İnsanlara hürriyət, millətlərə istiqlal!

2 müəllim məhkəmə qarşısında - məktəb direktoru təyin etməyi vəd ediblər

2005 30.11.2022 17:25 Kriminal A A

Nərimanov rayonunda yerləşən 200 saylı orta məktəbdə ibtidai sinif müəllimi Billurə İsmayılova və Sabunçu rayonunda yerləşən 71 saylı orta məktəbdə ibtidai sinif müəllimi Zülfiyyə Qocayevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.

İttihama görə, Billurə İsmayılova tanışı Zülfiyyə Qocayevanı Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib, 200 saylı orta məktəbdə direktor müavini işləyən Arzu Nəzərovanı Təhsil Nazirliyində güya vəzifədə işləyən tanışları vasitəsi ilə Bakı şəhərində məktəblərin birində direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib. Billurə İsmayılova 19 noyabr 2016-cı ildə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində Arzu Nəzərovanın yaşadığı evin qarşısında ondan 38 min manat alıb.

Daha sonra Billurə İsmayılova və Zülfiyyə Qocayeva 2017-ci il iyun ayının əvvəllərindən 2017-ci ilin sentyabr ayınadək müddət ərzində Arzu Nəzərovadan 73 min manat, sonuncu dəfə M.Ə.Rəsulzadə qəsəbəsində 7 min manat alıblar. Onlar Arzu Nəzərovaya 118 min manat ziyan vurublar. Bundan başqa, Billurə İsmayılova Zülfiyyə Qocayeva ilə birlikdə digər tanışı Gülşən Hüseynovanın Ukrayna Respublikasında aldığı magistr təhsilinə dair diplomu Təhsil Nazirliyində güya vəzifədə işləyən tanışları vasitəsi ilə təsdiq etdirəcəyinə və Bakı şəhərində olan məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib.

Onlar Gülşən Hüseynovanı aldadaraq 2019-cu ilin sentyabrın ortalarında Nərimanov rayonunda yerləşən “Mado” restoranında ondan 5 min manat, 2019-cu il sentyabr ayının sonlarında isə “Şəkər Bala” uşaq bağçasının qarşısında 12 min manat alıblar.

İstintaq orqanı tərəfindən Billurə İsmayılova və Zülfiyyə Qocayevanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Billurə İsmayılova ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, 1994-cü ildən 200 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir:

“Arzu Nəzərova mənim işlədiyim orta məktəbə 2002-ci ildə direktor müavini vəzifəsinə təyin olunduğu ərəfələrdən onunla münasibətim yaransa da, bu münasibət xidməti işiə bağlı olub. Daha sonra aramızda iş yoldaşı kimi münasibətlərimiz irəlilədi. 2007-ci ildə bir dəfə pula ehtiyacım olduğu üçün Arzudan şəxsi işlərimə görə 500 manat borc aldım, bir müddət sonra həmin pulu qaytardım. Sonrakı vaxtlarda Arzuya bildirdim ki, mənim faizə, yəni sələmə pul götürmək istəyən tanışlarım var, əgər imkanınız varsa, pul verin, həmin pulu sələmə verib, əvəzində veriləcək pulları yığaraq sizə çatdırım. Arzu da mənimlə razılaşdı”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, təxminən 2012-ci ildən başlayaraq Arzu Nəzərovadan müxtəlif məbləğlərdə pullar götürüb və həmin pulları 5 faiz sələm haqqı müqabilində ayrı-ayrı tanışlarına verib:

“2014-cü ildə 2000 manatı 5 faiz sələmə götürərək xalam oğlu Ramil İbrahimova verdim. Ramil də həmin pulun ayda 100 manat faizini verdi. Bu şəkildə həmin iki min manat pulun faizini ödəyərək 4-5 ay içəirində bu borcunu bütövlükdə bağladı”.

Billurə İsmayılovanın sözlərinə görə, 2015-ci ildə eyni şəkildə məktəbdə idman müəlliməsi işləyən Hafizə Mədətovaya Arzu müəllimdən 3200 manat götürüb və onu da 5 faiz sələm müqabilində verib:

"Əsas məbləğ yerində qalmaq şərtilə o, hər ay 160 manat əlavə faiz ödədi. 2016-cı ilin fevral ayında qardaşım Rəşad İsmayılov iş yerində yıxılaraq onurğa sümüyündən xəsarət aldığı üçün evdə bir müddət xəstə yatdı. Dərman xərcləri artdığı üçün maddi cəhətdən çətinlik çəkməyə başladı. Onun xərclərinə görə əlimdəki pullar qurtardığı üçün Arzu müəllimlə danışaraq özümə 5 faiz sələm haqqı ödəmək şərti ilə faizə 10 min manat pul götürdüm. İlk aylar həmin pulun ayda 500 manat sələm haqqı ödəsəm də, sonradan onları da ödəyə bilmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 12 may 2017-cı ildə Arzu Nəzərovadan yenə eyni qaydada 5 faiz sələm haqqı müqabilində 3000 manat götürüb və bir neçə şəxsə olan borclarını ödəyib:

“Daha sonra yenidən borclarım yarandığı üçün həmin ilin avqustun 28-də Arzudan eynilə əvvəlkilər kimi faizə sələm haqqı müqabilində 8 min manat götürmüşəm. Sonuncu dəfə Arzu Nəzərovadan 5 sentayabr 2017-ci ildə ehdiyacım olduğu üçün əlavə 2 min manatı yenə də 5 faiz sələm haqqı ilə birlikdə götürdüm. Arzu Nəzərovadan götürdüyüm ümumilikdə 23 min manatın sələm haqqını ödəyə bilmədiyim üçün ona olan borclarım artmağa başladı. Arzu götürdüyüm pula görə borcumun faizi ilə birlikdə 40 min manat olduğunu bildirdi. Məndən pulunu tələb etdikdə, onu ödəyə bilmədim”.

Billurə İsmayılova qeyd edib ki, 2017-ci ilin sentyabrında Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Sarı” marketin qarşısında Arzunun oğlu Turalla görüşüb: “Tural anasına olan 40 min manat borcumun müqabilində 9 ayrı şəxsə məxsus sənədləri təqdim etdi və bildirdi ki, onlara olan borcumdan 30 min manatının müqabilində həmin şəxsləri Bakı şəhərində olan müxtəlif orta məktəblərə direktor, müəllimə vəzifələrinə təyin etdirim. Mən isə bundan imtina etdim. Lakin Tural polis olduğundan və məni hədələdiyindən ondan qorxdum. Həmin şəxsləri işə düzəldəcəyimi dedim. Arzu məni təhdid edən zaman Zülfıyyə adlı rəfiqəmin əri polisdə işlədiyi üçün ona zəng etdim, məsləhət aldım. Bu səbəbdən də Arzu Zülfiyyə və məndən şikayət etdi. Arzunun izahatında göstərdiklərinin şər və böhtandır”.

“118 min manat almamışam”

Billurə İsmayılova deyib ki, istintaqa təqdim edilmiş Arzu Nəzərova ilə telefon danışıqları və vatsap səs yazıları ona məxsusdur. Amma Arzu Nəzərovanın göstərdiyi fakt, yəni onu və tanışlarını Bakı şəhərində müxtəlif məktəblərə direktor vəzifəsinə təyin etdirmək adı ilə ondan 118 min manat alması yalandır. Bildirib ki, ondan sələmə götürdüyü pulların müqabilində 40 min manat borcu yaranıb.

Təqsirləndirilən şəxs deyib ki, Gülşən Hüseynovanı xeyli müddətdir tanıyr: “Gülşən Nərimanov rayonunda 202 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyir. Onunla təlimdə olduğumuz zaman tanış olmuşam. Dəqiq tarixi xatırlamadığım 2019-cu ilin sentyabrında Zülfiyyə Qocayeva bildirdi ki, ona pul lazımdır, faizə pul verən adam axtarır, belə bir adam tanıyıb-tanımadığımı soruşdu. Mən də tanışım Gülşəndən xahiş etdim ki, Zülfiyyə Qocayevaya lazım olan pulu taparaq versin. Gülşən də aylıq 10 faiz olmaqla 5.000 manat pulu birindən taparaq mənə verəcəyini bildirdi. 2019-cu ilin sentyabrında Gülşənlə Nərimanov rayonunda “Mado” restoranında görüşdük. Orada Gülşən 5.000 manat pulu Zülfiyyəyə verdi. Ondan sonra onların arasında nə söhbət olub, nə alış-veriş olub, bunu bilmirəm”.

“Öyrəndim ki, faizə pul götürür”

Digər təqsirləndirilən Zülfiyyə Qocayeva da ona elan edilmiş ittihamla özünü təqsirli bilməyib. O deyib ki, 2006-cı ildən Sabunçu rayonunda yerləşən 71 saylı orta məktəbdə ibtidai sinif müəlliməsi işləyir:

“Arzu Nəzərovanı rəfiqəm Billurə İsmayılovanın vasitəsi ilə tanımışam. Bilurəni isə təxminən 10 il olar tanıyıram, onunla yaxın münasibətim yaranıb. Sonrakı vaxtlarda isə Billurə ilə daha yaxın yoldaşlıq münasibətlərim olub. Billurənin evində anası və qardaşı xəstə olduğu üçün tez-tez onlara gedib-gəlmişəm. İmkan olduqca ona kömək etmişəm. Billurədən bu xəstələrin mülicəsini hansı pulla etdirdiyini soruşdum. Bildirirdi ki, işlədiyi 200 saylı orta məktəbdə Arzu adlı direktor müavini işləyən bir qadın var, ondan sələmə faizlə pul götürür, həmin pulla müalicə elətdirir”.

“Bildirdim ki, möhlət al, görək sənə nə kömək edə bilirik”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-ci ilin noyabrın əvvəllərində Billurə onun evinə qonaq gəlib: “Bildirdi ki, işlədiyi məktəbdə direktor müavini işləyən Arzu adlı qadından hissə-hissə ümmilikdə 23 min manat faziə pul götürüb. Lakin həmin pulun faizini ödəyə bilmədiyi üçün Arzunun deməsinə görə, ona artıq 40 min manat borcu yaranıb. Arzu da 2 gün ərizində onun 40 min manat pulunu qaytarmasını tələb edib. Billurəyə bildirdim ki, çalış Arzudan möhlət al, görək sənə nə kömək edə bilirik”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Billurə bir neçə gün sonra yenidən onlara gəlib, deyib ki, Arzuya 40 min manatını, ya da məktəb direktoru təyin etdirməsini istəyir:

“Billurə də Arzu ilə danışıb. Ona deyib ki, Təhsil Nazirliyində tanışım var, mənə bir az vaxt verin, əgər istəsəniz, tanışım vasitəsilə borcumun müqabilində sizi Bakı şəhərində yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə təyin elətdirim. Onda Billurəyə bildirdim ki, sənin nazirlikdə tanışın yoxdur, bir müddət sonra Arzu vəzifəyə təyin olunmayanda nə cavab verəcəksən. Billurə isə bildirdi ki, mən həmin sözü Arzuya borcumu qaytaramaq üçün vaxt qazanmaq məqsədilə dedim. Bir müddət sonra Arzu biləndə ki, Billurə onu heç bir yerə təyin elətdirə bilmir, pulunu tələb etməyə başlayıb. Məndən özümü nazirliyin işçisi kimi təqdim etməyimi xahiş etdi. Billurəyə yazığım gəldiyi üçün onun xahişini qəbul etdim. Bundan sonra Billurə özünə məxsus telefonla Arzuya zəng etdi, onun nazirlikdə işlədiyi tanışının yanında olduğunu bildirdi, əvvlcədən razılaşdığımız qaydada telefonu mənə verdi. Mən də telefonda Arzuyla salamlaşdım, Billurənin dediyi adam olduğumu, işi ilə bağlı narahat olmamasını, işlərin qaydasında getdiyini və yaxında direktor vəzifəsinə təyin olunacağını bildirdim. Ondan bir qədər vaxt istədim. Bu söhbətdən bir müddət sonra Arzu təyin olunmadığını gördü, yenidən Billurəni sıxışdırmağa başladı. Billurə pulu qaytara bilmədiyi üçün yenə də onu müxtəlif vədlərlə yubatdı. Bu prosesin gedişində Billurə bildirdi ki, artıq Arzu ondan 40 min manat yox, 75 min manat tələb edir. Billurə də qorxusundan onun dediyini qəbul edib”.

Zülfiyyə Qocayeva ifadəsində Arzu Nəzərovanın şikayətində göstərdiyi xüsusatlara, yəni Billurə İsmayılovanın Arzu Nəzərovanı Bakı şəhərində yerləşən müxtəlif orta məktəblərə direktor vəzifəsinə təyin etdirəcəyini vəd edib, ondan ümumilikdə 118 min manat pul almasına aydınlıq gətirərib. Bildirib ki, Arzunun dediklərinin hamısı yalandır:

“Billurənin dediyinə görə, ondan 23 min manat pul götürüb, həmin pul da faizi ilə birlikdə 40 min manat olub. Həmin pulun necə 118 min manat olmasından xəbərim yoxdur. Billurə pulu qaytaramaq üçün telefonda məni nazirlikdə işləyən tanışı kimi Arzuya təqdim edib”.

Cinayət işi üzrə zərərçəkmiş Arzu Nəzərovanın sözlərinə görə, 2002-ci ildən Məktəb Litsey kompleksində direktor müavini kimi işləyir:

“Billurə İsmayılovanı həmin məktəbdə işləməyə başlayandan tanımışam. 2016-cı il noyabrın sonlarında işlədiyim məktəbin akt zalında söhbət zamanı Billurə İsmayılova bildirdi ki, onun Təhsil Nazirliyində yüksək vəzifəli şəxsin yanında köməkçi kimi işləyən bir tanışı var, həmin tanışı ona Bakı şəhərində fəaliyyət göstərən orta məktəblərdən birində direktor işləməyi təklif edib. Lakin bu işə keçmək üçün lazımı qədər savadı və səriştəsi olmadığını bildirib, həmin təklifi rədd edib. Söhbət əsnasında Billurə dedi ki, siz bu qədər savad və idarəçilik qabiliyətinə malik olduğunuz halda nə səbəbə direktor işləmirsiniz, əgər istəyirsinizsə bayaq barəsində danışdığım tanışım vasitəsilə sizi Bakı şəhərində yerləşən orta məktəblərdən birinə direktor vəzifəsinə düzəltdirim. Billurənin belə bir imkana malik olmadığın düşündüyüm üçün ona yox cavabı verdim. Amma Billurə məndən əl çəkmədi, bir neçə gün ardıcıl olaraq həmin direktor söhbətini danışıb, razılıq verməyimi istədi. Ondan Təhsil Naziriliyində işləyən şəxsi haradan tanıdığını soruşdum. Billurə bildirdi ki, o, yaxın rəfiqəmdir, məni müəllimlərin ixtisas artırmaq üçün olan kurikulum kurslarına həmin tanışım cəlb edib. Bundan sonra Billurənin Təhsil Nazirliyində həqiqətən tanışı olmasına inamım yarandı. Billurədən bu işin necə olacağını soruşdum. Bildirdi ki, işin düzəlməsi üçün ona 38 min manat verməliyəm. Bu məbləğin çox olduğunu, işi düzəldəcək şəxsi görmədən pul verməyəcəyimi dedim. Bundan sonra Billurəyə suallar verəndə, o, öz telefonu ilə nazirlikdə işlədiyini bildirdiyi yaxınına zəng edib, telefonu mənə verdi. Mən də telefondakı qadınla danışdım. Qadın telefonda suallarımı cavablandırdı, məni arxayın saldı. Billurəyə bildirdim ki, Zülfiyyə ilə tanış olmasam, pul verməyəcəm”.

“Bildirdi ki, nazirliyin işçisidir”

Zərərçəkmiş qeyd edib ki, bu söhbətin səhəri günü sonradan adının Zülfiyyə olduğunu öyrəndiyi qadın Billurə ilə iş otağına gəliblər: "Zülfiyyə özü haqqında məlumat verdi və bildirdi ki, nazirliyin işçisidir. Mən də ona inandım. Billurənin iştirakı ilə əvvəlcə ona 8 min manat verdim. Mənim direktor vəzifəsinə təyinatımın hansı tarixdə olacağını, məni nazirlikdə rəhbər işçilərdən kimin qəbul edəcəyini və bu işə görə ona nə qədər pul verəcəyimi soruşdum. Zülfiyyə dedi ki, yaxın günlərdə təyinat olacaq və bunun müqabilində 38 min manat pul verməliyəm. Bildirdim ki, hazırda əlimdə 8 min manat var, qalanını sonra verəcəm. Zülfıyyə isə pul tam verilməsə, işin alınmayacağını dedi. Bir neçə gün sonra 30 min manatı Billurəyə verdim ki, Zülfiyyəyə çatdırsın. Bir neçə müddət sonra Billurə dedi ki, sənin işinin uzanmasının səbəbi var. İşin tez düzəlməsi üçün bir neçə nəfər də tapmalısan ki, onları da direktor vəzifəsinə təyin etsinlər, siyahıda 5-6 nəfər olmalıdır və onda işi tez həll olunacaq. Billurə bunu deyəndən sonra öz telefonuyla Zülfiyyəni yığdı. O, da telefonda inandırırdı ki, qaydalar budur. Bu barədə tanışlarım arasında sorğu aparacağımı dedim. Həmin işi itirməmək naminə ayrı-ayrı tanışlarım olan İkram müəllimə, Samir müəllimə, Aybəniz müəlliməyə və Aliyə müəlliməyə belə bir təklif etdim. Lakin həmin tanışlarım da hazırda pullarının olmadığını bildirdilər. Billurə və Zülfiyyənin təklif etdikləri işi itirməmək naminə onların yerinə də istənilən pulları vermək qərarına gəldim. Pulu aldıqdan sonra Billurə bildirdi ki, üzümüzə gələn həftə sənin Bakı şəhərindəki orta məktəblərdən birinə direktor əmrin olmalıdır. O mənə vatsap vasitəsilə yaxınlarda direktor vəzifəsinin boşalacağı məktəblərin siyahısını göndərdi”.

Növbəti proses dekabrın 8-də davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR