İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “sülhməramlılar getdi” dərdi

1824 20.04.2024 10:01 Siyasət A A

Rusiyanın Gürcüstan və Ukraynadan çıxmasını israrla tələb edən ABŞ niyə rus əsgərlərinin Qarabağdan getməsindən narahat oldu?

ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Rusiyanın sülhməramlı kontingentinin Qarabağdan tezliklə çıxarılmasını şərh edərək qeyd edib ki, bu, Rusiyanın etibarsız müttəfiq olduğunun göstəricisidir.  Vedant Patel ABŞ-ın 2020-ci ildə Qarabağda döyüşlərə son qoyan və həmin bölgədə Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi ilə nəticələnən üçtərəfli razılaşmada tərəf olmadığını diqqətə çatdırıb.

“Biz Rusiya ordusunun daha dinc və sabit Cənubi Qafqaz regionuna sərmayə qoyduğunu göstərən heç bir şey görmədik və ötən payızda Qarabağda baş verən hadisələr bunun göstəricisidir. Bu, Rusiyanın etibarlı müttəfiq və ya tərəfdaş olmadığının başqa bir nümunəsidir”, - deyə vurğulayıb. “Bununla belə, biz Ermənistan və Azərbaycanın davamlı və ləyaqətli sülhə nail olmaq səylərini qətiyyətlə dəstəkləyirik və bu prosesin asanlaşdırılması üçün yardımımızı davam etməyə hazırıq”, - Dövlət Departamentinin rəsmisi qeyd edib.

Vedant Patel bu mövzuda bilgili şəxsdir və sülhməramlılarla bağlı ilk dəfə deyil danışıb. Məsələn, ötən il Qarabağda rus sülhməramlılarının olmasını şərh edən Patel bu məsələnin narahatlıq doğurduğunu da bildirib: “Əlbəttə, belə bir mövcudluq hələ də narahatlıq doğurur. Lakin Birləşmiş Ştatlar bu məsələdə Azərbaycan və Ermənistan rəhbərliyi ilə əlaqə saxlamağa davam edəcək və layiqli və davamlı sülhü dəstəkləməyə davam etmək üçün əlindən gələni edəcək”.

Yada salaq ki, Kreml də Rusiya sülhməramlılarının Qarabağdan çıxarılmasına başlandığını təsdiqləyib. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb. O, jurnalistlərə qısa açıqlamasında faktı təsdiqləyib. “Bəli, bu doğrudur”, - Peskov qısaca olaraq deyib.

Azərbaycan Prezidentin köməkçisi Hikmət Hacıyev isə deyib ki, sülhməramlıların ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Yeri gəlmişkən, Ağdamda yerləşən Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti də dayandırılacaq. Bu barədə APA-ya Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib. “2021-ci il yanvarın 30-da Azərbaycanın Ağdam şəhərində yaradılmış Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini tamamlamaq üçün proses Rusiya Federasiyası və Azərbaycanla koordinasiyalı şəkildə davam etdirilir”, - məlumatda deyilir. 

Məntiqlə Vaşinqton sülhməramlıların evə dönmək qərarından məmnun qalmalı idi. Əslində Qarabağdakı qüvvələrini çıxarmaqla Moskva əyani şəkildə göstərmək istəyir ki, o, ətraf ölkələrin tərəfsizliyində maraqlıdır. Rəsmi Bakının bloklara qoşulmaması Rusiyanı rahatladan amildir. Bu mənada Azərbaycanda hərbçi saxlamağa ehtiyac qalmamışdı. Sirr deyil ki, Moskvanın başlıca tələbi ətraf bölgələrin tərəfsizliyini qorumasıdır və o bunu dəfələrlə dilə gətirib. Üstəlik, Azərbaycan ərazisi Rusiyanın ən yaxın müttəfiqi sayılan İranla həmsərhəddir və bu sərhəddən özünə hər hansı təhlükə gözləmir. Necə olur ki, Rusiyanın Suriyadan, Gürcüstanın, Ukraynanın ilhaq olunmuş ərazilərindən çıxmasını israrla tələb edən ABŞ rus əsgərlərinin Qarabağdan getməsindən narahat olur?

Aydın Quliyev: “Məni Heydər Əliyevlə düşmən edənlərdən ikisi qalıb”

Aydın Quliyev

Siyasi şərhçi Aydın Quliyev “Yeni Müsavat”a bildirdi ki, ABŞ Dövlət Departamentinin rəsmisinin Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisindən çıxması ilə bağlı səsləndirdiyi bəyanat uğursuzdur, eyni zamanda Amerikanın analoji situasiyalarda ikistandartlı siyasət və davranış nümayiş etdirdiyini açıb göstərir, ifşa edir: “Biz indiyə qədər görmüşük ki, Amerika Rusiya hərbi kontingentinin hansı statusda olmağından asılı olmayaraq mövcud olduqları bölgələrdən mümkün qədər tez çıxmasına çalışıb, bunu tələb edib. Amma 2020-ci ildə 44 günlük müharibədən sonra Rusiya sülhməramlı qüvvələrinin Qarabağda yerləşməsinə və orada mövcudluğuna ABŞ belə reaksiya verməyib, etiraz eləməyib, indiyə qədər rus sülhməramlıların bölgədən çıxmasını tələb eləməyib. Bütün bunlar isə belə qənaət yaradır ki, burada söhbət təkcə geosiyasi rəqabət müstəvisində cərəyan etmir. Əgər yalnız geosiyasi üstünlük qazanmaq uğrunda birbaşa mübarizədən söhbət getsəydi, onda Amerika əslində Rusiya sülhməramlılarının Azərbaycandan çıxıb getməsini alqışlamalı idi. Ancaq sanki ABŞ Rusiya sülhməramlılarının Qarabağdan getməsini istəmirmiş, rusların getməsindən məyus olublar. Vedat Patelin bəyanatı bir daha nümayiş etdirir ki, sülhməramlıların Qarabağdan gedişi Amerikanı məmnun etməyib, əksinə, xeyli qayğılandırıb. Belə qənaətə gəlmək mümkündür ki, burada söhbət bölgəmizdə erməni probleminin yenidən qaldırılmasına bəslənən ümidlərin puç olmasından gedir. Belə görünür ki, ABŞ erməni probleminin, erməni separatizminin Qarabağda tamamilə çökməsindən məmnun deyil”.

Ekspertin sözlərinə görə, Amerikada da yaxşı anlayırlar ki, Rusiya sülhməramlıları da bölgədən çıxıb getdilərsə, deməli, artıq Azərbaycanın daxilində yenidən “erməni kartı” yaratmaq və onu işə salmaq mümkün olmayacaq: “Sülhməramlıların gedişinə qədər ABŞ-ın özündə bir ümid var idi ki, Qarabağ erməniləri qayıdıb gələcəklər və  Qarabağ ermənilərinin hüquqları, təhlükəsizlikləri, statusları kimi rəngarəng şüar və bayraqların altında Azərbaycana təsir göstərmək, daxili işlərinə müdaxilə etmək, suverenliyinə daim barmaq uzatmaq imkanı olacaq. İndi ABŞ-da hesab edirlər ki,  sülhməramlıların gedişi ilə bu imkan tamamilə əldən çıxdı. "Erməni kartı"nı yenidən yaratmağa bəslənilən ümidlər tamamilə puç oldu. Məsələnin mahiyyətində dayanan budur. Konkret bu situasiyada Rusiya Azərbaycanın suverenliyinə hörmətlə yanaşdı. Rusiya barışmalı oldu ki, suveren dövlətdə kənar ölkənin hərbi bazası olmaz. Eyni zamanda Rusiya nəzərə aldı və həm də hörmət etdi ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bu ölkədə xarici hərbi bazaların olmasına yasaq qoyur. Sülhməramlıların özü də müəyyən qədər hərbi baza kimi idi. Ona görə də Rusiya Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasına da hörmət nümayiş etdirdi. Amerikanın sərgilədiyi mövqe isə Azərbaycanın suverenliyinə hörmət mövqeyi kimi şərh oluna bilməz. Bu tipli açıqlamalar ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində tərəfsiz vasitəçi ola biləcəyini növbəti dəfə şübhə altına salır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR