İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağdam-Xankəndi yolu ermənilər üçün “xilas yolu”dur - mənasız dirəniş...

1614 06.09.2023 11:38 Gündəm A A

Sülhməramlı kontingentin müvəqqəti nəzarətində olan ərazilərdəki ermənilər məlum davranışları ilə ötən bir həftə ərzində heç də acından ölmədiklərini sübut etməklə yanaşı, hay-küyləri yalnızca separatçı düşüncələrindən daşınmaq istəməmələrinin isbatı oldu. Azərbaycan vətəndaş olan ermənilərin inteqrasiyası üçün bütün mümkün addımları atır, ermənilər isə bütün xoş məramları geriyə çevirir, təxribatlara əl atır.

Bir həftədir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Ağdam-Xankəndi yolu ilə ermənilərə yardım aparıb, ancaq ermənilər bunu qəbul etmir. Əslində bununla onların “Laçın yolu açılsın” iddiaları da faş olur. Əgər söhbət ərzaq təminatından gedirsə, bunun üçün Ağdam-Xankəndi marşrutu daha əlverişlidir. Avropa İttifaqı bu yolun işə salınmasını dəstəkləyib, Rusiya buna qarşı deyil, Amerika da dolayısı ilə buna etiraz etmir. Ancaq Xankəndidəki oyuncaq rejimin, qruplaşmaların girovu olan ermənilər onlar üçün xilas yolu olan Ağdam-Xankəndi yolunun açılmasını, reinteqrasiya üçün ən vacib məsələnin reallaşmasını istəmirlər. Təkcə bu deyil, ümumiyyətlə, onların son bəyanatlarından belə anlaşılır ki, radikal mövqedədirlər, qanunsuz silahlı dəstələrin bölgədən rədd edilməsi niyyətləri də yoxdur. İndi iki sual var: Ermənilər bilir ki, gec-tez Azərbaycan bütün ərazilərdə öz suverenliyini bərpa edəcək. Bəs elə isə onların indiki bu dirənişinin səbəbi nədir? Nəyə nail olmaq istəyirlər? İkinci sual, Azərbaycan bu durumda hansı addımları atmalıdır və planda nələr var?

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

Asim Mollazadə: “Vardanyanın əsas məqsədi odur ki...”

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a bildirdi ki, bu proseslərdə ermənilərin bir neçə məqsədi var: “İlk növbədə, sülh danışıqlarını pozmaq niyyətləri var. Praqada, Brüsseldə, Vaşinqtonda əldə edilən razılıqları ləğv etmək istəyirlər. Bu da bir neçə qrup tərəfindən həyata keçirilir. Xaricdə olan radikal erməni diasporu faciə istəyir. Bu istiqamətdə də Qarabağda yaşayan erməniləri qurban kimi qabağa vermək istəyirlər. Bununla yanaşı, Qarabağa göndərilən Vardanyanın əsas məqsədi Qarabağ deyil. Onlar vəziyyəti gərginləşdirməklə istəyirlər ki, Ermənistanda hakimiyyəti ələ keçirsinlər. Bunun üçün də onlara Qarabağ bölgəsində faciə lazımdır. Gərginlik artandan sonra onlar İrəvanda yürüş keçirəcəklər və hakimiyyəti ələ keçirməyə cəhd edəcəklər. Burada bir məqsəd də var. Xarici ölkələrə xidmət edən radikallar, hərbi cinayətkarlar istəyirlər ki, Rusiya silahlı qüvvələri, yəni sülhməramlılar Qarabağ bölgəsini tərk etməsinlər. Onun üçün də gərginliyi artıraraq, rus qoşunlarını saxlamağa indidən cəhd edirlər. Bir sözlə, bir neçə məqsədləri var. Bu məqsədlərə də nail olmaq üçün gərginlik, qurbanların sayını artırmaq lazımdır, qarşıdurmalar artmalıdır. Həm sərhəddə, həm də Qarabağda silahlı toqquşmalara nail olmaq istəyirlər”.

Əhəd Məmmədli: “Rusiya bataqlığa tam batsa, bu ehtimal yaranar”

Əhəd Məmmədli: “Hələ də inanırlar ki, Putin Rusiyası öz maraqları naminə erməniləri qoruyacaq”

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli Xankəndisiz Azərbaycanın heç bir halda maraqlarımıza uyğun olmadığını bildirdi: “Dirənişlərinin səbəbi ilk öncə rus sülhməramlılarıdır. Ermənilər ruslara güvənirlər, əks halda, biz 2020-ci ildə bütün məsələləri həll etmişdik. İkinci güvəncləri hələ də inanırlar ki, xristian dünyası sonda onları qoruyacaq. Əsasən Fransa və ABŞ-a güvənirlər. Daha doğrusu, bu ölkələrdəki güclü erməni lobbisinə güvənirlər. Üstəlik, hələ də inanırlar ki, Putin Rusiyası öz maraqları naminə erməniləri qoruyacaq. Ermənistandakı müxalifət də Qarabağ ermənilərinin Azərbaycana qarşı müttəfiqləridir. Xankəndində hələ də ümid var ki, Qarabağ klanı Ermənistanda yenidən hakimiyyətə gələcək. Daha bunlar anlamırlar ki, belə olası halda nəinki Xankəndi, İrəvanın sonunu belə Bakı gətirə bilər. Ermənistan Azərbaycanla yeni irimiqyaslı müharibəyə dözməyəcək. Ermənistan və Qarabağ erməniləri vaxt uzadıb, özlərinə gəlib, silahlanıb revanş almaq istəyirlər. Zatən İran ərazisindən Ermənistan silahlanmaqda davam edir. Ermənistanı təkcə Rusiya deyil, bu, keçmişdə qaldı, indi Hindistan silahlandırır, üstəlik, Fransadan da siyasi dəstək alırlar. Azərbaycana gəldikdə isə atılası bir addım var, o da bu ilin sonuna qədər antiterror əməliyyatı keçirib rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazini yurisdiksiyamıza qaytarmaqdır. Bunu gecikmədən ilin sonuna qədər etməliyik. Çünki sonra bizim rus hərbçilərini ərazimizdən çıxartmaq çox çətin olacaq. Rus sülhməramlılarının vaxtının sonuna qədər Xankəndidə Azərbaycan bayrağı dalğalanmalıdır. Düzdür, əvvəlki status-kvo yoxdur, amma yeni status-kvo yarana bilər. Xankəndisiz Azərbaycan bu yeni status-kvoda qətiyyən bizim maraqlarımıza cavab vermir. Xankəndisiz Azərbaycanı ermənilər, ruslar, fransızlar amerikalılar istəyir. Ona görə də Xankəndi və ətrafını de-fakto bu il özümüzə qatmalıyıq”.

Asif Nərimanlı yazır...

Asif Nərimanlı: “Separatçılar dirəniş göstərməklə öz çəkilərini artırır və...”

Siyasi analitik Asif Nərimanlı isə qeyd etdi ki, Qarabağdakı separatçıların dirənişi iki mümkün yolla bağlıdır: “Onlar iki ssenaridən birinin baş tutacağını düşünürlər. Birincisi, hələ də beynəlxalq müstəvidə Bakıya qarşı təzyiqə və nəticədə Laçın yolunun açılmasına nail ola biləcəklərinə ümid edirlər. BMT Təhlükəsizlik Şurasının son iclasında buna nail ola bilmədilər, lakin sonra Fransanın aktiv şəkildə prosesə müdaxiləsindən ümidləndilər. Fransanın BMT TŞ-yə Azərbaycana qarşı qətnamə təqdim edəcəyi xəbərləri var, o cümlədən Fransa TIR-larının sərhəddəki "yardım şousu"na qoşulması onları ümidləndirdi. Laçın yolu məsələsi Fransa üçün Cənubi Qafqazdakı siyasi oyunlarının açar nöqtələrindən birinə çevrilib. İstisna deyil ki, rəsmi Paris separatçılara müqavimət göstərəcəkləri təqdirdə, nəticə əldə edə biləcəklərinə dair vədlər verib. İkincisi, separatçılar Bakı ilə danışıqlar masasında “tərəf” kimi əyləşmək istəyirlər. Proseslərin inkişafı Fransanın istəyinə nail ola biləcəyi ehtimalını sıfırlayır, bunu erməni separatçıları da anlayırlar və bilirlər ki, Ağdam yolunun açılması qaçılmazdır. Təkcə Qarabağda onların iddia etdikləri vəziyyətin stabilləşməsi üçün yox, həm də bu Rusiyanın istəməsinə görə olmalıdır. Rusiya Laçın yolunun yüklər üçün açlmasını istəyir, çünki mövcud vəziyyət Fransanın timsalında kənar oyunçuların bölgəyə girişinə şərait yaradır. Lakin Moskvada anlayırlar ki, Bakının mövqeyi nəzərə alınmadan bu mümkün deyil. Buna görə Ağdam-Xankəndi yoluna paralel olaraq Laçın yolunun açılmasını irəli sürüblər. Ağdam yolundan yüklərin daşınması Qarabağdakı erməni əhalisi ilə Bakının təmaslarını da vacib edir. Separatçılar dirəniş göstərməklə öz çəkilərini artırır və belə təmaslarda erməni əhalisinin “təmsilçisi” adı altında iştirak etmək, bununla de-fakto “tərəfə” çevrilmək istəyirlər. Bu, Rusiyanın da istəyindən irəli gəlir. Azərbaycan ilk növbədə öz mövqeyindən geri çəkilməməlidir. Bunun da belə davam edəcəyi aydın görünür. Yəni Ağdam-Xankəndi yolu mütləq açılmalı, buna paralel olaraq, Laçın yolu da yüklər üçün açılsa da, tədricən əsas marşrut məhz Ağdam yolu olmalıdır. Bu mövqe dəyişmədiyi müddətdə nə separatçılar, nə də onları dəstəkləyən qüvvələr vəziyyəti dəyişə bilməyəcək. Digər tərəfdən, erməni əhalisinin separatçılar tərəfindən girov saxlanıldığı və onlara yardımın çatdırılmasına məhz qondarma qüvvələrin imkan vermədiyi faktını beynəlxalq müstəvidə daha geniş şəkildə gündəmə gətirməli, bununla bağlı faktları beynəlxalq qurumlara təqdim etməlidir. Bunun nəticəyə təsiri ehtimalı az olsa da, Bakının erməni əhalisinin qorunması məqsədilə separatçılara qarşı praktiki müstəvidə addımlarının legitimləşməsi baxımından lazımdır. Buna paralel olaraq, separatçıların hərbi mövqeləri legitim hədəfimizdir, fikrimcə, bu hədəflərin zərərsizləşdirilməsi istiqamətində də addımlar atılması onların dirənişinin zəifləməsi üçün əhəmiyyətli ola bilər".

Cavanşir ABBASLI,

“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR