İnsanlara hürriyət, millətlərə istiqlal!

65 yaşı tamam olanları 75 yaşlı məmur işdən çıxarırsa...

2341 14.07.2022 08:10 Sosial A A

Sahib Məmmədov: “Məsələ paradoksaldır, amma... ”

Məlum olduğu kimi, dövlət qulluqçularının təqaüd yaşı çatanda (65) onları bir gün belə ləngitmədən təqaüdə göndərirlər. Bir çox qurumlar dövlət qulluğuna qəbul olmaq istəyən gənclərə şərait yaradılması, vakansiyaların artırılmasını əsas gətirərək, pensiya yaşına çatmış kadrlarla yollarını ayırır.

Xatırladaq ki, bir neçə il öncəyə qədər təcrübəli kadrların işə davam etməsi üçün onlara əlavə bir neçə il güzəşt edilirdi. Lakin artıq bu proses aradan qaldırılmağa başlayıb. Bəzi ekspertlər bu prosesin tərəfdarı olmadığını və bəzi sahələrdə, xüsusən də elm sahəsində təcrübəli insanların saxlanılmalı olduğunu bildirir.

Beləliklə, məsələnin paradoksal və satirik tərəfi odur ki, 65 yaşlıları təqaüdə 72-75 yaşlı müdirlər, rəislər göndərir. Əmək qanunvericiliyinə görə necədir, belə olmalıdırmı?

Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb:

“Biri var dövlət qulluğu, biri də var dövlət büdcəsindən maliyyələşən təşkilatlar, həmçinin elm-təhsil müəssisələri. Bildiyim qədər elm, təhsil müəssisələrində professor-müəllim heyətinə yaşla bağlı məhdudiyyətlər yoxdur.

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov 

Dövlət qulluğunda inzibati vəzifə tutanlar 65 yaşına çatanda əmək pensiyasına göndərilirlər. Lakin işə götürənin müraciəti əsasında onlarla 70 yaşı keçməmək şərti ilə bir-iki il əmək müqaviləsi bağlana bilər. Məlumata görə, artıq  bu güzəşt də yavaş-yavaş aradan qaldırılır. Bu onunla bağlıdır ki, görünür, dövlət orqanlarında dövlət  qulluğuna qəbul prosesi mütəmadi davam edir, gənc işçilər götürülür, yaşlı işçilər saxlanılanda ştatlarda vakansiya əməl gəlmir və sairə. Hər halda, qanun imkan verir ki, yaş limiti gözləməklə təqaüd yaşı çatmış şəxslə əmək müqaviləsi bağlanılsın.

O ki qaldı dövlət qulluğunda yüksək ali kateqoriya vəzifəsi tutmuş şəxslərə, onlara və siyasi vəzifədə olanlara yaş məhdudiyyəti təyin olunmur. Siyasi vəzifələr bunlardır - ölkənin  prezidenti, birinci vitse-prezident, baş nazir, nazirlər, nazir müavinləri və icra başçıları. Yəni hansısa bir nazirin 70 yaşı varsa, amma 65 yaşlı işçisini təqaüdə göndərirsə, hüquq pozuntusu olmur. Bəli, paradoksaldır, amma hüquq pozuntusu yoxdur.

Qaldı büdcə təşkilatlarına, qeyd olunan limiti keçəndən sonra yalnız ümumi 2 faizlə müqaviləni uzatmaq olar. Belə deyək, 300 nəfər işçisi olan kollektivdə 6 nəfərin müddətinin uzadılmaq imkanı var.

Güzəşt məsələsinə gəldikdə, dövlət qulluğunun xüsusi formaları var, məsələn, mühafizə orqanları, DİN, Silahlı Qüvvələr. Bu cür qurumlarda yaş məhdudiyyətinin qoyulmasının bir məntiqi əsası var. Çünki bunlar fiziki güc tələb edən qurumlardır. Lakin deputatlar 100 yaşında da deputat ola bilər, onlara məhdudiyyət yoxdur.

Büdcə təşkilatları ilə bağlı demək istərdim ki, əslində bu, absurd məsələ idi. Bunu əvvəlcə təhsil naziri olanda Misir Mərdanov “kəşf” etmişdi, daha sonra isə Səhiyyə Nazirliyi də bu prosesi tətbiq etməyə başladı. Bu barədə hətta “Yeni Müsavat”a danışarkən demişdim ki, necə olur, Misir Mərdanovun yaşı 70-i keçib, özü işləyir, amma işçiləri təqaüd yaşına çatanda işdən çıxardır? O zaman nazir buna reaksiya vermişdi ki, onun vəzifəsi siyasi vəzifədir, qanun onun işdə qalmasına icazə verir.

İndi özəl universitetlərdə müəllim 100 yaşında da dərs deyə bilər, amma büdcə təşkilatında yox. Və yaxud səhiyyə işçisi özəl klinikada istənilən yaşa qədər işləyə bilər, amma dövlət büdcəsində deyil. Əslində bu, süni bir şeydir. Mən şəxsən o vaxt qanunda bununla bağlı dəyişiklik baş verəndə razı deyildim, hesab edirəm ki, bu, səhv idi. Təcrübəsi olan insanların təcrübəsindən istifadə etmək lazım idi.

Ümumiyyətlə, şəxsin əmək keyfiyyətini yaşı ilə deyil, ciddi vəziyyəti ilə müəyyən etmək məntiqəuyğundur. Ola bilsin ki, kiminsə 50 yaşı var, amma artıq onun fiziki gücü, əqli ona işləməyə imkan vermir. Amma elə 80 yaşında adam var ki, sağlamdır, şüuru yerindədir və sairə".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR