İnsanlara hürriyət, millətlərə istiqlal!

AÇ-24-ün son akkordları - VAR sistemi özünü doğrultdumu?

1273 10.07.2024 08:13 İdman A A

“Futbola ən böyük zərbə onda vurulacaq ki...”

Almaniyada təşkil olunan Futbol üzrə Avropa Çempionatı başa çatmaq üzrədir. Təəssüf ki, qardaş Türkiyə millisi qitənin ən güclü 4 komandası sırasına düşə bilmədi. Özünü türk sanan hər kəs “ay-ulduzlular”ın Hollandiya yığmasına məğlub olmasına üzülür. 

Artıq turnirin bir yarımfinal oyunu baş tutub. Fransa-İspaniya qarşılaşması keçirilib. Bu gün - iyulun 10-da isə ikinci finalçı məlum olacaq. İngiltərə Hollandiya yığmasının finala gedən yolunu kəsmək, adını finalçı kimi yazdırmaq niyyətindədir.

Məlumat üçün bildirək ki, UEFA Avro-2024-ün ən sürətli oyunçularının siyahısını açıqlayıb. QOL.az xəbər verir ki, yarımfinala qədər qitə birinciliyinin ən sürətli futbolçusu saatda 36,5 km-lə Fransa millisinin hücumçusu Kilian Mbappedir.

Siyahıda ikinci yeri İspaniya yığmasının üzvü Fernan Torres tutur (36 km/saat). Qitə birinciliyinin ən sürətli oyunçularının ilk üçlüyünü isə Sloveniya millisinin üzvü Benyamin Şeşko qapayır (35,9 km/saat).

Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo isə Avro-2024-də onu ən çox təəccübləndirən komandanın adını açıqlayıb. O, İspaniyanın ən sürpriz milli olduğunu deyib: “Avropa çempionatını ağıllı və peşəkar şəkildə izlədim. Portuqaliya hər dəfə qalib gələndə sevinirdim. Daha yaxşısını edə biləcəyinizi hiss etdiyiniz zaman həmişə məyusluq olur. Komandanın potensialı yüksəkdir. Portuqaliya, Fransa və İngiltərənin favorit olduğunu deyəndə proqnozlarımda çox da yanılmadım. Komandanın indiyə qədər inkişafını nəzərə alsaq, İspaniya mənim üçün ən böyük sürprizdir”.

Avro-2024-də çempionluq xoşbəxtliyi kimə nəsib olacaq, artıq söyləmək mümkünmü? Ümumiyyətlə, budəfəki çempionat əvvəlkilərdən hansı fərqlərlə yadda qalacaq? VAR sistemi özünü doğruldurmu? Ədalətsiz qərarlar bu dəfə daha çoxdur, yoxsa az?

Şahin Diniyev: De Byazinin millidəki taleyi İsveç və Belçika ilə oyunlardan  asılı olacaq - AZƏRTAC

Şahin Diniyev

“Səbayel” futbol klubunun baş məşqçisi Şahin Diniyev bu çempionatda VAR sisteminin və hakimlərin qərarlarının ən yüksək səviyyədə olduğunu söylədi: “Bu çempionatda ilk əvvəl məşqçi kimi desəm, komandaların taktiki gedişləri daha çox idi. Ulduz futbolçular təklikdə komandasını arxasınca aparmadı. Burada hər bir komandanın kollektiv şəkildə oyun qurmasından söhbət gedirdi. Bu da məşqçilərin əməyidir. Praqmatik oynayan da, şən oynayan da var idi. Amma daha çox nəticələrə köklənən komandalar idi. Açığı, mənim üçün xoş oldu ki, VAR hakimlərinin oyuna müdaxiləsi qısa zaman kəsiyində baş verirdi. Bütün qərarlar düzgün qərarlar idi. Ötən çempionatdakılar kimi ədalətsiz qərarlar, qırmızı kartlara və ofsaytdan vurulan qollara göz yummalar, yaxud səhv qərar vermələr olmadı. 

Hakimlik bu dəfə yüksək səviyyədə idi. VAR sisteminin oyuna müdaxiləsi də ən üst səviyyədə idi. Oyun gedə-gedə VAR sistemi qulaqcıq vasitəsilə qərarını hakimə çatdırırdı. Bizim çempionata baxaq, bəzən oyun 10-12 dəqiqə dayanır və nəticədə oyunçu ritmdən düşür. Amma bu çempionatda belə olmadı. 30-40 saniyə ərzində bir epizodla bağlı qərar verilirdi. Bu da futbolun daha dinamik olmasına gətirib çıxarırdı". 

Məşhur aparıcı "Neftçi"də vəzifəyə gətirildi - RƏSMİ

Natiq Muxtarlı

Tanınmış idman yazarı Natiq Muxtarlı bu çempionatda güclü millilərin oyun fəlsəfəsini dəyişdiklərini qeyd etdi: “Avro-2024-ü əvvəlki çempionatlardan fərqləndirən əsas amil budur: bu dəfə favorit sayılmayan yığmalar futbol oynadılar, favoritlər isə nəticəyə kökləndilər. Yarımfinaldakı 4 yığmadan 3-ü - Fransa, İngiltərə və Niderland sırf nəticəyə hesablanmış futbol fəlsəfəsinə üstünlük verdilər. Amma bu yığmalar daha əvvəllər yaradıcı, baxımlı futbola stavka edirdilər. İngiltərənin hücum xəttində Keyn, Bellinqem kimi futbolçular var. Fransada kimlər yoxdur ki? Mbappe, Dembele... Amma əsas diqqəti müdafiəyə yönəltdilər. Belə oyun fəlsəfəsi ilə uğur əldə etməyi düşündülər. 

Avropada İtaliyanın ardıcıllarının sayı artmağa başlayır. İtaliya yarımfinalda yoxdur, amma əvəzində İtaliya kimi oynayan minimum 2 yığma - Fransa və İngiltərə var. Avro-2024-də futbola xəyanət etməyən bu ölkələr oldu - Albaniya, İsveçrə, Türkiyə, qismən də Gürcüstan, Macarıstan.  

Yaxşı ki, yarımfinalda yaradıcı futbol nümayiş etdirən İspaniya var. Yoxsa çempionatın dadı-duzu tam qaçmış olardı. Bu amilləri nəzərə alsaq, turnirdə komanda sayının artırılması alqışlanmalıdır. Çünki məhz bu artım sayəsində turnirə vəsiqə qazanan komandalar azarkeşlərə yaradıcı oyun bəxş etdilər. Yoxsa çempionat tam maraqsız olardı. 

Fransa və ya İngiltərənin heyətində adlı-sanlı ulduzların olması heç nəyi dəyişmir, əgər ortada yaradıcı futbol yoxdursa. Baxın, İngiltərə yığmasını tənqid edənlər kimlərdir? Elə öz azarkeşləri, ekspertləri. Baxmayaraq ki, yarımfinala adlayıblar, amma futbolçuları fitə basırlar. Hətta nəticə olsa belə, bu oyun ingilisləri qane etmir. Deməli, neytral azarkeşlər üçün ümumiyyətlə belə futbol qəbuledilməzdir. 

Bu baxımdan Avro-2024 futbola emosiya, keyfiyyət, yaradıcılıq gətirmədi. Avropada nədən narahatdırlar? Gənclərin futbola marağının azalmasından. Təbii ki, böyük komandalar yaradıcı futboldan imtina edirlərsə, bu maraq getdikcə azalacaq. Bu da futbolun populyarlığına vurulan zərbədir". 

İdman yazarı hakim idarəçiliyindən də danışdı: “Çempionatdakı hakim idarəçiliyini məqbul hesab edirəm. Oyunların nəticələrinə təsir edəcək ciddi səhvlər olmadı. Üstəlik, VAR qərarları daha operativ verilirdi ki, bu da oyunda fasilələri maksimuma endirirdi. Əgər oyundankənar vəziyyətdən qol vurulurdusa, baş hakimin monitora yaxınlaşmasına ehtiyac qalmırdı. Bunu VAR otağından dərhal bildirirdilər və uzun fasilə yaranmırdı. 

Təbii ki, yarımfinaldakı komandalara baxdıqda İspaniyanın əsas favorit olduğunu deyə bilərik. Aydındır ki, Fransa İspaniyaya qarşı dağıdıcı taktika seçəcək. Yəni nə özü futbol oynayacaq, nə də İspaniyaya oynamağa imkan verəcək. Bu cütdə Fransa qazansa, sevinən təkcə fransızlar olar, futbol isə itirəcək. 

Heç İngiltərə də yarımfinalda güvəndiyi oyun fəlsəfəsindən əl çəkməyəcək. Futbola ən böyük zərbə onda vurulacaq ki, finala Fransa və İngiltərə çıxacaq. Onda bütün Avropa finalda yaradıcılığa yox, dağıdıcılığa baxacaq. “Vay futbolun halına” deməli olacağıq onda. Amma bütün hallarda mənim favoritim İspaniyadır. 

İspaniyanın qələbəsi futbolun qələbəsi olardı. Bu qələbə göstərərdi ki, yaradıcı futboldan imtina etmədən də qalib gəlmək olar. Fransa və ya İngiltərənin təntənəsi yaşansa, Avropa və dünya futbolunda dağıdıcı oyun fəlsəfəsinə üstünlük verən komandaların sayı artacaq, amma azarkeşlərin, futboldan zövq alanların sayı azalacaq. 

Bu yerdə məşhur italyan mütəxəssis Ariqo Sakkinin sözlərini yada salım: “Hamı İtaliya kimi futbol oynasa, futbol ölməyəcək, amma ona baxan olmayacaq”.

Məşhur aparıcı "Neftçi"də vəzifəyə gətirildi - RƏSMİ

Kənan Məstəliyev

Futbol mütəxəssisi Kənan Məstəliyev Avro-2024-də yaddaşlara köçən oyunları xatırlatdı: “Avropa Çempionatı bir çox məqamlarla yadda qaldı. Əslində gözlədiyimiz rəngarənglik, maraqlı oyunlar, gərginliklər əsasən qrup mərhələsində baş verdi. Bu da təbiidir, çünki bu mərhələdə adətən nəticə ön plana çıxmır, güclülər çox enerji sərf etmirlər deyə autsayderlərin bundan yararlanmaq şansı yaranır. Yaddaqalan matçlar izlədik, qruplarda müxtəlif ssenarilər yaşandı. Gürcüstanın pley-offa çıxması, həmçinin Ukraynanın çıxmaması əsas gözlənilməzliklər oldu. Xorvatların son saniyələrdə buraxdıqları qolla mübarizədən kənar düşməsi də qeyd olunmalıdır. 

Ümumilikdə, bu çempionatda dünya futbolundakı bəzi tendensiyaları gördük, komandaların daha baxımlı oynamağa, daha variativ futbol nümayiş etdirməyə cəhd etdiklərinə şahidlik etdik. Ancaq bu pley-offa qədər oldu. Sonra nəticəyə oynanıldı deyə, az qollu, penaltilərə qədər uzanan matçlar çox oldu. Xüsusilə İngiltərə və Fransa kimi favoritlərin ehtiyatlı, hətta deyərdim qorxaq oyunu böyük və haqlı tənqidlərə səbəb oldu. Heyətləri ulduzlarla dolu olan bu komandaların belə oyunla “fərqlənməsi” heç də yaxşı hal deyil. İspanlar yaxşı oynadılar, Türkiyə yığması məğlubiyyətə rəğmən döyüşkənliyini və növbəti turnirlərdə iddialılar sırasında yer alacağını göstərdi. Ümumilikdə, AÇ-2024-dən razı qaldığımızı söyləmək olar". 

Futbol mütəxəssisi verilən bəzi səhv qərarlara da toxundu: “Bu turnirdə VAR sistemi daha da mükəmməlləşdirilmişdi, amma hakim səhvləri də yox deyildi. Bəzən anlaşılmaz qərarlar da qəbul edilirdi. Amma ümumilikdə idarəçiliyi normal saymaq olar. Lakin Merih Demirala qarşı addımı qeyd etməsək, olmaz. Onun cəzalandırılması açıq-aşkar qərəz nümunəsi, UEFA-nın hələ də ikili standartlarla idarə olunduğunun sübutu idi. Bu göstərir ki, futbolun inkişafına mane olan idarəetmə səhvləri davam etməkdədir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR