İnsanlara hürriyət, millətlərə istiqlal!

Aliment ödənişindən yayınanlarla bağlı yeni qanun

908 22.05.2024 15:28 Dünya A A

Rusiya Federasiya Şurası aliment öhdəlikləri üzrə borcluların ayrıca açıq reyestrinin yaradılması haqqında qanunu təsdiqləyib.

Musavat.com TASS-a istinadən xəbər verir ki, reyestrə yetkinlik yaşına çatmayan uşaqların və ya yetkinlik yaşına çatmış və fəaliyyət qabiliyyəti olmayan uşaqların, habelə fəaliyyət qabiliyyəti olmayan valideynlərin saxlanması üçün vəsaiti ödəmədiklərinə görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilmiş aliment üzrə borclular haqqında, həmçinin məhkəmə icraçıları tərəfindən axtarışa verilmiş aliment ödənişlərini yerinə yetirməmiş şəxslər haqqında məlumatlar daxil ediləcək.
Qanuna görə, reyestrə daxil edildikdən və ya reyestrdən çıxarıldıqdan sonra borcluya 24 saat ərzində məlumat veriləcək. Bu, artıq qanunla müəyyən edilmiş üsullarla, o cümlədən teleqramlar və SMS mesajları ilə həyata keçiriləcək. Bundan əlavə, reyestrə aliment öhdəliklərinə görə borclunun inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməsi haqqında məhkəmə aktının qəbul edildiyi tarix barədə məlumatlar da daxil ediləcək.

Bəs belə bir qanun Azərbaycanda da qəbul edilə bilərmi?

Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev Musavat.com-a açıqlamasında bildirib ki, belə bir reyestrin yaradılması və ictimailəşdirilməsi aliment ödənişindən yayınan şəxslərə qarşı təsirli tədbirlərdən biri ola bilər.

Vəkil qeyd edib ki, reyestrin bir neçə vəzifəsi var: “Birincisi, bu reyestrlə hər kəs tanış ola və reyestrdə adı keçən şəxslərə qarşı ictimai qınaq yarana bilər. İş və yaşayış yerlərini tez-tez dəyişənlər olur ki, bu da icraçılara çətinliklər yaşadır. Reyestrdə iş və yaşayış yerləri göstəriləcək. İşəgötürənlər işə qəbul zamanı bu reyestrlə tanış ola bilərlər. Aliment borcu olan şəxslərin əmək haqqından tutula bilər. Çox zaman aliment borcu olanlar bunu gizlədirlər. İş yeri bəlli olduqda alimenti daha rahat almaq olur”.


Vəkil qeyd edib ki, aliment ödənməyən uşaqların çətinliyi çox olur: “Təəccüb edirəm ki, insanlar öz övladlarının maddi təminatından necə yayına bilərlər? Onlara qarşı cəmiyyət olaraq mübarizə aparmalıyıq. Bir addım da atılmalı, bir çox ölkələrdə olduğu kimi, aliment fondu yaradılmalıdır. Aliment ala bilməyən uşaqlara maddi dəstək verilməlidir. Dövlət hüquqi və kadr resurslarını işə salıb, alimentdən yayınanları tapıb məsuliyyətə cəlb edib, xərclədiyi pulu geri almağa səy göstərməlidir. Bununla bağlı ombudsman Milli Məclisə təklif vermişdi. Təəssüf ki, irəliləyiş olmadı. Təminatsız qalmış uşaqlar göz önündədir. Vəziyyəti həddən artıq kritik olan uşaqlar var. Gələcək nəsillərə dəstək olmaq dövlətin borcudur”.

Nigar Həsənli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR