İnsanlara hürriyət, millətlərə istiqlal!

30 il ədalət umduğumuz BMT-nin Ədalət Məhkəməsi erməni xidmətində

807 29.04.2023 09:42 Siyasət A A

Yeganə Hacıyeva: “Azərbaycan istəsə, Laçın yolunun sərhəd hissəsini tam bağlayar, Qarabağ erməniləri istəyirsə, Füzulidəki hava limanı vasitəsilə gedib-gəlsinlər...”

Xəbər verildiyi kimi, Ermənistan bu günlərdə yenə bütün beynəlxalq hüquq normalarını ayaqaltı edərək, ölkəmizə qarşı BMT-nin Ədalət Məhkəməsində həyasızcasına iddia qaldırıb. Bu dəfə suveren ərazimizdə - Laçın yolunun girişində nəzarət postu qoymağımızı “beynəlxalq hüququn pozuntusu” adlandıraraq hərəkətə keçiblər.       

“Məhkəmə hələ fevralın 22-də Laçın dəhlizinin açılmasını tələb edərək Azərbaycana qarşı təcili tədbirlər görüb”.

Bunu Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan “Sputnik Ermənistan”a müsahibəsində bildirib.

“Ermənistan Azərbaycanın Həkəri çayı üzərindəki körpüdə nəzarət-buraxılış məntəqəsi quraşdırması ilə bağlı Beynəlxalq Məhkəməyə müraciət edib. Bu son hərəkət - keçid məntəqəsinin quraşdırılması məhkəmənin 22 fevral qərarının kobud pozuntusudur. Əgər bundan əvvəl Azərbaycan tərəfi qondarma ”ekoloji fəallara" məsələyə aidiyyəti olmadığını bəyan edirdisə, indi məhkəmənin qərarı daha konkret hərəkətlərlə pozulur. Təbii ki, bu istiqamətdə addımlar atılacaq və  artıq iş gedir", - Kirakosyan bildirib. 

Onun sözlərinə görə, Yaxın vaxtlarda Məhkəmə çərçivəsində addım atılacaq: “Söhbət BMT Məhkəməsinin Laçın dəhlizinin blokadadan çıxarılması haqda olan və 2 aydır icra olunmayan qərarından gedir”.

Bəs İrəvanın budəfəki cəhdi nə ilə yekunlaşacaq? Məhkəmənin qərarı konkret nə ola bilər? Doğrudanmı o, Azərbaycanın suveren haqqını danacaq? 30 il ədalət umduğumuz BMT-nin Ədalət Məhkəməsi erməni xidmətində olacaq? Nəhayət, qərarın çıxarılması nə qədər zaman alacaq? 

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..." » Azia.az

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyeva “Yeni Müsavat”a bildirdi ki, Laçın yolunda sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycan Konstitusiyasının tələbidir: “Azərbaycan öz ərazisində nəzarət-buraxılış, gömrük sərhəd məntəqlərinin quraşdırılmasında müstəqildir, bu Azərbaycan dövlətinin suveren hüququdur, eyni zamanda, beynəlxalq hüquq da Azərbaycanın tərəfindədir. Azərbaycan konstitusiyasının tələblərinə uyğun addımlarını kənardan kiminsə məsləhəti, tövsiyəsi və ya qərarı ilə formalaşdırımır. Beynəlxalq BMT Ədalət Məhkəməsinə gəlincə, Ermənistanın bu məsələ ilə bağlı həmin təsisata müraciətinin heç bir perspektivi yoxdur.

Məsələ burasındadır ki, Azərbaycanın öhdəlik götürdüyü hər hansı bir konvensiya, hər hansı BMT, Avropa Şurası, ATƏT daxil üzərinə götürdüyü heç bir konvensiya və öhdəlikdə sərhədlərimizdə Konstitusiyamızın tələblərinin təmin olunmaması fikri hətta epizodik olaraq da əksini tapmır. Daxili qanunvericilik Azərbaycanın addımları üçün şərtlər formalaşdırır, qoşulduğumuz beynəlxalq konvensiyalar isə beynəlxalq hüquqi əsas yaradır. Bizim BMT ilə imzaladığımız heç bir sənəddə sərhədlərimizin təhlükəsizliyi ilə bağlı kiminləsə məslhətləşməli olduğumuz haqda bənd yoxdur. Dediklərim Avropa İnsan Haqları Məhkəməsinə də aiddir. 

Bu mövzunu Ermənistan birinci dəfə istismar eləyəndə də mən mediaya demişdim ki, Ermənistan beynəlxalq hüquqi instansiyaları sui-istismar edir və beynəlxalq qanunları təhrif edir. Ona görə də ermənilərin Beynəlxalq Məhkəmə qarşısında qaldırdığı, qaldıracağı iddiaların, şikayətlərin heç bir nəticəsi olmayacaq. Beynəlxalq Məhkəmə heç bir halda hər hansı dövlətə özünün sərhədlərində özünün legitim şərtlərini həyata keçirməsini qadağan edə bilməz. BMT-yə üzv olan heç bir ölkə BMT-yə üzv olan zaman razılaşdığı konvensiyaların heç birində belə bir öhdəlik götürmür, çünki belə bir bənd, öhdəlik yoxdur".

Bununla belə Y.Hacıyevanın sözlərinə görə, istər Avropa Şurasında, istər BMT-də kifayət qədər erməni şəbəkəsi var ki, onlar qanunları çeynəyərək müəyyən addımlar ata bilirlər: “Biz dəfələrlə bunu görmüşük. Məsələn, Avropa Şurası Nazirlər Kabineti Azərbaycan əleyhinə Azərbaycan konstitusiyasına zidd qərar qəbul etmişdi. Faktiki olaraq bu, bizim konstitusiyamıza təzyiq idi. İndiki halda bunu BMT-nin edəcəyinə inanmıram. Eləyəcəyi halda isə hər hansı bir hüquqi əsası olmayacaq və Azərbaycan bunu mübahisələndirəcək”.

Ekspert qeyd etdi ki, ermənilər təhrif edirlər: “BMT Məhkəməsinin iki ay öncə verdiyi qərar bu formadadır ki, Azərbaycan Laçın yolunun şəffaflığını kommersiya imkanları üçün təmin etməlidir. Özü də bu çağırış formasındadır. Ermənilər isə bunu da təhrif edirlər. Bu gün Azərbaycanın heç bir dövlətlə quru sərhədləri açıq deyil. Azərbaycanın hal-hazırkı mərhələdə heç bir dövlətlə quru sərhədi açıq olmadığı üçün hər hansı məhkəmə bizdən sərhədimizi açmaq tələbini edə bilməz. Ona görə də hətta Azərbaycan istəsə Laçın yolunun Ermənistanla sərhəd hissəsini tamamilə bağlaya bilər. Ermənilər istəyirlərsə xaricə gedib-gəlsinlər, Füzuli rayonunda beynəlxalq hava limanı fəaliyyət göstərir, gəlib təyyarə ilə getsinlər. Necə ki, Azərbaycanın digər vətəndaşları xaricə səfərlərini təyyarə ilə həyata keçirirlər, Qarabağdakı erməni sakinlər də belə etsinlər. Çünki quru yolların hamısı bağlıdır”.   

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR