirazçılar “Fələstinə azadlıq”, “Biz hamımız antifaşistik” kimi şüarlar səsləndirir, həmçinin G7 ölkələrinin siyasətini tənqid edən plakatlar daşıyırlar. Nümayiş zamanı “Biz hamımız qrenlandiyalıyıq” və “Bir daha heç vaxt” kimi şüarlar yazılmış bannerlər də nümayiş etdirilir. Hazırda etirazlar davam etməkdədir.
Və bütün bu qarşıdurmalar zamanı G7 sammitində Ukrayna böhranının həll yolları və Kiyevin müdafiəsi müzakirə olunur. Sammitdə ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada və Yaponiya liderləri, eləcə də Avropa İttifaqının nümayəndələri iştirak edirlər. Sammitin əsas müzakirə mövzuları Yaxın Şərq və Ukraynadakı vəziyyətdir. Ukrayna lideri Zelenskinin sözlərinə görə, genişmiqyaslı müharibəyə son qoyulması məqsədilə belə bir görüş məhz G7 sammiti çərçivəsində baş tuta bilərdi, lakin Rusiya Prezidenti danışıqlara hazır deyil. “Çünki orada Tramp və Makron da olacaq, yəni həm Avropa, həm də ABŞ təmsilçiləri iştirak edəcəklər. Fikrimcə, bu, hamımızın bir araya gələrək görüşməsi üçün çox yaxşı imkandır”, – deyə Zelenski bildirib.

Onu da demək lazımdır ki, ABŞ Prezidenti Donald Tramp İsveçrənin Cenevrə şəhərinə səfər edib. Ağ Ev liderinin Zelenski və Makronla görüşü baş tutub. Xəbəri az əvvəl "Röyters" agentliyi yayıb. Yeri gəlmişkən, Avropa Birliyi G7 sammitində Kiyevə 45 milyard avroya qədər vəsaitin ayrılması məsələsini qaldıracaq. Bunu Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib. Lakin müşahidəçilər sammitdə Kiyevə növbəti tutumlu dəstək gözləyir, yəni münaqişənin həlli istiqamətində irəliləyişə az ümid edilir.
Fransanın “Le Monde” nəşri isə yazır ki, təkcə Ukrayna böhranı deyil, Makron üç aydır qlobal iqtisadiyyatı və Yaxın Şərqdə sabitliyi sarsıdan münaqişənin həlli ilə bağlı strateji müzakirələri yenidən G7 masasına gətirməyi hədəfləyir. Britaniyanın “Guardian” nəşri isə bildirir ki, G7-nin bütün gücünün birləşməsinə baxmayaraq, bu sammit mahiyyət etibarilə bir nəfərin - ABŞ prezidenti Donald Trampın və onun məsələləri ilə bağlıdır.
Qərb mediasında son xəbərlərə görə, liderlər danışıqlar üçün bir araya gəlməyə hazırlaşarkən, Zelenski bildirib ki, Ukrayna qüvvələri Kiyevə edilən son hücumlara cavab olaraq Moskva neft emalı zavoduna zərbə endirib. " Rusiya xalqımıza qarşı müharibəni dayandırmağa məcbur edilməlidir ", - deyə o bildirib. Tramp Rusiyanın qonşusuna tammiqyaslı işğalı nəticəsində dörd ildən çox davam edən müharibədən sonra Ukrayna ilə bağlı "bəlkə də nəsə edə bilərik" deyib. "France 24" məlumat verir ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer G7 sammitindən əvvəl bildirib ki, Ukraynaya nüvə elektrik stansiyaları üçün zənginləşdirilmiş uran tədarük edəcək və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək. Bəzi analitiklər döyüş meydanındakı son uğurların tarazlığı Ukraynanın xeyrinə dəyişdirdiyini və Qərbi Kiyevə dəstəyini azaltmamağa çağırdıqlarını söyləyirlər.
Beləliklə, bu gün və sabah davam edəcək sammitdə kollektiv Qərb rus işğalına qarşı mübarizədə yeni strategiyanı müəyyən etməli, ABŞ liderinin xüsusi dəstəyini qazanmağı bacarmalıdır…
Emil Salamoğlu,
Musavat.com






