ABŞ-ın sanksiya siyahısında olan Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev BMT-nin tədbirində iştirak etmək üçün Nyu-Yorka səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk məlumat yayıb.
Kolokoltsevin BMT-yə üzv dövlətlərin polis qurumları rəhbərlərinin V Sammitində iştirak edəcəyi bildirilib.. Səfər çərçivəsində onun bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.
Kolokoltsev 2018-ci ildən ABŞ-ın sanksiya siyahısındadır. Buna baxmayaraq, onun BMT tədbirində iştirak etmək üçün ABŞ-a girişinə icazə verilib.
Qeyd edək ki, 2022-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin nümayəndə heyətinə analoji tədbirdə iştirak üçün ABŞ vizası verilməyib. Lakin 2024-cü ildə Kolokoltsev Nyu-Yorka səfər edə bilmiş və BMT baş katibinin müavini Jan-Pyer Lakrua ilə görüş keçirə bilib.
Bundan əvvəl araşdırmaçı jurnalistlər Kolokoltsevin oğlunun zərər edən biznesinə baxmayaraq, həyat yoldaşı ilə birlikdə Dubay və Maldiv adalarında lüks istirahətə 90 milyon rubldan çox vəsait xərclədiyini üzə çıxarmışdılar.
Musavat.com






