Azay Quliyev 55 yaşında Musavat.com-a sensasion açıqlamalar verdi
Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının Büro üzvü, komitə sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Azay Quliyevin 55 yaşı tamam oldu. Azay Quliyev 1971-ci ilin 23 iyununda Qərbi Azərbaycanın (Ermənistan) Zəngəzur mahalının Qarakilsə rayonunda, Vağudi kəndində anadan olub. Onunla yubiley söhbəti etmək istəyirdik, amma söz-sözü çəkdi və ümummilli, ümumdövlət əhəmiyyətli məsələlərlə bağlı çox faydalı və qiymətli açıqlamalar ərsəyə gəldi.
Müsahibəni təqdim edirik:
- Azay bəy, yubiley yaşınızı təbrik edərkən reaksiyanızdan belə anlaşıldı ki, deyəsən doğum gününüz yadınızdan çıxmışdı...
- (Gülərək) Yox, yadımdadır, qoşa rəqəm olduğuna görə. Amma xüsusi qeyd etməyəcəyəm. Mən ümumiyyətlə, özümə münasibətdə çox laqeyd yanaşıram, çox önəm vermirəm. Bilmirəm, bu yaxşıdır, ya pisdir. Amma çox önəm vermirəm. Sizin kimi dostlar zəng edib təbrik edəndə artıq hiss edirəm ki, hə, mənim 55 yaşım var. Yaşın məsuliyyətini daha çox hiss edirəm. Xüsusi bir plan yoxdur. Elə ailə-uşaqla birlikdə qeyd edəcəyik, vəssalam. Xüsusi tədbir nəzərdə tutulmayıb.

- İnşallah, qarşıdakı dövrdə tədbirlər, səfərlər və digər fəaliyyətlər gözləniləndir yəqin...Parlamentin fəaliyyəti də davam edir.
- Bəli, iyulun 3-ü ATƏT PA-nın sessiyasına gedirik.
- Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı hansısa yeni “sürpriz” gözlənilirmi?
- Yox. 33 ildə ilk dəfədir ki, Azərbaycanla bağlı ATƏT PA-nın sessiyasında bütün istinadları, bəndləri və paraqrafları çıxartdıq. Hazırda sənədlərdə Azərbaycanla bağlı hər hansı bənd yoxdur. Ayın 25-dən sonra dəqiq məlum olacaq ki, hansı dəyişikliklər edilib. Amma indiki məlumata görə, hər hansı xüsusi bənd nəzərdə tutulmayıb. İndi bir tərəfdən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı var, digər tərəfdən isə müxtəlif beynəlxalq təşkilatların fəaliyyəti müşahidə olunur. Amma ATƏT PA-da hələ ki, bir problem yoxdur.
- AŞPA-nın növbəti sessiyasında hansısa yeni qərarlar gözlənilirmi?
- AŞPA artıq özünü yandıra-yandıra gedir. Getdikcə özü bataqlığa girir. AŞPA artıq çox böyük bir yanlışlığa yol verdi. Xüsusilə də son qərar, Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı və Avropa Şurasının birbaşa qurumu kimi mövqeyi, yəqin ki, diqqətinizdən yayınmayıb. Bu qərar haqlı olaraq dövlətimiz tərəfindən çox mənfi qarşılandı. Sizin də bir yazınız oldu, oxudum, yaxşı yazı idi.

- Təşəkkür edirəm, Azay bəy. Sizcə, Azərbaycana münasibətdə niyə belə davranırlar? Nəyə görə terrorçulara və işğalçılara bu qədər himayədarlıq göstərirlər? Bunun izahı nədir? Bəlkə biz də müəyyən məsələlərdə kifayət qədər fəal deyilik, zəruri addımları atmırıq, haqlı ikən haqsız duruma düşürük? Bəlkə Ermənistanın törətdiyi cinayətlərlə bağlı faktları daha sistemli şəkildə gündəmə gətirmirik ki, onlar bu faktlar qarşısında mövqe bildirməyə məcbur olsunlar və Ermənistana münasibətdə qərarlar qəbul edilsin?
- Bu, çox maraqlı yanaşmadır və kifayət qədər legitim narahatlıqdır. Əslində, biz paraflanmış sülh sazişinin mətninə - baxmayaraq ki, qüvvəyə minməyib - sadiqlik nümayiş etdirmişik hələ ki... Həmin sənəddə tərəflərin beynəlxalq təşkilatlarda və məhkəmələrdə bir-birinə qarşı yeni iddialar qaldırmaması ilə bağlı müddəa da var. Düzdür, söhbət 2016-cı ilin hadisələri ilə bağlı, yəni sülh sənədinin paraflanmasından əvvəllər qaldırılmış iddiadan gedir. Buna baxmayaraq, mənim subyektiv fikrimdir ki, biz bu prosesləri diqqətlə izləməliyik və izləyirik də. Əgər belə hallar davam edərsə, onda siz demişkən, bizim də əlimizdə kifayət qədər arqumentlərimiz var ki, Ermənistanı bir dövlət kimi məhkəməyə verək. Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə cinayətləri, iqtisadi cinayətlər və digər qanunsuz əməllərlə bağlı kifayət qədər hüquqi əsaslarımız var. Biz Azərbaycana vurulmuş ziyana görə təzminat tələb edə bilərik. Bu zərərin həcmi ən azı 150 milyard dollar olaraq qiymətləndirilir. Hələlik isə biz bu məsələdə strateji səbr nümayiş etdiririk və gözləmə mövqeyindəyik. Qarşıda çox hadisələr gözlənilir və Ermənistandakı proseslərin hansı istiqamətdə inkişaf edəcəyini müşahidə edirik. Lakin bu imkan bizim əlimizdə olan hüquqi vasitələrdən biridir. Cənab Prezident hələ 3-4 il bundan əvvəl demişdi ki, məhkəmə prosesinə hazırlıq işlərinə artıq başlanılıb. Əlimizdə kifayət qədər qovluqlar, sübutlar, sənədlər və hüquqi əsaslar var. Bunlar məhkəmədə Azərbaycanın mövqeyini müdafiə etməyə imkan verəcək materiallardır. Əgər bu proseslər davam etsə, əminəm ki, həmin hüquqi alətlərdən eyni şəkildə istifadə ediləcək.
- Belə görünür ki, ermənilər bu dəfə də sınaqdan keçə bilmədilər. Nəinki Ermənistanın revanşist dairələri, müxalifət nümayəndələri, hətta bəzi rəsmi şəxslər də Avropaya səfərləri zamanı Azərbaycanda mühakimə olunan separatçı liderlərlə bağlı müxtəlif iddialar səsləndirirlər. Həmçinin AŞPA və digər beynəlxalq platformaların dili ilə Azərbaycana qarşı Qarabağdan könüllü getmiş ermənilər barədə “qovulmuş” obrazı yaratmağa çalışırlar. Sanki gələcəkdə Azərbaycana qarşı yeni təzyiqlər üçün hüquqi baza formalaşdırırlar. Bu mənada Azərbaycanın daha ayıq-sayıq olması gözləniləndir. Dövlət başçısı da qeyd etmişdi ki, arxayınlaşmaq olmaz. Üstəlik, Qarabağın bərpasına artıq 30 milyarda yaxın vəsait xərclənib, yeni yaşayış məntəqələri salınıb, geniş infrastruktur layihələri həyata keçirilib. Bu fakt da onu göstərir ki, Ermənistanın Azərbaycana vurduğu ziyanın həcmi 150 milyard dollardan dəfələrlə çox ola bilər, elə deyilmi?
- Bəli, əlbəttə. Sualın birinci hissəsinə gəldikdə, Ermənistana münasibətdə arxayın olmaq olmaz. Tarix bunu bizə dəfələrlə diktə edib. Biz artıq lazımi nəticələri çıxarmışıq və dövlət başçısı da bununla bağlı öz mövqeyini dəfələrlə ifadə edib. Paradoks ondadır ki, Ermənistan bir tərəfdən sülhdən və barışıqdan danışır, digər tərəfdən isə bu sülh prosesinə mane olan, gərginliyi artıran müxtəlif beynəlxalq qurumların, AŞPA, AP kimi lazımsız qurumların qətnamələrinə münasibət bildirməkdən yayınır. İndiyə qədər bunu müəyyən qədər seçki prosesi ilə əlaqələndirmək olardı. Düşünmək olardı ki, seçki dövründə Ermənistan rəhbərliyi bu məsələlərə açıq münasibət bildirmək istəmir. Amma artıq həmin mərhələ başa çatıb.

Mən tam razıyam ki, bundan sonra Ermənistandan daha aydın mövqe tələb edilməlidir. Yəni təkcə bəyanatlar vermək kifayət deyil. Eyni zamanda beynəlxalq təşkilatların sülh prosesinə zərbə vuran qərar və bəyanatlarına da açıq münasibət bildirilməlidir. Yalnız bu halda onların səmimiyyətinə müəyyən qədər inanmaq olar. Əks halda belə bir fikir daha da güclənəcək ki, Ermənistan bir tərəfdən sülhdən danışır, digər tərəfdən isə dolayısı ilə müxtəlif beynəlxalq təşkilatları Azərbaycana qarşı fəallaşdırmağa çalışır, “hərbi əsir” adlandırdıqları müharibə canilərinin azad edilməsi, Qarabağ ermənilərinin qaytarılması kimi cəfəng xülyalarla, müxtəlif bəhanələrlə ölkəmizə təzyiq göstərilməsinə şərait yaradır. Bu isə sülh gündəliyinə və sülh ovqatına tamamilə ziddir. Ona görə də Ermənistanın konkret mövqeyini açıq şəkildə ortaya qoyması tələb edilməlidir. Bu, paralel getməlidir. Yoxsa biz bir tərəfdən özümüzü tam olaraq sülhə hazırlayırıq, amma digər tərəfdən ermənilərin diasporası, Ermənistan hökumətinin dolayı dəstəyi, xarici qüvvələrin maliyyə yardımı və müxtəlif fəaliyyətləri ilə ölkəmizə qarşı əsassız hücumlar davam edir. Buna da sonsuzadək dözmək olmaz. Hesab edirəm ki, müəyyən mərhələdən sonra Ermənistan öz mövqeyinə aydınlıq gətirməlidir.
Vurulan ziyanın məbləğinə gəldikdə, mən qeyd etdim, paraflanmış sülh sazişində bununla bağlı müvafiq maddə mövcuddur. Həmin maddəyə əsasən, tərəflər bir-birinə qarşı beynəlxalq məhkəmələrdə iddia qaldırmamaq barədə razılığa gəliblər. Bu baxımdan biz beynəlxalq aləmin məsuliyyətli subyekti olaraq üzərimizə düşən öhdəliklərə əməl edirik və düşünürəm ki, həmin maddə Ermənistan tərəfindən pozulmadığı müddətdə buna riayət edəcəyik. Ona görə də burada bizim mövqeyimiz aydındır. Amma qeyd etdiyim kimi, hər bir istiqamət üzrə hazırlıqlar görülüb. Bildiyim qədərilə, artıq beynəlxalq təşkilatlarla, xarici hüquq şirkətləri ilə də müvafiq iş aparılıb və biz istənilən vaxt rəsmi şəkildə bu iddiaları qaldıra bilərik. Yeri gəlmişkən, bəzi iddialar da artıq qaldırılıb. Sadəcə, mən bu prosesin birbaşa iştirakçısı deyiləm. Amma belə ehtimal edirəm ki, həmin işlərin icrası və ya məhkəmə mübahisələrinin davam etdirilməsi müvəqqəti olaraq dayandırılıb. Bu da mövcud vəziyyətlə bağlıdır. Əgər vəziyyət dəyişərsə, biz mütləq şəkildə beynəlxalq alətlərdən istifadə etməliyik və yəqin ki, edəcəyik. Əgər bizə qarşı bu cür addımlar davam edərsə...

- Azay bəy, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ukraynanın bərpası və digər məsələlərlə bağlı Polşada keçirilən tədbirdə iştirak edir. Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, həmin əraziləri viran qoymuş bir ölkənin belə tədbirlərdə iştirakı qəribə görünür. Əvvəlcə Azərbaycanın üzləşdiyi zərərin etirafı və bununla bağlı məsuliyyət məsələsi gündəmə gəlməli deyilmi?
- Bəli, bu da paradoksdur. Həqiqətən də, keçmiş işğalçı ölkənin nümayəndəsinin Azərbaycanın böyük bir ərazisinin dağıdılmasında, maddi sərvətlərinin talan edilməsində, ərazilərin minalanmasında iştirak etmiş bir dövlətin təmsilçisinin Ukraynanın bərpasına həsr olunmuş tədbirdə iştirak etməsi ən azı qeyri-ciddi səslənir. Adama deyərlər ki, əvvəlcə güzgüdə özünə, öz keçmişinə bax, sonra başqalarına tövsiyə ver! Onların ümumiyyətlə, bu mövzuda danışmağa mənəvi haqqı yoxdur. Amma təəssüf ki, dünyada belə ziddiyyətlər çoxdur. Bu da XXI əsrin növbəti paradokslarından biridir.
- Eyni zamanda başqa bir ziddiyyət də var. Ermənistanda əsirlər, itkin düşmüş və girov götürülmüş şəxslərlə bağlı komissiyanın iclası keçirilib. Azərbaycanın 4 minə yaxın itkin vətəndaşının taleyi barədə məlumat verməyən bir ölkə bu mövzunu vaxtaşırı gündəmə gətirir.
- Elə bir təsəvvür yaratmaq istəyirlər ki, Azərbaycanın məruz qaldığı bütün cinayətlər və faciələr sanki baş verməyib. Belə təəssürat yaratmağa çalışırlar ki, bu cinayətlər onların özünə qarşı olub və özlərini “zərərçəkmiş” kimi təqdim etməyə, beynəlxalq ictimaiyyətin rəğbətini qazanmağa çalışırlar. Dediyiniz kimi, Ukraynanın bərpası ilə bağlı tədbirlərdə iştirak etmələri də, əsir və girovlarla bağlı məsələləri qabartmaları da eyni məqsədə xidmət edir. Bütün bunlar ciddi görünmür. Azərbaycanın Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası son illər bu istiqamətdə çox mühüm işlər aparır və beynəlxalq ictimaiyyətə ciddi faktlar təqdim edir. Gələn həftə də bununla bağlı komissiya beynəlxalq konfrans keçirəcək. Əminəm ki, sizin qeyd etdiyiniz sualların cavabı da həmin iclasda qəbul ediləcək qərarlarda və səsləndirilən bəyanatda öz əksini tapacaq. Əminəm ki, həm beynəlxalq parlament platformalarında, həm ikitərəfli, həm də çoxtərəfli təmaslarda bu məsələləri daim gündəmdə saxlayacağıq və dünya ictimaiyyətinin Ermənistan tərəfindən aldadılmasına imkan verməyəcəyik. Bu, birmənalıdır. Siz o istiqamətləri dəqiqliklə vurğulayırsınız. Çünki onların məqsədi beynəlxalq ictimai rəyi manipulyasiya etmək və öz cinayətlərini unutdurmaqdır. Lakin buna imkan vermək olmaz.
- Üstəlik, 44 günlük müharibədən sonra belə Azərbaycanın yüzlərlə mina qurbanı olduğu halda, Ermənistan işğal altındakı Talış kəndində öldürülmüş erməni zabitinin hüquqlarının müdafiəsi ilə bağlı Avropa Məhkəməsinin hökm elan etməsinə nail olub...
- Mən AİHM-in həmin qərarına da, hakimlərin tərkibinə baxdım, gətirdikləri “arqumentlər”lə tanış oldum. Həqiqətən də, bu, məhkəmə, hüququn aliliyi prinsipi adına ləkədir. Dəfələrlə orada “Dağlıq Qarabağ” ifadəsi işlədilib. Mən 2026-cı ilin 18 iyunda verilən qərardan danışıram. Bundan əlavə, Qarabağın hansısa “ombudsmanı”ndan və ya “prokuroru”ndan bəhs olunur ki, bunlar da gülməli ifadələrdir, hüquqi baxımdan əsassız yanaşmalardır. Digər tərəfdən, siz dediyiniz kimi, həmin dövrdə Azərbaycanın ərazisini işğal etmiş işğalçı qüvvələrin guya nəyəsə məruz qalmasından bəhs edilib. Halbuki ilk növbədə məhkəmə qərar verməli idi ki, iddianı rədd edirəm, çünki işğalçı ölkənin, işğalçı ordunun orada olması qanunsuzdur. İşğalçı qüvvələrin, işğalçı əsgərlərin və işğalçı dövlət nümayəndələrinin həmin ərazidə mövcudluğu beynəlxalq hüquqa zidd idi. Belə bir qanunsuz vəziyyətə “hüquqi don” geyindirmək və üstəlik, Azərbaycana qarşı iddia irəli sürmək, hətta kompensasiya tələb etmək tamamilə qəbuledilməzdir, nonsesdir!
- Azərbaycan həmin saxta hökmdəki cəriməni ödəməlidirmi?
- Qətiyyən! Azərbaycan belə bir qərəzli qərarı birmənalı şəkildə rədd edir. Təkcə rədd etmir, bunu Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik kimi qiymətləndirir. Bu, AİHM-in elan etdikləri prinsiplərə tamamilə zidd olan bir addımdır. Bu, hüquqi nihilizmdir, özbaşınalıqdır və biz bunu birmənalı şəkildə rədd edirik.
- Necə bilirsiniz, bu haqsızlığa cavab olaraq Avropa İnsan Hüquqları Məhkəməsinin qapısını ordakı ədalətsiz, sifarişlə işləyən hakimlərin üzünə çırpmaq məqamı çata bilərmi?
- Mən elə bunu demək istəyirdim. Cənab Prezidentin bununla bağlı açıqlaması olmuşdu və haqlı olaraq bildirmişdi ki, biz Avropa İnsan Hüquqları Məhkəməsinin hakimlərinin seçilməsində iştirak etməmişik və kimin necə seçildiyindən də xəbərimiz yoxdur. Əgər bir qurumun qərar verən orqanının nümayəndələrinin, hakimlərinin seçilməsində iştirak etməmişiksə, onların qəbul etdikləri qərarları hüquqi baxımdan tanımaq öhdəliyimiz yoxdur. Həmin qərarlara əməl etmək üçün üzərimizdə heç bir öhdəlik yaratmır və biz bunu rədd edirik. Düzdür, hazırda biz İnsan Hüquqları Məhkəməsinin yurisdiksiyasından çıxmamışıq, amma məncə, proseslər bu istiqamətdə gedir. Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırmışıq, qalır Avropa Şurasındakı fəaliyyətimiz. Yəqin ki, AİHM-in bu cür biabırçı qərarı da bizim bu addımımızı daha da sürətləndirə bilər.
- Daha bir Avropa qurumu korrupsiya və rüşvətə bulaşdı, deyə bilərikmi?
- Bəli. Burada söhbət təkcə korrupsiyaya və rüşvətə bulaşmış hakimlərdən və ya qərarlardan getmir. Bu, həm də həmin qurumların siyasi məsələlərdə nə qədər qərəzli, hüquqi məsələlərdə isə nə qədər siyasi motivli olduqlarını bir daha göstərdi. Biz buna adətən ikili standartlar deyirik, amma burada artıq iki standartdan da söhbət getmir. Burada müxtəlif yanaşmalar və çoxsaylı standartlar tətbiq olunur. Təəssüflər olsun ki, bu gün Avropanın hüquqi məkanı belə insanların təsiri altına düşüb. Hüququn aliliyi arxa plana keçib, onların siyasi, şəxsi və korrupsiya maraqları ön plana çıxıb. Belə qəbul olunan qərarların isə nə hörməti, nə də legitimliyi olur. Biz də bunu birmənalı şəkildə rədd edirik.
- Azay bəy, əslində, biz sizinlə yubiley söhbəti etməli idik. Amma milli maraqlar, dövlət mənafeləri üstün gəldi və söhbət bu istiqamətdə davam etdi, məncə, lazımlı, faydalı müzakirələr apardıq. Əminəm ki, 55 yaşınızda ən böyük arzularınızdan biri 38 ildir ziyarət edə bilmədiyiniz ünvanı – Qərbi Azərbaycandakı dəfn etdiyiniz mərhum atanızın məzarını ziyarət etməkdir. Bu da Azərbaycan vətəndaşına, azərbaycanlıya qarşı davam edən daha bir ədalətsizlikdir. Elə deyilmi?
- Bəli, çox doğrudur. Təəssüf ki, bu gün mənim ailəm kimi yüz minlərlə azərbaycanlı da mənəvi əzab-əziyyətlə qarş-qarşıyadır. 38 ildir ki, atam vəfat edib və biz onun məzarını ziyarət edə bilməmişik. Bu, əlbəttə ki, bizim üçün böyük mənəvi sarsıntıdır, daim ağrı verən bir hissdir. Amma biz, Azərbaycan vətəndaşı, bu dövlətə və millətə bağlı insanlar olaraq təsəllimizi onda tapırıq ki, nəhayət, işğal altında olan torpaqlarımızı azad etdik, şəhidlərimizin qisasını aldıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz Qarabağı tam olaraq bərpa edirik, quruculuq işləri aparırıq, keçmiş məcburi köçkünlərimizi doğma yurdlarına qaytarırıq. Eyni zamanda inamımızı da itirmirik ki, gün gələcək biz Qərbi Azərbaycana qayıdacağıq, Qarakilsəyə, Uruda və Vağudi kəndinə dönəcəyik, doğmalarımızın məzarlarını ziyarət edəcəyik. Orada bizim müqəddəs yerlərimiz, müqəddəs ocaqlarımız var, bu gün hamısı tapdaq altındadır. Amma ilahi ədalət gec-tez bərpa olunacaq. Beynəlxalq ədalətə isə mən güvənmirəm. Çünki beynəlxalq münasibətlərdə ədalətin necə işlədiyini gördük. Bu ədaləti Azərbaycan Ordusu, Azərbaycanın Müzəffər Ali Baş Komandanı təmin etdi. Mən əminəm ki, Allahın köməyi, Azərbaycan dövlətinin gücü və həyata keçirdiyi uğurlu siyasət nəticəsində digər hədəflərimizə də nail olacağıq. Buna çox inanıram. Allah ömür versin, inşallah, biz və övladlarımız həmin tarixi torpaqları, doğma ocaqları ziyarət edəcəyik və bu həsrətə birdəfəlik son qoyulacaq.
- İnşallah! Bir daha 55 illik yubileyiniz münasibətilə Sizi təbrik edir, sağlam ömür, uğurlar və dilə gətirdiyiniz arzularınıza nail olmağınızı arzulayırıq!
- Sağ olun, təşəkkür edirəm.

Elşad Paşasoy,
Musavat.com






