İnsanlara hürriyət, millətlərə istiqlal!

“3-cü Qarabağ müharibəsi qaçılmazdır” deyən de Vaala Bakıdan sərt reaksiyalar

1481 29.04.2023 10:35 Siyasət A A

Amerikalı ekspertin anti-Azərbaycan mövqeyinin səbəbi; sərhədlərimizə tam nəzarəti bərpa etməyimiz Tomas de Vaalın “val”ını niyə “ilişdirib?

Birinci Qarabağ müharibəsinin ilk illərindən Ermənistanı “su yolu”na döndərən, erməni liderlərlə müsahibələri ilə gündəmdə qalan və Azərbaycanda da diqqətlə izlənilən Vaşinqtondakı “Kornegi Fondu”nun eksperti, Cənubi Qafqaz üzrə mütəxəssis, “Qara və Bağ” kitabının müəllifi Tomas de Vaal adı bu günlər yenidən aktuallıq qazanmaqdadır.

Bu dəfə ekspert özünü fövqəldövlətin kəşfiyyat orqanının əməkdaşı, məxfi şriftli sənədlərə malik şəxs kimi təqdim etməyə cəhd göstərib. Amma unudub ki, indi 90-cı illər deyil və nə Ermənistanın başında “Xocalı hadisəsinə qədər azərbaycanlılar bizim onlarla zarafat etdiklərimizi zənn edirdilər” deyən Serj Sərkisyandır, nə Qarabağ işğaldadır, nə də Dağlıq Qarabağ var. Serj Sərkisyan çoxdan tarixin zibilliyinə atılıb, “Dağlıq Qarabağ” ifadəsi də arxivə qovuşub. Amma bu araşdırmaçı “Dağlıq Qarabağ və Azərbaycan arasında yeni münaqişə”dən danışır. 

“Dağlıq Qarabağ və Azərbaycan arasında yeni münaqişə başlayanda Qərb üçün çox gec ola bilər. Mən bu toqquşmanın olacağını proqnozlaşdırıram”, - deyə o özünü ağıllı göstərməyə çalışır. Bu özündən müştəbeh ekspert unudur ki, nəinki bundan sonra, heç buna qədər də Dağlıq Qarabağla Azərbaycan arasında münaqişə olmayıb, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları olub, işğal faktını da Azərbaycan cəmi 44 günə, əsasən, aradan qaldırıb, artıq iki ölkənin sərhəd qapısı da qoyulub. 

Qarabağda yeni münaqişə yaranacaq” - Tomas de Vaal

Tomas de Vaal

Qərbli ekspert sanki Qarabağda mühasirə vəziyyətinə düşmüş separatçı-terrorçuların halına acıyaraq Qərbi xəbərdar etməyə, həyəcanlandırmağa çalışır. Buradan nədənsə erməni maraqlarının nəyinsə müqabilində müdafiəsinin “qoxu”su gəlir. Əks təqdirdə, bu adama nə düşmüşdü, artıq ermənilər də reallıqla barışdıqları halda, Qərbə hansısa “münaqişə” barədə çağırış etsin?

Bu günlərdə Qarabağdakı separatçıların Rusiyaya şantaj mesajları verməsi, Qərbə doğru reveransları fonunda de Vaalın açıqlamasının təsadüf olmadığını da söyləməyə əsas var.

Tomas de Vaalın sözlərinə görə, Rusiya sülhməramlılarının mövcudluğu hələ ki, situasiyanı saxlanmasını təmin edir, ancaq 2025 dönüş ili olacaq: “Həmin vaxt qüvvələr balansının necə olacağı bəlli deyil. Qərb Ermənistan-Azərbaycan sərhədi və iqtisadi məsələlərdə oyunçudur, ancaq Qarabağ məsələsində qərbli oyunçuların əlində heç bir praktik rıçaq yoxdur. Qərbin və Rusiyanın bütün diqqəti Ukraynaya yönəlib. Qərb üçün hazırda ən vacib olan Ukraynanın varlığının qalmasıdır”. 

Erməni təəssübü çəkdiyi aşkar görünən De Vaal daha sonra təəssüflə bildirir ki, Qarabağ ətrafındakı vəziyyətə indi az adam diqqət göstərir. Onun iddiasına görə, Laçın yolunun girişində, Ermənistanla sərhəddə sərhəd-keçid məntəqəsinin qurulması yeni konfliktə doğru addımdır və Azərbaycan 10 noyabr 2020-ci il bəyanatının məlum bəndindən imtina edir: “Azərbaycan ilk növbədə Rusiyaya əlcək atıb. Mənim üçün ən təəccüblüsü də Rusiyanın susqunluğudur”.

Diqqət edin, “odu söndürüb, külü ilə oynayan” de Vaal bir ovuc erməninin yaşadığı Dağlıq Qarabağı müstəqil subyekt kimi təqdim edir, “Azərbaycan və Dağlıq Qarabağ” ifadəsi işlədir, onların arasında hansısa münaqişədən, müharibədən danışır? Hansı “Dağlıq Qarabağ”, cənab? Müharibə dövlətlər arasında olur. Xankəndi ilə Bakı arasında nə müharibə, hansı konflikt? Söhbət olsa-olsa, antiterror əməliyyatından gedə bilər, bu addımı atanda da Azərbaycan dövləti kimsədən icazə istəməyəcək, necə ki, 44 günlük müharibədə də kiminsə izninə zərurət görmədik. 

İstənilən halda, amerikalı konfliktoloqun gözləntisi nə dərəcədə əsaslıdır?

İran səfirliyinin dostu olan 60-dan çox jurnalist: onlar kimlərdir? - Elçin  Mirzəbəyli yazır

 Elçin Mirzəbəyli

Siyasi şərhçi Elçin Mirzəbəyli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Tomas de Vaal müxtəlif maraqların “əlinə” işləyən, əslində isə yalnız öz korporativ maraqlarını güdən klassik təxribatçıdır: “Bu şəxsin indiyədək səsləndirdiyi heç bir proqnoz sonunadək özünü doğrultmayıb, çünki konkret tərəfin mövqeyini ifadə edir və onun fikirlərini Azərbaycandakı nüfuz müvəkkillərindən əli üzülmüş ”Kornegi Fondu"nun, bu fondun donorlarının mövqeyi kimi qəbul edirəm. Çünki Azərbaycanın öz sərhədlərinə tam nəzarəti bərpa etməsi bir çoxlarının, o cümlədən Tomas de Vaalın “val”ını “ilişdirib” və sıradan çıxmış köhnə qrammafon valı kimi “musiqi” parçasının eyni hissəsini təkrarlayır. 

Əvvəla, qeyd edim ki, Laçın-Xankəndi yolunun bütün ərazisi Azərbaycan torpaqlarıdır və bu ərazilər üzərində Azərbaycanın suveren hüquqlarını məhdudlaşdıra biləcək heç bir sənəd yoxdur və ola da bilməz. BMT Nizamnaməsi dövlətlərin ərazi bütövlüyünə - toxunulmazlığına və siyasi müstəqilliyinə hər hansı bir formada, o cümlədən güc yolu ilə təhdid yaratmağı qadağan edir. Həmçinin ATƏT-in Yekun Aktında qeyd olunur ki, “İştirakçı dövlətlər bir-birlərinin bütün sərhədlərini, eləcə də Avropadakı bütün dövlətlərin sərhədlərini toxunulmaz hesab edirlər və buna görə də indi və gələcəkdə bu sərhədlərə hər hansı müdaxilədən çəkinəcəklər”. Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi özgəninkiləşdirilə bilməz. Azərbaycan Respublikası öz ərazisinin heç bir hissəsini heç bir şəkildə kimsəyə vermir..." Göründüyü kimi, həm BMT Nizamnaməsi, həm ATƏT-in Yekun Aktı, həm də Azərbaycanın ana qanunu dövlətimizin sərhədlərinin və ərazi bütövlüyünün toxunulmazlığına yönələn istənilən təhdidin yolverilməz olduğu hüquqi reallığını yaradır".

E.Mirzəbəyli qeyd etdi ki, məhz bu səbəbdən 10 noyabr 2020-ci il bəyanatı heç bir halda beynəlxalq hüququn yuxarıda iqtibas gətirdiyim norma və prinsiplərinə, eləcə də ölkə konstitusiyasına zidd ola bilməz: “Əgər sözügedən müddəada belə bir prinsip, həm də açıq, imperativ şəkildə yer alsaydı belə, bu prinsipin heç bir hüquqi qüvvəsi olmayacaqdı. Azərbaycan Konstitusiyasının 11-ci maddəsində, eyni zamanda deyilir ki, ”yalnız Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycanın bütün əhalisi arasında referendum keçirmək yolu ilə Azərbaycan xalqının iradəsi əsasında dövlət sərhədləri dəyişdirilə bilər". Məlum olduğu kimi, Azərbaycan Respublikasında belə bir referendum keçirilməyib və hətta keçirilsə belə, nəticəsi öncədən bəllidir. Bu baxımdan Azərbaycan Respublikasının Laçın-Xankəndi yolunun Ermənistanla kəsişən xəttində sərhəd-keçid məntəqəsi qurması, dövlət sərhədini tam bərpa etməsi, istisnasız olaraq Azərbaycan dövlətinin suveren hüququdur və əslində bunun əksi beynəlxalq hüquqa zidd presedent yaradır".

Siyasi şərhçi bildirdi ki, yaxşı olar ki, Tomas ənənəvi “val”ını dəyişdirsin və öz işiylə məşğul olsun: “Azərbaycan ərazisində ”Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur və de Vaalın fikirləri ölkəmizin ərazi bütövlüyünü şübhə altına saldığı üçün cinayət məsuliyyəti yaradır. Bu baxımdan, hesab edirəm ki, Tomas de Vaal və onun kimi qanunsuz iddialar irəli sürən şəxslər haqqında cinayət işi açılmalı, belələri haqqında beynəlxalq axtarış elan olunmalıdır".

Ermənistan əmrləri Kremldən deyil, Makronun ofisindən alır" - MƏHƏMMƏD  ƏSƏDULLAZADƏ

 Məhəmməd Əsədullazadə

Milli Cəbhə Partiyasının sədrinin müavini Məhəmməd Əsədullazadə isə qeyd etdi ki, Tomas de Vaal daima ermənipərəst mövqeyi ilə tanınıb: “Onun prosesləri təhrif cəhdi və ”Dağlıq Qarabağ" adından istifadə etməsi göstərir ki, Cənubi Qafqaz üzrə ekspert kimi heç də obyektiv mövqeyə malik deyil. Bu, artıq Ermənistan rəhbərliyindən də artıq erməniçiliyini ortaya qoyub. Son zamanlar Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ” ifadəsi işlətmirsə, müharibə ifadəsini kənara qoyubsa, Tomas Vaalın bu ifadələrdən istifadəsi, hətta müharibənı “Dağlıq Qarabağ”la başlayacağını vurğulaması etnik ermənilərin əleyhinədir. 

Ümumiyyətlə, Qarabağ münaqişəsi bitib, Azərbaycan Ermənistanla sərhədlərinə tam nəzarət edir. Rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi quraraq müharibənin qarşısını almaqla ümumi təhlükəsizliyə töhfə verib. Bundan sonra Qarabağda yaşayan ermənilərin reinteqrasiyası prosesi başlayacaq. Tomas de Vall bu açıqlaması erməni icmasının Qarabağdan getməsinə hesablanıb, deyə bilərik". 

M.Əsədullazadə fikrini əsaslandırmaq üçün əlavə etdi ki, bu adam erməniləri müharibə ilə qorxudur: “Halbuki elə bir ehtimal yoxdur. Yalnız silahlı erməni birləşmələrinə qarşı lokal əməliyyatlar mümkün ola bilər. Hesab edirəm ki, Azərbaycan yumşaq gücdən istifadə edərək onların tərki-silah olunmasına da nail olacaq. Laçın yoluna nəzarət və Azərbaycanın sülh təşəbbüsləri ermənilərin təhlükəsizliyini təmin edir. Erməni icmasının da reallıqları qəbul etdiyi faktdır. Ona görə də qərbli ekspertlərin bu açıqlamaları müharibəni təbliğ etməkdir”.

Görünən budur ki, çörəyi ermənilərin “maşa” funksiyasını məmnuniyyətlə icra etməsindən çıxan ekspertlər Qafqazdakı bu münaqişə ocağının sönməsindən əməlli-başlı rəncidə olublar. Ona görə də sönmüş külü üfürməyə, alışdırmağa çalışırlar. İri oyunçuların belə kiridiyi bir məqamda Tomas kimilərin gözlərinə dolan külə baxmayaraq, üfürməyə davam etməsi də acı gülüş doğuran mənzərədir... 

E.PAŞASOY,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR