İnsanlara hürriyət, millətlərə istiqlal!

Almanların güllələyib xəndəyə atdığı Feoktistov – 23 ildən sonra o, məşhur kosmonavt olub

2629 26.04.2023 12:45 Son xəbər A A

Sovet dövründə uğurlu vəzifə karyerası üçün Kommunist Partiyasının üzvü olmaq vacib şərtlərdən biri sayılıb. Vəzifə təyinatlarında, ali dövlət mükafatları ilə bağlı təqdimatlar yazılanda, hətta elmi dərəcələr veriləndə ilk növbədə şəxsin kommunist olub-olmamasına diqqət yetirilib. Yəqin elə buna görə də gələcəklərini düşünən bir çoxları ilk əmək fəaliyyətlərinə zavod və fabriklərdə, kolxoz və sovxozlarda başlayıblar. Belə ki, Kommunist Partiyasına üzvlük məsələsində fəhlə və kolxozçulara daha çox üstünlük verilib. Amma istisnalar da, partiya biletinə sahib olmadan da ən yüksək titullara sahib olanlar da olub...

Texnika elmləri doktoru, professor, Sovet İttifaqı Qəhrəmanı Konstantin Feoktistov “Kosmonavtlar dəstəsi”ndə Kommunist Partiyasının üzvü olmayan yeganə kosmonavt olub. Eyni zamanda onun adı kosmonavtika tarixinə kosmosa uçan ilk mülki şəxs kimi (rütbə daşımayan, hərbçi olmayan) düşüb. Bunlarla yanaşı, Feoktistov ilk kosmonavtlardan biri olub ki, o, kosmosa skafandrsız uçub.

konstantin-feoktistov-soviet-cosmonaut-science-photo-library.jpg (100 KB)

K.Feoktistovun həyatını zənginləşdirən təkcə bu faktlar deyil. 1926-cı ildə Voroney şəhərində anadan olan Konstantin orta təhsilini yarımçıq qoyaraq 1942-ci ildə, 16 yaşında könüllü olaraq orduya yazılıb. O, alman qoşunları tərəfindən işğal olunan Voronejdə kəşfiyyat qrupunun kiçik tapşırıqlarını yerinə yetirib. Növbəti tapşırığın icrası zamanı Feoktistov alman patrullarının əlinə keçib. Patrullar onu digər əsir düşmüşlərlə bir yerdə saxlayıblar və bir neçə gündən sonra onların hamısını əvvəlcədən qazılmış xəndəyin qarşısına yığaraq güllələyiblər. Daha sonra xəndəyin içinə atıblar. Güllə Feoktistovun çənəsinin altından boyun nayihəsinə keçərək onu ciddi yaralayıb. Xəndəyə atılandan sonra dəhşətli ağrılara baxmayaraq, o, səsini çıxarmayıb. Alman patrulları hamının öldüyünü zənn edərək ərazini tərk ediblər.

Təxminən 2-3 metr dərinlikdə olan xəndəkdən çətinliklə çıxan Feoktistov yaralı vəziyyətdə üç sutka ərzində patrullardan yayınaraq təmas xəttini keçib və onu dərhal hospitala çatdırıblar. Bir neçə gündən sonra tibb bacısı işləyən anası onu hospitalda tapıb. İlkin müalicələri aldıqdan sonra Feoktistov ailəsi ilə birlikdə Özbəkistana, Fərqanə vilayətinin Kokand şəhərinə təxliyə edilib. Gələcək kosmonavt orta təhsilini məhz bu şəhərdə davam etdirib.

RIAN_archive_888102_Soviet_cosmonauts-1024x850.jpg (172 KB)

Feoktistov ali təhsilini Bauman adına Moskva Ali Texniki Məktəbində (sonralar Bauman adına Moskva Dövlət Texniki Universiteti) alıb. 1955-cu ildə texnika elmləri namizədi, 1967-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsinə sahib olub. O, 1957-ci ildən Sergey Korolyovun rəhbərliyi altında 1 saylı xüsusi konstruktor bürosunda işləyib, Yerin ilk süni peykinin hazırlanmasında yaxından iştirak edib. “Vostok” gəmisinin layihələndirilməsi rəhbərlik etmək də məhz Feoktistova həvalə edilib.

1964-cü ildə Feoktistov dünyada ilk olaraq mülki şəxs kimi “Kosmonavtlar dəstəsi”nə qəbul edilib. Bitərəf olduğuna görə onun dəstəyə qəbul edilməsi mübahisələr yaradıb. Amma sonda Mərkəzi Komitə Feoktistovun kosmonavtika sahəsindəki xidmətlərini nəzərə alaraq razılıq verib.

1964-cü ilin oktybarın 12-də Feoktistov Vladimir Komarov və Boris Yeqorovla kosmosa ilk uçuşunu edib. Uçuş 24 saat 17 dəqiqə davam edib. Uğulu uçuşdan sonra Feoktistov Sovet İttifaqı Qəhrəmanı fəxri adıyla və “Lenin” ordeni ilə təltif edilib.

24b767e39f00aee42184f3c89fd1e4d8 (1).jpg (86 KB)

Feoktistovun kosmonavtika sahəsindəki fəaliyyətində ən maraqlı hadisələrdən biri də məhz bu uçuş zamanı baş verib. Adətən kosmonavtların uçuşundan əvvəl “Kosmonovtlar dəstəsi”nin rəhbərliyi əvvəlcədən bu haqda sovet liderinə raport veriblər. Uçuşdan sonra isə kosmonavtların özləri baş katib qarşısında məruzə ediblər. Feoktistovun həmkarları ilə birgə uçuşu haqqında Nikita Xruşova raport verilib. Geriyə dönüşdə isə kosmonavtlar Leonid Brejnevə məruzə ediblər. Məhz onlar göydə olarkən, yerdə dövlət çevrilişinin sonuncu akkordları vurulub.

1980-ci ildə Feoktistov növbəti uçuşa hazırlaşıb. Hazırlıq mərhələsinin sonuncu günlərində həkim komissiyası səhhətinə görə onun uçuşuna müsbət rəy verməyib və uçuş təxirə salınıb.
Həmkarları Feoktistovun hökmən ikinci dəfə kosmosa uşmağını vacib sayıblar. Bunun da öz tarixçəsi olub. Kosmonavt üç dəfə ailə həyatı qurub. Nikah kağızının belə tez-tez dəyişməsi kosmonavtlar arasında zarafata səbəb olub: “Kostya (dostları onu belə çağırıblar), yerdə ulduz olmur, sən öz ulduzunu göydə axtar, növbəti uçuşunda onu hökmən tapacaqsan...”

sputnik-615977-preview.jpg (145 KB)

1987-ci ildə Feoktistov “Kosmonavtlar dəstəsi”ndən çıxaraq fəaliyyətini Korolyov adına raket-kosmik korporasiyasında baş konstruktorun müavini vəzifəsində davam etdirib, yeni kosmik gəmilərin və aparatların hazırlanmasında böyük rolu olub. O, eyni zamanda Bauman adına Moskva Dövlət Texniki Universitetində professor kimi elmi-pedaqoji fəaliyyət göstərib.

Daimi yaşayış yeri Moskva olsa da, kosmonavt doğulub boya-başa çatdığı, müharibə illərində “ölüb-dirildiyi” Voronejə tez-tez səfər edib, görüşlər keçirib, yaxınlarını ziyarət etməyi özünə borc sayıb. Hələ sağlığında həmkarları və dostları arasında xüsusi hörməti və nüfuzu ilə seçilən Feoktistov sadəliyi, güləüzlüyü ilə fərqlənib. Onun haqqında filmlər çəkilib, kitablar yazılıb. Özü bunun tərəfdarı olmasa da, yazı-pozu adamlarının hədəfindən yayına bilməyib.

0_64d2e_3b51c484_XXL-710x473.jpg (124 KB)

Jurnalistlərlə müsahibələrində onun həm müharibə illərində, həm də kosmonavtika sahəsində göstərdiyi qəhrəmanlıqlardan söhbət düşəndə isə o, mətbuat nümayəndələrinə zarafatla cavab verib: “Mən əsgər olmuşam, müharibədə iştirak etmək mənim əsgəri borcum olub. Mən kosmonavt olmuşam, kosmosa uçmaq mənim vəzifə borcum olub. Bunları qəhrəmanlıq saymıram. Mənim əsl qəhrəmanlığım 56 yaşında ata olmağıdır. Əsl qəhrəmanlıq budur...”

feoktistov_kp-1138x1536.jpg (180 KB)

Konstantin Feoktistov 2009-cu ildə, 83 yaşında vəfat edib. Kosmonavt Moskvada, Trokurovsk qəbirstanlığında dəfn olunub.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR