İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Gümrüdə təhlükəli biolaboratoriya yaradır - təhdid...

780 27.01.2024 13:48 Gündəm A A

İlham İsmayıl: “Bu mərkəz və laboratoriyaların əsas hədəfi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq, postsovet məkanında Amerikanın təsirini artırmaqdan ibarətdir”

ABŞ Ermənistanda daha bir hərbi-bioloji laboratoriya yaratmaq niyyətindədir. Bununla da Birləşmiş Ştatların Ermənistandakı hərbi-bioloji laboratoriyalarının sayı 13-ə çatacaq. Erməni mediası yazıb ki, bununla əlaqədar Ermənistanla ABŞ-ın müdafiə nazirlikləri arasında müqavilə imzalanıb. 

Maraqlıdır ki, həmin laboratoriya Gümrüdə, Rusiyanın 102-ci hərbi bazasının yaxınlığında yerləşəcək. Yerli mütəxəssislər bunu narahatlıqla qarşılayıblar. Onların fikrincə, hərbi-bioloji laboratoriyalarda müxtəlif patogen vasitələrdən istifadə olunduğu üçün xüsusilə yaxınlıqdakı məktəblərdə işləyən və oxuyanların sağlamlığına təhlükə yarana bilər. 

Rəsmi Moskva da bu laboratoriyalara qarşı çıxış edib. Bildirilir ki, həmin obyektlər bütün dünya üçün ən təhlükəli virusların saxlanılması üçün anbar rolunu oynaya bilər. Rusiyanın etirazı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində müzakirə olunur.

Xatırladaq ki, belə laboratoriyalar Ermənistanla yanaşı, Qazaxıstanda və Gürcüstanda da var. Bəs niyə məhz Gümrüdə, Rusiya hərbi bazasının yaxınlığında? Bu nə laboratoriyalardır, dolğun məlumat varmı? ABŞ-ın hədəfi nədir? Bu cür obyektlərin bölgəyə, Azərbaycana, Türkiyəyə mümkün neqativ təsirləri nədir? 

İlham İsmayıl: “BMT-dəki çağırışlardan narahat olmağa dəyməz”

İlham İsmayıl 

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Yeni Müsavat”a deyib ki, ABŞ-ın indiyə qədər də əsasən Ermənistan və Ukraynada bioloji laboratoriyaları olub: “Hətta Gümrüdə açılması planlaşdırılan ABŞ laboratoriyasının nömrəsi də qoyulub - 13-cü laboratoriya. Digər laboratoriyalar illərdir ki, Ermənistanda fəaliyyət göstərir. Bu laboratoriyalar Rusiya ilə bağlıdır. Artıq ABŞ-ın bioloji silahı Gümrüdə olacaq. Orada Rusiyanın hərbi bazası var. Fransızlar da Gümrüdə ”Fransa işığı" adlı sosial və psixoloji mərkəz açıblar. Bu mərkəz və laboratoriyaların əsas hədəfi Rusiyanı Cənubi Qafqazdan sıxışdırmaq, postsovet məkanında ABŞ-ın təsirini artırmaqdan ibarətdir. Bu laboratoriya və mərkəzlərin orada olması həm də bir mesajdır. Yəni ölkənizdəki laboratoriya və mərkəzi qoruya biliriksə, sizi də qoruyacağıq. Əlbəttə bu ilkin mesajlardır və Rusiyanı birdən-birə regiondan sıxışdırıb çıxarmaq mümkün deyil".   

 

İlham İsmayıl hesab edir ki, ABŞ laboratoriyasının Ermənistan ərazisində olmasının Azərbaycan üçün hər hansı bir təhlükəsi yoxdur: “Həmin laboratoriyalar tam olaraq ABŞ-ın nəzarətindədir. Bəli, əgər ermənilərin nəzarətində olsaydı, laboratoriyadakı viruslardan, bioloji silahlardan Azərbaycana qarşı istifadə edə bilərdilər. ”Bioloji silahlar haqqında" Konvensiya və ya “Bioloji və toksin silahlar haqqında” Konvensiya kimi tanınan “Bakterioloji (bioloji) və toksin silahlarının hazırlanmasının, istehsalının və ehtiyata yığılmasının qadağan olunması və onların məhv edilməsi haqqında” Konvensiya 1972-ci ildə imzalanmış və 1975-ci ildə qüvvəyə minib. Hər növ kütləvi qırğın silahlarının qadağan və məhv edilməsindən ibarət olan ümumi və tam tərk-silah yolunda səmərəli irəliləyişə nail olmaq məqsədi daşıyan Konvensiya öz növbəsində ilk beynəlxalq tərk-silah müqaviləsi oldu. Azərbaycan Respublikası 2003-cü ildən Konvensiyanın üzvüdür.  ABŞ isə bu Konvensiyaya qoşulmayıb. Rəsmi olaraq ABŞ-ın bioloji silah hazırlaması barədə məlumat 1942-ci ildə məlum oldu. O zaman prezident olan Franklin Ruzvelt tədiqatların aparılmasına icazə vermişdi. II Dünya Müharibəsi zamanı bu silahın hazırlanmasına ABŞ 400 milyon dollar vəsait sərf etmişdi. Müharibədən sonra isə bu büdcə böyüməkdə davam etdi. Həmin dövrdə ABŞ 1925-ci il Cenevrə Konvensiyasına qoşulmadığına görə tədqiqatlar geniş şəkildə davam etdirilirdi. Proqramın mərkəzi Merilend ştatında Fort Detrikdir. Orda aparılan araşdırmaların əksəriyyəti məhz etomoloji silahların hazırlanmasına həsr olunmuşdu. Fort Detrik proqramının ləğvindən sonra burda deyilənə görə insan sağlamlığının qorunması istiqamətində elmi işlər aparılmağa başlanıldı. İndi həmin ərazidə ABŞ ordusunun tibbi araşdırmalar mərkəzi, infeksiya xəstəliklərinin tədqiqatlar institututu və Milli Onkologiya İnstitututnun laboratoriyası yerləşir. Ermənistan ərazisində açılışı planlaşdırılan 13 nömrəli laboratoriyanın Azərbaycana mümkün zərərləri barədə demək olar ki, əgər orada qəza baş verərsə, qəza zamanı virus yayıla bilər. Ermənistan ərazisindəki Metsamor Atom Elektrik Stansiyası da bu baxımdan Azərbaycan üçün təhlükəlidir. Orada hər hansı bir qəza baş versə, ilk növbədə Ermənistanın özü, Azərbaycanın Naxçıvan əraziləri, Türkiyəyə müəyyən zərərlər ola bilər. Bu qəza halıdır, yəni düşünülmüş hədəf deyil". 

İlham İsmayıl ABŞ-ın hərbi-siyasi maraqları çərçivəsində Ermənistan ərazisindəki bioloji laboratoriyada məqsədli qəzanı da istisna edir: “İndiyə qədər ABŞ-ın bioloji laboratoriyalarında belə qəza olmayıb. Həmin laboratoriyanın Ermənistan ərazisində inşa etməklə ABŞ daha çox postsovet məkanında özünün varlığını göstərmək istəyir. Mümkündür ki, Ermənistandakı laboratoriyada tammiqyaslı tədqiqat işləri aparılmayacaq. Sadəcə ABŞ-ın Ermənistanda bioloji laboratoriyasının varlığı üçün orada inşası planlaşdırılır. Ermənistanda Rusiyanın təsirini azaltmaq, ABŞ-ın təsirini artırmaq məqsədi daşıyır. Ukraynada da müharibədən əvvəl çoxsaylı belə laboratoriyalar inşa olunub. Təbii ki, ölkələr icazə verməsə, ABŞ belə laboratoriyaları onların ərazisində inşa edə bilməz. Belə laboratoriyaların inşasına ölkələrin rəhbəırli o halda icazə verir ki, Rusiyadan canını qurtarmaq, ABŞ-ın ”çətiri" altına keçmək istəyir".

İlham İsmayıl bildirib ki, Azərbaycanda ABŞ-ın bioloji laboratoriyası yoxdur. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”  



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR