İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresinə anti-Azərbaycan layihəsi təqdim edildi - erməni lobbisindən növbəti həyasızlıq

1283 11.02.2023 12:25 Siyasət A A

Separatçı-terrorçuların əlini qüvvətləndirən sənədin qəbulu Bakı-Vaşinqton münasibətlərinə zərbə vura bilər...

Laçın yolundakı aksiyanı bəhanə edən Ermənistanın və erməni lobbisinin Azərbaycan əleyhinə qarayaxma kampaniyası və təxribatları səngimir. Bu dəfə ABŞ Konqresində hərəkətlənmə başlayıb.

“Yeni Müsavat”ın məlumatına görə, Amerika Erməni Milli Komitəsi (ANCA) xəbər verib ki, ABŞ Konqresinin Nümayəndələr Palatasına Laçın dəhlizinin Azərbaycan tərəfindən “blokada”ya alınması ilə bağlı qətnamə layihəsi təqdim edilib. “Konqresmenlər Frenk Pallon və Bred Şermanın təklif etdiyi sənədin qəbulunu dəstəkləyənlərin sayı artıq həm respublikaçılar, həm də demokratlar olmaqla 65 nəfərə çatıb. Sənədin məqsədi Dağlıq Qarabağ və Ermənistanı birləşdirən yolun bağlanması üçün Bakıya təzyiq göstərməkdir”, - deyə xəbərdə qeyd edilir. Qətnamədə “Azərbaycanın məsuliyyətə cəlb edilməsinin zəruriliyi” də vurğulanıb. Sənəd həmçinin müəlliflərin öz həmkarlarına müraciət etdiyi məktubla müşayiət olunur. “Qətnamə qəbul olunarsa, Nümayəndələr Palatası Baydenin administrasiyasına Dağlıq Qarabağda humanitar vəziyyətin pisləşməsinin qarşısını almaq üçün 5 təklif təqdim edəcək. 1. ABŞ Azərbaycanın hərbi cinayətlərini (?! - red.) araşdırmaq üçün beynəlxalq məhkəmələrə müraciət etsin; 2. Laçın dəhlizində beynəlxalq müşahidəçilərin yerləşdirilməsi üçün danışıqlar aparmaq; 3. ABŞ-ın Azərbaycana bütün hərbi yardımını dərhal dayandırmaq və Azadlığa Dəstək Aktının 907-ci maddəsini tətbiq etmək; 4. Dağlıq Qarabağın blokadasına və digər insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etmək; 5. Dağlıq Qarabağın uzunmüddətli inkişafına kömək və humanitar yardım üzrə mükəmməl proqram hazırlamaq”, - məlumatda vurğulanır.

Göründüyü kimi, ermənilərin iştahası həmişəki kimi, böyükdür. Paralel olaraq Fransa ermənipərəst siyasətini davam etdirir. Makron Avropa İttifaqının iki illik missiyası ilə kifayətlənməyərək, Ermənistana özünün jandarmlarını göndərməyə hazırlaşır.   

ABŞ Konqresindəki qətnamə layihəsinə nə vaxt baxılacağı bəlli deyil. Bəs onun qəbul edilmə ehtimalı varmı və hansı nəticəsi ola bilər? O sırada onsuz da dalanda olan Azərbaycan-Ermənistan sülh danışıqları bundan zərər görə bilərmi? Hansısa kontr-tədbirlər görə bilərik?

Xatırladaq ki, az öncə Avropa Parlamenti Laçın yolundakı aksiya ilə bağlı Azərbaycan əleyhinə tamamən yalanlarla dolu təxribatçı və rüsvayçı qətnamə qəbul etmişdi.

Sahib Alıyev (siyasətçi) — Vikipediya

Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında konqresmenlərin davranışından təəccüblənmədiyini ifadə etdi: “ABŞ Konqresi deyiləndə Azərbaycanda göz önünə təəssüf ki, daha çox ədalətsiz, ikili də yox, tərsstandartlı davranışlara yol verən bir qurum gəlir. Səbəbini bilmək üçün 1992-ci ildə torpaqlarımız işğal edildiyi bir vaxtda həmən Konqresin ”Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişinı xatırlatmaq bəs edir. Keçmiş sovet respublikaları içərisində yeganə Azərbaycan idi ki buna ən çox ehtiyac duyduğumuz bir vaxtda ABŞ dövlətinin yardım göstərməsinə qadağa qoyuldu. Əsas isə bu oldu ki, sən demə, biz öz torpaqlarımıza, yəni o zamankı Dağlıq Qarabağa təcavüz edirik, oranı və Ermənistanı blokadada saxlayırıq. Demək, təcavüzlə üzləşən Azərbaycan, bir parçası - Naxçıvan - blokadaya alınan yenə Azərbaycan ola-ola bizə qarşı sanksiyaya əl atıldı. Amma həmən 907-ci düzəliş Konqresdən hər cür ədalətsizlik gözlənildiyini təsdiqlədiyi kimi, Laçın yolundakı vəziyyətlə bağlı belə bir addımın atılmayacağını da ortaya qoyur.

Yəqin, bir az paradoksal səsləndi. “Azadlığa Dəstək Aktı”na düzəlişin B bəndinə diqqət yetirsək, niyə belə dediyim aydın olacaq. Baxın, orada nə yazılır: “Prezident qadağanın tətbiq edilməsinin ABŞ-ın milli maraqlarına uyğun olmadığı qərarına gəlsə və bu haqda Konqresə təqdimat versə, (a) bəndində göstərilən qadağa tətbiq edilməməlidir”. 907-ci düzəlişdən 10 il keçdikdən sonra Azərbaycanın regionda oynadığı rolun artmağa başladığını, özəlliklə də Əfqanıstanda koalisiya qüvvələrinin sırasında yer almamız, ora göndərilən yüklərin bir hissəsinin bizim ölkənin üzərindən daşınması kimi reallıqlar üzə çıxandan sonra ABŞ Prezidenti həmən bax, bu B bəndinin tətbiqinə başladı. Daha dəqiqi, 907-ci düzəlişin tətbiqi bir il müddətinə dayandrıldı və indiyədək hər il bu təkrarlanır, yəni prosesə çevrilib. ABŞ Prezidenti Bayden də sələfləri kimi hərəkət edərək 907-ci düzəlişin tətbiqini ötən il yenə dayandırdı".

S.Alıyev xüsusi vurğuladı: “O Bayden ki, həmən düzəlişin tətbiq edilməsi və qüvvədə saxlanmasının ən qatı tərəfdarlarından biri kimi tanınırdı. Yəni deməyim budur ki, biz Konqresdən hər cür ədalətsizlik gözləyə bilərik. Ancaq ABŞ-la Rusiya və İran arasında ziddiyyətlərin kəskinləşdiyi, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində getdikcə rolunun artdığı bir vaxtda, inanmıram ki, ANCA və hayların bu korrupsiya yuvasının təsiri altında olanlar bizə qarşı növbəti çirkin planlarını reallaşdırmağı bacarsınlar. Pentaqon və ABŞ-ın regiondakı proseslərdən daha dərindən xəbərdar olan digər qurumları belə bir addımın özlərinin maraqlarına nə dərəcədə zərbə vuracağının yaxşı fərqindədirlər”.

Təqaüdlərin artımı ehtiyatda olan zabitlərə niyə şamil olunmadı? – Üzeyir  Cəfərov “Çətin sual"da - YouTube

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov ABŞ-ın siyasətinə etirazını ifadə etdi: “İndiyə kimi çox təəssüflər olsun ki, Amerika kimi böyük dövlətin rəsmiləri, Senat və Konqres üzvləri Laçın yolu ilə bağlı düzgün məlumat ala bilməyiblər. Bəlkə də məsələdən tam halidirlər. Sadəcə əllərinə daha bir fürsət düşüb deyən, Azərbaycanı növbəti dəfə hədəfə gətirirlər. Adları az qala dillər əzbəri olan konqresmenlər Frenk Pallon və Bred Şermanın təklif etdiyi sənədin də qəbul ediləcəyi böyük ehtimalla baş tutacaq. Necə ki, bundan əvvəl Avropa parlamentariləri erməni yalanlarına haqq qazandıraraq belə bir sənəd qəbul etmişdilər. Bu qərbdə oturan və erməni maraqlarına xidmət edən konqresmenlər, siyasətbazlar özləri də gözəl başa düşürlər ki, Laçın yolunda əgər ”blokada" olsaydı, indi ermənilər əyinlərində nələri var çoxdan başlarına çəkmişdilər".

Ü.Cəfərovun sözlərinə görə, sadəcə, onlar Azərbaycana qarşı növbəti dəfə haqsızlıq etmək üçün fürsət əldə ediblər: “Həm də Amerikada oturmuş pullu ermənilərdən nə isə qoparmaq üçün əla şans əldə ediblər. Bu belə olub və yəqin ki, bu dəfə də belə olacaq. Bakıya birinci dəfə deyil ki təzyiq göstərmək üçün addımlar atılır. Əslində isə, onlar bu addımları ilə separatçılara daha da ürək-dirək verir, onları bundan sonra da öz pozuculuq fəaliyyətlərini davam etdirmək üçün həvəsləndirirlər. Bədnam senatorların təklif etdikləri təkliflərə gəldikdə isə, düşünmürəm ki, onlara ciddi yanaşan olsun. Çünki onların qəbulu və ya onların ciddiliyə alınması ikitərəfli münasibətlərə xeyli ziyan vuracaq. Ona görə də, hesab edirəm ki, ümumilikdə Qətnamənin qəbulu mümkündür, amma digər addımların atılması isə inanmıram ki, reallaşsın”.

Tural İsmayılov: İranın mollakratiya şüuru özünə yeni düşmən axtarır

 Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov isə bildirdi ki, erməni lobbisinin Qərbdə ən çox çirkli əlaqələr qurduğu siyasətçilər ABŞ-dadır: “Dəfələrlə ANCA və Aram Hamparyan tərəfindən ölkəmizə qarşı əsassız kampaniyalarda ABŞ konqresmenləri oyuncaq kimi istifadə edilib. Frenk Pallone, Nensi Pelosi, Şerman kimi siyasətçilərin Amerika toplumunda heç bir hörməti yoxdur. Belə olan təqdirdə bu saxtakarlığın hansısa bir hüquqi əhəmiyyəti də yoxdur. Qətnamə əsla qəbul edilə bilməz. Bu, ABŞ-ın vasitəçilik missiyasına tamamilə zərbə olar”.

T.İsmayılov qeyd etdi ki, daha əvvəl də bu tip “layihələr” təqdim edilsə də, son nəticədə qəbul edilməyib: “Həmin konqresmenlər həm beynəlxalq hüququ tapdalayır, həm də Ermənistanı qızışdıraraq sülhü sabotaj edirlər. ABŞ dövlət rəhbərliyi belə bir maskaradı rəsmi səviyyədə heç vaxt qəbul etməz. Azərbaycan kontr-tədbir olaraq erməni lobbisinin əmisi olan siyasətçilərlə bağlı qlobal hüquqi mübarizəyə start verə bilər. Ölkəmiz gücləndikcə belə təxribatlar da çoxalacaq”.

Maraqlıdır ki, Ermənistanın sərhədlərini özünün “qırmızı xətti” elan etmiş İran Fransa jandarmlarının, Avropa İttifaqı ekipinin göndərilməsinə etiraz etmir. İran Avropa İttifaqı missiyasının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsinin əleyhinə deyil.

Musavat.com bildirir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri erməni mediasına deyib. Zohuri Ermənistan və İran arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünə həsr olunmuş “Ümumi maraqlar kontekstində Ermənistan-İran münasibətləri” seminarında bildirib ki, digər ölkələr regionda təhlükəsizliyin və sülhün təmin olunmasına töhfə verə bilər.

Problemlərin region ölkələrinin iştirakı ilə həllinə gəlincə, bu, dialoq və müzakirələrə əsaslanacaq təhlükəsizliyi və sülhü təmin edə bilər, səfir əlavə edib.

Tural İsmayılov qeyd etdi ki, İran hazırda riyakarlığın pisini yaşayır: “Bu gün İran və Qərb proseslərdə nə qədər müxtəlif fikirdə olmuş kimi görünsə də Azərbaycan və Türkiyə tendensiyasına qarşı Qərb imperialistləri, İran mollakratiyası və erməni faşizmi ortaq hərəkət edir”.

Belə görünür ki, bir-birinə düşmən olan ABŞ və İran, həmçinin ABŞ-Fransanın mövqeləri erməni məsələsində üst-üstə düşür. Hər halda ABŞ Konqresinə xəbərdarlıq etməkdə fayda var, separatçı-terrorçu rejimin əlini qüvvətləndirən hansısa sənəd münasibətlərimizə xələl gətirə bilər. ABŞ Konqresi 2020-ci ilin iyulunda, Tovuza xain hücum zamanı Ermənistanın işğalçı dövlət olduğunu bəyan etmişdi. Konqresmenlərin yaddaşı belə tezliklə korşalmayıb yəqin ki...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR