İnsanlara hürriyət, millətlərə istiqlal!

Alnı açıq, üzü ağ

1813 31.08.2022 09:30 Yazarlar A A

“Gizli kələ gedən, aşkar doğar”

(Azərbaycan ata sözü)

Dünyanın qəribə işləri var. Vaxtilə əmək və əhalinin sosial müdaifə naziri işləmiş Səlim Müslümovu şəhid ailələrinə tikilən evlərin pulunu yeməkdə suçlayırlar və Səlim müəllim məhkəməyə gizli gəlib, dal qapıdan qaçır. Jurnalistlərdən gizlənir. Başına yayın günündə papaq da basıbmış, sifəti görünməsin deyə.

Ancaq haçana qədər gizlənəcəksən? Bir gün üzə çıxmağa məcburdur. Bax o zaman xalq Səlim müəllimin yaxasından yapışıb üzünə tüpürəcəkdir, deyəcək ki, 27 milyonu niyə oğurlamışdın, ödədiyin 20 milyon bəs eləmir, zəhmət çək qalanını da ver, hələ özünü tülkülüyə və xəstəliyə vurmağına da inanmırıq və sairə və ilaxır.

İnandınız? Əşşi, boş zarafatdır eləyirəm də. Xalqımızın çoxu bu saat Səlim müəllimə çırpışdırdığı dövlət vəsaitinin miqdarı baxımından həsəd aparmaqdadır. Fikirləşirik kaş əlimizdə imkan olaydı, biz ondan daha çox əkişdirəydik. Uzağı qocalanda həccə gedib, tövbə eləyib o biri dünyamızı qazanmaq mümkündür. 60-70 yaşacan nə günah eləyirsən, nə ... yeyirsən, ye. Nuş olsun. Bunlar sayılmır. Tövbə qapısı yerində durur, maşallah. Tövbə qapısı Gəncə darvazasının bir tayı deyil ki, gürcü çarı aparıb kilsənin tavanına hörsün.

Səlim müəllimin xalqdan gizlənməsi isə gerçəkdən çox lətifəvari əhavalatdır. Bir qədər də “Barmek”in müdiri Hüseyn Arabul müəllimin vaxtilə saçlarını boyayıb qayıqla Kürü keçmək cəhdini mənim yadıma salmışdır. A kişi, sən axı niyə üzünü bizdən nihan etmək dilərsən? Etməgil. Biz hamımız elə sənin kimi günahkar bəndələrik. Hətta mən şahidəm, Ağır Cinayətlər Məhkəməsinin qabağında Ənvər Seyidov (bu, məhkumlara cəddi ilə qənim olur, biləsiniz) müəllim xalq qarşısında peyda oldu və böylə söylədi: “Kimin günahı yoxdursa, Səlim müəllimin üzünü birinci o açsın”. Jurnalistlər də fotoaparat, mikrofon və başlarını aşağı salıb mürəxxəs oldular. Niyə, çünki şair demişkən, hamı günahkardır dünyada amma, dünyada heç kəsin günahı yoxdur. Həri. Tək elə bu misraya iki dəfə ev düşür, sənin canın üçün.

O ərazidə mistik-sxolastik əhvalatlar son çağlarda tez-tez baş verməkdədir. Məsələn, Bakı Poladəritmə Zavodunun müdiri Rasim müəllimin də məhkəməsi başlamışdır. Onu 55 milyonu basmarlayıb yeməkdə suçlayırlar. Hələ görün iki gün qabaq Rasim müəllim həmin Ağır Cinayətlərin qəfəsində aslan kimi nərə çəkərək nə deyib: “19 aydır məni türmədə niyə saxlayırlar, bilmirəm. Nə ittiham aktı ilə tanışam, nə istintaq materialları ilə”.

Qəşəng əhvalatdır. Bunun əsasında “Polad necə əridi” adlı kino qayırmaq olar. Nəyə görə? Ona görə ki, 19 ay qabaq DTX Rasim müəllimi içəri basanacan Rasim müəllimin dəmir-dümür, poladəritmə sektorunda qan qusdurmadığı adam qalmamışdı. Zülfüqarlı qardaşlarından tutmuş, Nazim Bəydəmirliyə qədər. Hətta bir dəfə düz 20 metal sexinin yiyəsini türməyə basdırmışdı. Rasim müəllimin polad-armatur sektorunda kəsdiyi başa sorğu-sual ola bilməzdi. Yalan olmasın, biznesmenləri tutub boğazlarına polad əridib tökürdü. Ola bilər ki, bu gün içinə salındığı türmə qəfəsini də vaxtilə elə Rasim müəllim özü düzəldibdir, çünki inhisarçı idi. Axırı da bu...

İndi 19 aydır içəridədir və ittiham aktını da görmədiyini söyləyir. Şair demişkən, dünən fərman verən bu gün qan qusur.

Şübhəsiz, bütün bu işlərdə hikmət vardır. Haram yemək olmaz. Özünüzü yığışdırın, xalqın da qabağına alnı açıq, üzü ağ çıxın. Yazını mahnı ilə bitirirəm:

“Alnı açıq, üzü ağ,

Ömür sürüb, yaşamaq,

Ən böyük səadətdir bizə!"

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR