İnsanlara hürriyət, millətlərə istiqlal!

3 ölkədən alınan silahlar, İlham Əliyevin əsəri... - Təhlükəsizliyimiz BELƏ QORUNUR

1744 15.10.2023 13:58 Siyasət A A

“Prezident İlham Əliyev 20 ildir ki, Azərbaycana rəhbərlik edir. Bu 20 illik zaman kəsiyində bütün sahələrdə inkişaf müşahidə olunub. Xüsusilə Azərbaycan Ordusunun inkişafı bu gün dillər əzbəridir”.

20 İL.jpeg (306 KB)

Bu sözləri Musavat.com-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

ilyas 1.jpg (33 KB)

Politoloq bildirib ki, bütün dünyada Azərbaycan Ordusunun keçdiyi döyüş yolu və əldə etdiyi qələbə müzakirə olunur:

“Azərbaycan Ordusunun peşəkarlığı dünyanın aparıcı beyin mərkəzlərinin müzakirə mövzusudur. Xüsusilə Şuşanın azad olunması, eləcə də 1 günlük antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun fəaliyyəti uzun illər ərzində hərbi dərsliklərə salınacaq. Müasir silahlarla, dəqiq zərbələrlə düşmənin legitim hərbi hədəflərinin məhv edilməsi, küçə döyüşlərində yüksək peşəkarlıq, şəhər döyüşləri – bunlar artıq yeni çağırışlardır, yeni döyüş sənəti metodologiyasıdır. Bu, həm də Azərbaycan Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının formalaşdırdığı müzəffər ordudur”.

İLHAM ESGER.jpg (246 KB)

Politoloq xatırladıb ki, 2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb:

“Bununla yanaşı, müxtəlif təlimlər, seminarlar, Azərbaycan Ordusunun şəxsi heyətinin xidməti və məişət şəraitinin yaxşılaşdırılması məhz bugünkü nəticələrə gətirib çıxardı. Digər tərəfdən, Azərbaycan Ordusunun uğurları sırasında dünyanın silah bazarında silah konyukturasının nəzərə alınması ilə çox uğurlu əməkdaşlıq münasibətlərinin qurulması da həlledici faktordur. Xüsusilə Rusiyadan alınan silahlarla yanaşı, Türkiyə və İsrailin istehsal etdiyi silahlarla təchizat həm də yeni bir mərhələnin başlanğıcı idi.

Biz müharibədə döyüş əməliyyatları teatrında koordinatların götürülməsi və zərbə PUA-larının istifadə olunması texnologiyasını ilk tətbiq edən dövlətlərdənik. Biz bu sahədə innovasiyaları da hərb sənətinə gətirmiş olduq. Düşünürəm ki, Azərbaycan hərbçilərinin peşəkarlığı və yüksək səviyyədə ustalığı, zərgər dəqiqliyi ilə əməliyyat aparmaq bacarığı məhz son lokal xarakterli antiterror tədbirlərində nümayiş olundu.

TEDBİRLER SON.jpg (90 KB)

Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycan Ordusu sivil insanlara qarşı güc tətbiq etməyib. Cenevrə Konvensiyasına və onun əlavə protokollarına çox ciddi şəkildə riayət olunub. Bu gün Azərbaycanı bu istiqamətdə günahlandırmaq mümkün deyil. Əgər hər hansısa fikirlər varsa, bu, yalnız qərəzli xarakter daşıyır. Azərbaycan dövlətini və ordumuzu ləkələmək niyyəti güdür”.

İlyas Hüseynov hesab edir ki, Azərbaycan Ordusu Prezident İlham Əliyevin əsəridir, ən önəmli əsərlərdən biridir:

“Fikrimcə, Azərbaycana qələbə, şanlı zəfər və tarixi nailiyyət qazandıran bu ordu qarşıdakı çətin dövrlərdə də təhlükəsizliyimizi qorumaq iqtidarında olacaq. Bütün dünya Azərbaycanın gücünü, qüdrətini, Prezidentin iradəsini görmüş oldu. Bu 20 illik aramsız və çox çətin quruculuq işlərinin məntiqi nəticəsini görməkdəyik. Bundan sonra da Azərbaycan Ordusunun peşəkarlığı sayəsində biz təhlükəsizlik sisteminin əmin əllərdə olduğundan qürur və fəxarət hissi keçirəcəyik”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR