İnsanlara hürriyət, millətlərə istiqlal!

Alim olmaq asandır...

1695 13.08.2022 10:35 Yazarlar A A

Bu yazı qəzetdə 13 avqustda çıxacaqdır, o üzdən bir qədər narahatam. Düşər-düşməzi ola bilər. Ona görə məsləhətdir yazını qaynadıb suyunu dağdağan çubuğu ilə qarışdırasınız. Hələ ən pisi olardı ayın 13-ü cümə gününə düşsün. İndi isə şənbəyə düşübdür, buna görə hökumətə dərin minnətdarlığımı bildirirəm. Dövlət başçısından hədiyyə aldığı evləri satan xalq artistlərini isə şiddətlə qınayıram. Heç adam da hədiyyəni satarmı? Üstəlik o cür yüksək məqamdan gələn hədiyyəni. Xalq gərək belə xalq artistlərinin tamaşasına getməsin.

Lakin dövlətin vətəndaşa qayğısı tükənməzdir. Biz nə eləsək də, onlar bizi sevirlər. Bugünlərdə yol polisi açıqlama vermişdi, deyir, ay camaat, radarlara çatanda sürəti azaltmaq, bu qurğuları keçəndən sonra isə sürət həddini aşmaq yaxşı hərəkət sayılmır, həmçinin sağlamlığınıza ziyandır. Gör nə qədər sivilizasiyalı hərəkətdir. Yaxud, gömrüyün şefinin qayda pozuntusunun videosunu göstərdilər. Düzdür, işdən çıxarılandan sonra, ancaq böyük əhəmiyyəti yoxdur. Əsas odur millətdə ruh yaşasın.

Ümumiyyətlə, ölkəmizin Qərbə sintezi özünü təbiətdə də göstərir. Birdən qəfil soyuq olur, birdən istidən bişirik. Bir ara Xəzər donmuşdu, Sumqayıt tərəfdə hətta aysberqlər üzürdü. Lap təzəlikcə Kəlbəcərdə tornado müşahidə edildi, əsgərlərimiz onu videoya çəkib yaydılar. Böyük risk idi, çünki bu dəqiqə telefonla çəkiliş edən əsgərləri ordudan qovurlar. Lakin elm həvəsi sönməzdir.

Kəlbəcərin Oklahomaya oxşaması - hələlik tornado baxımından - təsadüfi deyildir. Bu gün tornado olar, sabah şerif təyin edərik. İndi sunami gələr, birisi gün seçki keçirərik. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsi alimlər tərəfindən isbata yetmiş faktdır. Amerikalı alim Cared Daymond-un “Tüfəng, Mikrob və Dəmir” adlı kitabını oxumaq məsləhətdir. 

Ta söz elm üzərinə gəlmişdir, bir araşdırmaya diqqətinizi yönəltmək fikrindəyəm. Azadlıq radiosunun yaydığı məlumata görə Azərbaycan regionda ən az elmi məqalənin yazıldığı ölkəymiş. Guya biz beynəlxalq elmi məqalə reytinqində 232 ölkə arasında 91-ci yeri tuturuq. Hər 100 min nəfərimizə cəmi 18 məqalə düşür. Bu rəqəm Ermənistanda 42, Gürcüstanda 55 imiş.

Rusiya, İran və Türkiyə isə sıralamada uyğun olaraq 11, 15 və 17-ci yerləri tutur.

Təəccüblü statistikadır. Xarici qara qüvvələrin növbəti kölgə salmaq cəhdidir. Azərbaycanda elmi məqalə sayı həddən çoxdur. Təkcə Ramiz müəllim Akademiyanın müdiri olanda hər il özbaşına (yəni, adambaşına) 400 məqalə yazırdı. Onun elmi məqalələri elə uzun olurdu ki, axırına çatana qədər əvvəli yadımızdan çıxırdı. Hətta 2007-ci ildə yazdığı bir elmi məqalə var, mən indiyəcən oxuyub qurtara bilməmişəm. Evdə uşaqlara vəsiyyət eləmişəm, mən ölsəm, onlar oxusunlar, bitirsinlər, mollalar demişkən, xətm eləsinlər.

Başqa alimlərimiz də çoxdur. Bunların sırasında xüsusilə deputatlar fərqlənir. Elə bir deputatımız yoxdur ki, elmi məqalə yazmasın. Ən az yazanı Səyavuş müəllimdir, tarix və hüquq üzrə 25 dəfə dissertasiya çempionu olubdur.

Pis və təvazökarlıq çıxmasın, elə mən özüm hardasa alim adamam, ildə minimum 400 məqaləm çıxır, yuxarı orqanların rəyinə görə bunların hamısını elmi məqalə saymaq olar. Niyə də sayılmasın? İçində tarixdən coğrafiyaya, Ramiz müəllimdən Səyavuş müəllimə qədər hər şeyi əks etdirmişik.

Müdriklər yaxşı demişdir: “Alim olmaq asandır, adam olmaq çətindir”. Lap hesab edək bizdə elmi məqalə az yazılır, adamlığımıza nə sözünüz var? Biz çalışırıq humanizm bol olsun. İnsanlar sevib-sevilsinlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR