İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Ədliyyə Nazirliyi də “sildim-qaytardım” praktikasına keçdi - Epşteyn dosyesindən Trampın fotosu silindi

464 22.12.2025 18:40 Dünya A A

ABŞ Ədliyyə Nazirliyinin Ceffri Epşteyn işi ilə bağlı yayımladığı sənədlər ətrafında baş verənlər Vaşinqtonun illərdir başqalarına dərs keçdiyi “şəffaflıq” anlayışını ciddi sual altına qoyub. Donald Trampın da yer aldığı fotoşəklin əvvəlcə nazirliyin rəsmi saytından səssiz-səmirsiz silinməsi, ardınca artan ictimai təzyiq fonunda yenidən bərpa edilməsi ABŞ ədliyyə sisteminin belə siyasi həssaslıq qarşısında necə geri çəkilə bildiyini göstərdi.

Musavat.com xəbər verir ki, bu mənzərə Azərbaycanda fəaliyyət göstərən bəzi saytların davranışını xatırladır - material yayımlanır, azacıq təzyiq, zəng və ya narahatlıq yaranan kimi xəbər “texniki səbəblərdən” yoxa çıxır.

Görünür, bu praktika artıq Atlantik okeanını da keçib. ABŞ baş prokurorunun müavini Todd Blanş verdiyi açıqlamada bildirib ki, Donald Trampın təsvir olunduğu foto Epşteyn sənədlərindən qurbanların narahatlıqlarına görə müvəqqəti olaraq çıxarılıb. Daha sonra isə “əlavə baxışdan” sonra fotonun yenidən yerləşdirildiyi açıqlanıb. Blanş Trampın adının hallanmasına görə sənədin silindiyi iddialarını “gülünc” adlandırsa da, minlərlə sənədin yayımlandığı paketdə ən azı 13 fayl heç bir rəsmi izahat verilmədən saytdan yoxa çıxıb.

Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki demokratların “başqa nələr gizlədilir” sualı da məhz bu səbəbdən yaranıb. Ədliyyə Nazirliyi Trampın fotosunun “ehtiyat məqsədilə” çıxarıldığını, daha sonra isə fotoda Epşteyn qurbanlarının olmadığı qənaətinə gəlinərək bərpa edildiyini bildirir. Ancaq sual açıq qalır: əgər hər şey bu qədər aydındırsa, niyə sənəd əvvəlcədən silinirdi?

Rəsmilərin verdiyi məlumata görə, sözügedən şəkil Epşteynin evlərindən birində çəkilib. Kadrlarda şkafın üzərində çərçivəyə salınmış, içində tanınmış simaların yer aldığı fotoşəkillər görünür. Açıq siyirtmədə isə daha çox foto var, onlardan birində Donald Tramp, Melaniya Tramp, Epşteyn və onun sonradan məhkum edilmiş köməkçisi Qisleyn Maksvel birlikdə görünür.

Blanş deyib ki, Trampın Epşteynlə birlikdə olduğu onlarla foto artıq ictimaiyyətə açıqdır və bir şəkli məhz Trampa görə silmək absurddur. Lakin ictimai rəy məhz bu “absurd” detallar üzərində formalaşır. Epşteyn sənədlərinin açıqlanmasına rəhbərlik edən respublikaçı konqresmen Tomas Massi Tramp administrasiyasının mövqeyindən məyus olduğunu açıq şəkildə bildirib. Onun sözlərinə görə, məsələ siyasi deyil, qurbanlar üçün ədalətin bərpa olunmasıdır. Massi baş prokuror Pam Bondiyə qarşı daxili hörmətsizlik ittihamları hazırladığını açıqlayıb və deyib:

“Sağ qalanlar razı qalana qədər mən razı qalmayacağam”.

Bu isə göstərir ki, problem yalnız demokratların deyil, Vaşinqtonun öz içində də ciddi narazılıq var. Konqresin tələbi ilə açıqlanan sənədlər ciddi şəkildə redaktə edilib. Qurbanların şəxsiyyəti, uşaqlara qarşı istismarı əks etdirən materiallar, aktiv istintaqa və milli təhlükəsizliyə aid hissələr gizlədilib. Nəticədə sənədlər yayımlansa da, Epşteynin cinayətləri ilə bağlı yeni və sarsıdıcı məlumatlar demək olar ki, yoxdur. İtkin düşən fayllar arasında Epşteynin evindəki masaj otağını, çılpaq qadın təsvirləri ilə dolu divar kağızlarını əks etdirən görüntülər də var.

Bəzi üzlər bir faylda silinir, digərində isə açıq qalır. Bu da redaktənin belə sistemsiz və seçici aparıldığını göstərir. ABŞ ədliyyə sistemi Epşteyn sənədləri məsələsində özü ciddi etimad böhranı yaşadı. Rəsmi saytında yayımlanan məlumatları bir az təzyiq və narahatlıq yaranan kimi silib, sonra yenidən yerləşdirmək, bu, Vaşinqton üçün utancverici presedentdir.

Bu hadisə göstərdi ki, güclü dövlətlərdə də həqiqət bəzən serverlərdə saxlanılır, ictimai təzyiq artarsa, ortaya çıxarılır. İndi əsas sual belədir - silinən yalnız fotolardır, yoxsa ictimaiyyətdən gizlədilən daha ağır faktlar da var?

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR