ABŞ-ın rəsmi dairələri Hörmüz boğazından keçən beynəlxalq gəmilərdən hər hansı bir ölkənin rüsum və ya ödəniş tələb etmək cəhdlərinə qarşı kəskin etirazını bildirib və bu addımın qlobal xaosla nəticələnəcəyini bəyan edib.
Musavat.com xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio Hörmüz boğazının statusu ilə bağlı danışarkən beynəlxalq su yollarının heç bir dövlətin şəxsi mülkiyyəti olmadığını xüsusi vurğulayıb. Rubio bu məsələnin müasir dünya düzəninin fundamental prinsipi olduğunu qeyd edərək deyib: "Beynəlxalq su yolları heç bir dövlətə məxsus deyil. Əgər biz beynəlxalq dəniz marşrutunun sadəcə hansısa ölkənin ərazi sularına yaxın yerləşdiyinə görə pullu edilməsi ilə razılaşsaq, bu praktika bütün dünyaya yoluxucu bir xəstəlik kimi yayılacaq".
Dövlət katibi xəbərdarlıq edib ki, əgər bir və ya bir neçə ölkə belə strateji boğazlardan keçid haqqı yığmağa başlasa, dünyanın digər su yollarına yaxın yerləşən ölkələri də eyni addımı atacaq və bu, qlobal ticarətdə tam bir anarxiya yaradacaq. Rubionun sözlərinə görə, bu tələbi "keçid haqqı", "yığım" və ya başqa adla adlandırmaq sadəcə söz oyunudur və heç bir hüquqi əsası yoxdur: "Dünyanın heç bir ölkəsi beynəlxalq su yollarından istifadəyə görə haqq tələb edə bilməz. Bu, heç bir sazişin və sövdələşmənin şərti ola bilməz və rəsmi Vaşinqton tərəfindən qətiyyən qəbul edilməyəcək. Prezident Tramp bunu tam aydın şəkildə bəyan edib".
Musavat.com






