İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağrıdan “enən” Paşinyan sözünün “ağa”sı ola biləcəkmi?

1333 23.05.2023 12:28 Yazarlar A A

Nikol Paşinyan indiyədək bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını demişdi. Amma bu dəfə tam konkretləşdirdi. Onun “Bəli, Ermənistan Azərbaycan ərazisini 86,6 min kv.km olaraq tanıyır, bura Qarabağ da daxildir”-bəyanatından sonra revanşçı qüvvələr cilov gəmirir. Düzdür, Ermənistanın hökumət başçısı “Qarabağ ermənilərinin hüquqlarının və təhlükəsizliyi məsələsinin Bakı ilə Xankəndi arasında müzakirə olunmalı olduğunu” da fikirlərinə əlavə edib, lakin separatçı-terrorçular, onlardan istifadə edən dairələr bununla kifayətlənmək niyyətində deyillər, qısası, yeni qan istəyirlər…

Nikol Paşinyan situasiyanın ciddiliyini kifayət qədər anlayır. Bilir ki, Azərbaycanın Qarabağ daxil, 86,6 min kv.km-lik ərazisini tanıyıb, rəsmiləşdirməsə, fəsadı böyük olacaq, günün birində Azərbaycan sərhədçisi 1918-20-ci illərdəki xəritəyə uyğun olaraq sərhədi quracaq, özü də Göyçə gölünün içərisindən keçməklə…Ona görə də tez-tez 1975-ci il xəritəsinə istinad edir. Əks təqdirdə niyə 75, elə 69-cu il xəritəsi olsun da? Çünki 1929-cu ildə qoparılan Mehri kəndinin Ermənistana de-yure birləşdirilməsi prosesi 1969-cu ildə başa çatdırılıb…

Screenshot_43-1-1 (2).png (337 KB)

Nikol Paşinyan çox narahatdır. Ona görə də tez-tez 29,8 min kv.km-lik ərazisindən danışır. Bu dəfə də “Əgər biz Azərbaycanla bir-birimizi düzgün başa düşürüksə, o zaman Ermənistan qeyd olunan sərhədlər çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü, Bakı isə Ermənistanın 29 800 kvadrat kilometr ərazisini tanıyır”-deyib. 1920-ci ilin dekabrında Azərbaycandan zorla qoparılan Zəngəzura görə çox qorxur…Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı mövqeyindən təşvişə düşüb. 2019-cu ilin avqustunda Xankəndidə - bu, onun Xankəndiyə son gəlişi oldu – “Qarabağ Ermənistandır. Nöqtə”-dediyinə görə peşman edilən Paşinyan bu dəfə hansısa yanlışının müqabilində Ermənistanın başına uçacağından ehtiyatlanır.

 Heç şübəsiz, Nikol Paşinyan mövqeyində tam səmimi deyil, həm də zamanı maksimum uzatmağa çalışır, sülh müqaviləsi üçün daha “uyğun” zaman axtarışındadır. Amma son günlər bir-birinin ardınca Qarabağla, Azərbaycanla bağlı bəyanatlarının ardınca, Ağrı dağının Ermənistana yox, Türkiyəyə məxsus olduğunu söyləməsi də maraqlı məqamdır. Böyük bir açılım elan edib, qonşulara qarşı ərazi iddialarından imtina ilə bağlı. Amma bu, bir faktdır ki, ərazi iddiaları yalnız sözdə elan olunmayıb, Ermənistanın gerbində Ağrı dağının şəkli əks olunub, dəyişdirilməlidir! Paşinyan deyirsə ki, Ermənistanın ərazisində Alagöz dağıdır, Ağrı Türkiyədədir, onda bunu rəsmən isbatlasın, gerbindəki dağın əksini dəyişdirsin! Düzdür, adını idbarcasına dəyişdirib Araqats qoyduqları Alagöz dağının da Ermənistana və ermənilərə aidiyyatı yoxdur, amma hər halda bugünkü xəritələrə əsasən, güzəştə getmək olar. Yaxud Ermənistan Konstitusiyasında Türkiyənin 6 vilayətinə iddia əksini tapıb, məsələ sözlə, bəyanatla həllini tapası deyil, ermənilər ümumxalq referendumuna gedib, qonşu ölkələrə qarşı iddialarından əl çəkməlidirlər!

Ar-da.jpg (144 KB)

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, “Baş nazirin Qarabağla bağlı təkliflərini dəstəkləyirəm”. Simonyan təkcə son aylarda gah Səmərqənddə, gah Bəhreyndə, gah da elə İrəvanda Azərbaycana qarşı sərsəm bəyanatlarla çıxışlar edir, Azərbaycanın Laçın yoluna burnunu xosmağa çalışır, iftiralar söyləyir. Elə Simonyan dedi, biz də inandıq. Bir də ki, hələ parlament sədri kimi onun üzərinə düşən işlər var, gəlişigözəl sözlər deməklə iş bitmir. Azərbaycanın yuxarı Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi barədə Ermənistan Ali Sovetinin 1988-90-cı illərdə qəbul etdiyi bir sıra qərarlar var. Ermənistan parlamenti xüsusi iclas çağırmalı, Paşinyanın da iştirakı ilə həmin qərarların ləğvi barədə mövqeyini rəsmiləşdirməli, heç bir ölkəyə, o cümlədən Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarının olmadığını, olmayacağını bəyan etməli, bu qərarın ilk nüsxələrini Bakı və Ankaraya yollamalıdırlar! Əks təqdirdə, biz nağılları çox eşitmişik!

Məncə, Ermənistan rəhbərliyinin bir-birinin ardınca “sülh göyərçinləri” uçurmağa başlaması bir tərəfdən Azərbaycanın hər an növbəti sarsıdıcı zərbələr endirə biləcəyindən irəli gəlir. Nədən ki, son zamanlar xüsusən Zod istiqamətindən təxribatlar davamlı xarakter aldı və Azərbaycan həm diplomatik, həm hərbi müstəvidə kəskin reaksiyalar verdi və Paşinyan Prezident Əliyevin zarafat etmədiyini xatırladı növbəti dəfə. Eyni zamanda Ermənistanda bir gözlənti var idi: Türkiyənin başına onların arzuladığı lider gələcək və yenidən köhnə əyyamlara qayıtmaq imkanı əldə edəcəklər. Amma gördülər ki, yox, Prezident Rəcəb Tayyib Ərdoğan yoluna davam edəcək, üstəlik Ankara Paşinyanın təyyarəsinə belə, hava məkanını başlayıb, o halda Ağrı dağından “endi”.

Lakin qeyd etdiyimiz kimi, bütün bunlar sözdür. Gərək ki, müdriklərdən birinin deyimidir: türkün sözünə, ingilisin imzasına inan, ermənininsə nə sözünə, nə imzasına etibar etmə! Hazırda Nikol Paşinyan sözünün “ağa”sı olduğunu sübuta yetirməlidir. Cəsarətini sonadək sərgiləsə, Nobel Sülh Mükafatına da sahiblənmək şansı qazanar. Yox, əgər Ter-Petrosyanın taleyini xatırlayıb, revanşistlərin təhdidlərindən çəkinsə, nə bölgədə sülh olacaq, nə də Nobel. Eyni zamanda Qarabağ ermənilərinin hüquqları söhbətinə - Azərbaycan öz vətəndaşlarının hüquqlarını kimsə ilə müzakirə etməyəcək - Kərki və Qazaxın kəndləri ilə bağlı sayıqlamalara da son verməyin zamanıdır. Həmçinin Qarabağdakı 10 minlik terrorçu ordunu çəkib aparmasa, sonra onların bir çoxu “itkin” sayıla bilər…Gerisayım başlayıb, Nikol Paşinyan!

 PASASOY.jpg (48 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR