İnsanlara hürriyət, millətlərə istiqlal!

Aldadıcı professor

1687 10.08.2022 08:50 Yazarlar A A

İqtisadçı professor, keçmiş maliyyə nazirimiz Saleh Məmmədov, şübhəsiz, ölkəmizdəki həqiqi alimlərdən biridir və ən əsası, adına uyğun, əməli-saleh adamdır. Bunu onu yaxından tanıdığım üçün yazıram həm də.

1989-cu ildə mən “Narxoz”a sənəd verəndə Saleh müəllimlə ilk dəfə tanış olmuşam. Təsadüf üzündən. O zaman mənim hansısa sənədim, yanılmıramsa, yaş kağızım (doğum haqqında şəhadətnamə - çox iyrənc söz birləşməsidir, ana dilimizə ləkədir) problemli çıxmışdı. Orta məktəbə tez getdiyim üçün tez də bitirmişdim, bu üzdən sənədlərdə uyğunsuzluq tapmışdılar, götürmək istəmirdilər. Saleh müəllim isə o zaman rüşvətə görə “Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu” adından məhrum edilib “Voznesenski adına Leninqrad Maliyyə-İqtisad İnstitutunun Bakı filialı” təhqiramiz ünvanını qazanmış “Narxoz”a qəbul imtahanlarında sənəd qəbulu komissiyasının sədri idi. Hələ AXC-nin qalib gəlməyinə, o iyrənc üzbəüz qəbul imtahanı sisteminin ləğvinə, test üsulu adlı xilas kəmərinin atılmasına 3 il vardı.

Uzun sözün qısası, Saleh müəllim bizi qəbul elədi, az qala ayaqüstü bu mənasız bürokratik problemi aradan qaldırdı, çıxıb getdim rahatca imtahanımı verməyə. Sonralar isə müstəqillik dövründə onun təsis elədiyi, analitik-iqtisadi qəzet olan “Ekonomiks”də çalışdım, necə deyərlər, Saleh müəllimi daha yaxından tanıdım.

İndi onu tərifləmək fikrim yoxdur, əksinə, başqa söhbətə görə diqqətimi çəkib. Qəzetimizdə yazısı çıxıb, deyir Azərbaycanda təhsilin tənəzzül eləməyinə görə çox narahatam, niyə dünyanın nüfuzlu universitetləri reytinqində ilk yüzlükdə, minlikdə, hətta üç minlikdə bir dənə də ali məktəbimizin adı yoxdur. Yazır ki, ən pisi günü-gündən geri gedirik. Örnək üçün, keçən il 3400-cü olan universitet bu il 3800-cü olur və sairə.

Birincisi, Saleh müəllim hələ 90-cı illərdə bizə ümid verən, pis çıxmasın, “başımızı aldadan” alimlərdən sayılır. O zamanlar elmi baxımdan sübut edirdi ki, Azərbaycan SSRİ tərəfindən istismar edilir, əgər biz müstəqil olsaq, özümüzü lap əla dolandırarıq, yağ içində böyrək kimi yaşayarıq. Düzdür, indi belə böyrək kimi yaşayan bir qrup məmurlar, oliqarxlar var, lakin böyrəyini satmağa hazır olanlarımız, o cümlədən böyrək xəstələrimiz də çoxdur. Bəlkə SSRİ vaxtındakıdan çoxdur. Deməli, xalqı yalandan ümidləndirmək yaxşı iş deyil. Xüsusən vicdanlı bir professora yaraşmaz.

İkincisi, o, niyə bizim təhsilin çökməyindən narahat olur ki? Bizdə təhsil faktoru heç vaxt inkişaf üçün əsas rol oynamayıb. İnkişafın, sosial liftin diyircək və kanatları ya tayfabazlıq olub, ya qohumbazlıq. Haçan baxırsan, belə xəbərlər görürsən: “İcra başçısı prokurorla quda oldu”, “Rəis deputatın qızını oğluna aldı”, nə bilim, “Filan şirkətin dalından filankəsin balası çıxdı” və sairə. Camaat tək bir komitəyə 1400 kəndlisini doldurmuşdu, sən nə deyirsən? Kimə lazımdır sənin o Harvardın, Oksfordun, Massaçusetsin-zadın? (Bizdə Harvardı qurtaranı hər kvartalda tutub sürütləmə eləyirlər. Buradan Bəxtiyar Hacıyevə alovlu salam göndərirəm).

Sözgəlişi, inkişaf üçün təhsilin rol oynamadığını elə xaricdəki araşdırmalar da isbat eləyir. Bugünlərdə bir yazı oxudum, deyir Amerikada tədqiqat aparıblar, məlum olub varlı ailələrlə qonşu olan, varlıların uşaqları ilə dost olan kasıbların varlanmaq ehtimalı qat-qat yüksək imiş. Bir növ, kasa daşanda ətrafdakılara da pay düşürmüş.

İndi biz gərək çalışaq varlılar məhəlləsinə köçək. Uşağın lotulardan dostu olsun. Yoxsa universitet elə gəldi, təhsil belə getdi... Oxumaqla ancaq gözümüzü kor eləyirik. Adını da professor qoyub...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR