İnsanlara hürriyət, millətlərə istiqlal!

"ABŞ İranı poliqona çevirəcək" - Professordan sarsıdıcı proqnoz

305 18.07.2026 10:08 Siyasət A A

Xəbər verdiyimiz kimi ötən gün ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni və genişmiqyaslı hücum dalğasına başladığını açıqlayıb. Bu isə Yaxın Şərqdə gərginliyi yenidən pik həddə çatdırıb.

Vaşinqton əməliyyatların İrana məxsus hərbi hədəflərə və strateji obyektlərə qarşı həyata keçirildiyini bildirərkən, Tehran da sərt cavabla çıxış edib. İranın Ali Rəhbəri Ayətullah Əli Xameneinin hərbi müşaviri Möhsün Rzayi bəyan edib ki, ABŞ yaxın iki-üç gün ərzində hücumlarını davam etdirəcəyi təqdirdə, İran müdafiə və çəkindirmə strategiyasından imtina edərək "hücum və tam məhvetmə" mərhələsinə keçəcək. O, bu halda təkcə münaqişə zonasındakı deyil, regiondan kənarda yerləşən ABŞ hərbi bazalarının da hədəfə alınacağını bildirib.

Bəs ABŞ-ın İrana qarşı yeni hücum dalğasına başlamasının əsas məqsədi nədir? İranın "hücum və tam məhvetmə" mərhələsinə keçəcəyi ilə bağlı xəbərdarlığı nə dərəcədə realdır?
Tehranın ABŞ-ın regiondan kənardakı hərbi bazalarını da hədəfə alacağı təqdirdə münaqişə hansı miqyasa çata bilər?

Professor-politoloq Qabil Hüseynli mövzu ilə bağlı Musavat.com-a danışıb:

"Baş verən proses mənim üçün təəccüblü deyil. Hazırda genişmiqyaslı hərbi əməliyyatlar gedir və ABŞ–İran qarşıdurması artıq özünün ən ağır mərhələsini yaşayır. Sadəcə, təəccüb doğuran məsələ İran tərəfinin "hücum və tam məhvetmə mərhələsinə keçəcəyik" açıqlamasıdır. Ordunun partizan müharibəsi aparması və ya üzbəüz döyüş zamanı özünü qurban verməklə qarşı tərəfə ciddi zərbə vurması üçün hazırda zəmin görmürəm. Hələlik ABŞ yalnız havadan zərbələr endirir, müxtəlif hərbi və strateji obyektləri vurur. Quru qoşunlarından istifadə etmir, xüsusi təyinatlı qüvvələrin də əraziyə daxil olacağı inandırıcı görünmür. Məncə, bu baş verməyəcək".

Professorun fikrincə, ABŞ-ın əsas məqsədi İranı tamamilə taqətdən salmaq, onun həyat mənbəyi hesab olunan strateji obyektləri, insanların yaşayışını təmin edən infrastrukturu sıradan çıxarmaq və nəticədə İranı kapitulyasiyaya məcbur etməkdir:

"Belə bir şəraitdə, əgər İran tərəfdən yüzlərlə insan həlak olur, ABŞ isə bir nəfər belə itki vermirsə, bu, İran üçün olduqca ağır və faciəvi müharibəyə çevrilə bilər. Bu, böyük bir dövlətin yer üzündən silinməsinə yönəlmiş müharibəyə bənzəyir.

Məlumdur ki, İranda əsas döyüş yükünü SEPAH daşıyır. Onları Çin və Rusiyanın müəyyən mənada dəstəklədiyi də bildirilir. Məsələn, Çin İrana əsasən sadə silah növləri göndərir. Lakin həmin silahlarla bu müharibənin taleyini dəyişmək mümkün deyil. Bu yaxınlarda isə Rusiyanın guya idarəetmə sisteminin koordinasiyasına kömək etmək məqsədilə xüsusi avadanlıq göndərdiyi, hətta Vladimir Putinə məxsus təyyarənin Tehrana uçduğu barədə məlumatlar yayıldı. Ancaq bunların heç biri vəziyyəti dəyişəcək addımlar deyil. Atalar sözündə deyildiyi kimi, "özünə umac ova bilməyən başqasına əriştə kəsə bilməz".
Məncə, bu müharibənin yeganə çıxış yolu daxildə baş verəcək proseslərdir.

Bir müddət əvvəl Tehran bazarında əhalinin etiraz aksiyaları bunun ilk siqnallarından biri idi. İran xalqı anlamalıdır ki, bu müharibə nəticə etibarilə dövlətin məhvinə doğru aparır. Bunun qarşısını almağın yolu xalqın ayağa qalxması və inqilab yolu ilə mövcud molla rejimini dəyişməsidir. Yalnız bu halda vəziyyəti dəyişmək mümkündür. Əks halda müharibə bu şəkildə davam edərsə, ABŞ İranı sanki poliqona çevirəcək, yeni silahlarını sınaqdan keçirəcək, yeni hərbi texnologiyalarını tətbiq edəcək. Xalq prosesə müdaxilə etməsə, bu müharibənin sonu görünmür".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR