İnsanlara hürriyət, millətlərə istiqlal!

Adımı dəyişdirəcəyəm

2206 23.03.2022 22:54 Yazarlar A A

Yaxud Rusiyanın “adımı sənə qoyum, səni də yana-yana” siyasəti

Gəmi batanda onu birinci siçovullar tərk eləyir, əgər Anatoli Çubaysın Putini atıb xaricə qaçması xəbəri doğrudursa, deməli şimal qonşumuzun işləri əməllicə yaşdır.

Rusiyanın iqtisadi problemləri tragikomik şəkil almağa başlayıb. Dünən internetdə bir elanın fotosu vardı: hansısa çoxmənzilli binada bloka vurublar ki, sakinlərdən xahiş edirik öz mobil nömrələrini filan nömrəyə göndərsinlər, elektrik qəbzini elektron yollamaq imkanımız olsun. Sən demə həmin ödəmələri çap etmək üçün kağızlar qəhətə çəkilib. Dükanlarda çek qəbzləri vurmaq üçün kağız lentlər də tapılmır. Bunların hamısını xaricdən alırmışlar, embarqo üzündən problem yaranıb. Hələ bu harasıdır, şəxsən mən meşələrə bürünmüş Rusiyada A4 formatlı kağız böhranı yaranacağını ağlımın ucuna gətirməzdim. Sən demə o kağızları ağartmaq üçün işlənən məhlulu da ruslar idxal edirmiş. İndi kağız çıxır, ancaq boz-bulanıq şəkildə. Onun da üstündə nə çap edəsən? İşğalın rəmzinə çevrilən “Z” hərfinimi?

Sözgəlişi, deyəsən gül kimi hərf də bu davanın zibilinə düşəcək, belə getsə svastika kimi qadağan olunacaq. Halbuki, nasistlər svastikanı işlədənə qədər min illər boyu bu işarə bir çox xalqların müqəddəs simvollarından sayılırdı. Hindistanda, qədim türklərdə... Svastika kainatın hərəkətinin, odun, həyatverici alovun fırlanmasının rəmziydi. Hitlerin əliylə məhv oldu getdi. Başa düşürəm, zarafat yeri deyil, ancaq belə getsə mən məcbur olub adımın birinci hərfindən imtina eləməli olacağam, adımı Amin qoyacağam. Həm də tam müsəlmançılıq yaranar.

Nasizmdən söz açılmışkən, bir məsələyə münasibətimi bildirmək istəyirəm. Rusiya guya Ukraynanı “denasifikasiya” – nasizmdən təmizləmək elədiyini söyləyir, dinc şəhərlərə bomba yağdırmasını bununla “əsaslandırır”. O qədər boş söhbətdir ki... Ukraynada olmuş hər kəs bilir, bəlkə dünyanın ən tolerant, bütün xalqlara eyni gözlə baxan ərazilərindən birincisidir. Rusiyadakı skinxed hərəkatı, nasional-bolşevizm, faşizmin cürbəcür təzahürləri də Ukraynada yaşanmayıb. Hətta etnik ruslar belə Rusiyanın işğalına qarşı çıxır, azadlığı seçir, tiranın hakimiyyəti altında yaşamaq istəmir. Ancaq Rusiyanı bu motivlə bağlı tənqid edənlərin əsas arqumentinin “Zelenski yəhudidir, yəhudinin prezident olduğu dövləti nasizmdə suçlamaq absurddur” olması, məncə çox yersiz, işğalçıya dolayısı ilə haqq qazandıran arqumentdir. Sanki iddia edilir ki, əgər Zelenski yəhudi olmasaymış, Ukraynada nasizm yayılarmış. Yaxud, “hansı dövlətin başçısı yəhudi deyilsə, Putin oranı bombalamaq haqqı qazanır”.

Üstəlik, “yəhudi nasist, faşist ola bilməz” arqumenti Hitler Almaniyasında puça çıxarılıb. Nasist aviasiyasının komandiri, Hitlerdən sonra partiyada 2-ci adam sayılan German Gerinqin müavini, general feldmarşal Erhard Milhin atası yəhudi idi. Nasizm nəzəriyyəsinə görə Milh reyxdə heç bir vəzifə tuta bilməzdi, lakin Gerinq və Hitler Milhin bilik və bacarıqlarını yüksək qiymətləndirdikləri üçün onun milli mənsubiyyətini görməzliyə vurmuşdular. Gerinq ona irad tutanlara belə demişdi: “Burda kimin yəhudi olduğuna mən qərar verirəm”. Ancaq sonralar yəhudi soyqırımı şiddətlənəndə Milhin bioqrafiyasını gülünc şəkildə dəyişdirmiş, belə yazmışdılar ki, guya onun əsl atası bir alman baron olub, anası ilə qeyri-qanuni əlaqəyə girib və Milh doğulub. Gerinq bu mövzuda zarafat edibmiş: “Adamın atasını dəyişmişik, heç olmasa onu aristokratlardan qoyaq” (baron tituluna işarə). Gestaponun rəisi Geydrix-in, Hitlerin vəkili, nasistlərin məşhur hüquqşünası və Polşanın qubernatoru işləmiş, Nürnberq prosesində haqqında ölüm hökmü çıxarılan Hans Frankın da yəhudi əsilli olması haqda faktlar var.

Mən özüm bir yanlış rəyimi etiraf etmək istəyirəm. Həmişə ukraynalılar və rusların çox yaxın xalqlar olmasını zənn edirdim. Anadolu türkləri və Azərbaycan türkləri qədər. Bu haqda yazmışdım da. Putin də çox zaman “biz ruslar və ukrainlər eyni xalqıq” deir. Ancaq son bir ayda çoxlu ukraynalı nitqi dinləyərək bu qərara gəldim ki, bu iki xalq bir-birindən çox fərqlənir. Mən rusca bilirəm, ancaq ukraynalılar danışanda heç nə anlamıram. Halbuki, bir türkiyəli danışanda azərbaycanlıların hamısı başa düşür. Polşanın eks-prezidenti Kvasnevski də bir intervüsündə bu qənaətimi təsdiqlədi. Deyir Kuçma prezident olanda Kiyevə səfərə gəlmişdim, Putin də ordaydı, tədbir Ukrayna dilində keçirilirdi. Orda Putin Kvasnevskidən soruşub ki, söhbətin neçə faizini anlayır, “90 faiz” cavabını alıb. Putin deyib mən cəmi 30 faiz başa düşdüm.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR