İnsanlara hürriyət, millətlərə istiqlal!

Ali Məhkəmə mübahisəli hüquqi məsələyə baxacaq - Tarix açıqlandı  

1142 08.07.2024 13:11 Ölkə A A

 

Ali Məhkəmə vahid məhkəmə təcrübəsinin formalaşdırılması vəzifəsinin icrası istiqamətində işləri davam etdirir.

Musavat.com xəbər verir ki, Mülki Prosessual Məcəllənin 418-1-ci maddəsində təsbit edilmiş mexanizmə növbəti dəfə müraciət edilməsi qərara alınıb.

Hazırda Ali Məhkəmənin Mülki kollegiyasının icraatında əvvəllər müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqini zəruri edən “paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması” tələbinə dair mülki iş var. Mülki işin halları ilə müəyyən olunub ki, tərəflərin paylı mülkiyyətlərində olan daşınmaz əmlakın paylara uyğun naturada bölünməsi mümkün deyil. İddiaçı həmin əmlakın açıq hərracdan satılması barədə iddia tələbi ilə məhkəməyə müraciət edib. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin olunub, əmlakın satış qiyməti müəyyən olunmaqla, onun hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin tərəflərin paylarına mütənasib surətdə aralarında bölünməsi qət edilib. Apellyasiya instansiyası tərəfindən rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılıb. İşə kassasiya qaydasında baxılarkən mübahisəli məsələyə münasibətdə Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunub. Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının bir sıra məhkəmə tərkibləri əvvəllər oxşar mübahisələr üzrə qəbul etdiyi qərarlarında paylı mülkiyyətdə olan əmlakların hərracdan satılması tələblərinə baxarkən bu əmlakın satış qiymətinin məhkəmə mübahisəsinin predmeti olmamasından çıxış edilib. İddianın hüquqi əsası olan Mülki Məcəllənin 220-ci maddəsində əmlakın dəyərinin müəyyən edilməsinin məhkəmənin vəzifəsi kimi göstərilməməsini əsas gətirməklə, əmlakın açıq hərracdakı ilkin satış qiymətinin “İcra haqqında” Qanuna əsasən icra hərəkətləri həyata keçirilərkən müəyyən edilməli olmasını göstəriblər.

Məsələ ilə bağlı digər mövqe isə ondan ibarətdir ki, Mülki Məcəllənin 220-ci maddəsində ümumi paylı mülkiyyətdə olan əşyanın məhkəmə qərarı əsasında açıq hərracdan satılması üçün əmlakın hərracdakı dəyərinin hansı qaydada müəyyən edilməli olmasının bilavasitə tənzimlənməməsi, əşyanın qiymətinin məhkəmə araşdırmasının predmetini təşkil etməməsi kimi qiymətləndirilməməlidir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 4 aprel 2014-cü il tarixli qərarına görə məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Qeyd olunmalıdır ki, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə payının ayrılmasını istəyən şəxsə payının dəyərinin (pul kompensasiyasının) ödənilməsinin qeyri-mümkünlüyünün müəyyənləşdirilməsi zəruri mərhələ kimi göstərilir. Bu mərhələ, həm ayrılmaq istəyən paylı mülkiyyətçinin, həm də, qalan mülkiyyətçilərin mülkiyyət hüquqlarının müdafiəsinə yönəldilir. Belə ki, bu mərhələ bir tərəfdən mülkiyyətçiyə əmlakdakı payına sərəncam vermək, digər tərəfdən qalan mülkiyyətçilərə mülkiyyətlərini saxlamaq imkanı verir.

Göstərilənlərə əsasən, Mülki Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı iddialara baxılarkən ayrılmaq istəyən mülkiyyətçinin payının dəyərinin və əmlakın hərracdakı ilkin satış qiymətinin müəyyən edilməsi nəzərdə tutulmasa da, bu halların araşdırılmaması mülkiyyətçilərin mülkiyyət hüquqlarının əsassız olaraq pozulmasına və ya məhdudlaşdırılmasına səbəb ola bilər. Bununla belə, nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 221-ci maddəsində əmlakın bölgüsü nəticəsində mülkiyyətçilərin ümumi paylı mülkiyyət hüquqlarına açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılması yolu ilə xitam verilməsi nəzərdə tutulsa da, payçıların bir birindən kompensasiya almaq hüquqları təsbit olunmayıb.

Odur ki, Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında ümumi paylı mülkiyyətdə olan əmlakın hərracdan satılması ilə bağlı fərqli hüquqi yanaşmaların mövcud olduğu nəzərə alınaraq, mübahisəli məsələ üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi baxımından MPM-nin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib.

Müzakirəyə çıxarılacaq məsələlər aşağıdakılardan ibarətdir:

- Bu kateqoriya işlərə baxılarkən paylı mülkiyyətdə olan əmlakın dəyəri məhkəmə araşdırmasının predmetini təşkil etməlidirmi? Məhkəmə, əmlakın açıq hərracdan satılması barədə qətnamə qəbul etdiyi halda, ilkin satış qiymətini qətnamənin nəticə hissəsində müəyyən etməlidirmi?

- Müsbət halda, əmlakın dəyərinin araşdırılması iddiaçının bununla bağlı iddia tələbinin mövcudluğundan asılıdırmı, yoxsa məhkəmə Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq bu məsələni iddia tələbindən kənara çıxmaqla həll etməlidir?

- Mülki Məcəllənin 220.3-cü maddəsinin ikinci cümləsinə əsasən ayrılan mülkiyyətçi digər mülkiyyətçilərdən öz payının kompensasiya olunmasını tələb edərkən, onun tələb etdiyi məbləğin əmlakın bazar qiymətinə uyğun olub-olmaması məhkəmə araşdırmasının predmetini təşkil etməlidirmi?

- Ayrılan mülkiyyətçinin tələb etdiyi kompensasiya məbləğinin əmlakın bazar dəyərinə münasibətdə açıq-aydın yüksək olduğu müəyyən edildiyi halda, əmlakın hərracdan satılması tələbi bu əsasla rədd edilməli və ya müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq əmlakın ilkin satış qiyməti ilə hərracdan satılması qət edilməlidir?

- Mülki Məcəllənin 220-ci maddəsi ilə müqayisədə, mülkiyyətçilərin ümumi paylı mülkiyyət hüquqlarına məhkəmə qaydasında xitam verilərkən, onların bir-birinə kompensasiya verməsi mərhələsini nəzərdə tutmayan 221-ci maddəsinin tətbiqi xüsusiyyətləri nədən ibarətdir?

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2024-cü ilin sentyabr ayının 1-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir. Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə (mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.

 

E.MƏMMƏDƏLİYEV,

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR