İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ prezidenti Əliyevlə Ərdoğanın təklifini dəstəklədi, amma…

11422 12.02.2023 15:42 Siyasət A A

 

Bayden BMT TŞ tərkibinin genişləndirilməsini dəstəkləyən  sənəd qəbul etdi; Bəs, İƏT və Qoşulmama Hərəkatı niyə “yaddan çıxdı”?

ABŞ prezidenti Co Bayden və onun braziliyalı həmkarı Luiz İnasio Lula da Silva BMT Təhlükəsizlik Şurasında islahatların aparılması ideyasını dəstəkləyiblər.

Onların birgə qəbul etdiyi sənəddə  ABŞ və Braziliya prezidentləri “Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələrinə daimi üzvlər üçün yerlər verməklə Təhlükəsizlik Şurasının tərkibini genişləndirməyə” çağırıblar.

Ümid edilir ki, bu, “sülh və təhlükəsizliklə bağlı ən aktual məsələlərə effektiv cavab vermək qabiliyyətini artıracaq”.

Bundan əvvəl BMT Baş Assambleyası  Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini açıqlamışdı.  

Xatırladaq ki, hazırda BMT TŞ-yə 15 ölkə daxildir, onların da beşi - Böyük Britaniya, Çin, Rusiya, ABŞ və Fransa - daimi üzv statusuna və veto hüququna malikdirlər. Digər 10 qeyri-daimi üzv isə iki illik müddətə seçilirlər. Təhlükəsizlik Şurasının tərkibinin genişlənməsi yalnız bir dəfə - 1963-cü ildə baş verib və TŞ-nin üzvlərinin sayı 11-dən 15-ə qaldırılıb. 

 

Qeyd edək ki, Rusiya-Ukrayna böhranı beynəlxalq təhlükəsizliyi təmin etmək vəzifəsi olan BMT Təhlükəsizlik Şurası kimi qurumların həm də uğursuzluqlarını üzə çıxardı. Çünki artıq  dünyadakı kataklizmlərin həllində adıçəkilən 5 daimi üzv ölkələr rol oynaya bilmirlər. Üstəlik, Ukrayna müharibəsi Rusiyanı ABŞ və Böyük Britaniya ilə üzbəüz qoyub, hər halda, pis-yaxşı Fransa da anti-Putin koalisiyasındadır, belə olan halda BMT TŞ-nin bu daimi üzvləri krisizləri birgə necə yoluna qoya bilərlər?

Məlumat üçün deyək ki, son iki ildə isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə BMT Təhlükəsizlik Şurasındakı veto hüququna sahib ölkələrin sayının artırılmalı olduğunu təklif edib. Ərdoğan bildirib ki, bəşəriyyətin taleyini BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü həll etməməlidir.

Azərbaycan dövlət başçısı  İlham Əliyev də bu məsələni dəfələrlə gündəmə gətirib. Son olaraq Misir Prezidentinin Bakıya səfərində İlham Əliyev bu barədə yenidən danışmışdı. "BMT ilə bağlı məsələlər artıq dünyada uzun illər müzakirə edilir, BMT-dəki islahatlar haqqında fikir mübadiləsi aparılır. Mən çıxışlarımın birində bildirmişdim ki, bu islahatlara böyük ehtiyac var. Hesab edirəm ki, Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir” deyə, Azərbaycan Prezidenti bildirmişdi. 

"Bir daimi yer mütləq İslam Əməkdaşlıq Təşkilatının üzvünə verilməlidir və İslam Əməkdaşlıq Təşkilatı özü məsləhətləşmələr əsasında bu namizədliyi irəli sürməlidir. Digər daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə bu yerə sahib olmalıdır. Hesab edirəm ki, bu, ədalətli olar. Çünki İkinci Dünya müharibəsindən artıq 80 ilə yaxın vaxt keçir, dünya dəyişib və bu dəyişikliklər sürətlə davam edir. Ona görə, hesab edirəm ki, bu islahatlar daha ədalətli və təhlükəsiz dünyanın yaradılmasına xidmət göstərəcəkdir", - dövlət başçısı vurğulayıb.

Amma belə görünür ki, ABŞ Latın Amerikası və Karib hövzəsi ölkələrinə daimi üzvlər təklif etməklə BMT-də öz mövqelərini gücləndirməyə çalışır. Göründüyü kimi, birgə sənəddə İslam dünyasını təmsil edən İƏT-in,  eləcə də 120-dən çox ölkəni birləşdirən Qoşulmama Hərəkatının adı yoxdur…

Xatırladaq ki, Karib regionunu təmsil edən  ölkələrin çoxu xırda ada dövlətlərdir, dünya düzənində heç  bir əhəmiyyətli təsiri yoxdur. 

Orxan ƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR