İnsanlara hürriyət, millətlərə istiqlal!

20 ildən 200 İLƏ...

1604 13.10.2023 14:40 Yazarlar A A

Bəzən bizə elə gəlir, möcüzələr ancaq uzaq keçmişdə, mövlanələr, övliyalar, peyğəmbərlər əyyamında olub. İndi praqmatizm dönəmi, olayların praktik müstəvi üzərində inkası vaxtıdır; necə deyərlər, helim yox, sırf elm zamandır...

Çoxsaylı nəşrlər, kitabxanalar, universitetlər, araşdırma mərkəzləri varkən gənc nəslin möcüzələrə inanması asan işdimi? Ancaq gəl gör ki gəncliyin özü – XXI yüzil Azərbaycan gəncləri öz Ali Baş Komandanlarının başçılığı ilə günümüzdə və gözgörəsi möcüzə yaratdı! Bəli, bəli, məhz MÖCÜZƏ! Keçilməz deyilən “Ohonyan xətti”ni ildırım sürətiylə keçən, ayağı altında minalar, başı üstündə uçuşan mərmilər olsa da, 44 gün içində bir an belə geriyə çəkilməyən, yerində dayanmayan, ancaq irəli gedən, bir nəfəri belə fərari olmayan, nəhayət 30 illik ağır işğala ayyarım içində son verən şanlı Ordu möcüzə yaradan ordudur.

44 GUNLUK.jpg (271 KB)

Təsəvvür edin: işğalçılar (dünya erməniliyi və havadarları) yalnız Füzuli, Ağdam istehkamlarını keçməkçün Azərbaycan ordusuna aylarla vaxt gərək olduğunu və bizim çoxsaylı itkilərimizin qaçınılmazlığını proqnozlaşdırmış, planlaşdırmışdı. Dünya hərb tarixindən öyrənmişik ki, hücum (bizim misalda əks-hücum) edən, müdafiə olunandan (bizim misalda, uzun illər möhkəmlənmiş ordudan) daha çox itki verir. Hələ-hələ mürəkkəb relyefdən söhbət gedirsə... söhbət, düzənlikdən dağlara qalxmaqdan gedirsə, itki sayındakı açıq ara fərq qacınılmaz kimi görünürdü. Belə görünürdü, işğalçılar və havadarları hərb meydanından uzaqlardakı Azərbaycan şəhərlərini raket atəşinə tutmaqla, mülki infrastrukturu dağıtmaqla, gecə uyqusuna dalmış günahsız insanları (körpələri, qadınları, qocaları) qanına qəltan eləməklə xof yaradacaqlarına əmindilər.

Özəlliklə, Şuşanın yüngül silahlarla azad edilməsini oradan hapar-topar qaçan Ohonyan-mohonyan belə ağlına sığdıra bilməmişdi yəqin... Bunlar möcüzənin özü deyildimi? Bəs bu ilin 20 sentyabrında antiterror tədbirləri keçirərək keçmiş DQMV ərazisindəki terrorçuları ağ bayraq qaldırmağa, az sonra qondarma rejimi özünü buraxmağa vadar etmək, terrorçubaşlarının tutularaq ədalət məhkəməsinə cəlb olunması möcüzəvi gəlmirmi sizə? Budur, Xocalıda, Xankəndidə, Əsgəranda, Ağdərədə... müqəddəs Azərbaycan bayrağı dalğalanır, şəhərlər, insanlar, təbiət, o cümlədən göllər, ağaclar və hətta heyvanlar əli, dili, gözü qanlılardan qurtulur... sülhməramsızlar da bir-bir öz “müşahidə postları”nı bağlayır... El sözüylə desək, Göy üzündə Tanrımız, Yer üzündə Dövlət baba möcüzələrə tanıqlıq etməyimizi bizə çox görmədi! Şəhidlərimizin əziz ruhu qarşısında dərin sayğılarla əyilib, qazilərimizə möhkəm cansağlığı, Ordumuza yeni zəfərlər dilərkən, Müzəffər Ali Baş Komandanımıza şükranlarımızı bir daha, bir daha yetiririk. İlk dəfə 20 il öncə dövlət başçısı seçilən İlham Əliyev, ən azı 200 illik anti-Azərbaycan sürəcini durdurdu, işğal keçmişlərini sıfırladı, zəfərlər qazandı, yeni zəfərlərin əsasını qoydu! Yeni Azərbaycan intibahı artıq qarşısıalınmaz, qaçınılmazdır! Prezidentliyinin hər ilinə on il sığdırmış İlham Əliyev, Dəmir Yumruğu, polad iradəsi, vətəncanlılığı, alovlu ürəyi, intellekti, səbri və doğru qərararlarıyla möcüzələr yaratdı (yaratmağa davam edir). O, Azərbaycanı kosmik ailənin üzvü edəndə də, ölkəmiz Qoşulmama Hərəkatına qoşulanda və sədrlik məsuliyyətini üzərinə götürəndə də, digər çoxsaylı, çoxfunksiyalı, çoxprofilli platforma, plan, bir sözlə, əməli çalışmalarda bulananda da bugünkü möcüzələrə gətirən yolu çəkir, sazlayır, hazırlayırdı... Yadımdadır, hər dəfəsində də, yaxın-uzaq coğrafiyalardan yemlənən “beşinci kolon”lar “buna gərək yoxuydu”, “bu nə üçündür?” kimi sərsəmləmələri tirajlayır, keçici siyasi maraqları dövlət maraqları ilə bir tutmağa çalışırdı. Dövlət maraqları, milli çıxarlar olan yerdə, partiya, qrup maraqları nəyə yarar? Əslində, “Söhbətin mövzusu Vətənsə, gerisi təfərrüatdır” (“Mevzu-bahis Vatansa gerisi teferruattır”)! – Bax, bu sözlərin müəllifi Mustafa Kamal Atatürk haqqında işlədilən “Atatürk variantlılığı” sözünün ən doğru yorumu elə bu kəlamın özündən keçir. Qazi Paşanın ruhu məni bağışlasın, ona nələr yaraşdırmadılar, nələr?.. – “Kommunist”, “diktator”, “İslam düşmanı”, “irqçi”, “Rakı aşiqi”... və daha nələr-nələr... Ancaq Atatürk ona “yaraşdırılanlar”dan çox-çox ucada duran bir tarixi şəxsiyyətdi və hər nə edirdisə, ölkəsi, xalqı, insanlıq, mədəniyyət və gələcək üçün edirdi! – O, öz tarixi, milli missiyasını yaxşı bilirdi. Zatən gerisi təfərrüatıydı!..

SİRRİ SON.jpg (328 KB)

“Bizim sözümüz imzamız qədər keçərlidir”, “Bizim gördüyümüz işlərin tarixi də göstərir, qarşıya hansı vəzifəni qoyuruqsa, onu da həll edirik”, “Nəyi, nə vaxt və necə etmək lazım olduğunu mən bilirəm”, “Qarabağ – Azərbaycandır və nida işarəsi”! – İlham Əliyevin  kəlamlarından az bir qismini xatırladarkən və bu günkü parlaq nəticələrə tanıqlıq edərkən bir daha görürük ki, Prezident məhz xalqı, dövləti, vətəni düşünüb. Hələ ilk andiçməsində İlham Əliyev Qarabağla bağlı mövzuya özəl vurğu edərək, problemin yalnız bir neçə önəmli və təxirəsalınmaz prinsip, beynəlxalq hüquq normaları əsasında həll oluna biləcəyini demişdi: “Azərbaycanın torpaqları işğaldan azad olunmalıdır, bir milyon qaçqın və köçkün öz doğma yurdlarına qayıtmalıdır, ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə, torpaqlarının işğal altında qalması ilə barışmayacaqdır” (31.10.2003).

Tarix göstərdi ki, doğrudan da, bir liderin öz sözünün ağası, işinin mahir bilicisi və vətəninin aşiqi olması necə xarüqələr yaradır. Azərbaycanın qarşısında duran ən ağır məsələlər İlham Əliyevin uzaqgörən siyasəti, dövlət-xalq birliyi ilə həll edilə bildi.

Bəli, dövlət başçısının sarsılmaz siyasi iradəsi, qəbul edilmiş proqramlar, alternativlərin ən yaxşısı olan yol xəritələri nəhayətdə öz bəhrəsini verdi – bizi böyük Zəfərə götürdü... (Bunadək 2016-cı ilin Aprel Döyüşlərində, 2018-ci ilin Günnüt Əməliyyatında, 2020-ci ilin Tovuz döyüşlərində yeni işğallara meyllənən, işğal faktlarını əbədi edəcəyinə inanan düşmənə dərslər verilmişdi).

Ötən illərdə dövlət büdcəsində hərbi xərclərin çəkisi xüsusi şəkildə artırılaraq elə səviyyəyə çatdırıldı ki, işğalçı dövlətin ümumi büdcəsi ilə müqayisə olundu. Azərbaycan Respublikasının hərbi doktrinasını ali qanunvericilik orqanına təqdim edən Prezident, dövlətin həmçinin çox vacib sosial-iqtisadi proqramlarını təsdiq etdi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarını yeni çağırışlara uyğun dizayn etdi.

Prezident Ali Baş Komandan olaraq, Silahlı Qüvvələrimizin qüdrət qazanması üçün var gücü ilə çalışdı. Bunun nəticəsidir ki, şanlı Ordumuz hazırda istənilən tapşırığı qüsursuz yerinə yetirməyə qadirdir.

20 il içində 200 illik anti-Azərbaycan gedişatını sıfırlaya bilən liderin adı milli tariximizin altun səhifələrində əbədi qalacaq!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR