Almaniyanın nüfuzlu “Die Welt” nəşrinin yaydığı məlumat Qərb paytaxtlarında ciddi müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, nəşrin mənbələrə istinadla dərc etdiyi siyahıya əsasən, ABŞ Avropadakı hərbi qüvvələrinin müəyyən hissəsini geri çəkməyi nəzərdən keçirir. Söhbət qırıcı təyyarələrdən, aviatankerlərdən, uzaqmənzilli pilotsuz uçuş aparatlarından, dəniz qüvvələrindən və hətta aviadaşıyıcı zərbə qruplarından gedir.
Əgər bu plan reallaşarsa, son onilliklər ərzində ABŞ-nin Avropadakı hərbi mövcudluğunda ən ciddi dəyişikliklərdən biri baş verə bilər. Son illər ABŞ hərbi və siyasi strategiyasında əsas diqqəti Avropaya deyil, Asiya-Sakit okean regionuna yönəldir. Vaşinqton açıq şəkildə bəyan edir ki, XXI əsrin əsas geosiyasi rəqabəti ABŞ ilə Çin arasında gedəcək. Məhz buna görə də hərbi ekspertlərin bir hissəsi hesab edir ki, Avropadan çıxarılacaq qüvvələrin əsas hissəsi Çin ətrafında – Sakit okean hövzəsində yerləşdirilə bilər. Xüsusilə Tayvan boğazı, Cənubi Çin dənizi və Yaponiya ətrafındakı gərginlik ABŞ-ni öz hırbi qüvvələrini yenidən bölüşdürməyə məcbur edir.
Pentaqonun son illərdə qəbul etdiyi strateji sənədlərdə də Çin ABŞ üçün “ən böyük sistemli rəqib” kimi xarakterizə olunur.
Mümkün ixtisarlar Avropa ölkələrinə də açıq mesaj kimi qiymətləndirilir. Vaşinqton uzun müddətdir ki, NATO üzvlərini müdafiə xərclərini artırmağa çağırır. ABŞ prezidentləri, o cümlədən Donald Tramp dəfələrlə Avropanın təhlükəsizlik yükünü əsasən Amerikanın daşıdığını bildiriblər. Hazırda Almaniya, Fransa, Polşa və Böyük Britaniya hərbi büdcələrini rekord səviyyədə artırır. Avropa Komissiyası isə milyardlarla avroluq yeni müdafiə proqramlarını gündəmə gətirib. Belə görünür ki, ABŞ Avropaya mesaj verir: “Öz təhlükəsizliyinizi özünüz təmin etməyə hazır olun”.
Məlumatın ən mübahisəli hissəsi ABŞ-ın Avropanın sürətlə silahlanmasını təşviq etməsi və gələcəkdə Avropa-Rusiya qarşıdurmasının əsas yükünü avropalıların üzərinə qoymaq istəməsi ilə bağlı iddialardır. Bəzi analitiklər hesab edirlər ki, Vaşinqton Ukrayna müharibəsinin yaratdığı təhlükəsizlik mühitindən istifadə edərək Avropanı daha çox silah almağa həvəsləndirir. ABŞ hərbi-sənaye kompleksi isə bu prosesdən milyardlarla dollar gəlir əldə edir. Lakin qeyd etmək lazımdır ki, ABŞ və NATO rəsmiləri indiyədək Avropa ilə Rusiya arasında birbaşa müharibə ssenarisini rəsmi şəkildə dəstəkləməyiblər. Əksinə, alyansın mövqeyi Rusiyanın mümkün təhdidlərinin qarşısını almaq üçün kollektiv müdafiə imkanlarının gücləndirilməsi üzərində qurulub.
Müzakirələrin mərkəzində yenidən Donald Tramp dayanır. ABŞ prezidentinin NATO-ya münasibəti əvvəlki prezidentlərdən fərqlənir. Tramp dəfələrlə Avropa ölkələrinin müdafiə sahəsində kifayət qədər vəsait ayırmadığını bildirib və ABŞ-ın üzərinə düşən yükün azaldılmasını tələb edib. Məhz buna görə də Avropadan qoşunların qismən çıxarılması ehtimalı Tramp administrasiyasının “Amerika hər şeydən əvvəl” siyasətinin davamı kimi qiymətləndirilir.
Lakin belə genişmiqyaslı hərbi köçürmələrin həyata keçirilməsi təkcə Ağ Evdən asılı deyil. ABŞ Konqresi, NATO öhdəlikləri, logistika imkanları və müttəfiqlərlə razılaşmalar bu prosesə ciddi təsir göstərən amillərdir.
“Die Welt”in yaydığı məlumat təsdiqlənərsə, bu, sadəcə qoşunların bir yerdən başqa yerə köçürülməsi deyil. Söhbət ABŞ-ın qlobal strategiyasının yenidən formalaşdırılmasından gedir.
Bir tərəfdən Çin faktoru Vaşinqtonu qüvvələrini Asiyaya yönəltməyə sövq edir. Digər tərəfdən Avropa öz təhlükəsizliyini daha çox özü təmin etməyə məcbur edilir. Bu isə NATO daxilində yeni qüvvələr balansının yaranmasına səbəb ola bilər. ABŞ Avropadakı hərbi mövcudluğunu həqiqətən azaldır, yoxsa bu, müttəfiqləri daha çox hərbi xərc çəkməyə məcbur etmək üçün istifadə olunan növbəti geosiyasi təzyiq alətidir?
Bu sualın cavabı qarşıdakı aylarda Vaşinqtonun atacağı addımlardan asılı olacaq.
Hərbi ekspert Ramil Məmmədli Musavat.com-a deyib ki, məlumatlar təsdiqini taparsa, onu ABŞ-nin Avropadan geri çəkilməsi kimi qiymətləndirmək düzgün olmaz: "Əslində söhbət Vaşinqtonun hərbi-siyasi prioritetlərinin dəyişməsindən gedir. ABŞ artıq anlayır ki, XXI əsrin əsas qarşıdurması Avropada deyil, Hind-Sakit okean regionunda olacaq. Çin hərbi, iqtisadi və texnoloji baxımdan ABŞ üçün Rusiyadan qat-qat böyük çağırışdır. Son illərdə Ukrayna müharibəsi Avropanın təhlükəsizlik sistemini dəyişib. ABŞ bu müharibədən sonra Avropa ölkələrinin daha çox məsuliyyət götürməsinə çalışır. Vaşinqton hesab edir ki, Rusiya təhlükəsinə qarşı ilk növbədə Avropa dövlətləri özləri hazır olmalıdırlar. Buna görə də ABŞ qüvvələrinin bir hissəsinin başqa istiqamətlərə yönəldilməsi istisna deyil. Burada diqqət çəkən məqam ABŞ-ın uzaqmənzilli zərbə və kəşfiyyat imkanlarının bir hissəsini Avropadan çıxarmaq niyyətində olmasıdır. Bu, sırf taktiki addım deyil, strateji qərardır. Belə qərarlar adətən gələcəkdə yaranacaq böyük geosiyasi qarşıdurmalar nəzərə alınaraq qəbul edilir".
Ramil Məmmədli deyib ki, Rusiya ilə Avropa arasında yaxın illərdə birbaşa müharibənin qaçılmaz olduğunu söyləmək hələ tezdir: "Fakt budur ki, Avropa görünməmiş sürətlə silahlanır. Almaniya, Polşa və digər ölkələr on milyardlarla avro dəyərində silah proqramları həyata keçirirlər. Bu da qitədə yeni təhlükəsizlik balansının formalaşdığını göstərir.
ABŞ əsas təhlükə hesab etdiyi istiqamətə resurslarını cəmləşdirir, müttəfiqlərini isə daha çox məsuliyyət götürməyə sövq edir. Əgər bu proses davam edərsə, qarşıdakı 5-10 ildə NATO daxilində yük bölgüsü tamamilə dəyişə bilər.
Əslində yayılan siyahı bir hərbi texnika hesabatından daha çox, dünyanın gələcək geosiyasi xəritəsinə işarədir. Vaşinqton Avropanı deyil, Çini əsas döyüş meydanı kimi görməyə başlayıb. Bu isə beynəlxalq münasibətlər sistemində yeni mərhələnin başlanğıcı deməkdir".
E.Məmmədəliyev,
Musavat.com






