İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ defoltun bir addımlığında - dünya iqtisadiyyatı çökə bilər

1247 19.05.2023 16:13 İqtisadiyyat A A

Eyyub Kərimli: “Azərbaycanda ilk təzyiq və təsir neftin qiymətlərində yarana bilər”

ABŞ maliyyə naziri Canet Yellen ölkənin iyunun 1-də defolt ola biləcəyini təsdiqləyib. Bu barədə nazirin ABŞ Konqresinin üzvlərinə ünvanladığı məktubda bildirilib. “Maliyyə Nazirliyi, çox güman ki, iyunun əvvəlində və potensial olaraq iyunun 1-də artıq bütün hökumət öhdəlikləri üçün cavab verə bilməyəcək”, - deyə sənəddə vurğulanıb. Yellen, həmçinin ABŞ-nin kredit qabiliyyətini qorumaq üçün millət vəkillərini milli borc tavanını dərhal qaldırmağa çağırıb. Bundan əvvəl Ağ Evin rəhbəri Co Bayden ABŞ-də defolt halında bütün dünya üçün problemlər olacağını proqnozlaşdırmışdı. Eyni zamanda, o, respublikaçıların bu böhrana görə məsuliyyət daşıdığını bildirmişdi.

bayden.jpg (68 KB)

Məlumat üçün bildirək ki, defolt - borclar üzrə faiz və ya əsas məbləğin ödənilməsinə dair öhdəliyin yerinə yetirilməsi imkanının olmamasıdır. Bu zaman iqtisadi subyekt tərəfindən pul və borc öhdəliklərindən qismən, yaxud tam imtina edilir. Adətən, ağır maliyyə böhranları səbəbindən iqtisadi subyektlər, xüsusilə dövlət defolta əl atır. Aşağı inkişaf səviyyəli ölkələr fiskal imkanların məhdudluğu üzündən daxili borc öhdəlikli maliyyə alətlərinin geri alınmasından, eləcə də xarici borc öhdəliklərindən qismən, yaxud tam imtina etmiş olur ki, bu da dövlət borcunun defoltu adlanır.

Bəs görəsən, ABŞ iqtisadiyyatı defolta uğrayacağı təqdirdə dünya iqtisadiyyatını nələr gözləyir?

eyyub.jpg (290 KB)

İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a deyib ki, hazırda bütün dünyanın nəzəri ABŞ iqtisadiyyatına yönəlib: “ABŞ iqtisadiyyatı böyük gözlənti və müzakirələr dönəmindədir. İyunun 1-ə qədər Amerika büdcəsi böhranla qarşılaşa bilər. ABŞ-nin xərcləri artıq gəlirlərini qat-qat üstələyib. Bu halda sözsüz ki, Amerika iqtisadiyyatı borclanmaya getməlidir. Lakin Konqresin 2021-ci il qanununa əsasən, Amerikanın borclanması üçün müəyyən limit müəyyənləşdirilmişdi. Bu da 31.04 trilyon dollar idi. Həmin vəsaiti Amerika iqtisadiyyatı 2023-cü ilin yanvarına qədər əldə edib. Artıq dövlət qiymətli kağızları dövriyyəyə buraxa bilmir. Büdcədə vəsait yoxdur, qiymətli kağızların xidmət olunmasına maliyyə resursları yoxdur. Buna görə Amerika iqtisadiyyatı borc ala bilmir. ABŞ iqtisadiyyatının daha çox borclanması üçün Konqresdə Demokrat və Respublikaçılar Partiyası arasında gərgin müzakirələr gedir. Əgər konsensus yaranmasa, Amerikanı iyunun 1-ə qədər defolt gözləyir. Sözsüz ki, belə bir hal olsa, Amerikanın dövlət borcunun artırılması üçün Konqresdə konsensus yaranmasa, razılıq olmasa, bu, dünya iqtisadiyyatı üçün böyük bir təlatüm yarada bilər”.

Ekspert qeyd edib ki, dünya iqtisadiyyatının böyük əksəriyyəti ABŞ-dan asılıdır, onunla ticarət əlaqələri böyükdür:

“ABŞ iqtisadiyyatında defolt yaransa, dünya iqtisadiyyatına təsirsiz ötüşməyəcək. Bu, bütün ölkələrin iqtisadiyyatında domino effekti ilə çöküş yarada bilər. Hətta vəziyyət o yerə çatıb ki, ABŞ-nin maliyyə naziri xəbərdarlıq edib, dövlət borclanmaya gedərsə, sosial ödənişlərin və pensiya fondunun ödənişləri dayandırıla bilər. Hazırda ABŞ büdcəsinə büdcə daxilolmaları nəzərdə tutulan həddən aşağıdır. Əsasən də vergilərin daxil olması. 2023-cü ilin büdcəsinə nəzərdə tutulan proqnozlardan qat-qat aşağı olub. ABŞ-nin xarici borcu dünyada ən böyük dövlət borcu sayılır. Dünyada birinci yerdə qərarlaşıb ki, bu da 31.4 trilyon dollar təşkil edir. Bu, onların ÜDM-nin 144 faizini təşkil edir ki, bu da çox böyük bir rəqəmdir. Bu göstərici vəziyyətin mürəkkəb olmasından xəbər verir. Təhlillər onu deməyə əsas verir ki, ABŞ-nin artıq 20 ildir ki, dövlət büdcəsi defisitlə özünü göstərir. Dövlət borcu ilbəil artır. Əgər 2000-ci ildə ÜDM-dən 5 dəfə artıq idisə, 2023-cü ildə bu rəqəm 20 faizi ötüb”.

Eyyub Kərimli bildirib ki, bu vəziyyət Azərbaycan iqtisadiyyatından da yan keçməyəcək: “Çünki bizim ABŞ ilə iqtisadi əlqələrimiz var. ABŞ-də baş verən defolt bütün Avropanı, Asiyanı və əsasən də Çini vura bilər. Bununla da bizim həm Avropa, həm də Çinlə iqtisadi əlaqələrimizə zərər dəyə bilər. İlk təzyiq və təsir isə neftin qiymətlərində yarana bilər. Yəni neftin qiyməti aşağı düşə bilər. Gözləntilər odur ki, Amerikada konqresmenlər konsensus qərara gələrlər. Amerikanın dövlət borcunun yüksək həddinin artırılması olmasa, dünya iqtisadiyyatı üçün gərgin anlar yaşana bilər”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR