“2026-cı ilin üçüncü rübündə Ermənistan Avropayönlü siyasətini davam etdirəcək, Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasına çalışacaq. Lakin konstitusiya çoxluğunun olmaması bu prosesi əsasən texniki məsələlərin həlli ilə məhdudlaşdıra bilər”.
Musavat.com xəbər verir ki, bu fikirlər ABŞ-dəki “kölgə kəşfiyyatı” kimi tanınan “Stratfor” analitik mərkəzinin hesabatında yer alıb.
Hesabatda Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın parlamentdə konstitusiyaya müstəqil şəkildə dəyişiklik etmək üçün kifayət qədər mandata malik olmadığı vurğulanıb. Bildirilib ki, o, böyük ehtimalla, Ermənistan Konstitusiyaya dəyişikliklərlə bağlı Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməyəcək. “Cənubi Qafqazda Rusiyanın zəifləyən təsirindən yararlanmağa çalışan Türkiyə isə mövcud vəziyyətdən istifadə etməyə çalışacaq və Azərbaycanı Paşinyanın yenilənmiş mandatını sülh sazişinin imzalanması istiqamətində irəliləyiş üçün fürsət kimi qiymətləndirməsinə təşviq edə bilər. Eyni zamanda, Ermənistan Konstitusiyasına dəyişiklik edilməsi tələbinin daha sonrakı mərhələyə saxlanılması da mümkün görünür”, - təhlildə vurğulanır.
Alternativ ssenariyə əsasən, İrəvan, Bakı və Ankara Ermənistan-Azərbaycan sülh sazişi imzalanmasa belə, bu rüb ərzində ayrı-ayrı sərhəd-keçid məntəqələrinin fəaliyyətinin genişləndirilməsi, quru və hava marşrutlarının açılması, eləcə də tranzit əlaqələrinin inkişaf etdirilməsi istiqamətində addımlar ata bilər: “Bu isə münasibətlərin normallaşması prosesində mövcud dinamikanın qorunmasına imkan verər”.
Hesabatda həmçinin qeyd olunub ki, əgər Paşinyan Avropa İttifaqına inteqrasiya kursu ilə bağlı daha geniş referendum çərçivəsində cəmiyyətdə populyar olmayan konstitusiya dəyişikliklərini də gündəmə gətirə biləcəyinə işarə etsə, Moskvanın prosesə müdaxiləsi güclənə bilər. Bu ehtimal Avropa inteqrasiyasına ictimai dəstəyin yüksək olması fonunda xüsusilə aktual hesab olunur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli hesab edir ki, indiki məqamda hesabatda yer alan fikirlər əsaslı deyil və nəzəri ehtimallardır. Musavat.com-a açıqlamasında M.Məmmədli bildirib ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması ilə bağlı dəyişməyən mövqeyi var – Ermənistan hökuməti yeni Konstitusiya qəbul etməlidir, bunun üçün konkret addımlar atmalıdır: “Əgər bu tələb yerinə yetirilməsə, sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Azərbaycanın mövqeyi prinsipialdır. Bu mövqedə hər hansı dəyişiklik müşahidə olunmur. O ki qaldı hesabatda yer alan Türkiyənin Azərbaycanı təşviq etmək ehtimalı ilə bağlı fikirlərə, bunu da bir o qədər əsaslı saymıram.
Azərbaycanla Türkiyə regional məsələləri, xüsusilə Azərbaycan-Ermənistan sülh prosesi, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması kimi məsələləri daim koordinasiya etməyə çalışır. Türkiyənin bu məsələdə Azərbaycana təsir etmək niyyətində olduğunu güman etmirəm. Azərbaycan müstəqil xarici siyasət aparır. Hər hansı kənar təsir, xüsusilə, milli maraqlarımıza toxunan məsələlər ilə bağlı ölkəmizin mövqeyini dəyişə bilməz”.
Rusiyanın Ermənistanda daxili qeyri-stabillik yaratması ehtimalını şərh edən M.Məmmədli qeyd edib ki, Rusiyanın ciddi təsir imkanları var: “Nəzərə almaq lazımdır ki, Ermənistanın Rusiyadan iqtisadi, siyasi, təhlükəsizlik nöqteyi-nəzərdən asılılığı davam edir. Eyni zamanda, Ermənistan daxilində Rusiyaya bağlı ciddi siyasi qüvvələr, güc mərkəzləri var. Rusiya Ermənistanda qeyri-sabit vəziyyət yaratmağa cəhd edə bilər. Düşünürəm ki, Rusiya “son gülləsini” o zaman atacaq ki, Ermənistan xarici siyasəti ilə konkret qərar qəbul edəcək, Rusiya-Ermənistan münasibətləri qırılma nöqtəsinə çatacaq.
Bəs belə bir addım atılacağı təqdirdə nəticə verəcəkmi? Bu, sual altındadır. Son illərdə baş verən proseslərdən aydın olur ki, Ermənistanın hazırkı hakimiyyəti daxildə özünə qarşı yönələn addımlara qarşı həssasdır, ciddi müqavimət göstərir. Fikrimcə, daxildə hər hansı qeyri-sabitlik yaratmağa cəhd Paşinyan hakimiyyəti tərəfindən sərt reaksiyaya səbəb olacaq. Türkiyə isə regional güc kimi baş verən proseslərə təsir imkanına malikdir. Eyni zamanda, Ankara Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır. Proseslər bu istiqamətdə cərəyan edərsə, yəni Ermənistanla münasibətlər normallaşarsa, Türkiyə bölgədə daha fəal aktor kimi çıxış edə bilər. Bu da Türkiyənin regional maraqlarına uyğundur”.
Nigar Həsənli,
Musavat.com






