İnsanlara hürriyət, millətlərə istiqlal!

20 ilin möhtəşəm AKKORDLARI: Prezident İlham Əliyev Xankəndidə bayrağımızı ucaltdı

459 17.10.2023 12:11 Siyasət A A

200 ilin qələbəsinin rəsmi təsdiqi: dövlət suverenliyimizin Qarabağda bərpası tam reallaşdı

Prezident İlham Əliyev 15 oktyabrda Ağdərə, Xocalı, Xocavənd, Əsgəranda və Xankəndi şəhərində Azərbaycanın dövlət bayrağını ucaltdı. İlham Əliyevin Prezidentliyinin 20-ci ildönümündə Qarabağa etdiyi səfər, Xankəndidə bayrağımızı ucaltması tarixə qızıl hərflərlə yazılacaq.

Bu, şübhəsiz, möhtəşəm, eyni zamanda rəmzi məna daşıyan hadisə idi. Prezident İlham Əliyev Xankəndidə xalqa müraciətində bildirdi ki, Azərbaycan xalqı bu qələbəni qanı bahasına qazanıb. Prezident xalqa müraciətində bildirdi ki, bu gün Xankəndidə olmağımıza səbəb Azərbaycan xalqı, Azərbaycanın qəhrəman övladlarıdır. Dövlət başçısının bu sözləri Azərbaycan Silahlı Qüvvələrinə, onun qəhrəmanlığına verilən ən yüksək qiymətdir. Azərbaycan dövlətinin liderinin Xankəndidən xalqa müraciəti Qarabağ üzərində suverenlyimizin rəsmi təsdiqi oldu həm də. Prezident İlham Əliyev Azərbaycan xalqını ucaltdı, bununla da Azərbaycan xalqının qəlbində özünə heykəl ucaltmış oldu.

Azərbaycan Prezidenti 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş iyirmi üç saatlıq lokal xarakterli antiterror tədbirləri ilə Cənubi Qafqazda separatizmin, terrorun, regionun “boz zona” və hibrid müharibələr məkanına çevrilməsinin qarşısını almağa müvəffəq oldu. Qarabağın otuz il işğalda qalmasında rol oynamış qondarma “Dağlıq Qarabağ Respublikasının” siyasi-hərbi rəhbərləri, ideoloqları və generalları İlham Əliyevin düşünülmüş və soyuqqanlı siyasi-diplomatik davranışları nəticəsində həbs edilərək Bakıya gətirildi. Bu, ölkəmizi güc və təhlükəsizlik orqanlarında Azərbaycan Prezidentinin apardığı ciddi islahatların və milliləşmənin ən əhəmiyyətli göstəricilərindən idi. Məhz bu mərhələdən sonra Cənubi Qafqaz azad nəfəs almağa başlayır. İndi əminliklə və qətiyyətlə söyləmək olar ki, İlham Əliyev Prezidentliyinin iyirmi ilində dövlətinə və xalqına qarşı 200 illik tarixi ədalətsizliyə qətiyyətlə son qoydu.

Millət vəkili Vahid Əhmədov müsahibəsinə görə "cəzalandırıldı" - BBC News  Azərbaycanca

 Vahid Əhmədov

Milli Məclisin deputatı Vahid Əhmədov bu barədə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bayrağının Xankəndidə, Ağdərədə, Xocavənddə, Xocalıda ucaldılması çox böyük, tarixi və mənəvi hadisədir. Bu, Azərbaycanın uzun illərdir ki, işğal altında qalan tarixi torpaqlarının nəhayət ki, azadlığa qovuşması, yenidən Azərbaycan dövlətinin suverenliyi altına keçməsi deməkdir: “Bu həm də vətənimizin, dövlətimizin bütövləşməsi deməkdir. Ümumiyyətlə, Xankəndidə bayrağımızın ucaldılmasını Vətən müharibəsindən sonra dövlətimizin, xalqımızın, Prezidentimizin əldə etdiyi ən böyük nailiyyət hesab edirəm. Düşünürəm ki, eynilə 8 Noyabr zəfəri kimi 15 oktyabr tarixi də hər zaman xalqımız tərəfindən böyük qürur və məmnunluq hissi ilə xatırlanacaq, Prezidentimizin xalqımız qarşısındakı bu tarixi xidməti əsla unudulmayacaq. Çünki bu, xalqımızın on illərlə həsrətində olduğu bir qələbədir və biz bu qələbəni qəhrəman oğullarımızın qanı və canı bahasına, eləcə də Ali Baş Komandanımızın qətiyyəti sayəsində qazanmışıq. 15 oktyabr tariximizə qələbə və bütövləşmə günü olaraq daxil oldu.

Baş verənlər və Prezidentin Xankəndidən xalqa müraciətindəki fikirlər göstərdi ki, İlham Əliyev heç nəyi yarıda saxlamağı sevmir. O, başlatdığı işi hökmən və hökmən sona çatdırır. Necə ki, biz bu gün bir daha bunun şahidi olduq".

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Agentliyi

 Azay Quliyev

Deputat Azay Quliyev isə bildirdi ki, 2003-cü ilin oktyabrın 15-də Azərbaycanın Prezidenti seçilən cənab İlham Əliyevin tək milli qayəsi, strateji hədəfi və qarşısına qoyduğu ali məqsəd 21-ci yüzilin dövlət başçılarının qarşısına qoyduğu konsepsiyalardan çox fərqlənirdi: "İlham Əliyevin Prezident kimi qarşısına qoyduğu ali hədəf bəlkə də ilk baxışdan mümkün görünməyən, yəni on illiklər ərzində heysiyyatı tapdanmış, milli mənliyi təhqir olunmuş, qaçqın və məcburi köçkünə çevrilərək taqətdən və ruhdan düşmüş bir toplumu, bir milləti geosiyasi maraqların əleyhinə olaraq yenidən dirçəltmək, heç kimdən asılı olmayan və özünə güvənən güclü dövlət və güclü millət yaratmaqdan ibarət idi. Prezident Xankəndidə xalqa müraciətində ilk dəfə Prezident seçilən gün özünə və xalqına torpaqlarımızı işğaldan azad edəcəyini söz verdiyini qeyd etdi. Prezident İlham Əliyev verdiyi sözü şərəflə yerinə yetirdi. İndi hadisələri təhlil edəndə bir daha anlayırsan ki, cənab Prezident bu ali məqsədə çatmaq üçün müəyyən etdiyi "Güclü Millət və Güclü Dövlət Quruculuğu Konsepsiyası"nı hansı dəqiqlik, siyasi ustalıq və qətiyyətlə həyata keçirməyi bacardı. İlham Əliyevin yenidən qurduğu Azərbaycan bir çoxlarının hesablaya bilmədiyi və ya hesaba almaq istəmədiyi regional gücə çevrildi. Artıq Azərbaycan son və ağır döyüşə, dünyanın güc mərkəzlərinin qarşısını almağa çalışdığı Vətən müharibəsinə, torpaqlarını mənfur düşməndən azad etməyə hazır idi. 2020-ci ilin payızında Vətən müharibəsini başlatmaq, cəmi 44 gün ərzində tarixi qələbə ilə başa çatdırmaq və itirilmiş torpaqları geri qaytarmaq son 200 ildə Prezident İlham Əliyevə nəsib oldu, yalnız Prezident İlham Əliyevin siyasi dühası, dəmir iradəsi, qətiyyəti və qorxmazlığı sayəsində Azərbaycan xalqı tək yumruq kimi birləşə bildi, şanlı ordumuz qan tökərək, döyüşərək düşməni darmadağın etdi və torpaqlarımızdan birdəfəlik süpürüb atdı. Prezident İlham Əliyev 2023-cü il sentyabrın 19-da isə 44 günlük müharibənin başa çatmamış 45-ci gününü çox böyük məharətlə tamamladı və Azərbaycanın suverenliyini, bütövlüyünü, milli heysiyyətini tam və qəti şəkildə bərpa etdi. İndiyə kimi həyatını itirmiş bütün şəhidlərimizin qısası alındı, millətimizə qarşı cinayət törətmiş canilər bir-bir yaxalanaraq Bakıya gətirildi, ilahi ədalət zəfər çaldı. 15 oktyabr 2023-cü ildə isə Prezident İlham Əliyev tarixin gedişini Azərbaycanın xeyrinə dəyişməyi bacardığının ən parlaq nümunəsini bütün dünyaya nümayiş elətdirdi, çoxumuz üçün hələ də möcüzə olan bir hadisə ilə erməni separatizminə rəsmi şəkildə son nöqtəni qoydu, Azərbaycanın üçrəngli və müqəddəs bayrağını Xankəndidə ucaltdı. Bu isə 200 illik erməni zülmünün və məkrli oyununun rəsmən bitdiyi gündür, heç bir sözə sığmayan milli qürurun və milli iradənin təntənəsidir. Azərbaycan 21-ci əsrin yeganə dövləti və xalqıdır ki, Prezident İlham Əliyevin sərkərdəliyi, ağlı, zəkası, diplomatik məharəti və gücü hesabına ərazi bütövlüyünü və suverenliyini dünya tərəfindən tanınan sərhədləri çərçivəsində bərpa edə bildi".

Bakupost.az - Etibar Məmmədov oğluna dəbdəbəli toy edir

Etibar Məmmədov

Milli İstiqlal Partiyasının qurucusu və fəxri lideri Etibar Məmmədov isə Prezident İlham Əliyevin Xankəndidə dövlət bayrağımızı ucaltmasını qələbəmizin rəsmi təsdiqi hesab edir: “Bu, Azərbaycan üçün son iki əsrin ən böyük qələbəsidir. Rusiya imperiyası 19-cu əsrin əvvəllərində Azərbaycanı işğal edəndən sonra Qarabağ bölgəsinə ermənilərin köçürülməsi ilə yerli azərbaycanlılara qarşı soyqırım siyasətinin əsası qoyuldu. O zamandan başlayaraq mərhələli şəkildə azərbaycanlıların torpaqlarını alıb ermənilərə verməyin ağır nəticələri olub. 20-ci əsrin əvvəllərində müstəqil Azərbaycan Respublikası yarananda o zaman da onun əsas problemi ermənilərin ərazi iddiası ilə bağlı idi. Azərbaycanın müstəqilliyinin itirilməsinin səbəblərindən biri də ermənilərin Azərbaycana qarşı apardığı soyqırımı, ərazi iddiaları idi. Sovet hakimiyyəti qurulandan sonra da bu problem davam edib, Azərbaycanın ərazilərinin müəyyən hissələri qanunsuz olaraq Ermənistana birləşdirilib, azərbaycanlılar isə öz yurdlarından sürgün edilib, Qarabağ bölgəsində isə süni şəkildə “Qarabağ Muxtar Vilayəti” yaradılmışdı. 20-ci əsrin sonlarına qədər Azərbaycanın torpaqlarının ermənilər tərəfindən ələ keçirilməsi prosesi davam edib. 19-cu əsrdən başlanan proses 200 ilə yaxın davam edib. Azərbaycanın milli ideyasının, milli siyasətinin əsas məqsədi ərazilərimizi işğaldan qurtarmaq və ərazi bütövlüyünü təmin etmək idi. Bu proses 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi ilə başladı və nəhayət, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.  2023-cü ilin sentyabrında antiterror tədbirləri ilə ölkəmizin Qarabağ bölgəsində suverenliyimiz bərpa edildi. 15 oktyabrda Ali Baş Komandan İlham Əliyev Xankəndidə Azərbaycanın dövlət bayrağını ucaltmaqla Azərbaycanın bu prosesdə qələbəsini həm tam təmin etdi, həm də rəsmi təsdiq etdi. Bu, Azərbaycanın 20-ci və 21-ci əsrdə əldə etdiyi ən böyük qələbədir. Azərbaycan xalqı bu qələbəyə görə əsgərinə, şəhidlərinə, qazilərinə, Ali Baş Komandan İlham Əliyevə minnətdar olmalıdır. Biz hər birimiz həm ordumuza, həm Ali Baş Komandan İlham Əliyevə, həm şəhidlərimizə, həm də qazilərimizə minnətdarıq. Bu, çox böyük qələbədir və Azərbaycan xalqı ordusu, Ali Baş Komandanı ilə fəxr edə bilər. Prezident, Ali Baş Komandan İlham Əliyevi, xalqımızı, ordumuz bu böyük qələbə münasibətilə təbrik edirəm".

Sabiq nazirdən Saleh Məmmədovun təşəbbüsünə reaksiya

Saleh Məmmədov 

Sabiq maliyyə naziri, professor Saleh Məmmədov da Xankəndidə bayrağımızın ucaldılmasını, yaşadığımız bu tarixi İkinci Qarabağ savaşında Azərbaycan xalqının şərəfli qələbəsi Böyük Azərbaycanın son 2000 illik tarixinin ən möhtəşəm hadisəsi adlandırıb: “Azərbaycan bayrağının Xankəndidə asılması və Azərbaycan Respublikası torpaqlar üzərində suverenliyini təmin edən bu böyük qələbənin son mərhələsidir. Bu qələbə yalnız cırtdan Ermənistan üzərində deyil, bu ölkəni hər tərəfdən var gücü ilə sıxan bir neçə qanlı imperiyanın üzərində qazanılan böyük qələbədir. Bu qələbə daimi parça-parça hissəciklərə parçalanmağa meylli olan bütün qüvvələrin, böyük Türk xalqlarının bir güc ətrafında birləşməsi, bütün millətin və xalqların bir lider ətrafında konsolidasiyası və birgə mübarizəsi ilə qazanılan qələbədir. Bu qələbə ən son elmi texnoloji nailiyyətlərin tətbiqi, ağılla gücün bərabər istifadəsi ilə aparılan 21-ci əsrin ilk rəqəmsal savaşın nəticəsində əldə olunan qələbədir. Bu qələbə bütün elmi, dini, sosioloji proqnozları inkar edən, möcüzə kimi görünən, qulağını və ya başını kəsməyi, başını itirməyə, intihar etməyə söz verənləri peşman edən qələbə idi. Bu qələbə Ali Baş Komandan İlham Əliyev cənablarının və onun yaratdığı ilk elmi-texniki və rəqəmsal ordunun xidmətidir. Ali baş komandanı, ordumuzu və bütün xalqımızı təbrik edirəm”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat” 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR