İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ermənistandan nə istəyir - anti-Rusiya sanksiyalarına qoşulma, yoxsa...

758 18.04.2023 09:28 İqtisadiyyat A A

Vaşinqtonun ermənilərin Rusiyaya ikili ixracına reaksiyası getdikcə sərtləşir

ABŞ başda olmaqla, Qərb Rusiyaya satışı qadağan olunan malların dünyadakı hərəkətini izləmək üçün nəzarət mexanizmlərini daha da sərtləşdirir. Aprel ayı ərzində ABŞ Maliyyə Nazirliyinin yüksək vəzifəli şəxsləri Avstriya, Almaniya, İtaliya, Qazaxıstan, Qırğızıstan və İsveçrəyə gedərək Rusiyanın sanksiyalardan yayınmasına qarşı mübarizə tədbirlərini müzakirə edəcəklər. Avstriya, Almaniya, İtaliya və İsveçrədə əsas diqqət aldıqlarını Rusiyaya reeksport edə biləcək üçüncü ölkələrlə ticarətə nəzarətin artırılması, Qazaxıstan və Qırğızıstanla isə qadağan olunan malların Rusiyaya çatdırılması imkanlarının qarşısının alınması müzakirə olunmalıdır. Bundan əvvəl fevral ayında ABŞ Maliyyə Nazirliyinin nümayəndələri Türkiyədə olaraq, eyni məsələni müzakirə ediblər. Nəticədə Türkiyə gömrük orqanları Rusiyaya tranzit olaraq keçirilən yüklərə, yerli şirkətlərin bu ölkəyə satışlarına nəzarəti sərtləşdirib.

ABŞ-ın Almaniyada ticarət nəzarətinin gücləndirilməsi ilə bağlı müzakirə başlatması təsadüf sayılmır. Çünki ötən ilin ikinci yarısından etibarən bir sıra ölkələrin, o cümlədən Ermənistanın Almaniyadan müxtəlif ağır texnika, elektronika məhsulları idxalında kəskin artım qeydə alınıb. Ermənistana münasibətdə bu artım 5-6 dəfədən çoxdur. Məhz ötən ilin ikinci yarısında Avropa İttifaqı öz ərazisindən Ermənistan vasitəsilə Rusiyaya qadağan olunan malların çatdırılması ehtimalından narahatlığını ifadə etməyə başlayıb. Daha sonra isə ABŞ Maliyyə Nazirliyi Ermənistana məxsus “Milandr” şirkətini Rusiyaya gizli yolla mikroçip tədarük etdiyinə görə qara siyahıya salıb. Bu ilin aprelində ABŞ Maliyyə Nazirliyi Ermənistan tərəfinə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların mümkün pozulması ilə bağlı xəbərdarlıq edib. Bu barədə ABŞ maliyyə nazirinin birinci müavini Adevale Adeyemo ilə Ermənistanın baş nazir müavini Mger Qriqoryanın aprelin 12-də baş tutan görüşündə müzakirə aparılıb. Nazirliyin rəsmi açıqlamasına görə, görüşdə ABŞ-ın Rusiyanın sanksiyalardan yayınma imkanlarının qarşısının alınması üçün göstərdiyi səylər Ermənistan rəsmisinin diqqətinə çatdırılıb.

Kanada anti-Rusiya sanksiyalarını genişləndirib - "İki sahil"

Görüş baş tutan gün ABŞ Maliyyə Nazirliyi Rusiyaya sanksiya siyahısında olan malları dolayı yolla çatdırmaq ittihamı ilə 27 şirkəti qara siyahıya saldığını açıqlayıb. Onların arasında Ermənistanın 1 şirkəti də var. Bu, Tako LLC adlı şirkət İrəvanda qeydiyyatdan keçib. Şirkət Rusiyanın sanksiya altında olan “Radioavtomatika” ASC şirkətinə qadağan olunmuş elektron komponentləri tədarük etdiyinə görə qara siyahıya salınıb.

Xatırladaq ki, Rusiyaya sanksiyalardan yayınmaqda kömək etdiyinə görə Ermənistana daha bir xəbərdarlıq Almaniyada edilib. Baş nazir Nikol Paşinyanın bu ölkəyə rəsmi səfəri zamanı Almaniya kansleri Olaf Şols İrəvanı Rusiyaya yardımdan çəkinməyə dəvət edib. Erməni mənbələri Paşinyan Almaniyadan gələndən sonra Rusiyaya ixracın ciddi nəzarətə alındığına dair məlumat yaysalar da, bir ay sonra ABŞ-dan daha sərt xəbərdarlığın səslənməsi “nəzarət”in heç də yetərli səviyyədə olmadığından xəbər verir.

Ermənistan Statsitika Komitəsinin məlumatına görə, ölkənin Avrasiya İqtisadi Əməkdaşlıq İttifaqı üzvləri ilə ticarətinin həcmi 2022-ci ildə 2021-ci illə müqayisədə 92,7 faiz artaraq 5 milyard 267 milyon dollara yüksəlib. Bu zaman ixrac 2,8 dəfə artmaqla 2,5 milyard dollar təşkil edib. Və bunun nə az, nə çoxu - 2 milyard 411 milyon dolları Rusiyaya reallaşdırılıb.

Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan etiraf edir ki, bu ixracın əhəmiyyətli hissəsi reeksportdur. Lakin nazir iddia edir ki, hökumət bu prosesə nəzarət edir ki, sanksiya siyahısında olan məhsullar Rusiyaya çatdırılmasın. Lakin faktlar göstərir ki, bu nəzarət sözdədir. Çünki əgər Rusiyaya Qərbin qadağan etdiyi məhsullar reeksport edilmirdisə, bu alver 2022-ci ilin əvvəlində də qeydə alınardı. Amma ötən ilin birinci yarısında Ermənistanın ümumi ixracı cəmi 546 milyon dollar təşkil edib. İkinci yarımildə bu göstərici 3 dəfə artaraq 1 milyard 860 milyon dollara çatıb.

Avropa İttifaqı anti-Rusiya sanksiyalarını dayandırır » "Dünya" informasiya  agentliyi

İxracın tərkibinə baxanda da Ermənistandan Rusiyaya məhz qadağan olunan malların reixracının baş verdiyini görmək mümkündür. Məsələn, ötən il heç bir yeni istehsal müəssisəsi işə salınmadan ermənilər xaricə - əsasən Rusiyaya 2021-ci ildəkindən 11 dəfə çox - 695 milyon dollarlıq mexaniki və elektron avadanlıq ixrac ediblər.  Hələlik Ermənistanın ölkələr və məhsullar üzrə ixrac göstəriciləri açıqlanmayıb. Lakin 2022-ci ilin birinci yarısının göstəricilərinə əsasən Rusiyaya belə avadanlıqların ixracı 4 dəfədən çox artaraq 47 milyon dollara, Belarusa ixracı isə 190 min dollardan 2,9 milyon dollara çatıb.

Nəzərə alsaq ki, 2021-ci ildə Rusiyaya belə avadanlıq və onların detallarının ixracı cəmi 30,6 milyon dollar təşkil edib, onda 2022-ci ildəki sıçrayışın məhz reixracın hesabına baş verdiyini görmək elə də çətin deyil.

Ermənistan yalnız qadağan olunmuş Qərb mallarının Rusiyaya ixracından deyil, bir sıra Qərb ölkələrinin idxalını qadağan etdiyi Rusiya məhsullarının ixracından da qazanır. Məsələn, 2022-ci il ərzində Ermənistanın brilyant ixracı 4  dəfə artaraq 418 milyon dollara yüksəlib. Rusiyadan brilyantı alan ermənilər onu digər ölkələrə, xüsusilə də Birləşmiş Ərəb Əmirliklərinə satıblar.

Ötən il Ermənistanda hazır qida məhsullarının (təzə meyvə-tərəvəz nəzərə alınmadan) istehsalı cəmi 7 faiz, onların ixracı isə 70 faiz artaraq 130 milyon dollar təşkil edib. Bu ixracın 80 faizdən yuxarısı Rusiyaya reallaşıb.

Ermənistan xarici ticarətində 2022-ci ilin aprelindən sonra başlanan möcüzəli artım bu il də davam edir. Ölkənin statistika orqanının məlumatına görə, 2023-cü ilin yanvar-fevralında xarici ticarətin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 77,7 faiz artmaqla 2 milyard 529,7 milyon dollar təşkil edib. Bu zaman fevralda göstərici yanvarla müqayisədə 14,6 faiz, ötən ilin fevralı ilə müqayisədə isə 79,5 faiz artıb.

İki ayda Ermənistanın ixracı illik ifadədə 96,4 faiz artmaqla 994,4 milyon dollar olub. İxrac fevralda illik ifadədə 2,1 dəfə artıb. İdxal isə iki ayda 67,4 faiz artımla 1 milyard 535,3 milyon dollara çatıb.

Türkiyə iqtisadiyyatı fevral ayında da yüksək xarici ticarət kəsiri ilə  üzləşib | marja.az

Yanvar-fevralda Ermənistanın xarici ticarətində ən böyük paya hansı ölkə sahib olub? Əlbəttə, Rusiya. Bu ölkə ilə ticarət dövriyyəsi iki ayda illik ifadədə 89 faiz artaraq 900 milyon 681 min dollar təşkil edib. Sanksiya altında olan Belarusla ticarət 79,3 faiz artmaqla 25 milyon dollara çatıb. Hücuma məruz qalan Ukrayna ilə ermənilər ticarəti 28 faiz azaldıblar.

Avropa İttifaqı ölkələri ilə Ermənistanın ticarəti ilin iki ayında 51,6 faiz artımla 398 milyon dollar olub. Bu zaman Almaniya ilə ticarət 89,6 faiz (həcmi 103,3 milyon dollar), Niderlandla 68,7 faiz (78,2 milyon dollar), İtaliya ilə 40,5 faiz (52,7 milyon dollar), Fransa ilə 96,5 faiz (23 milyon dollar) artıb. Göründüyü kimi, ermənilər hələ ki ABŞ-ın xəbərdarlıqlarından nəticə çıxarmağa tələsmirlər. Əksinə, Rusiyaya qadağan olunan malların çatdırılması prosesini nəzarətdən yayındırmaq üçün yollar tapmağa çalışırlar. Artıq bu istiqamətdə ciddi addımlar da atıblar. Belə ki, Ermənistanla Rusiya qarşılıqlı ticarətdə dollar və avrodan imtina ediblər. Bu barədə Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan martda “Vedomosti” nəşrinə müsahibəsində məlumat verib. Nazir bildirib ki, tərəflər qarşılıqlı hesablaşmalarda dollar və avrodan istifadəni tam dayandırıblar. Bu isə o deməkdir ki, Ermənistan şirkətlərinin xaricdən aldıqları qadağan olunmuş malların Rusiyaya hərəkəti izlənə bilməyəcək - hesablaşmalar SWIFT sistemindən kənarda və açıqlanan məlumatlara görə, daha çox yuanla həyata keçirildiyinə görə ABŞ və Avtopa İttifaqı ticarətin hansı şirkətlər arasında reallaşdığını izləyə bilməyəcəklər.

Maraqlıdır ki, Ermənistanda ABŞ-ın xəbərdarlıqlarını ölkəni Rusiyaya qarşı sanksiyalara qoşmaq cəhdi kimi dəyərləndirirlər. Erməni politoloq, siyasi elmlər doktoru Vahe Davtyan Facebook səhifəsində iddia edir ki, Vaşinqton Ermənistanı anti-Rusiya sanksiyalarına qoşulmağa məcbur edir: “Bəzi məlumatlara görə, bu məsələ baş nazirin müavini Mger Qriqoryan və ABŞ maliyyə nazirinin müavini Adevale Adeyemo arasında keçirilən görüşdə müzakirə olunub. Bundan başqa, eyni məsələ ABŞ ticarət nazirinin köməkçisi Tea Kendalın bir neçə gün əvvəl İrəvana səfəri zamanı da gündəmə gətirilib. Təbii ki, heç bir rəsmi bəyanatda, eləcə də görüşün protokolunda sanksiyaların müzakirəsindən bəhs edilmir”.

Aydın məsələdir ki, ABŞ Rusiyanın yaxın çevrəsindəki ölkələrə, xüsusilə MDB dövlətlərinə sanksiyalara qoşulma istiqamətində hər hansı təzyiq etmir. Ən azından ona görə ki, bu ölkələrin heç birinin Rusiyanın hərb sənayesinə yararlı istehsalı mövcud deyil. Qərb, sadəcə, öz məhsullarının bu ölkələr vasitəsilə Rusiyaya çatdırılmasının qarşısını almağa çalışır. Bu məsələdə ermənilərin adının daha tez-tez hallanmasının əsas səbəbi onların prosesdə aktiv iştirakından qaynaqlanır. Bu iştiraka görə Azərbaycanın, Gürcüstanın deyil, məhz Ermənistanın şirkətləri qara siyahıya salınır.

ABŞ-ın getdikcə sərtləşən ritorikası, birbaşa Ermənistan rəsmilərinə xəbərdarlığın olunması göstərir ki, Vaşinqton Rusiyaya yardıma görə ermənilərə güzəştə getmək niyyətində deyil. Əgər Ermənistan Rusiyaya sanksiyalardan yayınmaqda yardımı davam etdirəcəksə, yaxın bir neçə ay ərzində ABŞ-ın öz məhsullarının bu ölkəyə satışına qadağa qoyacağı kifayət qədər realdır. Bundan əlavə, ikili ixracın qarşısını almaq üçün yetərincə səy göstərməyən Ermənistan rəsmilərinə qarşı addımların atılması da istisna olunmur. Eyni davranış Avropa İttifaqından da sərgilənə bilər. Ortaya daha çox real faktlar qoyularsa, hətta erməni lobbisi belə bu prosesin qarşısını ala bilməyəcək. Söhbət ABŞ-ın dövlət maraqlarından gedəcəksə, heç bir lobbi onun ziddinə fəaliyyətə göz yumulmasına nail olacaq gücdə deyil...

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR