İnsanlara hürriyət, millətlərə istiqlal!

AİHM qalmaqalı böyüdü - XİN hərəkətə keçdi

1993 24.06.2026 08:49 Siyasət A A

Ermənistanın işğal siyasəti yenidən beynəlxalq məhkəmələrin gündəminə daşına bilər; hüquqşünas hesab edir ki, Azərbaycan Böyük Palataya müraciət imkanlarını nəzərdən keçirməlidir

Avropa İnsan Haqları Məhkəməsinin ötən həftə Azərbaycanla bağlı qərəzli qərarı rəsmi Bakının Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını yenidən gündəmə gətirib. Yada salaq ki, Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanı 2016-cı ilin aprel döyüşlərində ölmüş erməni mayora görə cəzalandırmağı qərara alıb.

Qeyd edək ki, Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə azərbaycanlıların insan hüquqlarının kobud şəkildə pozulmasına görə illər öncə Ermənistana qarşı AİHM-ə müraciət təqdim edib. Hazırda əsas hüquqi çəkişmələrdən biri Beynəlxalq Ədalət Məhkəməsi müstəvisində aparılır. Azərbaycan və Ermənistan bir-birinə qarşı həm Beynəlxalq Ədalət Məhkəməsində, həm də Avropa İnsan Hüquqları Məhkəməsi çərçivəsində müxtəlif iddialar qaldırıblar. Bu işlərin əksəriyyəti üzrə yekun qərarlar hələ qəbul edilməyib. Avropa İnsan Hüquqları Məhkəməsinin qərəzli qərarı Azərbaycanın Ermənistana qarşı beynəlxalq iddialarını yenidən aktuallaşdırmaqla yanaşı, tərəflər arasında hüquqi mübarizənin hələ uzun müddət davam edəcəyini göstərir. Mövcud vəziyyət onu deməyə əsas verir ki, postmünaqişə dövründə əsas rəqabət artıq hərbi deyil, hüquqi və diplomatik platformalarda davam edir.

Bu arada qeyd edək ki, iyunun 22-də Avropa Şurasının (AŞ) Bakı ofisinin rəhbəri Petr Zix Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Görüş zamanı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin ölkəmizə qarşı qəbul etdiyi 18 iyun tarixli qərarına dair kəskin etiraz bildirilib, bu qərarın ədalətsiz, qərəzli və beynəlxalq hüququn müddəalarına zidd olduğu vurğulanıb.

Görüş zamanı Azərbaycanın məhkəmənin bu qərarını qəti şəkildə rədd etdiyi, Azərbaycan tərəfinin öz qanuni maraqlarını qorumaq üçün bütün mümkün vasitələri nəzərdən keçirəcəyi və müvafiq addımlar atacağı diqqətə çatdırılıb.

Azərbaycan bu məhkəmə işləri ilə bağlı başqa hansı addımları atmalıdır?

Qulamhüseyn Əlibəyli: “Azərbaycan heç kəsə güzəştə getməyəcək”

Qulamhüseyn Əlibəyli

Tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 iyun tarixli qərarı həm İnsan hüquqları Konvensiyasına, həm də Avropa Məhkəməsinin president hüququna ziddir: “Azərbaycan dövləti bu qərarın ləğvi üçün konvensiyanın özünün verdiyi bütün mümkün hüquqi və prosessual vasitələrdən istifadə etməli, o cümlədən Strasburq Məhkəməsinin Böyük Palatasına şikayət imkanlarını nəzərdən keçirməlidir. Azərbaycan işğal olunmuş torpaqlarını azad etdikdən sonra Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın uzun illər davam etmiş işğal siyasəti, etnik təmizləmə, insan hüquqlarının pozulması və maddi-mədəni irsin məhv edilməsi ilə əlaqədar iddialar qaldırdı. Eyni zamanda Ermənistan da Azərbaycana qarşı iddialarla çıxış etdi. Lakin sülh danışıqlarının gedişində hər 2 dövlət beynəlxalq instansiyalarda qarşılıqlı iddiaları üzrə prosessual hərəkətləri dayandırmaq barədə ümumi razılığa gəldi. Lakin Avropa Məhkəməsinin son qərarı  bu razılığın üzərinə kölgə saldı və Ermənistana bir dövlət kimi inam və etibar məsələsini yenidən gündəmə gətirdi. Bu baxımdan Azərbaycanın Ermənistana qarşı beynəlxalq məhkəmə iddialarını yenidən və fəal şəkildə davam etdirməsi məqsədəuyğun görünür. Həm də bu məsələ yalnız son qərarlara verilən emosional reaksiya kimi deyil, Azərbaycanın uzunmüddətli milli maraqlarına xidmət edən strateji siyasət kimi qiymətləndirilməlidir”.

Hüquqşünas dedi ki, işğal dövründə Ermənistanın törətdiyi əməllərin beynəlxalq hüquqi müstəvidə sənədləşdirilməsi və hüquqi məsuliyyət məsələsinin gündəmdə saxlanılması postmüharibə dövründə dövlət fəaliyyətinin  prioritet istiqamətlərindən biri olmalıdır: “Əgər Azərbaycan beynəlxalq aləmdə, o cümlədən məhkəmə instansiyalarında öz hüquqi arqumentlərini sistemli şəkildə müdafiə etməsə, zaman keçdikcə beynəlxalq ictimai rəydə hadisələrin erməni interpretasiyasına uyğun təhrif olunmuş versiyası formalaşa bilər. Bu isə gələcək nəsillər üçün tarixi və hüquqi həqiqətlərin zəifləməsi, problemin gələcək nəsillərə saxlanması riskini yaradır”.

Hüquqşünas hesab edir ki, Azərbaycanın əlində kifayət qədər sanballı və ciddi hüquqi arqumentlər mövcuddur: “Ən ciddi arqument BMT TŞ-nın 4 qətnaməsinə baxmayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən otuz il işğal altında saxlanması kimi beynəlxalq hüququn fundamental prinsiplərinin pozulması faktıdır. Bu müddət ərzində yüz minlərlə insan öz doğma torpaqlarından məcburi köçkün düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və dini abidələr məhv edilib, təbii sərvətlər qanunsuz istismar, genosid, ekosid kimi çoxsaylı beynəlxalq xarakterli cinayətlər törədilib. Bunları nəzərə almaqla, Azərbaycan beynəlxalq məhkəmə platformalarında Ermənistana qarşı məcburi köçkünlərin hüquqlarının pozulması, etnik təmizləmə, mədəni irsin məhv edilməsi, ekoloji zərərlər və təbii sərvətlərdən qanunsuz istifadə, işğal olunmuş ərazilərimizdə milyonlarla minalar basdırılması nəticəsində insan hüquqlarının pozulması, iqtisadi itkilər və kompensasiya tələbləri ilə əlaqədar iddialar irəli sürə bilər. Həm də nəzərə almaq lazımdır ki, bu məsələlərin əksəriyyəti artıq müxtəlif beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarında bu və ya digər dərəcədə  müzakirə predmetinə çevrilib və Azərbaycanın mövqeyi üçün kifayət qədər geniş sübut bazası formalaşıb. Avropa Məhkəməsinin son qərarı fonunda, həm də Birinci və İkinci Qarabağ müharibəsi zamanı həlak olmuş mülki və hərbi şəxslərin yaşamaq hüququnun pozulması da yeni çoxsaylı iddia tələbinin əsasını təşkil edə bilər.

Avropa Məhkəməsinin son qərarı bir daha göstərdi ki, beynəlxalq hüquqi müstəvidə passivlik gələcəkdə siyasi və informasiya müharibəsində mövqelərin zəifləməsinə səbəb ola bilər. Buna görə də Azərbaycan həm Avropa İnsan Haqları Məhkəməsi, həm də Beynəlxalq Ədalət Məhkəməsi daxil olmaqla bütün beynəlxalq hüquqi platformalarda hücum və müdafiə elementlərini özündə birləşdirən kompleks hüquqi strategiya həyata keçirməlidir. Bu strategiyanın əsas məqsədi yalnız hüquqi qələbələr deyil, işğalın nəticələrinin beynəlxalq səviyyədə tanınması, Ermənistanın məsuliyyətinin rəsmiləşdirilməsi və Azərbaycanın siyasi mövqeyinin möhkəmləndirilməsi olmalıdır.

Bütün bunları nəzərə almaqla, Azərbaycanın beynəlxalq hüquqi platformalarda, o cümlədən məhkəmə instansiyalarinda fəaliyyətini davam etdirməsi, mövcud iddiaları daha sistemli şəkildə irəli aparması və yeni iddialar qaldırması strateji baxımdan düzgün və zəruri yanaşma hesab edilməlidir".

Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR