İnsanlara hürriyət, millətlərə istiqlal!

3+, 5+... Şuşaya aparmadı, Zəfər yoluyla getdik!  

3134 08.11.2022 09:52 Siyasət A A

“Qarabağın azadlığı bütövlükdə Türk dünyanının qələbəsidir, bunun faydasını, nəticəsini hər bir türk dövləti görəcək” deyirdik, indi bu, çox aydın görünür...

30 ilə yaxın müddət ərzində Qarabağ həsrətindən yazırdıq. Dünyadan ədalət tələb edirdik.
Həmin dövrdə Azərbaycan doğma torpaqlarının, 20 faiz ərazisinin işğalına danışıqlar yolu son qoyulması üçün bütün imkanlarını səfərbər etmişdi.

Bəzi dönəmlərdə 3+3, 3+2+1, 4+2, 5+2 və digər sülh formatları təklif olunmuşdu, bunların ətrafında danışıqlar aparılmışdı. Hətta bir ara söhbət vardı ki, 5 rayon (Füzuli, Zəngilan, Cəbrayıl, Ağdam, Qubadlı) qaytarılacaq, qalan ərazilərimizin – Şuşa, Kəlbəcər, Laçın, Xocavənd, Suqovuşan, Hadrutun taleyini sonra müəyyən edəcəklər, Xankəndi haqda isə ümumiyyətlə danışmaq istəmirdilər...
Azərbaycan sülh tərəfdarı olduğundan, qan tökülməsini istəmədiyindən mərhələli həllə də yox demirdi.
Lakin ermənilər faktiki olaraq başıboşcasına bundan da imtina etdilər və nəticədə 2020-ci ilin payızında Azərbaycana əks-hücuma keçib torpaqlarını azad etməkdən başqa yol qoyulmadı.

Cəmi 44 günə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağı işğaldan azad etdi. 27 sentyabrda əks hücuma keçdik, 8 noyabrda Prezident Şuşanın da azad olunduğunu elan etdi. Şanlı Zəfər Günümüz oldu 8 noyabr! 3+, 5+... Şuşaya aparmadı, Ordumuz Şuşaya Zəfər yoluyla, kəsə, birbaşa getdi!

zefer yolu.jpg (111 KB)

Bunu necə etdik, hər kəsin gözü önündə oldu. Dünyanı da mat qoyduq...
Ötən iki il müddətində bölgədə yaranmış mənzərədən - postmüharibə dövründə formalaşmış reallıqlardan çıxış edərək, nəticələr haqda xeyli aydın təsəvvürlərlə danışmaq daha rahatdır, asandır.

İndi daha dəqiq başa düşürük ki, Qarabağ Zəfərimiz niyə və nə qədər möhtəşəmdir, necə qürurvericidir və böyük bir tarixi Qələbədir. Qısaca, Azərbaycanın bugününü və sabahını, gələcək taleyini müəyyən edən, şərtləndirən Zəfərdir.
Təbii, bunun bütün detallarını sadalasaq, gərək günlərlə danışaq.

Zəfərimizin ikinci ildönümü ərəfəsində bir neçə məqamdan söhbət açmaq isə mütləqdir.
Əvvəla, ondan danışmalıyıq ki, 1994-cü ildən 2020-ci ilədək təklif olunan heç bir danışıq variantında Şuşanın, Laçının qaytarılmasından söhbət getmirdi. Eləcə də ermənilərin “özlərinin” hesab edib yaşadıqları Hadrutda, Xocavəndin kənd və qəsəbələrindən söz açılmırdı. Azərbaycan təbii bununla razılaşmırdı, mərhələli şəkildə həlldən söhbət gedəndə sərt iradəmiz də, güzəştsizliyimiz ortada idi.. Ancaq fakt bundan ibarət idi ki, vasitəçilər bu məsələni sual altında saxlayırdılar.

Bəs bu gün nəticə nədir? Nəticə odur ki, Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilanla yanaşı, Şuşanı, Hadrutu, Suqovuşanı, Xocavəndin bir çox kəndlərini məhz döyüşlə, qəhrəmanlıqla azad etdi. Habelə, Laçının, Kəlbəcərin bir hissəsini də döyüşlə aldıq, digər hissəsini isə Ağdamla bərabər 10 noyabr Üçtərəfli Bəyanatına uyğun olaraq kapitulyant Ermənistan döyüşsüz təhvil verməyə məcbur oldu. Rədd oldu bütün mərhələli danışıq planları, gorbagor oldu...
Yeri gəlmişkən, burada 10 noyabr sənədinə də bir qədər yer ayırmaq gərəkir. Bu sənəd olduqca mühümdür. Çünki Kəlbəcər, Ağdam, Laçının böyük bir hissəsi, o cümlədən Laçın şəhəri məhz bu sənədə əsaslanaraq Azərbaycana təhvil verilib.

Bəyanata uyğun olaraq çox işlər həyata keçirilməlidir. Əgər indiyədək bunlar edilməyibsə, o demək deyil ki, heç zaman da edilməyəcək. Əsla belə deyil. Gedişat göstərir ki, Azərbaycanın dirənişi, tələbləri nəticəsində işlər gecikmə ilə olsa da, mərhələli şəkildə həll olunur.
Təsəvvür edin, biz cəmi iki il 3 ay öncə Qarabağa həsrətlə baxırdıq. Şuşanın, Laçının, hətta bir sıra danışıq variantlarında Kəlbəcərin taleyinin nə zaman, necə həll olunacağından narahat idiksə, İkinci Qarabağ Savaşında bu işləri birdəfəlik, hərbi və sərt diplomatik qaydada həll etdik.
Nəhayət, bu gün biz prosesin o mərhələsindəyik ki, Qarabağ sürətlə bərpa edilir – Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Laçın şəhəri və kəndləri, Kəlbəcər, Hadrut, Xocavəndin kəndləri yenidən qurulur. Böyük Qayıdış strategiyası yeni infrastrukturun yaradılması ilə yanaşı, işğaldan azad olunmuş əraziləri ümumən regionun yeni inkişaf modelinə çevirməkdən ibarətdir.
Artıq aylar öncədən Zəngilanın Ağalı kəndinə 400-dən çox sakin köçürülərək, yeni qurulan "ağıllı kənd"də yaşamağa başlayıb. Qarabağda yaylaqlar qurulub, təsərrüfatçılar doğma yurdlarına qismən dönüblər. Gələn il laçınlılar Laçın şəhərinə də köçürüləcək...

Əlbəttə, həll edilməmiş bəzi məsələlər də var: Xankəndidə, Əsgəranda, Xocalıda, Sərsəngdə Azərbaycanın tam idarəçiliyini təmin etmək. Bu gün yalnızca bunlardan danışılır və artıq məhz Azərbaycanın daxili işi olaraq qoyulur məsələ. Məsələn, 31 oktyabrda Soçidə imzalanan bəyanatda nə Qarabağ adı çəkildi, nə “status”. Vasitəçilik missiyası üzrə yalnız Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsindən, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasından, Zəngəzur dəhlizinin açılmasından söhbət gedir...
Xankəndi, Xocalıda ermənilərin dinc şəkildə, Azərbaycanın qanunları, idarəçiliyi altında yaşaması mexanizmini tapmaq əlbəttə mümkündür. Ancaq 30 il düşmən olmuş xalqların qısa zamanda birgəyaşayışına nail olmaq elə də asan iş deyil. Bu, bir qədər zaman alacaq işdir. Şübhəsiz, ermənilər ya orada dinc şəkildə yaşamağı seçəcək, yaxud da tərk edib getməli olacaqlar, reallıq, gedişat buna istiqamətlənib.
Təbii, sülh müqaviləsi, revanşist ermənilərin neytrallaşdırılması həm də Qərbin, Rusiyanın, habelə Azərbaycanın Zəfərindən sonra ciddi “naxoşlayan” İranın bölgədəki öz ciddi maraqları, maraq toqquşmaları səbəbindən də yubanır. Fransa separatçı erməniləri açıq-aşkar dəstəkləyir, Rusiyanın müəyyən dairələri Ermənistana, oradan da separatçılara gizli şəkildə silah-sursat yollayır və bu tərəfimizdən ifşa olunur, İran da Ermənistana öz hikksi üzrə “qardaş” deyib, özünü yırtır... Bu reallıqları da nəzərə almamaq mümkün deyil.
Təbii, Azərbaycanın siyasətdə usta olan lideri var. Heç şübhəsiz ki, qısa bir dönəmdə Qarabağ Zəfərinin sərkərdəsi, diplomatik masalarda da daim uğurlar əldə etmiş Prezident İlham Əliyev bu işlərə də əncam çəkəcək. Sülh müqaviləsi də olacaq, Zəngəzur yolu da açılacaq, Naxçıvanla quru yolla əlaqə də bərpa olacaq. Başqa variant yoxdur, gec-tez bunlar baş verəcək. Bölgə ilə bağlı əksər maraqlı güclərin maraqları da bunu diqtə edir...


Qələbəmizin ikinci ildönümü ərəfəsində nəzər salmalı olduğumuz digər məsələ odur ki, Zəfərimizin möhtəşəmliyini dünyanın hər yerində etiraf edirlər. Ordumuz hərb tarixində yeni bir iz qoyub.

449226_src.jpeg (51 KB)

Pafos-filan deyil, Qərbin Avropanın hərbi institutları, universitetləri Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük İkinci Qarabağ müharibəsindəki taktikasını öyrənir. Məsələn, isveçli Henrik Niström (Nyström) (Swedish Defence University) master dissertasiyasını bu mövzuya həsr edib və 2022-ci ildə müdafiə edib. Ətraflı bu linkdən oxuya bilərsiniz: https://musavat.com/news/isvec-herb-universiteti-qarabag-zeferinin-sirlerini-oyrenir-nistrom-dissertasiya-mudafie-etdi_909298.html

Silahlı Qüvvələrimizin qüdrəti, peşəkarlığı həm də o deməkdir ki, bundan sonra erməni revanşistlər baş qaldırmağa cürət edəcəkləri halda, qısa bir zamanda başları yenə əziləcək. 12-14 sentyabr döyüşləri bunu bir daha sübut etdi.
Üçüncü və ən vacib məqam isə ondan ibarətdir ki, İkinci Qarabağ Müharibəsi, başqa sözlə Qələbə savaşımız Azərbaycan-Türkiyə qardaşlığının ən yüksək zirvəyə yüksəlməsinə də bir vəsilə oldu.

Bu gün Azərbaycan və Türkiyə bir dövlət kimi davranır, hərəkət edir. Şuşada Azərbaycan və Türkiyə bayraqları qoşa dalğalanır!

1f928c795a020ff4a69a3f9175862e8d.jpg (261 KB)

İki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi Azərbaycana diş qıcamaq istəyən hər kəsin gözünün odunu almış olub. Bu gün Azərbaycana kimsə güc göstərmək istəsə, Şuşa Bəyannaməsi dərhal işə düşəcək, başqa sözlə o qüvvə qarşısında Türkiyə və Azərbaycanı birgə görəcək.

susa.jpg (72 KB)

Üstəlik, bu gün birgə addımladığımız Türk Dövlətləri Təşkilatı və onun böyük missiyası var. “Qarabağın azadlığı bütövlükdə Türk dünyanının qələbəsidir, bunun faydasını, nəticəsini hər bir türk dövləti görəcək” deyirdik, indi bu, çox aydın görünür. Şükürlər olsun bu günümüzə! Qarabağ şəhidlərimizə Allah rəhmət eləsin, Qazilərimizə uzun ömür versin!
Azərbaycanın dəngələri sürətlə dəyişməsi, işğala son qoyması, bölgədə yeni reallıqlar yaratması... - bütün bu işlər heç də təsadüfi, avtomatik olmadı. 15 ildən çox vaxt ərzində Prezident İlham Əliyev tərəfindən həyata keçirilən nizamlı, praqmatik və uğurlu siyasətin nəticəsində, gərgin əməyin, möhkəm siyasi iradənin, təhdidlərə boyun əyməməyin, qorxmazlığın, cəsarətin sayəsində baş verdi.


Allah Azərbaycanımızı, Türkiyəmizi, Türk dünyasını daha da güclü, qüdrətli, sarsılmaz etsin!

Elşad MƏMMƏDLİ
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR