İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Tik-Tok yasaqlandı: Çin kəşfiyyatına məlumat toplayırmış - Azərbaycanda da bağlana bilər...

1526 17.12.2022 08:44 Texnologiya A A

Osman Gündüz:  “Azərbaycanın bu cür resurslara ehtiyacı var, hökumət qlobal şirkətlərlə danışıqlar aparmalıdır”

ABŞ Senatı Tik-Tok platformasına qadağa gətirən ciddi bir addım atıb. Belə ki, Senat səsbirliyi ilə Tik-Toku yasaqlayan qanun layihəsini təsdiqləyib. Bundan sonrakı  prosedura görə, ABŞ prezidenti Co Baydenin Senatdan gələn qanunu imzalaması lazımdır. Musavat.com xarici mediaya istinadən bildirir ki, yeni qəbul olunan qanuna görə, dövlət orqanlarında, büdcə təşkilatlarında çalışan amerikalılara Tik-Tok tətbiqini endirmək və özlərinə məxsus telefonda ondan istifadə etmək qadağandır. ABŞ Senatı hesab edir ki, Tik-Tok platforması ona abunə olan şəxslərə aid bütün bilgiləri və digər məlumatları əldə etmək imkanına malikdir. Bu məlumatlar isə Çin kəşfiyyatına ötürülür. Bu da Amerikanın milli təhlükəsizliyinə təhdid təşkil edir.  Bu səbəbdən də dövlət qurumlarında çalışan amerikalılar öz cihazlarına Tik-Tok endirə bilməyəcəklər.

Bəs bizdə və digər ölkələrdə də bu cür addımlar gözlənilirmi? ‘’Çin malı’’ olan Tik-Tok Azərbaycanda çox populyardır və getdikcə də böyüyür. Xüsusən gənclər, bu platformada özlərini ifadə edir, şohrət və pul qazanırlar. Çin kəşfiyyatı iddiası ABŞ-dan sonra digər ölkələrdə də Tik-Tokun qadağan olunmasına gətirib, çıxara bilərmi? Azərbaycanın belə bir addım atması labüd, yaxud da gözləniləndirmi? Musavat.com xatırladır ki, müəyyən müddət öncə zərərli təsirlərini nəzərə alaraq, Azərbaycan dövləti Tik-Tokun yayımını  ölkəmizdə məhdudlaşdırmışdı. Bu, təkrar olunacaqmı?

Yeri gəlmişkən, Azərbaycanda “Tik-Tok” sosial şəbəkəsi ən çox istifadə edilən platformalardan biridir. Sosial platforma həmçinin bir çoxları üçün qazanc mənbəyinə çevrilib. “Tik-Tok”da bir dama jeton göndərən istifadəçilər platformaya 50 faiz komissiya və 18 faiz ƏDV tutulur. Bu qədər qazanca rəğmən “Tik-Tok” sosial platforması Azərbaycana vergi ödəmir. Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyin ediləcəyi gözlənilir, hətta onların nümayəndəliyinin Azərbaycanda yaradılacağı gözlənilir. “Tik-Tok” və bu kimi sosial platformalar ölkəyə vergi ödəməli olacaq. Əgər şərtləri qəbul etməzsə, onda sosial platforma Azərbaycan üçün bağlı ola bilər.

Osman Gündüz — Vikipediya

Osman Gündüz 

Məsələ ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Yeni Müsavat”a deyib kİ, Amerikanın Tik-Tokla bağlı problemi çoxdan var: “Burada Amerika daha çox öz vətəndalşarının məlumatlarının, xüsusilə də uşaqların məlumatlarının qorunması ilə bağlı Tik-Tokdan tələb edirdi ki, məlumat bazaları, data mərkəzləri, serverləri Amerikada yerləşsin. Əvvəllər bu uşaqlarla bağlı bu beləydi, indi artıq digər vətəndaşlarla bağlı da görünür ki, belə tələbləri var. İndi Tik-Tok başqa bir şirkətlə əməkdaşlıq edərək Amerika şirkətlərinin bu tələbinin bir qismini ödəməyə razılaşmışdır ki, uşaqlarla bağlı məlumat yerləşən data mərkəzləri Amerika ərazisində olsun. Yəni bu cür addımlar atılırdı. Burada müəyyən risklər var ki, Amerika hökuməti belə bir qərar qəbul edib”.

Ekspert əlavə edib ki, Azərbaycanda da fərdi məlumatların qorunması ilə bağlı qanunvericilik var: “Uşaqların informasiya təhlükəsizliyinin qorunması ilə bağlı qanunvericilik var. Mənim mövqeyim ondan ibarətdir ki, uşaqların Tik-Tokda qorunması, informasiya təhlükəsizliyinin qorunması ilə bağlı müddəalar var. Buna görə uşaqlar üçün Tik-Tokun məhdudlaşdırılması reallıqdır. O ki qaldı vətəndaşlarla bağlı bu, müzakirə predmeti ola bilər. Bildiyimə görə Azərbaycan hökuməti artıq qlobal şirkətlərin Azərbaycan ərazisində nümayəndəliyin açılması ilə bağlı qanunvericilik hazırlayıb. Bu daha çox iqtisadi yönümlüdür. Yəni vergi ödəyicisi olaraq. Hesab edirəm ki, nümayəndəlik açılması tələbi bizim üçün də müəyyən risklər yarada bilər. Çünki Azərbaycan bazarı balaca bir bazardır. Buna görə də bəzi qlobal şirkətlər - Tik-Tok, feysbuk, yutub və sairə, Azərbaycan bazarına maraq göstərməyə bilərlər. Halbuki Azərbaycanın bu cür resurslara ehtiyacı var. Ona görə mən hesab edirəm ki, hökumətin özünün bu istiqamətdə qlobal şirkətlərlə danışıqlar aparması daha doğru olar. Yeri gəlmişkən, son bir həftə idi ki, Tik-Tok rəsmiləri Azərbaycanda idilər. Azərbaycan rəsmi qurumları ilə danışıqlar aparırdılar. Yəqin ki hökumətimizin bu istiqamətdə danışıqları olub”.

ByteDance staff and investors shocked as founder steps back | Financial  Times

Qeyd edək ki, çinli sahibkar Yanq Yiminq “ByteDance” adlı proqram təminatı şirkətini yaradıb. Bundan 5 il sonra şirkət “TikTok” tətbiqini təqdim edib. Cəmi 5 il əvvəl istifadəyə verilən sosial media artıq 1 milyarddan artıq istifadəçiyə sahibdir. Platforma istehlakçıları və reklamçıları sevindirsə də, ABŞ-ın Pentaqon və Konqres kimi qurumlarında dövlət rəsmilərinin, Silikon Vadisinin sosial media şirkətlərinin narahatlığına səbəb olub. Sosial şəbəkənin sahibi olan “ByteDance” şirkətinin mərkəzi ofisinin Çində yerləşməsi narahatlığı bir qədər də artırıb. Amerikada Konqresə seçkilər yaxınlaşdıqca, platformanın seçkilərə müdaxilə edilməsi üçün istifadə olunacağı iddiaları daha yüksək səslə ifadə edilməyə başlanılıb. Tətbiq sosial media bazarında rəqabət üsullarını dəyişdirib. Artıq “YouTube” və “Instagram” kimi media platformaları “TikTok”a bənzəyən funksiyalar yaradıblar. “Facebook” sosial şəbəkəsinin sahibi olan “Meta” şirkəti də oxşar funksiya üzərində işləyir. Qərb ölkələrində “TikTok”un Çinə məxsus olması ilə bağlı narahatlıq uzun müddətdir davam edir. Donald Tramp prezidentliyinin sonuna yaxın “ByteDance” şirkətini “TikTok”un Amerikadakı ofisini yerli şəxslərə satmağa məcbur etsə də, bacarmadı. Bu gün “TikTok”un Tramp dövründəkindən iki dəfə böyük ölçüyə sahib olması, eləcə də Qərb və Çin arasında münasibətlərin kritik mərhələyə çatması səbəbindən vəziyyət daha da qəlizləşib.

ABŞ-da və digər Qərb ölkələrində “TikTok”la bağlı əsas narahatlıq platformanın məxfilik siyasətinin uyğunsuz olmasıdır. Artıq qeyd etdik ki, şirkətin mərkəzi ofisi Çində yerləşir. Çin hökuməti isə özünə ölkədə yerləşən şirkətlərdən istədiyi məlumatı almaq hüququ verib. Qərbdə rəsmilər Çinin istifadəçilərin üz, səs və hərəkət məlumatlarını oğurlaya biləcəyindən narahatdır. Ancaq bu narahatlıqların bəziləri şişirdilib.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR