Əməkdar artist Zemfira Sadıqovanın doğum günüdür. Aktrisanın 87 yaşı tamam olur.
Musavat.com-un əməkdaşı onu özəl günü münasibəti ilə təbrik edib və suallar ünvanlayıb.
- Zemfira xanım, özəl gününüzü necə qeyd edirsiniz?
- Adi gün kimi keçirirəm. Təmtəraqlı heç nə olmayacaq.
- Yaş sizin üçün nə deməkdir?
- Yaş mənim üçün sevgi deməkdir. İstər qocalıqda, istərsə də cavanlıqda ən gözəl iş sevmək, sevilməkdir. Mən bu yaşımda 4 nəvəmi, iki nəticəmi sevirəm, onlar da məni sevirlər. Sevgi və bir-birinə olan hörmət ən böyük zənginlikdir. Pul bu gün ola, sabah isə olmaya bilər. Xoşbəxtlik bunda deyil.
- 87 yaşın təcrübəsi ilə həyata yeni atılan gənclərə hansı nəsihəti vermək istərdiniz?
- Sevdiyiniz işlə məşğul olun. Sevmədiyiniz iş və ya peşə əvvəl-axır ikrah hissi yaradacaq. Xoşbəxtlik öz istədiyini ifadə etməkdədir. İstəklərinizi görməzdən gəlməyin.
- 87 yaşdan geri qayıtsanız, ən çox hansı yaşın xiffətini çəkərsiniz?
- Heç bir dövrümün. Mənim üçün hazırkı an əzizdir. Ömrümün axırına kimi də belə qalmaq istərdim.
- Sizə əziz olan, xoşunuza gələn hədiyyə hansıdır?
- Mən də bütün xanımlar kimi gülü sevirəm. Dünən mənə çox gözəl gül dəstəsi bağışladılar.
- Nəvələr sizi necə təbrik etdi?
- Mənim nəvələrim xarici ölkədə yaşayırlar. Onların yaşadığı ölkədə hələ səhər açılmayıb. Ona görə də mən hələ nəvələrdən təbrik almamışam. Ancaq mütləq zəng edəcəklər.
- Yaş sizi qorxutmur ki?
- Qorxutmur. Mən həyatı həmişə sevmişəm. Tanrıya təşəkkür edirəm ki, bu yaşa kimi gəlib çıxmışam. İndi Allahdan istəyim odur ki, mənə bir az da ömür versin yenə nəvə toyu görüm.
- Bir qadın üçün ən vacib olan nədir?
- Qadın olduğunu hər dəfə sübut etməlidir ki, o, qadın və insandır.
Qeyd edək ki, Zemfira Sadıqova milli kinomuza bir çox uğurlu obrazlar bəxş edib. Ancaq onu hər kəs daha çox "Dəli Kür"ün Mələyi və nəhəng aktyor, Teymurləng, Qurd Cəbrayıl kimi rolların ifaçısı, mərhum Xalq artisti Yusif Vəliyevin həyat yoldaşı kimi tanıyır.
Şahanə Rəhimli
Musavat.com






