İnsanlara hürriyət, millətlərə istiqlal!

30 il erməni talanına göz yuman İranın Azərbaycana qarşı gülünc “qınağı”- Kənanini danışdıran əsl SƏBƏB  

1509 08.04.2023 00:02 Yazarlar A A

 


İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kənani Bakının dörd iranlı diplomatı ölkədən qovmasından sonra Azərbaycanı qarşılıqlı hörmətə çağırıb. Nədənsə, İranın yadına hörmət indi düşüb.

Kənani Bakının hərəkətlərini “tələsik, emosional və qeyri-konstruktiv” adlandırıb.
“Biz Azərbaycan Respublikası hökumətinin bu cür davranışını mehriban qonşuluq prinsiplərinə zidd hesab edirik”, o deyib.

Kənani qeyd edib ki, İsrail “müsəlmanlara hücum edib Məscid-ül-Əqsanı murdarlayarkən” İran İslam dünyasını İsrailin “cinayətkar” rejiminə qarşı durmağa çağırır.

Çox qəribə və anlaşılmaz bəyanatdır. Ona görə anlaşılmazdır ki, bu gün Fələstindən, guya İslam dünyasını qorumasından danışan İran gözünün qarşısında müsəlman Azərbaycanın torpaqlarının işğalına 30 il göz yumub. İllərlə ermənilərin torpaqlarımızda talanlar etməsinə, İranın ən yaxınındakı məscidləri dağıdımasına, orada donuz saxlanmasına heç bir reaksiya verməyib. Üstəlik, məlumdur ki, ermənilər Qarabağı işğal etdikdən sonra azərbaycanlılara məxsus evlərin daşlarını, tikinti materiallarını elə İrana daşıyıb, satıblar. Bu gün torpaqlarımız işğaldan azad edilib. Həmin torpaqlar müxtəlif inzibati rayonların əraziləridir. Ancaq işğal nəticəsində talan edilən rayonların elə təkcə adı qalıb. 30 il ərzində İran ermənilərlə birlikdə bu rayonları kənd-kənd söküb daşıyıb, yer üzündən silib. Bütün bunlar azmış kimi hər yerə xəritəsiz, müharibə qanunundan kənar mina basdırıblar. Hansı ki, bu gün də həmin mina terroru davam edir. Dinc, günahsız insanlarımız o minaların qurbanı olur.


Nədənsə bütün bu qanunsuzluqlar, qeyri-insani hərəkətlər edilən zaman qonşuluq, müsəlmanlıq, Kənaninin dediyi “qarşılıqlı hörmət” yada düşməyib. Nədənsə İran 44 günlük vətən savaşı zamanı da haqqın, müsəlman qardaşının yanında yer almaqdansa, işğalçı Ermənistanın yanında yer aldı. Əvvəl Ermənistana yardımını gizlədir, boynuna almırdısa, 44 günlük savaşdan sonra açıq şəkildə bəyan etdi, Ermənistanı özünün qırmızı xətti belə adlandırdı.

Azərbaycan isə heç zaman İrana qarşı münasibətdə qonşuluq prinsiplərinə zidd addım atmayıb. Hər zaman Azərbaycan İranı dost dövlət adlandırıb. Lakin bəllidir ki, Şimali Azərbaycanın müstəqilliyini İran heç zaman həzm etməyib. Hər zaman Azərbaycana qarşı qərəzli, qısqanc, hətta düşmənçilik mövqeyindən çıxış edib.

Son zamanlar Azərbaycanda ifşa olunan İran agentləri qonşumuzun bizə hansı dərəcədə “hörmət”lə yanaşmasını da  bir daha göstərdi.

1680802203.1658.jpg (56 KB)

Elə 6 apreldə (2 gün öncə) Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq əməkdaşları tərəfindən bir qrup şəxsin İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində və dini təbliğat yolu ilə ələ alınaraq ölkə ərazisində sabitliyin pozulması istiqamətində törədəcəkləri cinayət əməllərinin qarşısının alınması məqsədilə birgə xüsusi kompleks əməliyyat tədbirləri həyata keçirildi.

Məlum oldu ki, İranın xüsusi xidmət orqanları burada bir qrup şəxsi şirnikləndirci vədlər müqabilində ələ alaraq onlara ölkə ərazisində silahlı iğtişaşlar törətməklə hakimiyyətin ələ keçirilməsi və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə “müqavimətçi dəstə” yaratması barədə tapşırıqlar veriblər.
İllərdir ki, İranın təbliğat maşını məhz bu istiqamətdə işləyir. İndi hansı dostluqdan, hörmətdən danışılır, anlamaq çətindir... İrana meyllənən bəzi vətəndaşlarımız da artıq bütün bunları görür, anlayırlar. Cəmiyyətimizdə, sosial şəbəkələrdə artıq İranın yalanlarına inananların sayı xeyli dərəcədə azalıb. Görünür elə buna görədir ki, Kənaninin yadına “dostluq”, “hörmət” indi düşüb...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR